Məhkəmə qərarları › İş №2-2(103)-279/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-279/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-279/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: turizm xidməti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BHT-358490 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1.-ci bəndinə əsasən icraçı Sifarişçinin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatlarının əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə kompleks xidmətlər göstərir; yəni sifarişçiyə daxili və beynəlxalq daşımalara dair təyyara və dəmir yol biletlərinin bronlaşdırılması, satışı və çatdırılması, mehmanxanaların bronlaşdırılması, tranzit məntəqələrində trasferin təşkil edilməsi, viza xidmətləri, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi üzrə və tərəflər arasında yazılı şəkildə razılaşdırılan digər xidmətləri göstərmək öhdəliyini qəbul edir. Xidmətlər sifarişçinin yazılı (həmçinin elektron vasitələrlə göndərilmiş) sifarişi əsasında göstəriləcək. -Müqavilənin 3.8-ci bəndinə əsasən icraçı göstərdiyi xidmətlər üçün hesab fakturaları təqdim edəcək və sifarişçi hesab fakturanı aldığı andan 1 bank günü ərzində onları ödəyəcək. - Müqavilənin 3.10-cu bəndinə əsasən sifarişçi tərəfindən ödənişlər gecikdirildiyi halda, icraçı yaranmış borc məbləği üzrə hər gecikmə gününə görə 0.1% həcmində cərimə sanksiyası tətbiq ediləcəkdir. - Müqavilənin 7.3-cü bəndinə əsasən icraçı daşıyıcılar, mehmanxanalar, yaxud hotellər və digər nəqliyyat təşkilatları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə və ya onlar tərəfindən xidmət göstərilməməsinə görə məsuliyyət daşımır.

2. xx.xx.2022-ci il tarixli, T-107443 saylı sifariş bildirişinə əsasən Paris, hava limanından hotel transferi üçün 115 ABŞ dolları məbləğində xidmət haqqı ödənilmişdir.

3. xx.xx.2023-cü il tarixli, 2921 saylı invoysa əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə cəmi 17.792,50 məbləğində, o cümlədən təyarə biletləri (1660 manat, 1660 manat, 1498 manat, 1498 manat), qatar bileti (1190 manat), oturacaq yeri xərci (39,10 manat), hhotel Adele and Jules Paris (4241,50 manat), X4 (1270 manat), disneyland giriş biletləri (980 manat), yeni il Gala Şam yemeyi (2812 manat), T-107443 transver (238 manat), Cenevrədə ekskursiya (705,9 manat) xidmətlər göstərilmişdir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 079555 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 8167 manat məbləğində turizm xidmətləri, xx.xx.2023-cü il tarixli, EBDC seriyalı, 506011 saylı elektron qaiməyə əsasən transfer, ekskursiya və qidalanma üzrə 1913 manat məbləğində və xx.xx.2023-cü il tarixli EBDD seriyalı 171250 saylı elektron qaiməyə əsasən aviabilet sifarişləri üzrə 5168 manat dəyərində xidmətlərə görə ödəniş tələb edilmişdir.

4. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBCN 078833 saylı qaiməyə əsasən 3000 manat dəyərində və xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən isə 412369 saylı qaimə üzrə 2900 manat dəyərində Cavabdeh MMC tərəfindən ödəniş həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq 11.892,50 manatı və gecikdirilmiş 159 gün üçün 1890,51 manat cərimə məbləğini, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə ödənilmiş 1520 manatı, mediasiya xərclərinə görə ödənilmiş 200 manatı Cavabdeh MMCdən tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə bir sıra kompleks turizm xidmətlərini (biletlərin və mehmanxanaların bronlaşdırılması, viza xidmətləri, transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi və s.) həyata keçirmişdir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən 15248 manat məbləğində pul vəsaiti ödənilməmişdir. İddiaçı 15248 manat məbləğində pul vəsaitinin ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 1520 manat hüquqi yardıma görə ödəyərək xərc çəkmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia qismən təmin edilərək Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli BHT-358490 saylı korporativ səyahət və kompleks turizm xidmətləri göstərilməsinə dair müqavilə üzrə 11615,4 manat borc əsas borc məbləği, 580 manat məbləğində cərimə pulu olmaqla cəmi 12195,40 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat və vəkil xərcinin əvəzi olaraq 350 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsini qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 iyul 2022-ci il tarixli, BHT-354890 saylı korporativ səyahət və kompleks turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-nin, habelə onunla korporativ şəkildə əlaqəli olan tərəfdaşlarının və təşkilatların əməkdaşlarının işgüzar səfərlərinin təmin edilməsi üzrə bir sıra kompleks turizm xidmətlərini (biletlərin və mehmanxanaların bronlaşdırılması, viza xidmətləri, transferin təşkil edilməsi, xaricə gedənlər üçün tibbi sığortaların rəsmiləşdirilməsi və s.) həyata keçirmişdir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən sifarişçi göstərilən xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin göstərilən xidmətlərin müqabilində cavabdeh tərəfindən xidmət haqqı tam ödənilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı iddiaçı tərəfindən xidmətlərin göstərilməsi cavabdeh tərəfindən qismən qəbul edilmişdir. Göstərilən aşağıdakı xidmətlərdən “təyarə biletləri, qatar bileti, oturacaq yeri xərci, hhotel Adele and Jules Paris, X4, disneyland giriş biletləri, yeni il Gala Şam yeməyi, T-107443 transver, Cenevrədə ekskursiya” adlı xidmətlərdən cavabdeh tərəfindən dörd təyarə biletləri (1660 manat, 1660 manat, 1498 manat, 1498 manat) və bir qatar bileti (1190 manat), X5 (1270 manat), disneyland giriş biletləri (980 manat) qəbul edilir.

10. Bununla bağlı məhkəmə bildirmişdir ki, xx.xx.2023-cü il tarixli hesab fakturada (invoice) göstərilən dörd təyarə biletləri (1660 manat, 1660 manat, 1498 manat, 1498 manat) və bir qatar bileti (1190 manat), X5 (1270 manat), disneyland giriş biletləri (980 manat) adlı xidmətlərin (cəmi 9756 manat dəyərində) iddiaçı tərəfindən cavabdehə tam göstərilməsi cavabdehin nümayəndəsinin izahatı (xx.xx.2023-cü il tarixli məhkəmə iclası) ilə təsdiq və qəbul olunduğu üçün məhkəmə tərəfindən işin mübahisə edilməyən halı kimi qiymətləndirilir.

11. Məhkəmə iddianın 39,10 manat dəyərində olan **********686 seat adlı (ön sırada oturmağa görə əlavə xərc) hissəsində qeyd etmişdir ki, bu cür xidmətin cavabdeh tərəfindən sifariş verilməsi, razılaşdırılması və həmin xidmətdən istifadə edilməsi iş materialları ilə sübuta yetirilmədiyi üçün bu hissədə iddia tələbi təmin edilməməlidir.

12. Cavabdeh tərəfindən qismən mübahisələndirilən ikinci “hotel Adele and Jules Paris xidmətinin” dəyərinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı əsassız olduğu üçün həmin xidmətin dəyəri olan 4241,50 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, hotel Adele and Jules Paris-də onlara 32 kv.m sahəsi olan otaq deyil, 15 kv.m otaq verilmişdir və öz araşdırmalarına görə 15 kv.m otağın dəyəri 1000 ABŞ dolları təşkil etdiyi üçün, yalnız həmin məbləği ödəyə biləcəklərini qeyd edir. Lakin, qeyd olunan hoteldə 32 kv.m deyil, məhz 15 kv.m sahəsi olan otaqda qaldıqlarını və həmin otağın dəyərinin 1000 ABŞ dolları olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim olunan invoice və whatsapp yazışmasından görünür ki, iddiaçı şirkət tərəfindən Hotel Adele and Jules üçün Qanuni nümayəndə adına üç gecəlik hotel rezervasiya edilmiş və həmin xidmətin dəyəri tərəflər arasında 2495 ABŞ dolları (4241,5 manat) məbləğində razılaşdırılmışdır.

13. Məhkəmə həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən mübahisələndirdiyi digər xidmət – “Yeni il qala şam yeməyi” ilə bağlı müəyyən olunmuşdur ki, həmin xidmətə gəmi gəzintisi, şam yeməyi və yeni il şənliyi daxil idi. Cavabdeh tərəf təqdim olunan şam yeməyi ilə razı qalmadığı üçün (uşaq menyusunun verilməməsi) həmin xidmətin dəyərinin ödənilməsinə etiraz edir. Lakin, məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf həmin xidmətdən istifadə etdiyi (gəmidə gəzinti, whatsapp-yazışmasına əsasən yeməklərə rəy verməsi, yeni il şənliyinə qalmamasını bildirsə də sübuta yetirə bilməməsi) və xidmət kompleks şəklində (gəmi gəzintisi, şam yeməyi və yeni il şənliyi) təqdim olunduğu üçün həmin xidməti dəyəri olan 2812 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

14. Mübahisələndirilən digər xidmət – 238 manat dəyərində olan transfer dəyəri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu xidmətlə bağlı cavabdeh tərəfin irəli sürdüyü arqumentlər əsaslıdır və məhkəmə iclaslarında həm iddiaçı, həm cavabdeh tərəf təsdiq etmişdirlər ki, təyyarənin enişi gecikdiyi üçün cavabdeh tərəf təyarədən enən zaman transfer xidmətini göstərməli nəqliyyat şirkətini görməmiş və həmin xidmətdən istifadə edə bilməmişdir.

15. xx.xx.2023-cü il tarixli hesab fakturada (invoys) göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən “Cenevrədə ekskursiya” xidmətinə gəldikdə məhkəmə hesab etmişdir ki, bu hissədə iddia tələbi əsaslı olduğu üçün həmin xidmətin dəyəri olan 705,9 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, həmin xidmətdən həqiqətən də istifadə olunmuş, lakin bələdçi rus dilli olduğu (cavabdeh tərəfin dili başa düşmədikləri) üçün həmin xidmətin dəyərindən cəmi 150 avro ödəməyə razılaşa bilərlər. Lakin, iş materiallarına əlavə olunmuş whatsappyazışmasından görünür ki, xidmətlər razılaşdırılarkən cavabdeh tərəfindən ekskursiya zamanı ümumiyyətlə “bələdçi dil fərqi yoxdur” bildirilmişdir, rus dilini bilmədikləri bildirilməmiş və ya ingilis dilli bələdçi olması istənilməmişdir.

16. Məhkəmə iddianın dəbbə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən müqavilə üzrə tutulacaq dəbbə pulu 580 manat məbləğində müəyyən edilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi xidmətlərdən yalnız dördü (biletlərin alışı, qatar, X5, Disneyland iləbağlı göstərilmiş xidmətləri) qəbul edilmişdir. Qalan xidmətlərin göstərilməsini cavabdeh təkzib etməyinə və digər xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən sübutların təqdim edilməməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddianın həmin hissələrdə də təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə qətnamənin 21-ci bəndində iddiaçı tərəfindən invoysun təqdim edilməsini artıq cavabdehə həmin xidmətlərin göstərməsi kimi təqdim etmişdir. Məhkəmə qətnamənin 39-cu bəndində qeyd edir ki, cavabdeh tərəfindən qismən mübahisələndirilən ikinci “hotel Adele and Jules Paris xidmətinin”dəyərinə gəldikdə isə məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız olduğu üçün həmin xidmətin dəyəri olan 4241,50 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəf bildirir ki, hhotel Adele and Jules Paris-də onlara 32 kv.m sahəsi olan otaq deyil, 15 kv.m otaq verilmişdir və öz araşdırmalarına görə 15 kv.m otağın dəyəri 1000 ABŞ dolları təşkil etdiyi üçün, yalnız həmin məbləği ödəyə biləcəklərini qeyd edir. Lakin, qeyd olunan hoteldə 32 kv.m deyil, məhz 15 kv.m sahəsi olan otaqda qaldıqlarını və həmin otağın dəyərinin 1000 ABŞ dolları olmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim olunan invoice və whatsapp yazışmasından görünür ki, iddiaçı şirkət tərəfindən Hotel Adele and Jules üçün Qanuni nümayəndə adına üç gecəlik hotel rezervasiya edilmiş və həmin xidmətin dəyəri tərəflər arasında 2495 ABŞ dolları (4241,5 manat) məbləğində razılaşdırılmışdır. Göründüyü kimi məhkəmə cavabdehin sifariş etdiyi otaqda qala bilməməyinə yəni xidmətin qüsurlu göstərilməsi nəticəsində danışıq əsasında razılaşdığı şəraitli otağı əldə edə bilməməyinə əhəmiyyət verməyərək məhz deyilmiş məbləğlə (1000 ABŞ dolları) bağlı sübut təqdim edə bilməməyinə istinad edərək tam məbləğin tutulmalı olması nəticəsinə gəlmişdir. Halbuki ilk öncə məhkəmə razılaşdırılmış xidmətin iddiaçı tərəfindən cavabdehə razılaşdırılmış şəkildə təqdim edilib-edilməməsini müəyyən etməli, otağın tərəflər arasında razılaşdırılmış şəkildə təqdim edilmədiyini müəyyən etdikdə burada təqsirin tərəflərdən hansına aid olduğunu araşdırmalı və sonda təqsirin hansı tərəfə aid olmasından asılı olaraq həmin məsələyə öz hüquqi qiymətini verməli idi. Yəni əgər iddiaçı tərəfindən cavabdehlə razılaşdırılmış şəkildə xidmətin ona təqdim edilməməsinin təqsirkarının iddiaçı olduğunu müəyyən etdikdən sonra iddiaçının təqsirli hərəkətindən dolayı həmin məbləğin onun xeyrinə tutulmaması haqqında qərar qəbul etməli idi. İş materiallarında olan whatsapp yazışmalarından da göründüyü kimi cavabdehə 32 m2 ibarət junior suite təqdim edilməli idi. Lakin tərəfimizdən məhkəmə araşdırması zamanı təqdim edilmiş hotelin saytından götürülmüş ekran görüntülərindən müəyyən edilmişdir ki, həmin hoteldə 32 m2 ibarət junior suite mövcud deyil. Bundan başqa cavabdeh özü mail vasitəsilə hotelə müraciət edərək onların qaldıqları otaq haqqında məlumatlar istəmiş və hotel tərəfindən onların qaldıqları otağın 28 m2 ibarət otaq olduğu (burada söhbət yalnız 4 m2–dan getmir,otağın sahəsi dəyişdikcə onun lyuksluq səviyyəsi də dəyişir) müəyyən edilmişdir (yazışma şikayətə əlavə edilir). Yəni bununla da cavabdehin aldadılması öz təsdiqini tapmışdır. Göründüyü kimi xidmət razılaşdırılmış şəkildə, qüsursuz təqdim edilmədiyindən həmin tələblə bağlı cavabdehdən ödəniş tutulmamalı idi. “Yeni il qala şam yeməyi” ilə bağlı məhkəmə tamamilə əsassız olaraq qeyd edib ki, guya cavabdeh təqdim olunan şam yeməyi ilə razı qalmadığı üçün (uşaq menyusunun verilməməsi) həmin xidmətin dəyərinin ödənilməsinə etiraz edir. Halbuki cavabdehin etirazı uşaq menyusunun verilməməsi səbəbilə yeməyi yeməyib gəmidə qala gecəsi başlanmamış gəmini tərk edib həmin xidmətlərdən istifadə etmədiyinə görə ödənişin edilməsinə etiraz olunmuşdur (whatsapp yazışmasında da “2812 manat sadəcə gəmi gəzintisinə görə oldu ?” deyə qeyd edilmişdir) . Bütün məhkəmə iclasları boyu verdiyimiz izahat və mövqe bu cür olmuşdur. “Cenevrədə ekskursiya” xidmətinə gəldikdə məhkəmə tamamilə əsassız olaraq cavabdehin adından qeyd etmişdir ki, guya cavabdeh həmin xidmətdən istifadə edildiyini və lakin bələdçi rus dilli olduğu (cavabdeh tərəfin dili başa düşmədikləri) üçün həmin xidmətin dəyərindən cəmi 150 avro ödəməyə razılaşdığını təsdiq etmişdir. Biz məhkəmə iclasında da bildirmişik ki, bələdçinin rus dilli olması səbəbilə biz xidmətdən istifadə edə bilməmişik. Məhkəmə isə özündən belə nəticəyə gəlmişdir ki, guya biz həmin xidmətdən istifadə etmişik. Bundan başqa bizim 150 avro verə bilərik dediyimiz məsələ bələdçi ilə bağlı yox avtomobil daşınması ilə bağlı olmuşdur ki, tərəfimizdən bizə daha zəif avtomobil təqdim edildiyi üçün həmin avtomobilin qiymətinə uyğun 150 avro verə biləcəyimiz qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş yazışmalarda olan bələdçinin rus dilli olmasına cavabdehin etiraz etməyi və iddiaçının nümayəndəsinin orada rus dilli bələdçi olacağının ağlına gəlməməsi ilə bağlı yazışmalara məhkəmə tərəfindən əhəmiyyət verilməyərək nə üçün bir yerdə elə, digər yerdə belə yazılmasının daha sonra isə rus dilli bələdçi məsələsi ortaya çıxdıqdan sonra tərəflər arasında mübahisə yaranması obyektiv olaraq araşdırılmamışdır. Halbuki bu yazışmalar biri digəri ilə əlaqəli şəkildə araşdırılsaydı o zaman müəyyən edilərdi ki, cavabdehin bələdçi üçün dil fərqi yoxdur mesajının mənasının səyahət etdiyi ölkənin rəsmi dillərindən (fransız və alman) birində (həmin dilləri cavabdehin bilməsi səbəbilə) bələdçinin olmasının problem yaratmayacağının olduğu müəyyən edilərdi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

20. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə vəsatətlə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, iclasda iştirak etməməsinin üzürlü səbəbi olduğuna dair vəsatətə hər hansı sübut təqdim etmədiyindən vəsatət təmin edilməmişdir. Nümayəndə və vəkil əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

“Turizm haqqında” Qanun

1.1.9-cu maddə- turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlərdir. 1.1.12-ci maddə-turoperator – turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxsdir. 1.1.15. tur – xüsusi proqram əsasında müəyyən müddətdə təşkil olunan turizm məqsədli səfərlərdir. 8.1.-ci maddə-turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 106.3-cü maddə- tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 220.4-cü maddə-cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BHT-358490 saylı turizm xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətə görə xx.xx.2023-cü il tarixli, 2921 saylı invoysa əsasən cavabdehdən 17.792,50 məbləğində ödəniş tələb edilmiş, cavabdeh tərəfindən 5900 manat ödənilmiş, qalan məbləğ ödənilməmişdir.

25. Məhkəmə tərəfindən iddia 11615,4 manat hissədə təmin edilmiş, cavabdeh 9756 manat məbləğində xidmətin dəyərinin ödənilməli olduğunu etiraf etdiyindən və 5900 manat ödəniş etdiyindən, müəyyən olunur ki, tələb edilən borcun 3856 manatı (9756- 5900) mübahisələndirilməmişdir. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hissə 7759,4 manat borcla bağlı (“Cenevrədə ekskursiya” xidməti 705,90 manat, “Adele and Jules Paris” hotelində qalmağa görə 4241,50 manat, “Yeni il qala şam yeməyi” ilə bağlı 2812 manat) borcun tutulması bağlı hissədir.

26. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iddianın təmin edildiyi hissədə qanuni və əsaslıdır.

27. İş materiallarından və izahatlardan görünar ki, cavabdeh “Adele and Jules Paris” hotelində yerləşmə ilə bağlı xidmətdən istifadə etdiyi halda 4241,50 manat xidmət haqqını iddiaçıya ödəməmişdir. Cavabdeh iddiaya etirazında ki, onlara 32 kv.m sahəsi olan “junior suite” otaq təqdim edilməli olduğu halda, 15 kv.m sahəsi olan otaq verildiyini iddia etdiyi halda apellyasiya şikayətində qeyd edir ki, hotel tərəfindən onların qaldıqları otağın sahəsi 28 m2 olmuşdur. Eyni zamanda qeyd edilir ki, hotelin saytındakı məlumatlara əsasən həmin hoteldə 32 m2 sahədən ibarət “junior suite” mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə təqdim edilmiş hotel otağı sahəsi 28 m2 olsa da razılaşdırıldığı kimi “Junior suite” standartında otaq olduğundan və bu xidmətdən istifadə edildiyindən cavabdehin xidmət haqqını ödəməkdən imtinası əsassızdır.

28. Cavabdeh tərəfindən mübahisələndirdiyi digər xidmət – “Yeni il qala şam yeməyi” ilə bağlı müəyyən olunmuşdur ki, həmin xidmətə gəmi gəzintisi, şam yeməyi və yeni il şənliyi daxil olmuşdur. Cavabdeh tərəf təqdim olunan şam yeməyindən uşaq menyusu olmadığı üçün razı qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında əvvəlcədən şam yeməyində uşaq menyusu ilə bağlı razılaşma olmadığından bu xidmətin qüsurlu icra edildiyinə dair cavabdehin mülahizəsi əsassız olduğu üçün 2812 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də məhkəmənin mövqeyi əsaslıdır.

29. “Cenevrədə ekskursiya” xidməti ilə bağlı məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəf həmin xidmətdən həqiqətən də istifadə etsə də, bələdçi rus dilli olduğu (cavabdeh tərəfin dili başa düşmədikləri) üçün bu xidmət də qüsurludur. İş materiallarına əlavə olunmuş whatsapp-yazışmasından görünür ki, xidmətlər razılaşdırılarkən cavabdeh tərəfindən ekskursiya zamanı bələdçinin hansı dildə xidməti təqdim edəcəyinin fərqinin olmadığını bildirmişdir. rus dilini bilmədikləri bildirilməmiş və ya ingilis dilli bələdçi olması istənilməmişdir.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

CavabdehMMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4556/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar