Məhkəmə qərarları › İş №2-2(103)-237/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-237/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-237/2024 13.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 49.136,00 manat məbləğində borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4355/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 49.136,00 manat məbləğində borcun, ilkin Mediasiya Sessiyasında iştirak üçün ödənilmiş 200 manatın və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 49.836,00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4355/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 17251,53 manat məbləğində borc, mediasiya xərcinə görə 70,22 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaiti, ümumilikdə 17821,75 manat Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4355/2023 nömrəli qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilərək, iddianın tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsigəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyi qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçıMMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borc qalığı 62745,90 manat, cavabdehin (müştərinin) xx.xx.2022-ci il tarixə təsdiq etdiyi borc qalığı 17.251,53 manat olsa da, əskik məbləğ (kənarlaşma (fərqi)) isə 45.494,37 manat təşkil edir. Yəni cavabdehin (müştərinin) həmintarixə "xxxx" MMC-yə 45.494,37 manat borcu yaranmışdır. Hesab edir ki, məhkəmə qeyd olunan məqama diqqət yetirməmiş və iddianı qismən təmin etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu faktlara düzgün qiymət verməmişdir. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 800.1-ci maddəsinə əsasən konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq (800.1.1); bu malları öz adından və öz hesabına başqasına satmaq (800.1.2); bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3).

13. Həmin Məcəllənin 800.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur.

14. Həmin Məcəllənin 803.1-ci maddəsinə əsasən konsessionerin öz ticarət fəaliyyətini sərbəst təşkil etmək, o cümlədən təkrar satış qiymətlərini sərbəst təyin etmək hüququ vardır.

15. Həmin Məcəllənin 805.1-ci maddəsinə əsasən tapşıran birtipli müqaviləyə uyğun olaraq konsessionerin sifariş etdiyi malları ona göndərməyə borcludur.

16. Həmin Məcəllənin 807.0.2-ci maddəsinə əsasən əgər konsessioner müştərilər və (və ya) tapşıran qarşısında öhdəliklərini yerinə yetirmək üçün anbar saxlamalı olmuşdursa, tapşıran onun anbarında qalan malları satın almağa borcludur. Əgər mal satış üçün yararlı olan yaxşı vəziyyətdədirsə, satınalma qiyməti son satınalma zamanı konsessionerin tapşırana ödədiyi qiymətdən aşağı olmamalıdır. Konsessioner satınalmadan imtina edə bilər. Bu isə ona anbardakı qalığı ağlabatan müddətdə müştərilərə satmaq hüququ verir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

19. Həmin Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər

22. Qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin qismən ləğv edilməsinə yönəlməsinə baxmayaraq, kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onlara münasibətdə aşağıdakıları qeyd edir.

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

25. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

26. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?

27. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

28. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasını müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.

29. Bu istiqamətdə hüquqi dəyərləndirmə aparan kollegiya hesab edir ki, tərəflər 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqaviləni alqı-satqı müqaviləsi kimi rəsmiləşdirsələr də, mahiyyət etibarilə həmin müqavilə kommersiya konsessiya müqaviləsidir.

30. Belə ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşma olduğu halda, kommersiya konsessiyası müqaviləsi malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) ilə bağlı əlaqələri qaydaya salır. Konsessionerin əsas işi ticarət-kommersiya vasitəçilik fəaliyyətidir, yəni vaxtaşırı malları satın alıb, öz adından və hesabına başqasına satmaqdan ibarətdir.

31. Məhkəmə kollegiyası müqavilənin təfsiri ilə bağlı müəyyənləşdirilmiş meyarları nəzərə almaqla qeyd edir ki, müqavilə tərəflərinin statusu, onların müqavilə münasibətinə girərkən niyyətlərinin, əldə etmək istədikləri hüquqlar və vəzifələrlə əlaqədar gözləntilərinin müəyyən edilməsi baxımından əhəmiyyətlidir.

32. Kommersiya konsessiya müqaviləsində tərəflər bir tərəfdən istehsalçı və ya tacir (tapşıran), digər tərəfdən isə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) olur. Normanın məzmunundan da göründüyü kimi, müqavilə üzrə tərəfin konkret olaraq, məhz istehsalçı və ya tacir olması müəyyən edilməmiş, qanunverici daha genişləndirici yanaşma seçərək, ümumilikdə müqavilənin tərəfi olaraq tapşıranı göstərmişdir. Digər tərəfdən müqavilə üzrə tərəf qismində sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) çıxış edir. Müqavilənin kommersiya münasibətlərindən irəli gəldiyini və konsessionerin müstəqil fəaliyyətlə məşğul olmasını nəzərə alaraq kollegiya hesab edir ki, bu münasibətlərdə kommersiya fəaliyyəti ilə məşğul olan fərdi sahibkar da çıxış edə bilər.

33. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, iddiaçı cavabdehə müqavilə üzrə istehsal, idxal və ya digər formada ticarət predmeti olan meyvə şirələri və içkiləri satmağı, cavabdeh isə həmin mehvə şirələri və içkiləri iddiaçının ticarət markası altında fəaliyyət göstərən mağazada satmağı, o cümlədən satış üzrə iddiaçı tərəfindən müəyyən edilən dövriyyəni təmin etməyi öz öhdəsinə götürmüşdür. Başqa sözlə, iddiaçı müvafiq malları təqdim etmiş və cavabdeh tərəfindən həmin malların satışı üzrə müvafiq dövriyyənin təmin edilməsi ilə bağlı göstəriş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflərin statusu baxımından və konsessiya müqaviləsinin tələblərinə uyğun olaraq iddiaçı müqavilə üzrə tapşırandır. Digər tərəfdən bu, onlar arasında aslılıq münasibəti kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh müqaviləyə uyğun olaraq müstəqil fəaliyyət göstərir, öz ticarət fəaliyyətini sərbəst təşkil edir və həmin malların satışını həyata keçirilməsi ilə bağlı qərar verir. Müqavilənin “tərəflərin rekvizitləri” hissəsində də cavabdehin həmin müqaviləni məhz “fiziki (fərdi) sahibkar” kimi imzalaması görünür. Odur ki, cavabdeh konsessiya müqaviləsi üzrə müstəqil fəaliyyət göstərən (konsessioner) şəxsdir.

34. Beləliklə, kollegiya yuxarıda şərh olunan əsaslara görə, subyekt tərkibi baxımından 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqaviləni konsessiya müqaviləsi hesab edir.

35. Eyni zamanda kollegiya qeyd edir ki, bu müqavilə məzmun baxımından konsessiya müqaviləsidir. Belə ki, qanunverici konsessiya müqaviləsi ilə bağlı üç əsas meyar müəyyən etmişdir və tərəflər arasında bağlanmış müqavilə üzrə hər üç meyar mövcuddur.

36. Tərəflər arasında bağlanmış müqaviləyə görə, iddiaçı cavabdehin sifariş verdiyi malları ona təqdim etməyi, cavabdeh isə həmin içkiləri iddiaçının adından istifadə edərək satmaq barədə qarşılıqlı öhdəlik götürmüşlər. Bu baxımdan müqavilənin predmetini məhz malların satın alınıb yenidən başqasına satılması (ticarət vasitəçiliyi) təşkil edir.

37. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, cavabdeh satışları iddiaçının ticarət markası ilə adlandırılan firma mağazasında həyata keçirir, bu da öz növbəsində kommersiya konssessiya müqavilələrini ticarət vasitəçiliyi müqavilələrindən fərqləndirən ən önəmli kriteriyaya, yəni kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq meyarına uyğundur. Məhkəmə təcrübəsində bu meyarlar təklikdə deyil, digər meyarlarla qarşılıqlı şəkildə təhlil edilir.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hallara (tərəflərin statusu, müqavilə, tərəflərin müqavilədən sonrakı davranışı) məcmu halında qiymət verərək hesab edir ki, 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə kommersiya konsessiya müqaviləsidir.

39. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə bağladığı 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqaviləyə əsasən 17251,53 məbləğində malın cavabdehə verməsini üzləşmə aktında cavabdehin etirafı əsasında sübuta yetirmişdir. Cavabdeh bu məbləğdə borcunun olmasını birinci və apellyasiya instansiyalarında etiraf etmişdir. Qeyd edilən hallar işin mübahisəsiz hallarıdır. İddia tələbi etiraf olunan hissədə əsaslıdır.

40. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli üzləşmə aktından görünür ki, uçot məlumatlarına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə borc qalığı 62745,90 manat, cavabdehin xx.xx.2022-ci il tarixinə təsdiq etdiyi borc qalığı 17251,53 manat təşkil etmişdir. Lakin iddiaçı iddia ərizəsində 49836 manat məbləğində malların cavabdehə təqdim edildiyini və həmin məbləğdə cavabdehin ona borcu olduğunu iddia edir.

41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi məbləğdən 32584,47 manat hissəsini cavabdehin ona borclu olmasını iddiaçı sübut edə bilməmişdir. Belə ki, apellyasiya icraatı zamanı təqdim edilən e-qaimələrin bəziləri müqavilədən əvvəlki tarixdə göndərilmiş və mübahisəyə aidiyyəti olmayan sübutlar kimi qəbul edilməlidir. İddiaçının nümayəndəsinin təsdiq etdiyi kimi təqdim edilən bütün e-qaimələr cavabdeh tərəfindən təsdiq edilməmişdir. Müqavilədə qeyd edilsə də, təhvil-təslim aktı olmadığına və cavabdeh borcu bu hissədə inkar etdiyinə görə 32584,47 manat hissədə iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğdə malın cavabdehə təhvil verməsi üzrə iddiaçı sübutetmə vəzifəsini yerinə yetirməmişdir.

42. Apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2024cü il tarixli ekspert rəyinin nəticə hissəsində xx.xx.2021-ci il tarixli müqavilə üzrə 147408,74 manat borcun olması müəyyən edilmişdir.

43. Rəylə bağlı kollegiya qeyd edir ki, rəydə müəyyənləşdirilən məbləğ tələbdən kənara çıxır. İkincisi ekspert tədqiqatı zamanı yalnız yuxarıda qeyd edilən e-qaimələr tədqiq edilmişdir. Cavabdehin təqdim etdiyi ödəniş sənədləri tədqiq edilməmişdir. Bu səbəblərdən ekspert rəyindən asılı olmayan məhkəmə kollegiyası hesab edir ki, həmin rəy mötəbər sübut hesab oluna bilməz və nəzərə alına bilməz.

44. Apellyasiya şikayətinə münasibətdə qeyd olunmalıdır ki, şikayətə əlavə olunmuş digər üzləşmə aktı birinci üzləşmə aktı ilə eynilik təşkil edir.

45. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

47. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-4355/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli, 12xx-xx/2021 nömrəli müqavilə üzrə ödənilməmiş 17251,53 manat məbləğində borc, mediasiya xərcinə görə 70,22 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 manat məbləğində pul vəsaiti, ümumilikdə 17821,75 manat Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 50 manat ekspertiza xərci İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzindən tutulsun. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar