Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-279/2023 05.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4973/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.İşin mübahisəsiz halıdır ki, tərəflər arasında şifahi olaraq bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə 2015-2017-ci illərdə müxtəlif mallar satılmış, malların dəyəri elektron qaimələr və elektron vergi hesab fakturaları əsasında ödənilmişdir. İddiaçı iddia edir ki, xx.xx.2017-ci il tarixli EAAE 603637 saylı elektron qaimə üzrə təhvil verilmiş malın dəyəri (7176,76 manat) ödənilməmişdir. Qeyd edilən elektron qaimə iddiaçı tərəfindən xx.xx.2017-ci ildə ləğv edilmişdir. İddiaçı həmin qaimə üzrə təhvil verilmiş mallar da daxil olmaqla ümumilikdə 11063,50 manat dəyərindən malla bağlı cavabdehə 2020-ci ildə EBAG saylı 269576 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə göndərmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna və iddiaçının E-VHF sistemindən çıxarışına əsasən cavabdehə göndərilmiş EBAG seriyalı 269576 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə (11063,50 manat) təqsdiq edilməmiş və düzəlişə göndərilmiş statusundadır.
2. İddiaçının borcun ödənilməsi ilə bağlı pretenziya məktubuna cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə elektron poçtla cavab məktubu göndərilmiş, həmin məktubda qeyd edilmişdir ki, 1565 saylı hesab əsasında yazılmış xx.xx.2017-ci il tarixli EAAE 603637 saylı elektron qaimə üzrə malların dəyəri nağd ödənildiyi üçün qaimə ləğv edilmişdir. Cavabdeh iddiaçının əməkdaşı olmuş Mehman adlı şəxslə (X2) əlaqə saxlanıldığını, həmin şəxsin iddiaçının qara mühasibatlığına baxılsa həmin məbləğin ödənişinin tapılacağını bildirdiyini qeyd etmişdir.
3. Bundan sonra iddiaçı "xxxx" MMC-nin baş direktoru Qanuni nümayəndə1 X1 iddiaçıya məxsus 7176,76 manat pulu etibardan sui-istifadə edərək mənimsəməsi faktı ilə bağlı cinayət işi bağlaması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3 08 noyabr 2021-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.
4. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilir ki, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasında təqdim olunmuş e-qaimələr əsasında satıcı tərəfindən alıcıya 48829,56 (41380,98 +7448,58) manat dəyərində mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcıya təhvil verilmiş mallara görə 37764,6 (32003,90+5760,70 manat ƏDV) ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 11064,96 (9377,08 +1687,88 manat ƏDV) manat borcu mövcuddur. İş materiallarına ödəniş tapşırıqları əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində pulun, eləcə də 124 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif texnikalar, onların ehtiyat hissələri və sürtkü yağları təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilən e-qaimələrə əsasən müəyyən edilir ki, xx.xx.2017-xx.xx.2020 tarixləri arasında təqdim olumuş e-qaimələr əsasında satıcı tərəfindən alıcıya 41.380,98 manat əsas məbləğ, 7.448, 58 manat ƏDV məbləği dəyərində mallar təhvil verilmişdir. Alıcı tərəfindən satıcıya təhvil verilmiş malların 32.003,90 manat əsas məbləğ və 5.760,70 manat ƏDV məbləği dəyəri ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya 9.377,08 azn əsas məbləğ və 1.687,88 manat ƏDV məbləğində borcu mövcuddur. Qeyd edilən borclar əsasən EAAE 603637 saylı, xx.xx.2017-ci il tarixli elektron qaimə (qaimə üzrə ödənilməli məbləğ 7176,76 manat) və müvafiq qaimələr əsasında yaranmış borclardır. Cavabdeh ilə aparılan rəsmi e-mail yazışmalarında, cavabdehin təhvil verilmiş mallar üzrə borcunun olduğu bildirilərək, qeyd edilən borc məbləğini ödəməsi tələb edilmişdir. Cavabdehə məxsus Elektron ünvan adresindən yazılmış 28 oktyabr 2020-ci il tarixli cavab məktubunda o, EAAE 603637 saylı, xx.xx.2017ci il tarixli e-qaimə üzrə yaranmış borcu nağd şəkildə ödədiyini bildirmişdir. Belə ki, cavabdeh borcu etiraf etməsinə baxmayaraq, onun ödənilməsi barədə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, tərəflər ödənişlərin yalnız hesaba köçürmə yolu ilə həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. Bundan əlavə, Azərbaycan Respublikası qanunvericiliyinə səasən hüquqi şəxslər arasında köçürmələr yalnız nağdsız qaydada aparılır. Göstərilənlərə əsasən, cavabdehin iddiaçıya 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləğində borcu bu günə qədər ödənilməmiş qalır. 7.Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özü tərəfindən ləğv edilmiş xx.xx.2017- ci il tarixli, EAAE seriyalı 603637 nömrəli qaimənin ödənişini (həmin qaiməyə görə heç bir mal alınmayıb) və bundan başqa da mal almadıqlarına görə geri qaytardıqları (yəni düzəlişə göndərilmiş) xx.xx.2020-ci il tarixli EBAG seriyalı 269576 №-li qaiməyə əsasən 9377,08 manat əsas məbləğ, 1687,88 manat ƏDV məbləği olmaqla ümumilikdə 11064,96 manat məbləğdə pulun ödənişini tələb edirlər. Həmin şirkətlə 2015-ci ildən dekabr 2017-ci ilə kimi əməkdaşlıq edilmişdir. Ödənilməmiş heç bir EVHF və ya elektron qaimə qalmayıb. Yəni iddiaçıya heç bir borcları yoxdur. Bu tələbi əsassız olduğu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən sorğu nəticəsində aldıqları məktubda da öz əksini taparaq sübut olunur. İddiaçı Abşeron rayon Polis İdarəsinə verdiyi şikayət ərizəsində cavabdehdən tələb etdiyi həmin pulu şirkətin işçisi olmuş Əbdülrəhmanov Mehmandan tələb etmişdir. Lakin Abşeron rayon Polis İdarəsi 08 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərardan sonra iddiaçı təşkilat Mehman Əbdülrəhmanovu məhkəməyə verərək pulu tələb etmək əvəzinə, əsassız olaraq cavabdehi pul tələbi ilə bağlı məhkəməyə vermişdir. Belə ki, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh MMC arasında avtomobillərə və iş texnikasına sürtkü yağlarının təchiz edilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən ilk öncə eqaimə göndərilir və həmin e-qaiməyə əsasən Cavabdeh MMC tərəfindən köçürmə yolu ilə təhvil verilmiş malların dəyərinin ödənişi təmin edilir. İddiaçı və cavabdeh hər ikisi əlavə dəyər vergisi ödəyicisidir. İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş maliyyə arayışının 2-ci səhifəsində e-qaimənin verilmə tarixində bilərəkdən məhkəməni çaşdırmaq məqsədi ilə xx.xx.2017-ci il və xx.xx.2020-ci il əvəzinə hər ikisində xx.xx.2020-ci il göstərmişdirlər. Sözügedən e-qaimə də Cavabdeh MMC tərəfindən qəbul edilməmiş və geri qaytarılmışdır. Bu Vergi Xidmətlərinin təqdim etdiyi məktubdan da görünür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, oxunması mümkün olmayan bəzi sənədlər iş materiallarına əlavə edilmişdir ki, həmin sənədlərin hansı dildə yazılması da məlum deyil və həmin sənədlər nəyi təsdiq edir ki, o da məlum deyil. Bundan başqa iddiaçı 3885 manat dəyərində 754 saylı hesab vərəqi iş materiallarına əlavə edib ki, həmin hesab vərəqi nəyə aid olduğu barədə Cavabdeh MMC məlumatsızdır ki, göstərilən hesab vərəqi Cavabdeh MMC mühasibatlıq sənədlərində qeydiyyatdan keçməyib. Bundan başqa iddiaçı tərəfindən heç bir nağd şəkildə hesablaşma aparılmamışdır. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə qarşı verilən iddia ərizəsi əsassız olduğu üçün etiraz bildirərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-4973/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı tərəflər arasında 2017-ci ildə bağlanmış alqı-satqı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etdiyini, cavabdehə 9,377.08 manat əsas məbləğ və 1,687.88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində malların təhvil verildiyini, lakin 2020-ci ildə həmin malların dəyərinin ödənilmədiyinin aşkar edildiyini, hazırkı günədək borcun ödənilməmiş qaldığını bildirərək həmin borcun ödənilməli olduğunu iddia etmişdir.
10. Məhkəmə hesab etmişdir ki, 2017-ci ildə təhvil verildiyi iddia edilən mallarla bağlı borcun ödənilməsi üçün göndərilmiş elektron qaimə ləğv edilmiş, təkrarən cavabdehə xx.xx.2020-ci ildə elektron qaimə göndərildiyi bildirilsə də, həmin qaimədə ödənilməli olan məbləğin 7176,76 manat deyil, 11064,96 manat göstərilməsinin ağlabatan səbəbi göstərilməmişdir. İddiaçının iş üzrə təqdim etdiyi 1565 saylı xx.xx.2017-ci il tarixli hesab fakturanı məhkəmə malın təhvil verildiyini təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4973/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslanmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır. Çünki, malların təhvil verilməsi iş materiallarında olan elektron qaimələr vasitəsi ilə təsdiq edilir. Alqı-satqı müqaviləsi üzrə mallar 2017-ci ildə cavabdehə təhvil verilmiş, təhvil verilən mallara dair elektron qaimələr cavabdehə təqdim edildikdən sonra bir neçə gün ərzində bank hesabı vasitəsilə ödənişlər edilmişdir. Belə ki, tərəflər arasında mövcud olan bütün təsdiqlənmiş elektron qaimələr əsasında ödənişlər bütünlüklə yalnız bank köçürməsi yolu ilə cavabdeh tərəfindən ödənilmişdir. Yalnız hazırki mübahisənin predmeti olan 11064,96 manat məbləğində hissə isə cavabdeh müqavilənin tələblərini pozaraq, köçürmə yolu ilə ödəməli olduğu halda, bunu qeyri-rəsmi olaraq əlbəəl, nağd qaydada işçi Mehman Əbdürrəhmanova ödəmişdir. Bu hal email yazışmaları ilə də təsdiq edilir. Məsələ burasındadır ki, cavabdehin 11064,96 manat əlbə-əl ödəməsi barədə yazışmalar həqiqətən də həmin malların cavabdeh tərəfindən təhvil alındığını sübut edir. Əks halda həmin malların dəyərini nağd qaydada işçiyə ödəməzdilər. Həmin pulun nağd qaydada ödənilməsi isə iddiaçı və cavabdeh arasında bağlanmış konsensual əqdin tələblərinə ziddir. Çünki, həmin müqavilədə yalnız köçürmə yolu ilə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən cavabdeh özünün yol verdiyi pozuntuya görə məsuliyyət daşıyaraq, qeyd edilən 9.377,08 manat əsas məbləğ və 1687,88 manat ƏDV məbləği olmaqla, ümumilikdə 11064,96 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nə köçürülməsini təmin etməlidir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclaslarında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) 3.1-ci bənd- vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bənd-elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bənd-cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddə-məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4973/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı ilə bağlı hüquq münasibətləri olmuş və müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə mallar satılmışdır. Hazırkı mübahisə EBAG saylı 269576 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə ilə təhvil verildiyi iddia edilən, bir hissəsi iddiaçının özü tərəfindən ləğv edilmiş xx.xx.2017-ci il tarixli EAAE 603637 saylı elektron qaimə üzrə təhvil verilmiş malların dəyərinin ödənilməməsi ilə bağlıdır.
19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ləğv edilmiş xx.xx.2017-ci il tarixli EAAE 603637 saylı elektron qaimə üzrə 7176,76 manat malın cavabdehə təhvil verildiyi cavabdehin xx.xx.2020-ci il tarixdə göndərilmiş email məktubu ilə təsdiq olunur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında həmin məktubun iddiaçının əməkdaşı olmuş X1 təklifi ilə qarşı tərəfin bu məsələ ilə bağlı onları narahat etməməsi üçün yazıldığını bildirsə də, məhkəmə bunu inandırıcı hesab etmir. Cavabdehin email məktubunda təhvil aldıqları malın dəyərinin nağd ödənildiyi qeyd edilir. Məhkəmə xx.xx.2017-ci il tarixli EAAE 603637 saylı elektron qaimənin iddiaçı tərəfindən hansı səbəbdən ləğv edilməsi barədə ağlabatan izahat verilmədiyini nəzərə alaraq hesab edir ki, elektron qaimənin ləğv edilməsi faktı iddiaçının cavabdehdən həmin qaimə üzrə hər hansı borc tələb etmək niyyətində olmadığını göstərdiyindən müəyyən olunur ki, cavabdehin iddiaçıya 2017-ci ildə satılmış mallara görə alqı-satqı üzrə hər hansı borcu qalmamışdır. 2017-ci ildən sonra isə cavabdehə mal təqdim edildiyinə dair məhkəməyə düzəlişə verilmiş elektron qaimədən başqa hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçı 2020-ci ildə yeni elektron qaimə göndərənədək 2017-ci ildə təhvil verilmiş mallara görə cavabdehdən borc tələb etməmişdir. Beləliklə iddianın əsaslı olduğu mötəbər sübutlarla təsdiq edilmədiyindən məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4973/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4973/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.