Məhkəmə qərarları › İş №2-2(103)-239/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-239/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-239/2024 19.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-4571/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı fərdi sahibkar İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, TOP2022/01107 nömrəli təchizat müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Xüsusi Şərtlərə (Kommersiya Şərtlərinə) uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək.

4. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir.

5. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesab-fakturada göstərilən ödəniş günləri təqvim günüdür.

6. Həmin müqavilənin 3.4- cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.

7. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən mal sifarişi qiymətlər və qəbuletmə ilə bağlı aşağıdakı müddəaları əhatə etməlidir: 1) hesab-fakturada qeyd olunan qiymətlərlə mal sifarişlərində qeyd olunan qiymətlər arasında hər hansı uyğunsuzluq olarsa, fərq alıcının mənafeyinə uyğun şəkildə (sifarişdə göstərilən qiymətlər əsas götürülməklə) həll ediləcəkdir. Mübahisə yarandığı halda mal alıcı tərəfindən qəbul edilməyəcəkdir; 2) çatdırılmış malın miqdarı mal sifarişində razılaşdırılmiş miqdardan az olduğu təqdirdə, dövriyyə və bütün endirimlər mal sifarişində göstərilən miqdar əsasında hesablanacaqdır.

8. İddiaçı tərəfindən sübut qismində məhkəməyə cavabdehə göndərilmiş elektron qaimələr təqdim edilmişdir.

9. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən edilir ki, Bakı 3 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğində ödəniş edilmişdir.

10. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 15 (on beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən 13703 manat pul məbləğinin, hüquqi xidmət göstərilməsi üçün ödənilən 1300 manat pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2022-ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən satıcı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib, əvəzində müəyyən edilmiş 13703 manat pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Qeyd olunan müqavilə öhdəliyi üzrə xx.xx.2023-cü il tarixinə qədər olan ümumi borc məbləği 13703 manat müəyyən edilmiş, bununla bağlı Cavabdeh MMC-yə pretenziya qaydasında xx.xx.2023-cü il tarixdə müraciət edərək, xx.xx.2022-ci il tarixli, TOP2022/01107 saylı müqaviləyə əsasən 13703 manat pul məbləğinin 15 (on beş) gün ərzində iddiaçıya qaytarılmasını tələb etmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Müraciətə cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, təklifə cavab verilmədiyinə görə mediasiya təşkilatına müracət etmişdir. Bakı şəhəri 03 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 iyul 2023-ci il tarixli arayış təqdim edilmişdir. Bu günə qədər təqdim edilən müraciətlərə cavabdeh tərəfindən heç bir etiraz təqdim edilməmişdir. Ümumiyyətlə tərəflər arasında işgüzar münasibətlər yalnız elektron qaimələr vasitəsi ilə həyata keçirilmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4571/2023 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia qismən təmin edilərək Cavabdehndən xx.xx.2022-ci il tarixli, TOP2022/01107 nömrəli müqavilə üzrə 11003,57 manat əsas borc, 400 (dörd yüz) manat hüquqi yardım, 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 11603,57 manat (on bir min altı yüz üç manat əlli yeddi qəpik) məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

14. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia göstərilən hissədə qismən təmin edilməli və Cavabdehndən 11003,57 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə cavabdehin etirazda müqavilənin direktor tərəfindən imzalanmadığını bildirməsinə münasibətdə qeyd etmişdir ki, əvvəla məhkəmə iclasları cavabdehin nümayəndəsinin iştirakının təmin edilməsinə görə bir neçə dəfə təxirə salınsa da, nümayəndə məhkəmə iclasına gəlməmiş, bundan başqa, müqavilə imza ilə yanaşı, cavabdehin möhürü ilə də təsdiqlənmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh etirazında birbaşa malların ona təhvil verilmədiyini bildirməyərək, yalnız “elektron qaimələrin təhvil-təslim aktları olmalıdır, satılmış malın təhvil-təslimi barədə aktların təqdim edilməməsi iddianın əsassız olduğunu göstərir, elektron qaimələrin alt sənədlərinin əsilləri təqdim edilməmişdir” kimi ifadələrdən istifadə edərək, iddiaya etiraz etmişdir. Məhkəmə qəbul edir ki, tərəflər aralarında heç də müqavilənin bütün şərtlərinə uyğun hərəkət etməmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Buna uyğun olaraq iddiaçı cavabdehə elektron qaimələr göndərmişdir. Qaimələrdə göndərilmiş malların adları, miqdarı, qiyməti öz əksini tapmışdır. Elektron qaimələrlə bağlı cavabdehin bildirdikləri ona görə inandırıcı görünmür ki, cavabdeh tərəfindən göndərilən bəzi qaimələr geri qaytarılmış, qalanları isə qəbul edilmişdir, yəni cavabdeh tərəfindən iddiaçıya düzəlişlərlə geri qaytarılan qaimələr olmuşdur.

17. Məhkəmə son olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən satılmış mallara görə xx.xx.2023-cü il tarixə hesablaşmaların vəziyyəti barədə məhkəməyə təqdim edilən cədvəldən görünür ki, cavabdehə 68 elektron qaimə (tarix, seriya, nömrə göstərilməklə) göndərilmiş, həmin qaimələrin 5-i sistem tərəfindən, qalanları cavabdeh tərəfindən təsdiqlənmiş, 4 elektron qaimə isə düzəlişə qaytarılmışdır. Həmin qaimələr üzrə cəmi borc 17668,45 manat (14973,24 manat əsas məbləğ, 2695,21 manat ƏDV məbləği) olmuş, həmin məbləğdən 3360,22 manat əsas, 604,84 manat ƏDV məbləği ödənilmiş, qalıq məbləğ 13703,39 manat (11613,02 manat əsas, 2090,37 manat ƏDV məbləğ) olmuşdur. Düzəlişə göndərilmiş 4 elektron qaimə üzrə məbləğ 2699,82 manat olmuşdur. Məhkəmə 13703,39 manatdan 4 qaimə üzrə məbləği çıxmaqla 11003,57 manat borcun cavabdehdən tutulması barədə qənaətə gəlmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4571/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən müqavilə cavabdeh tərəfindən qəbul edilmir. Müqavilədəki imza birmənalı direktor tərəfindən imzalanmamışdır. İlk növbədə həmin müqavilə mübahisələndirilir. Digər məsələ isə iddiaçı tərəfindən təqdim edilən elektron qaimələr sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin elektron qaimələrin təhvil təslim aktları olmalıdır. Satılmış malın təhvil təslimi barədə aktların da təqdim edilməməsi iddianın əsassız olduğuna əsasdır. Elektron qaimələrin alt sənədlərin əsillərinin təqdim edilməsini, malların satışına dair aktların təqdim edilməsi xahiş olunur. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, başqa şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin malların təhvil təslimi barədə aktlar yoxdur. Yalnız elektron qaimələr var. Elektron qaimələri də sistem təsdiqləmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdi.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4571/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşdəki sübutlardan görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif ərzaq məhsulları təqdim edilmişdir.

25. Cavabdeh apellyasiya şikayətinə müqavilənin direktor tərəfindən imzalanmadığını bildirsə də, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müqavilə eyni zamanda Cavabdeh MMC-nin möhürü ilə təsdiq edildiyindən və müqavilədəki möhür əksi işə birinci instansiya qaydasında baxılarkən mübahisələndirilmədiyindən qeyd edilən müqavilənin cavabdehin iradə ifadəsi ilə bağlanmış etibarlı müqavilə olduğu müəyyən olunur və apellyasiya instansiyası mərhələsində möhür əksinin cavabdehə məxsus olduğunun müəyyən edilməsi üçün məhkəmə texniki ekspertizası təyin edilməsi barədə vəsatət (apellyasiya şikayətində qeyd edilmiş) əsassız hesab edilir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdehin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ekspertiza tədqiqatı üçün zəruri olan sənədlər təqdim edilməmişdir.

26. Bundan əlavə cavabdehin iddiaçı tərəfindən müqavilə üzrə göndərilmiş elektron qaimələrin bir hissəsini təsdiq etməsi və təqdim edilmiş elektron qaimələrin yalnız 4-nə düzəliş etməsi onu təsdiq edir ki, düzəlişə göndərilməmiş qaimələr üzrə mallar həqiqətən iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Məhkəmə iddiaya etirazın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsi ilə tam razılaşır və məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən etmir.

27. İddiaçı tərəfindən işə apellyasiya qaydasında baxılarkən cavabdehin alqı-satqı müqaviləsi üzrə həyata keçirilmiş ödənişləri ilə bağlı sübutlar təqdim etmiş, MPM-nin 372.2-ci maddəsinə əsasən həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi mümkün olmamışdır.

28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4571/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4571/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar