Məhkəmə qərarları › İş №2-2(103)-252/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-252/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-252/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli e-2-2(113)-9395/2024 nömrəli qərardadından iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-9395/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9395/2024 saylı 24 dekabr 2024 qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında ünvan 1 ünvanında yerləşən 2 nömrəli ofisdə yenidən ümumi təmir işlərinin yerinə yetirilməsi və tələb olunan avadanlıqların «icraçı»ya sifariş verilməsi bunun müqabilində razılaşdırılmış haqqın «sifarişçi» tərəfindən ödənilməsi üzrə xx.xx.2024-cü il tarixli, XMİ22/24 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin qiyməti iddiaçı tərəfindən ödənilsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçının hazırkı tələbi "xxxx" ASC tərəfindən xx.xx.2024-cu il tarixli XMİ-22/24 saylı xidmət müqaviləsi və MT**********74 saylı qaiməyə əsasən Cavabdeh MMC-yə ödənilmiş 10.000 manat pul vəsaitinin geri qaytarılması ilə əlaqədardır. Şübhəsiz ki, iddiaçı müqavilədən əmələ gələn iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi bir sıra hallarda iddiaçının seçiminə görə ərazi aidiyyətinin müəyyənləşdirilməsinə icazə verir. Bunlardan biri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsində təsbit edilmiş müqavilənin icra yerinə görə ərazi aidiyyətinin iddiaçı tərəfindən seçilə bilməsi imkanıdır. İddiaçının qanunvericiliklə təsbit edilmiş hüququndan istifadə edərək, öz iddiasını müqavilənin icra yerinə görə verməsinə məhkəmə tərəfindən yaradılmış maneə onun hüquqlarının pozulmasına, ədalətli məhkəmə qərarı əldə etmək hüququnun lüzumsuz olaraq gecikməsinə səbəb olmaqdadır. Hazırkı işdə iddiaçı öz seçim səlahiyyətindən istifadə edərək, iddianı cavabdehin qeydiyyatda olduğu yerə görə yox, müqavilənin icra yerinə görə vermişdir. Qeyd edirlər ki, müvafiq müqavilənin icra yeri ünvan 1 ünvanı olmuşdur. Belə olan halda, ərazi aidiyyəti ilə bağlı iddiaçının seçim haqqının olması mübahisəsizdir. Bundan əlavə bildirirlər ki, iddiaçı müvafiq məhkəmə işi üzrə ərazi aidiyyətini seçilməsi zamanı səlahiyyətindən elə formada istifadə etmişdir ki, bu məhkəmə tərəfindən müvafiq iş üzrə aparılacaq araşdırmanın daha optimal şəraitdə, daha düzgün həyata keçirilməsinə, o cümlədən tam, obyektiv, hərtərəfli araşdırmaya əsaslanan ədalətli məhkəmə qərarının qəbul edilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddənin dispozisiyası və tərəflər arasındakı mübahisənin mahiyyəti tam aydındır. Belə olan halda iddiaçının ərazi aidiyyətini öz seçiminə görə müəyyənləşdirilməsi hüququ məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bakı Kommersiya Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli, e-2-2(113)-9395/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından isə görünür ki, hazırkı halda Elektron məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin qeydiyyat ünvanı Şəmkir rayonu, Kür qəsəbəsidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şəmkir rayonu, Kür qəsəbəsi Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin ünvan 1 ünvanında yerləşən 2 nömrəli ofisdə yenidən ümumi təmir işlərinin yerinə yetirilməsi öhdəsinə götürməsini, belə olan halda MPM-in iddiaçının seçiminə görə aidiyyət qaydalarını müəyyən edən 36.11-ci maddəsinin tələbləri baxımından iddiaçının müqavilənin icra yerinə görə vermək hüququnun olması barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli müqavilə tərəflər arasında qarşılıqlı öhdəliklərin icra edilməsini (təmir işləri aparmaq, işlərə görə muzd ödəmək, sifariş edilmiş malları təqdim etmək və s.) nəzərdə tutan ikitərəfli müqavilə olmaqla həmin müqavilə üzrə öhdəliklər yalnız yəmirin aparıldığı ünvanda deyil, müxtəlif yerlərdə (məsələn, pul öhdəliyi Mülki Məcəllənin 426-cı maddəsinə əsasən borclunun olduğu yerdə, avandlığın verilməsi öhdəliyi müqavilə bağlanarkən avadanlığın yerlşdiyi yerdə ) icra edilə bilər. Belə olan halda isə müqavilə üzrə öhdəliklərdən birinin icrası yerinin göstərilməsi tərəflərin müqavilənin icra yeri barədə razılığa gəlmələri anlamına gəlmir. İkincisi, iddiaçının istinad etdiyi MPM-in 36.11-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Göründüyü kimi iddiaçının MPM-in 36.11-ci maddəsinə əsaslanaraq iddianın veriləcəyi məhkəmənin seçmək hüququ yalnız iddianın əsaslandığı müqavilədə müqavilənin icra yeri göstərildikdə yaranır. Başqa sözlə desək tərəflər arasında bağlanmış müqavilədə müqavilənin icra yeri konkret göstərilmədikdə həmin müqavilənin faktiki olaraq bu və ya digər yerdə icra edilməsi faktı iddiaçıya iddianı müqavilənin icra yerinə görə qaldırmaq hüququ vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə məhkəmədə baxılmalı olmaması əsası ilə iddianı geri qaytarmaqda haqlı olmuşdur. Qərardaddan şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli e-2-2(113)-9395/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar