Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-260/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5 və X6 qarşı kommersiya işi Açar söz: birgə sahibkarlıq fəaliyyəti ilə bağlı razılaşma, iddia müddəti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X5 və X6 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5140/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin izahatlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı fərdi sahibkar olan İddiaçı ilə cavabdeh fərdi sahibkar olan X9 arasında 2011-ci ildə birgə sahibkarlıq fəaliyyəti göstərilməsi barədə şifahi razılaşma əldə edilir və iddiaçı cavabdehə Çin Xalq Respublikasından santexnika malları gətirərək Sədərək Ticarət Mərkəzində cavabdehin fəaliyyət göstərdiyi mağazada satılması üçün Samir Hüseynovun atası X3 şahidliyi ilə 50.000 ABŞ dolları (1 dollar-0,78 manat məzənnə ilə 39.000 manat) pul verilir. Bunun müqabilində cavabdeh 3 il ərzində iddiaçıya hər ay gəlirdən 1000 ABŞ dolları ödəməyi, sonda pulu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı qəbul edir ki, cavabdeh razılaşdırıldığı kimi 3 il, 36 ay ərzində iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla, 36.000 ABŞ dolları ödəmişdir. Lakin 3 ildən sonra bu razılaşma üzrə ödəniş etməmiş və 2015-ci ildən etibarən iddiaçı hər il 50.000 ABŞ dolları verdiyi vəsaiti geri qaytarmasını tələb etsə də, cavabdeh nə verdiyi pulu qaytarmış, nə də gəlirdən hər ay 1000 dollar ödəniş etmişdir.
2. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən 2012-ci ildə cavabdehin atası X10 vasitəsi ilə həmin vaxt Çin Xalq Respublikasında olan X5 göndərməsi üçün 80.000 ABŞ dolları (1 dollar-0,78 manat məzənnə ilə 62400 manat) pul verilmiş, razılaşma belə olmuşdur ki, həmin pul yenə də ticarət dövriyyəsinə qiyulacaq və iddiaçıya çatası gəlir ödəniləcək.
3. İddia ərizəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddiaçıya 2012, 2013, 2014cü illər ərzində ümumilikdə 80.000 ABŞ dolları pul ödənilmişdir.
4. İşdəki Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” Qərarından görünür ki, iddiaçı izahatında cavabdehə birgə fəaliyyət üçün 50000 və 80000 ABŞ dolları, sonradan gəlirdən 20.000 ABŞ dolları pul verildiyini, cavabdeh tərəfindən isə cəmi 80.000 ABŞ dolları ödəniş edildiyini bildirmişdir.
5. Həmin qərardan görünür ki, cavabdeh X9 izahatından göstərmişdir ki, 2012-i ildə iddiaçıdan həqiqətən ticarət üçün atası vasitəsi ilə 50000 ABŞ dolları və 80.000 ABŞ dolları pul almışdır. 50.000 ABŞ dolları pulun müqabilində iddiaçıya hər ay 1000 ABŞ dolları vermişdir. 80.000 ABŞ dolları ilə bağlı razılaşma belə olmuşdur ki, qazancın müəyyən hissəsini iddiaçıya verəcək 2017-ci ilin iyul ayından maddi vəziyyəti pisləşdiyi üçün aylıq 1000 ABŞ dolları pulu verə bilməmişdir.Lakin 80.000 ABŞ dolları pula görə xx.xx.2020-ci il tarixədək müxtəlif vaxtlarda müxtəlif miqdarda pul vermişdir.2012-ci ildə iddiaçıdan aldığı 130.000 ABŞ dollarının qarşılığında 18002 manat və 161827 ABŞ dolları pul vermişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər X5 və X6 qarşı qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən 590.000 ABŞ dolları (160.000 ABŞ dolları əsas borc, 160.000 ABŞ dolları sağlamlığa dəyən ziyan, 250.000 ABŞ dolları 2015-2023-cü il üçün ödənilməmiş gəlir) pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıdan aldıqları 160.000 (bir yüz altmış min) ABŞ dollarını vermədikləri üçün O, Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir. Araşdırma zamanı bildirmişdir ki, X7 2005-ci ildən tanıyır. 2005-ci ilin yanvar ayında iddiaçı X1 Məkkə şəhərinə müqəddəs Həcc ziyarətinə gedərkən tanış olmuşdur. Samir atası Əli ilə birlikdə Sədərək Ticarət Mərkəzində yerləşən özlərinə məxsus olan iki mağazada santexnika mallarının ticarəti ilə məşğuldurlar. Həcc ziyarətindən qayıtdıqdan sonra iddiaçı Samirə demişdir ki, Sədərək Ticarət Mərkəzində mağaza alıb ticarətlə məşğul olmaq istəyir. Samir ona dedi ki, heç bir problem yoxdur, lap istəyirsən gəl birlikdə işləyək. Samir ona bildirdi ki, pul verərək onun ticari dövriyyəsinə sərmayə yatıracağsan, Samir isə müəyyən müddət ərzində ticari dövriyyəni artıraraq ona verdiyi mayaya uyğun olaraq əlavə gəlir verəcək, ümumi ticari dövriyyədən əldə olunmuş gəliri ikisinin arasında yarıbayarı böləcəklər. Samirə verdiyi əsas pul elə ticari dövriyyədə qalacaq, həmin əsas məbləgi ona sonda qaytaracaq. Bir müddət Samirin təklifi barədə düşünmüş, təxminən 2011-ci ildə Samirlə təklikdə söhbətləşərək qərara gəlmişdir ki, imkanı çatdığı məbləğdə pul versin, Samirlə həmin pulu ticari dövriyyəyə yatırsın. Belə ki, sövdələşməyə əsasən iddiaçı ilkin olaraq həmin vaxt əlində olan və özünə məxsus 50.000 (əlli min) ABŞ dolları pulu Samirə verməli, Samir isə həmin pulu öz ticari dövriyyəsinə yatıraraq Çin Xalq Respublikasından santexnika materiallarını ucuz qiymətə alaraq Azərbaycan Respublikasının ərazisinə gətirərək nisbətən baha qiymətə sataraq, 3 il ərzində ticari dövriyyədən əldə etdiyi gəlir əsasında iddiaçıya hər ay orta hesabla gəlir qismində 1000 ABŞ dolları pul verəcəkdi. Sədərək Ticarət Mərkəzində Samirə məxsus mağazada bu məzmunda danışaraq razılaşmışlar. Həmin an ətrafda heç kim olmamışdır. Samir bu məqsədlə 17 dekabr 2011-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, döngə 2, Hövsan südçülük sovxozu, ev 9 da, yəni Samirin yaşadığı ünvanda oğlu Mirdadaş Əsgərzadə və Samirin atası Əlinin şahidliyi ilə Samirə özünə məxsus olan 50.000 (əlli min) ABŞ dolları pulu vermişdir. Samir ondan pulu alarkən bir daha bildirdi ki, həmin pulu ticari dövriyyəyə yatıraraq Çin Xalq Respublikasından ölkə ərazisinə ucuz qiymətə santexnika malları alıb gətirərək nisbətən baha qiymətə sataraq gəlir əldə edəcək, 3 (üç) il ərzində orta hesabla hər ay ona 1.000 (min) ABŞ dolları xeyir verəcək. Həmin vaxtdan başlayaraq Samir 3 il ərzində, yəni 2015-ci ilin yanvar ayınadək otuz altı ay ərzində Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda təklikdə hər ay 1.000 (min) ABŞ dolları, ümumilikdə isə 36.000 (otuz altı min) ABŞ dolları pulu gəlir qismində iddiaçıya vermişdir. İddiaçı Samirin hansı növ və çeşid santexnika mallarını Çin Xalq Respublikasından ölkə ərazisinə gətirilməsini görməmişdir. Samir sadəcə üzbəüz danışarkən ona demişdir ki, guya o müxtəlif növ santexnika mallarını Çindən ucuz qiymətə alaraq ölkə ərazisinə gətirir. Bir müddət sonra bir neçə dəfə Samirə təklif etmişdir ki, onsuz da işsizdir, onun ticari dövriyyəsinə pul yatırmışdır, onun mağazasında onunla birlikdə işləsin, ticari dövriyyənin gedişatını müşahidə edərək nəzarətdə saxlasın. Samir hər dəfə onun bu təklifini rədd etmişdir. Samir bu qaydada var gücü ilə çalışmışdır ki, iddiaçı mağazasına gəlməsin və ticari dövriyyənin gedişatından tam məlumatsız olsun. Samir ticari dövriyyənin gedişatının detalları barədə ona ümumiyyətlə heç bir məlumat verməmiş, yalnız ümumi sözlərlə demişdir ki, işlər yaxşıdır, qaydasındadır. 11 aprel 2012-ci il tarixdə həyat yoldaşı X8, qızı Aysel Əsgərova, oğlu Mirdadaşın şahidliyi ilə 50.000 (əlli min) ABŞ dolları, 25.000 (iyirmi beş min) manat, ümumilikdə 80.000 (səksən min) ABŞ dolları pulu Əliyə vermişdir. Əli demişdir ki, həmin pulları gün ərzində Çin Xalq Respublikasında olan oğlu Samirə göndərəcək, Samir həmin pulları santexnika mallarının ticari dövriyyəsinə sərf edəcək, nəticədə ticari dövriyyə genişlənəcək və daha çox gəlir əldə edəcəklər. Əli öz mobil telefonundan Samirə zəng etdi, Samir bir neçə dəqiqə ərzində mobil telefonda onunla danışaraq dedi ki, narahat olma, pulu atama ver, atam həmin pulları mənə çatdıracaq və mən həmin pulların hamısını ticari dövriyyəyə yatıracam. Bir müddət sonra Samir ona dəqiq olaraq xatırlamadığı tarixlərdə 20.000 (iyirmi min), 15.000 (on beş min), 9.000 (doqquz min) ABŞ dolları pulları təklikdə Bakı şəhəri ərazisində müxtəlif yerlərdə gəlir qismində verdi. Samir ümumilikdə ona 80.000 ABŞ dolları pulu gəlir qismində verdi. Samir bir dəfə xatırlamadığı tarixdə ona 20.000 (iyirmi min) ABŞ dolları pulu gəlir qismində verərkən dedi ki, istəyirsən həmin pulu ondan almayım, bu pulu da qaytarım ona, həmin pulu dövriyyəyə əlavə etsin. O, Samirlə razılaşaraq həmin 20.000 (iyirmi min) ABŞ dolları pulu ona vermişdir. Bir müddət keçdikdən sonra Samir ona pul verməkdən imtina etdi. Ondan pullarını istədikdə müxtəlif bəhanələr gətirərək dedi ki, ABŞ dollarının manata olan nisbəti bahalaşdığından ziyan etmiş, lakin onun pulunu qaytaracaq. İddiaçı dəfələrlə Samirlə və atası Əli ilə bu barədə söhbət etmiş, Əliyə demişdir ki, digər oğlun üçün yeni ev almısan və özünə yeni mağaza almısan, mənim pulumu qaytarın. Əli isə ona hədə-qorxu gələrək müxtəlif misallar çəkir, guya bir nəfər borclu pulu verdiyi adamdan pulunu tələb etdikdə onun övladını öldürüblər. O, Samirlə Əlinin onu aldadaraq külli miqdarda pulunu ələ keçirmələrinə əmin olmuş və buna görə də bu barədə şikayət etmişdir.. Tərəflərə verdiyi 160.000 dollardan ona geri qaytarılmamışdır. Bu illər ərzində ən ağır zərbə onun sağlamlığına dəyib. İki dəfə infakt olmuş, hər il ürəyindən müalicə alır. Eyni zamanda baş-beyin xraniki işemiyası və başbeyin hissənin atrafiyası xəstəliyinə tutulmuşdur. Hesab edir ki, məhkəmə onun sağlamlığına dəyən ziyanı mütləq nəzərə almalıdır. Məlum edir ki, ona gəlirdən verilən 80.000 (səksən min) ABŞ dolları 2012, 2013, 2014-cü illəri əhatə edir. Yəni hər il təqribən 27.000 (iyirmi yeddi min) ABŞ dolları təşkil edir. Sonrakı 2015-2023-cü illər üçün hər ilə 27.000 ABŞ dolları pul verilməli idi. Əslində ona çatacaq pul 2015-2023-cü illər ərzində 270.000 ABŞ dolları olmalıdır. Nəticədə ona çatacaq ümumi pulun miqdarı 1. 160.000 ABŞ dolları kök pul 2. 160.000 ABŞ dolları mənə sağlamlığıma dəyən ziyan 3. 250.000 ABŞ dolları 2015-2023-cü illəri təşkil edir. Ona görə də cavabdehlərin onu özlərinə inandırmaqla əmlakına (puluma) yiyələnmələrinə hüquqi qiymət verib, 570.000 ABŞ dolları ona qaytarılmalıdır.
8. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmiş, ərizədə qeyd edilmişdir ki, iddiaçı 2014-cü ildən sonra ona hər hansı ödəniş edilmədiyini qeyd etdiyindən müqavilə tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddia rədd edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər X9 və X2 müştərək qaydada 130.000 ABŞ dollarının ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər iddiaçı ilə aralarında olan şifahi razılaşmaya görə 130000 manat pul vəsaitini iddiaçıdan almış, həmin pul vəsaitini gəlirlə birlikdə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Buna baxmayaraq cavabdehlər iddiaçıdan aldıgı əsas pul məbləgini tam şəkildə iddiaçıya ödəməmişlər. Cavabdehlər 130000 manatın iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı əsas məbləğdən əlavə olaraq olaraq cavabdehlərdən tələb etdiyi 460000 ABŞ dolları borcun olmasını əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsini əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçının izahatından və “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, cavabdehlərin iddiaçıya sonuncu ödəmələri 2020- 2021-ci ildə olmuşdur. Belə ki, borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmiş, həmin müqavilə üzrə iddia müddətinin axımı həmin tarixdən başladıgından iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir.
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı qarşı tərəflə aralarında olan razılaşmaya əsasən 160.000 ABŞ dollarını aylıq-illik gəlir ödəmək şərti ilə vermişdir. BŞBPİ tədqiqatı zamanı Xəzər Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, Ali Məhkəmədə, Kommersiya Məhkəməsində cavabdehlər iddiaçıdan 160.000 ABŞ dollarını aldıqlarını etiraf etmiş və həmin pulun yəni, 160.000 ABŞ dollarını iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin hakimi iddiaçıya dəyən maddi və mənəvi ziyanı nəzərə almamış və bu barədə hər hansı bir sübutun olmamasını bildirmişdir. Sübut olaraq iddiaçı Bakı Kommersiya Məhkəməsinə öz sağlamlığı haqqında 7 epikriz təqdim etmiş və həmin epikrizlərdə iddiaçının 2 dəfə infakt keçirməyi, eyni zamanda baş-beyin xroniki işemiyası və baş-beyin hissəsinin atrafiyası xəstəliyinə tutulmağını açıq-aydın göstərmişdir. İddiaçıya dəyən maddi ziyanı sübut etməyə hər hansı bir sənədə ehtiyac yoxdur. Cavabdehlər BŞBPİ-də və digər məhkəmələrdə etiraf ediblər ki, iddiaçının onlara verdiyi 160.000 ABŞ dollarından gələn gəlirin müddəti 2014-cü ilin sonunda bitir. 2015- 2023-cü illər ərzində qarşı tərəf verdiyi 160.000 ABŞ dollarını dövriyəyə buraxmış, külli miqdarda pul qazanmış və iddiaçı o gəlirdən lazımınca faydalana bilməmişdir. İddiaçı onlardan öz pulunu tələb etdikdə onlar iddiaçını MTN-lə hədələyərək, oğlunu öldürəcəklərini, iddiaçını isə MTN zirzəmisinə salacaqlarını bildirmişdilər. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlməməsi o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Yəni məhkəmə müəyyən edir ki, qarşı tərəf məndən 160.000 ABŞ dollarını almışdır. Cavabdehlər 2015-ci ildən hər il 27.000 ABŞ dolların ödənilməsini dayandırmaqla 2016-cı ildən ara-bir 2021-ci ilə kimi cüzi mənə pul vermişlər. Kök 160.000 ABŞ dollarımı isə ümumiyyətlə qaytarmamışlar. Məhkəmə qətnaməsində səhv nəticəyə gələrək 160.000 ABŞ dollarından 130.000 ABŞ dolları, 2015-ci ildən hazırki dövrə qədər ödənməli olan hər il 27.000 ABŞ dollarından ümumiyyətlə heç nə ödənilməməsini nəzərə almamışdır. Bununla da müəyyən olundu ki, məhkəmə qətnamədə göstərdiyi dəlillərlə işin hallarına uyğun olmamaqla səhv nəticəyə gəlmişdir. Yəni maddi hüquq normasını pozmuşdur. İddia ərizəsində cavabdehdən razılaşmaya əsasən hər il gəlirdən 27.000 ABŞ dolları verilməsi tələb olunmuşdur. 2015-ci ildən hər il gəlirdən 27.000 ABŞ dolları verilməsi dayandırılmışdır. Bu hal məhkəmədə müəyyən olunmuşdur. Lakin nəyə görəsə məhkəmə qətnaməsində hər il ödənməli olan 27.000 ABŞ dollarına münasibət bildirməmişdir.
15. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehlərin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində cavabdehlərə 160.000 ABŞ dolları məbləğində pul verdiyini və bununla əlaqədar ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. İşin hallarından da görünür ki, İddiaçı iddia ərizəsində 160.000 ABŞ dolları məbləğində pul verdiyini desə də, bununla əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Artıq bu faktın özü iddiaçının məhkəməyə verdiyi ifadələrində səmimi olmadığını və düzgün danışmadığını sübut edir. Lakin cavabdehlər vicdanlılıq prinsipini əsas götürərək İddiaçı 130.000 ABŞ dolları məbləğində pul aldıqlarını etiraf etmişlər. Lakin iddiaçı ilə bizim aramızda heç bir notarial təsdiq olunmuş müqavilə olmadığını və həmçinin bizim ona borclu olmağımızı təsdiq edən hər hansı bir qəbzi ona vermədiyimizə baxmayaraq, biz öz vicdanımızın səsinə qulaq asaraq ondan götürdüyümüz pulun məbləğini səmimi olaraq etiraf etmişdik. Bir halda ki, iddiaçının əlində borc verməsini sübut edən heç bir sənəd olmadığı halda, bizim istənilən anda ondan bir manat da olsun pul götürmədiyimizi demək daha asan olardı. Lakin əfsuslar olsun ki, məhkəmə işin hallarına və sübutlara qiymət verərkən bizim hansımızın daha dürüst və səmimi olduğuna düzgün qiymət verməmişdir. Məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində hər bir tərəfin istinad etdiyi halları sübut etməli olduğunu bildirmişdir. Mülki işin sənədlərindən də görünür ki, bizim tərəfimizdən məhkəməyə işin daha ədalətli və obyektiv araşdırılması üçün İddiaçı ilə cavabdehlərdən biri olan HüseynovSamir Əli oğlu arasında olan telefon danışıqları yazılmış CD diski təqdim edilmiş və həmin disk məhkəmə iclasında dinlənilmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarının səsyazısından görünür ki, iddiaçı özü də bizdən 180.000 manat məbləğində pul aldığını etiraf edir. Həmçinin iddiaçının bu səsyazısında olan danışığından da açıqaydın görünür ki, o, bizim aramızda olan telefon danışığının yazıldığını bilir. Həmçinin qeyd etmək istəyirəm ki, X4 istifadəsində olan mobil telefonun özündə telefonun istehsalçısı tərəfindən səs yazılarının yazılması proqramı quraşdırılmışdır. Yəni mən - X4 iradəmdən asılı olmayan səbəblərdən də mənim bütün telefon danışıqlarım istifadəmdə olan mobil telefonun yaddaşına yazılır. Həmçinin qeyd etmək istəyirəm ki, bu telefon danışıqlarından iddiaçının da məlumatı olduğu üçün həmin səsyazıları sübut kimi məhkəmə tərəfindən qəbul edilməli idi. Məhkəmə tərəfindən iddia müddətinin tətbiqi barədə qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, iddiaçı birinci məhkəmə iclasında bizim aramızda olan borc münasibətlərinin 2015-ci ilin əvvəlinə qədər davam etdiyini göstərmişdir. Lakin sonradan vəkil ilə müqavilə bağlanmış və təbii ki, həmin vəkil ona iddia müddətinin keçməsinin hüquqi nəticələrini başa saldıqdan sonra o, həmin iddia müddətinin axının kəsilməsi üçün müxtəlif qanunsuz yollardan istifadə etməyə başlamışdır. Həmin qanunsuz yollardan biri də iddiaçının şikayət ərizəsi ilə Bakı şəhəri Baş Polis İdarəsinə müracət etməsi və özünün də etiraf etdiyi kimi, Bakı şəhəri Baş Polis İdarəsinin rəisi dostluq münasibətlərindən istifadə edərək bizə qarşı hədə-qorxu yollarından istifadə edərək belə qərarın qəbul edilməsinə nail olmuşdur. Belə ki, bu şikayət ərizəsini araşdıran müstəntiq guya ki, bizə kömək etmək məqsədilə guya bizim Mirəsgərə 2015-ci ildən sonra pul ödəməyimiz barədə etiraf edici ifadələr verməyimizə məcbur etmişdir. Bir halda ki, İddiaçı həm məhkəməyə ünvanladığı iddia ərizəsində, həm də Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı şikayət ərizəsində açıq-aydın görünür ki, o, 2015-ci ildən sonra bizim ona 1 manat da olsun pul vermədiyimizi açıq-aydın şəkildə etiraf edir. Bu halda həmin bu xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda bizim guya ona 2015-ci ildən 2020-ci ilə qədər hissə-hissə pul ödəməyimiz barədə etirafedici ifadələrin verilməsi təbii ki, yalnız İddiaçı yaxın dostu olan Bakı şəhəri BPİ-nin rəisinin göstərişi əsasında icra olunmuşdur. Bildiyiniz kimi, CPMnin125-ci maddəsinə əsasən hədə-qorxu və aldatma nəticəsində əldə edilmiş sübutların heç bir hüquqi qüvvəsi yoxdur. Ona görə də hesab edirəm ki, məhkəmənin həmin bu xx.xx.2021-ci il tarixli qərara istinad etməklə iddianı təmin etməsi nəticəsinə gəlməsi tamamilə əsassız və qanunsuzdur.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı, əvvəlki məhkəmə iclaslarında isə nümayəndəsi və vəkili E.Abıyev məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, sonuncu məhkəmə iclasında iştirak etməyərək iclasın təxirə salınması barədə vəsatət versə də, vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək təmin edilməmişdir.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
385.1-ci maddə-öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə-öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.3-cü maddə-öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddə-iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddə-müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddə-fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1-ci maddə-əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddə-işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddə-tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə iddiaçı və cavabdehlər tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
22. İşin tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları aşağıdakılardır: - 2011-2012-ci illərdə iddiaçı ilə cavabdeh X9 arasında birgə ticarət fəaliyyəti ilə məşğul olmaq barədə razılıq əldə edilmişdir. -iddiaçı cavabdehə 3 il ərzində əldə edilmiş gəlirdən ona ayda 1000 ABŞ dolları ödənilməsi şərti ilə 50.000 ABŞ dolları vermişdir. 3 il ərzində iddiaçıya hər ay 1000 ABŞ dolları olmaqla 36.000 ABŞ dolları ödənilmişdir. -iddiaçı tərəfindən 2012-ci ildə cavabdehə əlavə olaraq 80.000 ABŞ dolları pul verilmişdir. Bu məbləğlə bağlı razılaşma hər ay gəlirdən müəyyən hissənin ödənilməsi olmuşdur. -iddiaçıya 2015-ci ilədək cavabdeh tərəfindən 80.000 ABŞ dolları məbləğində pul ödənilmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının tələbləri üzrə iddia müddətinin keçibkeçmədiyinə hüquqi qiymət verilməzdən əvvəl iddiaçının hansı tələblərinin əsaslı və iddia müddəti tətbiq edilməzsə təmin edilməli olduğuna hüquqi qiymət verilməsini zəruri hesab edir.
24. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı ilə birgə fəaliyyət barədə razılaşma X9 ilə olmuşdur. Onun atası X10 onlar arasında danışıqlarda və pulun iddiaçıdan alınaraq cavabdehə təqdim edilməsi prosesində şahid olaraq, üzərinə hər hansı öhdəlik götürmədən iştirak etmişdir. Buna görə də ona qarşı hissədə iddiaçının tələbi MMnin 387.3-cü maddəsinə əsasən əsassız hesab edilir.
25. İddiaçının iddia ərizəsindən və xx.xx.2021-ci il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” Qərarında qeyd edilmiş izahatından görünür ki, 50.000 ABŞ dolları pul məbləği ilə bağlı razılaşmanın müddəti 3 il müəyyən edildiyindən cavabdehin həmin razılaşma üzrə iddiaçıya aylıq 1000 ABŞ dolları ödəməsi ilə bağlı öhdəliyin icra müddəti də 36 ay olmuş və bu müddət ərzində cavabdeh iddiaçıya 36.000 ABŞ dolları vəsait ödəmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda 2015-ci ilin fevral ayında cavabdehin yanına gedərək pullarının qaytarılmasını tələb etdiyini bildirmişdir. 50.000 ABŞ dolları ticarət üçün investisiya qoyulmuş məbləğin qaytarıldığı isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu hissədə tələbi yalnız X5 qarşı hissədə 50.000 ABŞ dollarının geri qaytarılması hissəsində əsaslı hesab edilə bilərdi.
26. 80.000 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı razılaşmada isə aylıq ödənişin məbləği müəyyən edilməmişdir. Razılaşma belə olmuşdur ki, cavabdehin gəlirindən müəyyən hissə cavabdeh S.Hüseynov tərəfindən iddiaçıya veriləcək. Bu razılaşma üzrə 44.000 ABŞ dolları (80000-36000) pul və 2020-ci ilədək ayda 300-500 olmaqla 3000-4000 manat ödənildiyi iddiaçı tərəfindən qəbul edilir.(sonuncu dəfə xx.xx.2024-cü il tarixli iclas protokolundakı izahat)
27. “Cinayət işinin rədd edilməsi haqqında” Qərarda cavabdeh göstərmişdir ki, 2017-ci ildən sonra maddi vəziyyəti pisləşdiyindən və gəliri azaldığından 2020-ci ilin mart ayınadək iddiaçıya ayda 300, 500 manat pul vermişdir. Cavabdehin nümayəndəsi və vəkili işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə təqdim etdiyi ərizələrdə 2015-ci ildən sonra ödənişlər edildiyinin göstəriş əsasında yazıldığını bildirsə də, bunu təsdiq edən sübut işdə yoxdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı razılaşmada 80.000 ABŞ dollarına görə aylıq gəlirdən iddiaçıya ödənilməli olan məbləğ konkret müəyyən edilmədən gəlirin məbləğinə görə müəyyənləşdirilməli olduğundan iddiaçı bu hissədə (aylıq gəlirlərin məbləği ilə bağlı) tələbin əsaslı olduğunu təsdiq etmək üçün 2017-ci ildən sonra cavabdehin gəlirləri barədə sübutlar təqdim etməli və ya bu sübutların əldə edilməsi üçün məhkəməyə vəsatətlə müraciət etməli idi. İşdə bu barədə sübutlar olmadığından iddiaçının 80.000 ABÇ dolları vəsaitə görə ödənilməli olan aylıq gəlirdən payla bağlı tələbi təmin edilə bilməz. Cavabdeh ticarət məqsədi ilə sonradan geri qaytarılması şərti ilə verilmiş 80.000 ABŞ dollarını iddiaçıya qaytardığını sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmiş olsaydı iddiaçının tələbi bu məbləğin qaytarılması hissəsində təmin edilə bilərdi. 130.000 ABŞ dollarından əlavə iddiaçı tərəfindən cavabdehə hər hansı vəsait verildiyi isə hər hansı sübutla təsdiq edilmir və cavabdeh tərəfindən qəbul edilmir.
29. İddiaçının 160.000 ABŞ dolları sağlamlığa dəyən ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 68 yaşı olan iddiaçıda mövcud olan xəstəliklərin cavabdehlə tanış olduqdan sonra yaranması barədə işdə sübutlar olmadığından cavabdehlə səbəli əlaqəsi müəyyən edilmədiyi üçün bu hissədə də iddia tələbi əsassızdır. O cümlədən məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununda cavabdehdən 570.000 ABŞ dollarına dair tələbi olduğu (160000 dollar əsas borc+160.000 dollar sağlamlığa ziyan+250.000 dollar aylıq gəlirdən pay) qeyd edilsə də, tələb hissəsində 590.000 ABŞ dolları göstərilmiş, əlavə 20.000 ABŞ dollarının hansı əsasla tələb edildiyi qeyd edilməmişdir.
30. Məhkəmə hesab edir ki, iddiaçının tələbi cavabdehə müqavilə üzrə verdiyi 130.000 (50000+80.000) ABŞ dollarının geri qaytarılması ilə bağlı hissədə iddia müddəti ötdüyü üçün təmin edilə bilməz. Belə ki, 50.000 ABŞ dolları ilə bağlı razılaşmanın müddəti 3 il olduğundan və 3 ildən sonra iddiaçı tələb etdiyi halda bu məbləğ geri qaytarılmadığından iddiaçı hüququnun pozulduğunu 2015-ci ildən bilmiş 2018-ci ildə 3 illik iddia müddəti bitmişdir. 80.000 ABŞ dolları məbləğlə bağlı cavabdehin “Cinayət işinin rədd edilməsi haqqında” Qərarındakı izahata əsasən 2020-ci ilin mart ayından sonra ödəniş edilmədiyindən müəyyən olunur ki, həmin müqavilə üzrə 3 illik iddia müddəti 2023-cü ilin aprel ayında başa çatmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında (eyni ayda mediasiya prosesi olmuşdur) iddia müddəti keçdikdən sonra müraciət etmişdir. İddiaçı 2022-ci ildə eyni iddia tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddianın baxılmamış saxlanıldığını qeyd etsə də, qeyd edilən iddia ilə bağlı məhkəmə aktları təqdim edilməmişdir.
31. Məhkəməyə eyni zamanda tərəflər arasındakı telefon danışıqları maddi daşıyıcıda sübut olaraq təqdim edilmiş, həmin səs yazılarında iddiaçı bildirir ki, beş-altı ildir cavabdehi onun verdiyi pulları qaytarmasını səbrlə gözləyir, cavabdeh isə bildirir ki, iddiaçıdan aldığı pulun müqabilində ona ödənişlər etmişdir, gəlir olmadığı üçün hazırda ödəniş edə bilmir.
32. MM-nin 381.1-ci maddəsində qeyd edildiyi kimi, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən məhkəmə hesab edir ki, qeyd edilən hal iddia müddətinin axımını kəsmədiyi üçün işin faktiki hallarına və iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə düzgün hüquqi qiymət verilmədiyi üçün mübahisələndirilən qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
34. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər X9 və X3 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5140/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə xərcləri tərəflərin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.