Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-241/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5525/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında 08 yanvar 2020-ci il tarixli AX24/0320 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində sahədə yararsız, yararlı materialların qazılması və daşınması və s. işlərini həyata keçirməyi, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 119.904,45 manat məbləğində əsas borcun, illik 5 faiz olmaqla 9.492,40 manat məbləğində faizlərin və dövlət rüsumu olaraq ödənilmiş 420 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilənin 2.2-ci maddəsinə əsasən, ay ərzində görülmüş işlər haqqında bildiriş təqdim edildikdən sonra tərəflər arasında imzalanan faktiki görülmüş işlərin aktı (Forma 2, Forma 3) əsasında xidmət haqqı növbəti ay ərzində bank köçürmə yolu ilə sifarişçi tərəfindən icraçının hesabına ödənilməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq, hər iki şirkət arasında görülmüş işlərin xidmət haqqının ödənilməsinə dair 01 aprel 2021-ci il tarixli, 5 nömrəli akt (Forma 2, Forma 3) imzalanmışdır. Həmin akta əsasən sifarişçi tərəfindən ödənilməli olan 285.904,45 manat (ƏDV xaric) xidmət haqqından müxtəlif vaxtlarda hissə-hissə, ümumilikdə 166.000 manat ödənilmiş, 119.904,45 manat (ƏDV xaric) borc isə hazırki tarixədək ödənilməmiş olaraq qalmaqdadır. Müqavilə şərtlərinə uyğun olaraq, tərəflər arasında görülmüş işlərin xidmət haqqının ödənilməsinə dair 01 aprel 2021-ci il tarixli akt imzalanmış, lakin cavabdeh tərəfindən müqavilə üzrə ödənişin icrası üçün verilmiş müddət, yəni 2021-ci ilin may ayına kimi olan müddət ərzində ödəniş həyata keçirilməmişdir. Buna görə də, cavabdeh tərəfindən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və pul məbləğinin ödənilməsinin gecikdirilməsi əsasları ilə gecikdirilmiş vaxt üçün gecikdirilən məbləğin illik beş faizi həcmində pul iddiaçının xeyrinə ödənilməlidir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5525/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən görülmüş faktiki işlərlə Forma-2 aktları arasında fərqlər vardır. Məhkəmə isı ekspertiza təyin etmədən iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq 3.9-cu bəndində isə təsbit olunmuşdur ki, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
16. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, podratçı (iddiaçı) tərəfindən müqavilə üzrə müəyyən edilən podrat işləri yerinə yetirilmiş, sifarişçi (cavabdeh) tərəfindən isə müqavilə ilə müəyyən edilən muzd ödənilməmişdir.
17. Hazırki işdə də həmin hallar sübut olunur.
18. Belə ki, yanvar-mart 2021-ci il tarixli icraçı tərəfindən görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli qəbul aktlarına (Forma-2 və Forma-3) əsasən müəyyən edilir ki, 2021-cu ilin yanvar-mart aylarında İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə (51.642,80 manat ƏDV xaric) cəmi 285.904,45 manat dəyərində yararlı materialın təmini və kipləşdirilməsi və yararsız materialların (qruntun) qazılması və daşınmasının təmini işləri görülmüşdür. Aktlar (Forma-2 və Forma-3) sifarişçinin və icraçının imzası və möhürü ilə təsdiq edilmişdir.
19. 15.04.2021-ci il tarixli, EBBA seriyalı, 241119 nömrəli elektron qaiməyə əsasən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən (51.642,80 manat ƏDV xaric) 285.904,45 manat dəyərində işlərin (yararlı və yararsız materialların qazılması və daşınmasının təmini) görülməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir.
20. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 000İPX121098198D nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1211101CFD nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX********** nömrəli, xx.xx.2021-ci il tarixli 000İCZ121159005F nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1213020C2E nömrəli, xx.xx.2021-ci il tarixli 000İPX1213211D47 nömrəli və xx.xx.2021-ci il tarixli 000İPX1213301F7A nömrəli ödəniş tapşırıqları ilə təsdiq edilir ki, AX24/0320 saylı müqaviləyə və 241119 nömrəli elektron qaiməyə əsasən "xxxx" ASC-nin hesabından İddiaçı MMC-nin hesabına cəmi 166.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
21. Göründüyü kimi tərəflərin bağladığı müqavilə üzrə dəyəri 285.904,45 manat olan işlərin görülərək, cavabdehə təhvil verilməsi həm iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr, həm də tərəflər arasında bağlanmış qəbul aktları (Forma-2 və Forma-3) ilə təsdiq olunur.
22. Eyni zamanda yuxarıda qeyd olunan ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 166.000 manat məbləğində ödənişlər edilmişdir.
23. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən görülmüş işlərə görə ödənilməyən ümumilikdə 119.904,45 manat (285.904,45 - 166.000 = 119.904,45) məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
24. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.
25. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
26. Həmin maddənin tələblərini və xx.xx.2021-ci il tarixli qəbul aktlarının tərtib edildiyi vaxtdan məhkəmə qətnaməsi qəbul edilənədək olan müddəti (1 il 7 ay) nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 9.492,40 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (119.904,45 x 5% / 12 x 19 = 9.492,40).
27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, əgər cavabdehin bildirdiyi kimi həqiqətən də görülmüş faktiki işlərlə Forma-2 aktları arasında fərqlər mövcud olsaydı cavabdeh həmin aktları imzalamaz və möhürlə təsdiq etməzdi, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hallar mövcud deyil. Qeyd olunan hallar, o cümlədən cavabdeh tərəfindən qismən ödənişlər etməsi iddiaçı tərəfindən müqavilədə göstərilən işlərin təhvil verilməsini, cavabdeh tərəfindən bu halın təsdiq etməsini və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, yerinə yetirilmiş podrat işlərinin dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə ekspertizanın təyin edilməsi üçün heç bir əsas mövcud deyil.
28. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5525/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn