Məhkəmə qərarları › İş №2-2(103)-268/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-268/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-268/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə X2 qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4341/2022 nömrəli iş üzrə 09 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC 2022-ci il 28 iyul tarixində cavabdeh "xxxx" MMCyə qarşı “borcun ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, cavabdehdən 13.430,76 manat (ƏDV daxil) pul vəsaiti əsas borcun və 131 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi 2022-ci il 1 avqust tarixli ərizə(vəsatət) ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı mülki iş üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlərin aidiyyəti üzrə e-2(003)-2663/2022 saylı iş üzrə işin materialları ilə birlikdə xüsusi icraat qaydasında baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadla razılaşmayan cavabdeh 2022-ci il 8 sentyabr tarixində ondan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə şikayət qanunla müəyyən edilən formaya uyğun tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1, 363.1, 363.1.1-ci maddələrinə istinadla geri qaytarılmışdır. Bu qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, qərardadın ləğv olunmasını, 2022-ci il 29 avqust tarixli, e-2-2(113)- 4341/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli, 2-2(113)-4341/2022 saylı qərardadına əsasən Bakı Kommersiya məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e- 2-2(113)- 4341/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 28 sentyabr tarixli, 2-2(103)-1016/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)- 4341/2022 nömrəli qərardadından verilmiş cavabdehin apellyasiya şikayəti formal tələblərə uyğun gəlməməsi əsası ilə qeyri-mümkün hesab edilmişdir. Cavabdeh 2022-ci il 5 oktyabr tarixində həmin qərardaddan kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 2-2(102)-752/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 sentyabr tarixli 2- 2(103)-1016/2022 saylı qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Hazırki iş materiallarından aydın olduğu kimi, iddiaçının cavabdehə qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsinə əsasən Bakı Kommersiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi ərizə(vəsatət) ilə məhkəməyə müraciət edərək, iddiaçının cavabdehə qarşı mülki iş üzrə iddia ərizəsi və əlavə edilmiş sənədlərin aidiyyəti üzrə e-2(003)- 2663/2022 saylı iş üzrə işin materialları ilə birlikdə xüsusi icraat qaydasında baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, cavabdeh xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq olunması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş və 2022-ci il 18 iyul tarixindən e-2(003)- 2663/2022 saylı iş həmin məhkəmənin icraatındadır. Bakı Kommersiya Məhkəməsi isə cavabdehin ərizəsini təmin etməmişdir. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, qərardadın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 9 sentyabr tarixli, e-2-2(113)-4341/2022 saylı qərardadı ilə şikayət qanunla müəyyən edilən formaya uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Bununla da razılaşmayan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, 2022-ci il 29 avqust tarixli, e-2- 2(113)-4341/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli, 2-2(113)-4341/2022 saylı qərardadına əsasən cavabdeh tərəfindən verilmiş sonuncu şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM: 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyası bildirir ki, MPM-in 32-ci maddəsinə əsasən, işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Hazırkı iş materiallarından görünür ki, tərəflər arasında barışıq sazişi mediasiya qaydasında bağlanılmış və tərəflər həmin sazişlə üzərilərinə müqavilədən irəli gələn öhdəliklər götürmüşlər. Mediasiya haqqında qanunun 34-cü maddəsinə əsasən, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Digər tərəfdən, MPM-in 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hazırkı halda işdən görünür ki, cavabdeh ərizə ilə müraciət edərək işin hüquqi şəxsin ünvanı üzrə Xəzər rayon məhkəməsinə göndərilməsini xahiş etmiş, yəni cavabdehin ərizə vəsatətinin mahiyyəti məhkəmə aidiyyəti ilə bağlı olmuşdur. Belə olan təqdirdə məhkəmə bu ərizəyə münasibətdə MPM-in 32.5-ci maddəsində nəzərdə tutulan qayda baxımından müvafiq prosessual hərəkətləri etməli idi. Belə ki, MPM-in 32.5-ci maddəsində göstərilmişdir ki, Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmçinin, MPM-in 269-cu maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Lakin, hazırkı işdən görünür ki, birinci instansiya məhkəməsi şikayəti MPM-in 41-ci fəslinin müddəalarına uyğun olaraq qiymətləndirmiş və şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi müraciətin mahiyyətini əks etdirən məsələlər bilavasitə məhkəmə aidiyyəti ilə bağlı olmuşdur. Belə olan təqdirdə də MPM-in məhz 269.3-cü maddəsinin 2-ci cümləsində müəyyənləşdirilən qayda tətbiqinin zəruriliyi mövcud olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən şikayət apelyasiya məhkəməsinə göndərilmiş, MPM-in 32.5 və 269.3-cü maddələrinin müddəalarını nəzərdən qaçırılmışdır. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya bildirir ki, hazırki halda MPM-in 32.7-ci maddəsinin tələbinə uyğun olaraq işin məhkəmə aidiyyəti üzrə fikir ayrılığından doğan mübahisənin həmin mübahisə üzrə qərar qəbul etmiş məhkəmənin icraatından sonra (hazırki halda cavabdehin ərizəsi Bakı Kommersiya Məhkəməsi tərəfindən 2022-ci il 29 avqust tarixli, e-2-2(113)-4341/2022 qərardadı ilə təmin edilmədikdən sonra) adi apelyasiya icraatı qaydasında deyil, kassasiya icraatı qaydasında həlli nəzərdə tutulduğundan Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun gəlməməsi əsası ilə qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 sentyabr tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4341/2022 nömrəli iş üzrə 09 sentyabr 2022ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar