Məhkəmə qərarları › İş №2-2(103)-267/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-267/2023

08.02.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-267/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ "Gözcü Güvənlik” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair Açar söz: barışıq sazişinin təsdiq edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1, maraqlı şəxsin vəkili Nümayəndə2 iştirakları ilə, "Gözcü Güvənlik” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5981/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Tərəflər mediasiya prosesində iştirak edərkən aralarındakı mübahisə ilə bağlı 18 fevral 2022-ci il tarixdə barışıq sazişi imzalamışlar:

Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 5 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞB/5-00208 saylı, 18 fevral 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 5 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞB/5-00208 saylı, 18 fevral 2022-ci il tarixli barışıq sazişinin şərtləri əsasında sazişdə nəzərdə tutulmuş işlərin 30 iş günü ərzində tamamlanması razılaşdırılmışdır. Eyni zamanda, həmin sazişin 2-ci hissəsinin 14-cü bəndinə əsasən, işlər tam qüsursuz təhvil-təslim olunduqdan sonra müqavilə üzrə qalan məbləğ cavabdeh tərəfindən 5 iş günü müddətində ödənilməlidir. 16 iyun 2022-ci il tarixdə bütün işlər tamamlanaraq cavabdehə test sınağı üçün təhvil verilmişdir. Bu barədə cavabdehin iddiaçıya ünvanladığı 05 iyul 2022-ci il tarixli məktubunda təhvil barədə məlumat etiraf edilmişdir.

4. Maraqlı şəxs MMC tərəfindən ərizəyə etiraz onunla əsaslandırılmışdır ki, maraqlı şəxs e-2-2(113)-5981/2022 saylı iş üzrə icraatın dayandırılmasını zəruri hesab edir. Bundan başqa, tərəflər arasında bağlanmış 06/2021-031 nömrəli xx.xx.2021-ci il tarixli müqavilənin tələbləri “Gözcü Güvenlik" MMC tərəfindən dəfələrlə kobud pozulmuş, qüsurlu və keyfiyyətsiz avadanlıqla təslim edilməsi cəhdləri nəticəsində mübahisə yaranmışdır. Mübahisə ilə əlaqədar tərəflər mediasiya prosesinə başlamışdır. “Gözcü Güvenlik" MMC işi qüsursuz tamamlaya biləcəyini təkidlə bildirmiş, işlərin tam qüsursuz yoxlayıb təhvil vermək üçün və icra üçün 30 iş günü müddəti istəmiş və razılaşmışdır ki, işi qüsursuz icra edib özü yoxlayıb təhvil verdikdən sonra 7 iş günü müddətində Maraqlı şəxs MMC test sınağı aparacaq və Maraqlı şəxs MMC test sınağı zamanı hər hansı qüsur aşkar edərsə ödədiyi avans pulun 100% 3 gün müddətində geri Maraqlı şəxs MMC-yə qaytaracaq. Tərəflər bu şərtlərlə barışıq sazişi bağlamışdır. Lakin, “Gözcü Güvenlik" MMC Barışıq Sazişinin icrasında da pozuntulara yol vermiş, keyfiyyətsiz və qüsurlu işi təhvil verməyə çalışmışdır. Bütün nöqsanlar və qüsurlar əyani olaraq Ərizəçi MMC-nin Zabrat hava limanında işləri yerinə yetirən əməkdaşlarına, o cümlədən bir neçə dəfə rəhbərinə şəxsən təqdim edilmiş, “Gözcü Güvenlik" MMC rəhbəri və digər əməkdaşları təqdim edilən qüsurlarla razılaşmışdır. Qüsur və nöqsanlar pretenziya məktublarında, qüsur aktlarında və sair sənədlərdə öz əksini tapıb, o cümlədən foto/videoqeydiyyata alınaraq (DVD-R) qarşı tərəfə təqdim edilmişdir. Barışıq sazişi ilə nəzərdə tutulmuş icra müddəti xx.xx.2022ci il tarixində bitsə də "xxxx" MMC öhdəliklərinin yerinə yetirilməməsinə bəraət qazandırmağa çalışmışdır. "xxxx" MMC hava limanının dövlət əhəmiyyətli obyekt olduğunu, habelə iqtisadiyyatın xüsusi sektorunda fəaliyyət göstərdiyini nəzərə alaraq, təhlükəsizlik və nəzarət sistemlərindən biri olan NBM giriş/çıxışında avadanlığın qüsursuz quraşdırılıb tamamlanmasında özü birbaşa maraqlı olduğu üçün və eyni zamanda yaranmış mülki-hüquq münasibətlərə vicdanla yanaşaraq "xxxx" MMC işlərin tamamlanması üçün əlavə vaxt vermiş, quraşdırma və sınaq müddətində qüsurları müəyyən edilməsində “Gözcü Güvenlik" MMC əhəmiyyətli dərəcədə köməklik göstərmişdir. Lakin, "xxxx" MMC işi qüsursuz icra edib təhvil vermək əvəzinə müxtəlif bəhanələrlə vaxtı uzatmış, səriştəsi olmayan işdə ortaya çıxacaq qüsurları müəyyən və test etməklə Zabrat hava limanını özü üçün test sınaq laboratoriyasına çevirmişdir. Bütün qüsurlar barədə məlumat "xxxx" MMC yazılı çatdırılmışdır, nöqsanlar Aktla rəsmiləşdirilib, nöqsanların foto/videoqeydiyyatı tərtib edilərək aktla birlikdə "xxxx" MMC təqdim edilmişdir. Barışıq Sazişi ilə üzərinə düşən işlərin qüsursuz tamamlanması barədə öhdəliklərinin yerinə yetirmədiyi üçün "xxxx" MMC pulların geri qaytarılması öhdəliyin icrası xahiş olunmuşdur. Lakin, “Gözcü Güvenlik" MMC pulların qaytarılmasından boyun qaçırmışdır. “Gözcü Güvenlik" MMC qüsurları aradan qaldırmaq iqtidarında olmadığını və qüsurlu avadanlığın istismarının qeyri-mümkünlüyünü, habelə ödənilmiş pulu geri qaytarmaqdan boyun qaçırdığını nəzərə alaraq, Maraqlı şəxs MMC dövlət əhəmiyyətli obyekdə istehsalat proseslərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni avadanlığın quraşdırılması qərarına gəlmiş və giriş/çıxışlarda "xxxx" MMC avadanlığının demontajı işlərində iştirak etmək məqsədi ilə "xxxx" MMC nümayəndəsini hava limanına dəvət etmişdir. Lakin, "xxxx" MMC nümayəndəsini göndərməmişdir. Məhz demontaj məsələsi gündəmə gəldikdən sonra "xxxx" MMC məhkəməyə müraciət edib öz iddia ərizəsi ilə Maraqlı şəxs MMC “qabağlamağa” çalışmış, daha sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. "xxxx" MMC barışıq sazişinin könüllü icrasından imtinası ilə əlaqədar xx.xx.2022-ci il tarixində Maraqlı şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün qeyd edilən barışıq sazişi yalnız "xxxx" MMC-yə ƏDV ilə birlikdə ödənilmiş 20110,74 manat avans məbləğinin "xxxx" MMC-dən Maraqlı şəxs MMC xeyrinə tutulması hissəsində təsdiq edilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5981/2022 saylı qətnaməsi ilə (hakim Fərrux Qasımov) ərizə təmin edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin etirazında göstərilən məsələlər barışıq sazişinin təsdiq edilməməsi üçün əsas ola bilməz. Çünki, qanunvericilik barışıq sazişinin təsdiqindən imtina üçün yalnız 2 əsas nəzərdə tutur: barışıq sazişi və ya onun bir hissəsinin qanuna zidd olması və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması. Lakin hazırkı ərizə üzrə bu əsaslardan heç biri mövcud deyildir.

7. Maraqlı şəxsin etiraz ərizəsində göstərdiyi hallar (öhdəliklərin icra edilib – edilməməsi, hansı həcmdə icra edilməsi və s.) isə icra prosesində müəyyən edilməli olan hallardır və qətnamə icraya yönəldiyi halda öhdəliklərin icrasının yalnız Maraqlı şəxs MMC tərəfindən deyil, “Gözcü Güvenlik" MMC tərəfindən də məcburi qaydada həyata keçirilməsini nəzərdə tutmuşdur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5981/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə .iddiaçının nümayəndəsinin Nümayəndə1 olduğu qənaətinə gəlmişdir. Elektron məhkəmə sistemi ilə əlavə edilmiş etibarnamədən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixində hüquqşunası Nümayəndə1 hazırki işi üzrə ərizəçini təmsil etməyə müəyyən səlahiyyət vermişdir. Lakin, ərizəçi öz nümayəndəsi Nümayəndə1 əsas iş yeri həmin hüquqi şəxsdə olduğuna dair e-portaldan iş yerinə dair arayışı e-məhkəmə portalına əlavə etməmişdir. MPM 10-1.1 maddəsinin tələblərinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maraqlı şəxs qeyd edir ki, E-məhkəmə portalında olan elektron ərizədən görünür ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə Nümayəndə1 tərəfindən verilsə də sözügedən şəxs səlahiyyətlərinin MPM 69.2-cu maddəsinin tələblərinə uyğunluğu məhkəmə tərəfindən müəyən edilməmişdir. Məhkəmə iclasında maraqlı şəxs bu fakta məhkəmənin diqqətini cəlb etsə də birinci instansiya məhkəməsi həmin halları aydınlaşdırmamışdır. MPM 152.1.2-ci maddəsinin tələblərinə əsasən ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Məhkəmənin sonunadək Nümayəndə1 iş yerinə arayışı təqdim edilməmişdir. Bundan başqa maraqlı şəxs qeyd edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maraqlı şəxsin etiraz ərizəsində göstərilən hallar (öhdəliklərin icra edilib-edilməməsi, hansı həcmdə icra edilməsi və s.) isə icra prosesində müəyyən edilməli olan hallardır və qətnamə icra yönəldiyi halda öhdəliklərin icrasının yalnız "xxxx" MMC tərəfindən deyil, "xxxx" MMC tərəfindən də məcburi qaydada keçirilməsi nəzərdə tutur." qənaətinə gəlmişdir. Beləliklə, məhkəmənin mövqeyinə əsasən ərizəçinin və maraqlı şəxsin hər hansı bir tələbi təmin edilməyib, məhkəmə qətnaməsi ilə yalnız barışıq sazişi təsdiq edilib, qalan hissədə yəni tərəflərin tələblərinin hansı hissədə təmin olunması qətnamə icra yönəldiyi halda müəyyən ediləcəyini bildirmişdir. Lakin, sözügedən mövqeyinə zidd olaraq məhkəmə MPM 119.1 və 119.2-ci maddəsinin tələblərinə istinad edib ödənilmiş dövlət rüsumunu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmasını qət etmişdir. MPM 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə MPM 119.1-ci maddəsinin tələblərinə zidd olaraq hər hansı bir Tərəfin tələbini tam və qismən təmin etmədən ödənilmiş dövlət rüsumun bütün məbləği maraqlı şəxsə aid etmişdir. Buna görə maraqlı şəxs hesab edir ki, məhkəmə həmin faktiki halları aydınlaşdırmamışdır. MPM 119.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maraqlı şəxs həmçinin qeyd edir ki, məhkəmə prosesssual normaya istinad etsə də (119.2) həmin normanın tətbiqinə əsas olan faktiki halları aydınlaşdırmamışdır. Həmin normanın tətbiqi üçün gətirilən əsaslar isə sözgedən MPM 119.2-ci maddəsinin dispozisiyasına tamamilə ziddir (Gözcü Güvənlik MMC) dövlət rüsumunu ödəməkdən azad edilməmişdir. MPM 254.1.4-cü maddəsinin tələblərinə əsasən mülki mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə icraatı dayandırmalıdır. Məhkəmə işin icraatını davam etdirilməsini mümkün hesab edərsə əvvəl icraata daxil olan işin nəticələrinin baxılan işə heç bir təsiri olmadığını əsaslandırmalıdır. Məhkəməyə həm ASG Helicopter Services MMC Xəzər rayon məhkəməsinə xususi icraat qaydasında barışıq sazişin təsdiq edilməsi barədə ərizə ilə müraciət olunması və e-2(003)- 2663/2022 saylı iş, habelə Gözcü Güvənlik MMC eyni məsələ üzrə iddia icraatı qaydasında iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyini və məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsini e-2- 2(113)-4331/2022 saylı nömrə altında icraata qəbul etdiyi rəsmi bildirilmiş, sözügedən qərardad təqdim edilmişdir. Qeyd edilməlidir ki, Gözcü Güvənlik MMC e-2-2(113)-4331/2022 saylı mülki iş üzrə həm tərəflər arasında olan müqaviləni, həm də barışıq sazişini təqdim edərək öz iddia tələbinin təmin edilməsini xahiş etmiş, daha sonra öz iddia ərizəsini dəyişdirib tələbini yalnız Barışıq Sazişi ilə əsaslandırmışdır. Həm iddia ərizəsi, həm də iddia ərizəsinin dəyişdirilməsi haqqında yeni iddia ərizə məhkəməyə təqdim edilsə də məhkəmə e-2- 2(113)-5981/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri hissəsində "...maraqlı şəxs e-2-2(113)-5981/2022 saylı saylı iş üzrə icraatın dayandırılmasını zəruri hesab edir." qeyd edib, həmin məsələ üzrə əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, iş üzrə icraatı dayandırmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Maraqlı şəxsin vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

11. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

12. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 34.1-ci maddə- barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.4-cü maddə- barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddə- hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. 69.1-1-ci maddə-fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 355-25.3-cü maddə- məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26- cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddə- məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 13.Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5981/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından apellyasiya şikayətində qeyd edilənləri mübahisələndirilən qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

16. Apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, ərizəni imzalamış Nümayəndə1 "xxxx" MMC-nin işçisi olmadığından onun ərizəni imzalamaq səlahiyyəti olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Nümayəndə1 "xxxx" MMC-nin nümayəndəsi və vəkili olduğundan, ona nümayəndə xx.xx.2022-ci il tarixli etibarnamədə ona MMC-nin adından iddia ərizəsini və digər ərizələri imzalamaq səlahiyyəti verildiyindən MPM-nin 69-cu maddəsinə əsasən "xxxx" MMC-nin adından ərizə ilə məhkəməyə müraciət etməyə səlahiyyətlidir.

17. Tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişinin 10 gün ərzində icra edilməməsinə görə Maraqlı şəxs MMC təqsirli olduğundan və bu səbəbdən ərizəçi sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olduğundan ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs MMC-dən tutulmasına dair məhkəmənin mövqeyi əsaslıdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırda məhkəmə mübahisəsinin olması mediasiya mərhələsində bağlanmış sazişin təsdiq edilməsindən imtina üçün əsas ola bilməz. Əksinə sazişin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi tərəflər arasında başlamış mübahisə üzrə icraata xitam verilməsi üçün əsasdır.

19. Hər iki tərəf kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğu üçün ərizəyə baxılması kommersiya məhkəməsinin səlahiyyətinə aid olmuş, işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5981/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5981/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar