Məhkəmə qərarları › İş №2-2(103)-291/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-291/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-291/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair dair kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət haqqı, birgə fəaliyyət müqaviləsi, proqram təminatı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlundan, X7 ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndələri X8 və X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ASC (bank) ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin X9 arasında xx.xx.2020-ci il tarixdə 60/20-BF saylı “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır.

2. Müqavilənin 3.6.1-ci bəndinin “r” yarımbəndinə görə, bankla “BPC AG” şirkəti (lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2 “b” bəndində qeyd edilən öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını bank təmin etməlidir.

3. Müqavilənin 3.6.2-ci bəndinin “h” yarımbəndinə görə, bankla “BPC AG” şirkəti (lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) MHM-nə keçdiyi təqdirdə həmin Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin edir.

4. İddiaçı ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavənin 1-ci bəndinə görə, “BPC AG” şirkəti standart proqram təminatı (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) üçün qeyri-eksklüziv və ötürülməyən lisenziya verir və müştəri bu lisenziyanı qəbul edir.

5. Həmin əlavənin 2-ci bəndinə görə, illik lisenziya haqqı 93.023,26 ABŞ dolları təşkil edəcək.

6. Əlavənin 2-ci bəndinin “b” yarımbəndinə görə, 01 yanvar 2022-ci il tarixdən sonra il ərzində dövriyyə 2.000.000 ABŞ dolları məbləğinədək olduqda 50.000 ABŞ dolları məbləğində lisenziya haqqını ”Azər-Türk Bank” ASC (müştəri) “BPC AG” şirkətinə ödəməyi öhdəsinə götürmüşdür.

7. İddiaçı ASC ilə “BPC AG” şirkəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavənin 1-ci bəndinə görə, “BPC AG” şirkəti tərəflərin imzaladığı əsas müqavilədə və onun bütün əlavələrində nəzərdə tutulan şərtlər və müddəalar əsasında son istifadəçiyə standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) sublisenziya verməyə razılaşır.

8. Əlavənin 2-ci bəndinə görə, son istifadəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X3.

9. Həmin əlavənin 4-cü bəndinə əsasən, son istifadəçi bu əlavədə qeyd olunan cədvəlin təsdiq edilmiş formasında sifarişçi (”Azər-Türk Bank” ASC) arasında sublisenziya müqaviləsi bağlamalıdır.

10. Müqavilənin 5-ci bəndinə əsasən, sifarişçi (”Azər-Türk Bank” ASC) “BPC AG” şirkətinə müqavilə tərəfləri arasında imzalanmış sublisenziya müqaviləsinin surətini göndərməlidir.

11. "xxxx" MMC ilə ”Azər-Türk Bank” ASC arasında “X4 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi” barədə xx.xx.2021-ci il tarixdə 20210207/001 saylı müqavilə bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2020-ci il tarixli 60/20-BF saylı “Birgə fəaliyyət haqqında” müqavilə və ona əlavələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzinə ödənilmiş 50.000 ABŞ dolları vəsaitin, həmçinin ərizəyə görə ödənilmiş 345 manat dövlət rüsumunun "xxxx" MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar nazirliyinin X9 (MHM) arasında xx.xx.2020-ci il tarixdə 60/20-BF saylı Birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin yenidən təşkil edilməsi haqqında” Sərəncama və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən MHM-in hüquqi varisi qismində "xxxx" MMC çıxış edir. Müqaviləyə əsasən, Bank ilə İsveçrə qanunvericiliyi əsasında təşkil edilmiş və fəaliyyət göstərən “BPC AG” şirkəti (Lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2 “b” bəndində qeyd edilən öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ünvanlamasını Bank təmin etməlidir, MHM isə həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququ (layihə çərçivəsində) MHM-nə ötürüldüyü təqdirdə müvafiq Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. Bank ilə Lisenziar arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavəsinin 2 “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən Bank/MHM dövriyyədən asılı olaraq hər rüb üçün müəyyən olunmuş məbləğdə olan lisenziya haqqını təşkil edən vəsaitin ödənişinin həyata keçirilməsini təmin etməlidir. Həmçinin Bank ilə Lisenziar arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə xx.xx.2021-ci il tarixdə 3 saylı əlavə edilmiş və əlavənin şərtərinə əsasən Lisenziar Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir. Lakin cavabdeh tərəfindən Lisenziara razılaşdırılmış qaydada ödənişlərlə bağlı öhdəliklər yerinə yetirilmədiyindən Lisenziara edilməli olan ödənişlər Bank tərəfindən həyata keçirilmiş və nəticədə Banka 50.000 ABŞ dolları məbləğində borc yaranmışdır.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı ASC “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququnu, X6 (indiki Cavabdeh) sublisenziya müqaviləsi əsasında ötürməli idi və bundan sonra da, X5 (indiki Cavabdeh) xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavənin “b” bəndində qeyd olunan öhdəlik yaranmış olacaq idi. Ancaq işin məhkəmə iclasında araşdırılmış hallarından aydın olur ki, "xxxx" ASC ilə X9 (indiki Cavabdeh) arasında hər hansı bir lisenziya və yaxud sublisenziya müqaviləsi bağlanmamışdır. Yəni, ”Azər-Türk Bank” ASC-nin “BPC AG” şirkətindən almış olduğu standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O- CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ X6 (indiki Cavabdeh) keçməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nömrəli əlavənin “b” yarımbəndində nəzərdə tutulmuş, hazırda da, ”Azər-Türk Bank” ASC-nin tələb etdiyi 50.000 ABŞ dollarını ödəmək öhdəliyi yaranmamışdır. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdm edilən ”AzərTürk Bank” ASC ilə “X10” MMC ilə bağlanmış olan xx.xx.2021-ci il tarixli müqavilənin və “X10” MMC-nin dövriyyə üzrə hesabdan çıxarışların hazırkı mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyəti yoxdur. Belə ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan yeganə məqam ”Azər-Türk Bank” ASC-nin “BPC AG” şirkətindən almış olduğu lisenziyanın hüququnun X6 (indiki Cavabdeh) keçib-keçməməsi idi. Ancaq bu barədə ”Azər-Türk Bank” ASC ilə X9 arasında hər hansı bir sublisenziya müqaviləsi bağlanmadığından və standart proqram təminatına (O-CİTY AFC açıq dövriyyənin aktivləşdirilməsi və O-CİTY AFC emal sisteminə onlayn interfeys) dair lisenziya hüququ X6 (indiki Cavabdeh) keçmədiyindən iddia rədd edilməlidir.

16. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.4, 441.1, 442.1, 441.3, 442, 443.1, 447.1, 448.1-ci, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30-cu maddəsinə istinad etmişdir.

17. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci madəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Bankla MHM arasında imzalanan xx.xx.2020-ci il tarixli 60/20-BF saylı müqaviləyə əsasən Bank Lisenziardan razılığın alınması və MHM-ə ötürülməsi ilə bağlı öhdəliyini icra edərək həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) MHM-nə ötürülməsini təmin etmişdir. Belə ki, Bank onunla Lisenziar arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Softwarelicense agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020-ci il tarixli 2 nömrəli Əlavənin 2 “b” bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə xx.xx.2021-ci il tarixdə edilmiş 3 saylı əlavənin mətnindən də məlum olduğu kimi Lisenziar Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir. Göründüyü kimi, Bank müqavilə ilə təsbit olunmuş öz öhdəliyini lazımi qaydada yerinə yetirdiyi halda, cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırmışdır. Məhkəmə Mülki Məcəllənin 441.2-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Bank ilə MHM arasında imzalanmış xx.xx.2020-ci il tarixli Birgə Fəaliyyət haqqında müqavilədə MHM öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmış və nəticədə Banka külli miqdarda ziyan dəymiş və Bank dəymiş ziyanın əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etsə də, Məhkəmə yekun qərarı ilə dəymiş zərərin ödənilməsini rədd etmişdir. Məhkəmə Mülki Məcəllənin 441.3-cü maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, Bank ilə MHM arasında imzalanmış Birgə fəaliyyət haqqında Müqavilənin 4.2-ci bəndinə əsasən Bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 (üç) ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermə hüququna malik idi. Lakin cavabdeh layihə müddətində bununla bağlı Banka hər hansı bir müraciət ünvanlamamış və Lisenziyanın ötürülməsini öz növbəsində təsdiq edərək müqavilənin tərəfi kimi hüquq münasibətlərini davam etdirmişdir. Bankın öhdəliklərini lazımınca yerinə yetirdiyi halda MHM-in Banka qarşı olan BPC şirkətinə lisenziyanın ötürülməsi ilə bağlı təsbit olunan 50 000.00 (əlli min) ABŞ dolları məbləğində illik lisenziya haqqını ödəməməsi müqavilə üzrə mülki məsuliyyətinin yaranmasına dəlalət edir. Məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, işin hallarından da aydın göründüyü kimi cavabdeh yuxarıda göstərilən şərtləri pozaraq öhdəliyin şərtlərin uyğun hərəkət etməyərək müqavilənin məqsədinə çatmağa mane olmuşdur. Bununla yanaşı cavabdeh birgə fəaliyyət nəticəsində 65 287.25 (altmış beş min iki yüz səksən yeddi manat iyirmi beş qəpik) manat məbləğində gəlir əldə etdiyi halda, bağladığı həmin Müqaviləyə əsasən lisenziyanın haqqını – 50 000 (əlli min) ABŞ dollarını Banka geri ödənilməsini təmin etməmişdir. Yəni cavabdeh gəlir əldə etdiyi halda (bu günə qədər gəlir əldə etməkdə davam edir) lisenziyanın dəyərinin ödənilməsindən boyun qaçırmışdır. Yəni cavabdeh bağlamış olduğu Müqavilə əsasında gəlir əldə edirsə, həmin Müqavilə şərlərinə əsasən lisenziyanın haqqını da ödəməlidir. Məhkəmə Mülki Məcəllənin 443.1-ci maddəsinin pozuntusuna yol verərək nəzərə almamışdır ki, Bank ilə MHM arasında imzalanmış “Birgə fəaliyyət haqqında” müqavilənin 5.2-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə və ya layiqincə icra edilmədikdə tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Yenə həmin müqavilənin 5.6-cı bəndinə əsasən Tərəflər mübahisə predmeti barəsində razılığa gələ bilmədikdə mübahisə məhkəmə qaydasında həll olunur. Göründüyü kimi, məhkəmə Tərəflər arasında imzalanan müqaviləyə və ondan irəli gələn öhdəliklərin pozulmasına görə məsuliyyət təsbit olunduğu halda, iş üzrə öhdəliklərin və borcun mövcudluğunu rədd etmişdir. Məhkəmə Mülki Məcəllənin 324.4, 324.5 və 404.1ci maddələrinin pozulmasına yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli Plenum qərarına əsasən Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Lakin Məhkəmə yuxarıda yekun qətnaməsində müqavilədə göstərilən müddəaları hərfi təfsir edərək sublisenziya hüququnun ötürülməsinə dair müqavilənin olmaması ilə şərtləşdirmiş, cavabdeh tərəfin lisenziar tərəfindən ötürülən proqram məhsulundan istifadə etməsi və gəlir götürməsi ilə bağlı Bank tərəfindən təqdim edilən sübutlara qiymət verməmişdir. Yəni cavabdeh lisenziya haqqını ödəməməklə gəlir əldə edir və bu günədək gəlir əldə etməkdə davam edir, deməli gəlir əldə etməklə lisenziyanın ona ötürülməsini qəbul etmiş olur. Məhkəmə Mülki Məcəllənin 409.4-cü maddəsinin pozuntusuna yol verərək yekun məhkəmə aktında cavabdeh tərəfin sublisenziya hüququnu əldə etməsinə dair müqavilənin olmamasına əsas gətirmiş, bununla da öhdəliyin yaranmaması nəticəsinə gəlmişdir. Lakin bildirmək lazımdır ki, cavabdeh Bank ilə "xxxx" MMC arasında bağanmış X4 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 20210207/001 saylı müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına gələn vəsaitləri qəbul etmiş, həmin vəsaitlərdən öz xeyrinə istifadə edərək sublisenziya hüququnun cavabdehə keçdiyini və Lisenziardan proqram məhsulunu qəbul edərək layihənin bir iştirakçısı kimi hüquqlarının və vəzifələrinin yaranmasını bir daha təsdiq etmişdir. Bununla yanaşı cavabdeh bu günədək həmin layihədən gəlir əldə etməkdə davam edir. Məhkəmə “Müəlliflik Hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 3-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Bank ilə “BPC AG” şirkəti (Lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə edilimiş xx.xx.2020ci il tarixli 2 nömrəli Əlavəyə əsasən istifadə hüququnun ötürüldüyü proqram məhsulu bu qanunla qorunmur. Ona görə də mübahisə predmeti sözü gedən qanunun tətbiqi dairəsində deyildir. Mülki mühakimə icraatının əsas vəzifəsi həqiqətin müəyyən edilməsini təmin etməkdir. Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Ona görə də, mülki mühakimə icraatı ilk növbədə işin faktiki hallarının düzgün məyyən edilməsinə yönəlməli və yalnız işin faktiki halları həqiqətə müvafiq qaydada müəyən edildikdən sonra mübahisəli hüquq münasibətinə həmin münasibəti nizama salan maddi hüquq norması tətbiq edilməklə mübahisə edilməlidir. Məhkəmə işə baxarkən Bank tərəfindən məhkəmə iclasında təqdim edilən çıxarış və müqavilələrə münasibəti ötəri (səthi) bildirmiş, habelə araşdırmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətili olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirilməli olsa da, bu prosessual hərəkəti etməmişdir. Bank ilə "xxxx" MMC arasında bağanmış X4 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli, 20210207/001 saylı müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına mədaxil olunan vəsaitləri (3 %) cavabdeh qəbul etmiş, həmin vəsaitlərdən öz xeyrinə istifadə edərək sublisenziya hüququnun ona keçdiyini və Lisenziardan proqram məhsulunu qəbul edərək layihənin bir iştirakçısı kimi hüquqlarının və vəzifələrinin yaranmasını bir daha təsdiq etmişdir. Bununla yanaşı cavabdeh bu günədək həmin layihədən gəlir əldə etməkdə davam edir. Lakin məhkəmə bu halları aydınlaşdırmamış və məhkəməyə təqdim edilmiş bank çıxarışlarını qiymətləndirməmişdir. Məhkəmə tərəfindən işin baxılması zamanı tərəflərin barışıq sazişi imzalaması və cavabdeh tərəfindən qarşılıqlı razılıq əsasında təyin olunan məbləğ həcmində ödəniş edilməsi üçün vaxt verilmiş, məhkəmə iclasında cavahdeh tərəf borcun ödənilməsi ilə bağlı razılığa gələrək danışıqlar üçün məhkəmədən vaxt tələb etmişdir. Lakin işin gedişində ödənilməli olan borcun məbləği barəsində qarşılıqlı razılığa gəlinə bilməməsi səbəbindən barışıq sazişi imzalanmamış və məhkəmə də qarşı tərəfin müəyyən miqdarda pul məbləğinin ödənilməsinə razı olduqlarını bildirilməsinə rəğmən Banka yaranmış borcu ödəmə təkliflərinə heç bir münasibət bildirməmişdir. Məhkəmə işin baxılması zamanı yekun qətnaməsində iddianın rədd edilməsini sublisenziya hüququnun tərəflər arasında müqavilə ilə ötürülməməsi ilə əsaslandırmışdır. Lakin Məhkəmə qarşı tərəfin öz hərəkətləri ilə sözügedən müqavilədən xeyir götürməsi, lakin öz öhdəliklərini icra etməməsi məsələsini araşdıramışdır. Əgər Məhkəmə qarşı tərəfin xeyir götürmədiyi və müqavilənin tərəfi olmadığı nəticəsinə gəlmiş idisə, cavabdeh, yəni "xxxx" MMC-nin Bank hesablarına yığılan vəsaitin əsassız varlanma olduğunu təsbit etməli və tərəflər ilkin vəziyyətinə qaytarılaraq, "xxxx" MMC-nin müqavilədə göstərilmiş müvafiq hesabına mədaxil olunan bütün vəsaitlər Banka geri qayıtmalı idi. Bank ilə MHM arasında imzalanmış Birgə fəaliyyət haqqında Müqavilənin 4.2-ci bəndinə əsasən Bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 (üç) ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermə hüququna malik idi. Lakin cavabdeh layihə müddətində bununla bağlı Banka hər hansı bir müraciət ünvanlamamış və bununla belə Lisenziyanın ötürülməsini öz növbəsində təsdiq edərək müqavilənin tərəfi kimi hüquq münasibətlərini davam etdirmişdir, hal-hazırda davam etdirməkdədir, hətta bununla bağlı 65287.25 (altmış beş min iki yüz səksən yeddi manat iyirmi beş qəpik) manat məbləğində gəlir əldə etmiş, həmin məbləğ cavabdehin Bankda olan bank hesabına köçürülmüşdür. Bankın öhdəliklərini lazımınca yerinə yetirdiyi halda cavabdeh Banka qarşı olan BPC şirkətinə lisenziyanın ötürülməsi ilə bağlı təsbit olunan 50000.00 (əlli min) ABŞ dolları məbləğində illik lisenziya haqqını ödəməməsi müqavilə üzrə mülki məsuliyyətinin yaranmasına dəlalət edir.

Apellyasiya şikayətinə qarşı etiraz

19. Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən apellyasiya şikayətinə yazılı etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya şikayətinin 1-ci sütununda qeyd etmişdir ki, "xxxx" ASC ilə (bundan sonra-ATB) X9 (hüquqi varisi "xxxx" MMC) arasında 17 sentyabr 2020-ci il tarixli 60/20-BF nömrəli müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hūququnun MHM-ə ötürülməsini təmin etmişdir. Lakin 17 sentyabr 2020-ci il tarixli 60/20-BF nömrəli müqavilənin 3.6.2-ci bəndinin “h” hissəsinə əsasən ATB ile "BPC AG" șirkəti (bundan sonra-Lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli "Sofiware license agreement" ana mūqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli 2 nomrəli əlavədə nəzərdə tutulan proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) və həmin Əlavənin 2 “b” bəndində qeyd edilən öhdəliyin MHM-ə ötürülməsinə dair lisenziardan razılığın alınması ilə bağlı müraciətin ūnvanlanmasını Bank təmin edir, MHM isə həmin müqavilənin 3.6.2-ci (h) bəndinə əsasən proqram məhsulundan istifadə hüququ MHM-ə ötürüldüyü təqdirdə müvafiq Əlavənin 2 "b" bəndində qeyd olunan öhdəliyin icrasını təmin etməlidir. İş materiallarından göründüyü kimi, xx.xx.2018-ci il tarixli “Software icense agreement” ana müqaviləsinə edilmiş 3 saylı əlavə ilə BPC şirkətindən lisenziyaya dair istifadə hüququnun MHM-ə (indiki "xxxx" MMC yə) ötürmək istədiyini bildirmişdir. Sozügedən 3 saylı əlavəyə əsasən BPC şirkəti lisenziya hüququnun ötürülməsi üçün iddiaçının üzərinə son istifadəçi (MHM) Əlavədə qeyd edilən Cədvəlin təsdiq edilmiş formasında Sifarişçi ilə (Azər-Türk Bank) sublisenziya müqaviləsi bağlaması ve ikitərəfli qaydada imzalanmış müvafiq müqaviləni BPC-yə göndərməsi öhdəllyini qoymuşdur. Lakin sözügedən sublisenziya müqaviləsi imzalanmamışdır və bu səbəbdən BPC-yə göndərilməsi mümkūn olmamışdır. Odur ki, göründüyü kimi sublisenziya hüququ ötürülməmişdir. İddiaçı MHM tərəfindən 17 sentyabr 2020-ci il tarixli 80/20-BF nömrəli müqaviləyə əsasən öhdəliklərini icra etmədiyini iddia edir. Sözügeden müqaviləyə uyğun olaraq MHM-in öhdəlikləri 3.6.2-ci maddədə əks edilmişdir və hər biri lazımı qaydada icra edilmişdir. İddiaçının șikayətin 3-cü ve 4-cü sütununda qeyd etdiyi məsələlər ilə bağlı bildiririk ki, iddiaçinın da qeyd etdiyi kimi 17 sentyabr 2020-ci il tarixl 60/20-BF nömrəli müqavilənin 4.2-ci bəndinə əsasən Bank proqram məhsulundan istifadə hüququnu MHMə ötermə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vərmə hüququna malikdir. Göründüyü kimi, bu norma imperativ xarakter daşımır MHM-in hüququdur. 3-cü sütunda iddiaçı qeyd etmişdir ki, MHM lisenziyanın ötürülməsini təsdiq edərək Müqavilənin tərəfi olmağa davam etmişdir. Lakin iddiaçı MHM tərəfindən lisenziya hūququnun ona ötürülməsini hansı müqavilə və ya əlavə ilə təsdiq edilməsini bildiməmişdir. Belə ki, 17 sentyabr 2020-ci ll tarixli 60/20-BF nömrəli müqavilədə lisenzìya hüququnun ötürülməsi ilə bağlı heç bir mūddəa mövcud deyildir və MHM sözügedən müqavilənin tərəfi olaraq onun üzərinə qoyulan öhdəlikləri lazımınca icra etmişdir. İddiaçı şikayətin 4-cü hissəsində MHM-in gəlir əldə etdiyini lakin lisenziyaya görə 50000 ABŞ dollarını ödəmədiyini qeyd etmişdir. İddiaçı birgə fəaliyyət müqaviləsinin şərtlərini təhrif edərək məhkəməni yanlış yönləndirməyə çalışmaqdadır. Belə ki, iddiaçının qeyd etdiyi 65287.25 manat məbləğ MHM-birgə fealiyyət müqaviləsi imzalanan tarixdən (17 sentyabr 2020-ci il) 2024-cü ilin dekabr ayınadək iddiaçı ilə "X10 MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilən 3% faiz hesablanan məbləğdir. Sözügedən mebləğin lisenziyaya dair 50000 ABŞ dollar məbləğinin ödənilməsi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin 2024-cü ilin sonunda "xxxx" MMC-yə məlum olmuşdur ki, iddiaçı səlahiyyətlərindən sui-istifadə edərək "xxxx" MMCnin (MHM) AZ95AZRT******************** saylı hesabına sərəncam qoymuşdur. Belə ki, "xxxx" MMC-nin ancaq hesabda olan 34,999.71 manat vəsaitdən məlumatı olmuşdur. Digər 30287,54 manat pul vəsaiti tranzit hesabda yığılır, yəni "xxxx" MMC-nin hesabına köçürülməmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən sözügedən vəsaitləri xərcləmək imkanı mövcud deyildir (sərancam səbəbi ilə). MHM sözügedən Birgə fəaliyyət müqaviləsinə əsasən xidmət haqqını proqram məhsulundan istifadə etdiyinə görə deyil müqaviləyə əsasən müvafiq texniki dəstək xidmətini göstərdiyinə görə almaqdadır. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin "Müəllifik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunun 3-cü maddəsinin düzgün tətbiq edilmədiyini qeyd etmişdir. Halbuki 17 sentyabr 2020-ci ll tarixll Birgə fəaliyyət müqaviləsinin 5.4-ci maddəsinə uyğun olaraq tərəflər müqavilənin icrası ilə əlaqədar əqli mülklyyət haqqında Azerbaycan Respublikası qanunvericillyinin ("Patent haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", digər qanunların və normativ huquqi aktların) tələblərinə riayət edir və həmin qanunvericliyin pozulması nəticəsində üçüncü șəxslərin iddialarından digər tərəfi qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. İddiaçı tərəfindən bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli "Software license agreement" ana mülqaviləsinə edilmiş 3 saylı əlavəyə əsasən Lisenziar son istifadəçi olaraq MHM-i müəyyən edərək sublisenziya verilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən 3 saylı əlavə 4 fərqli nüsxələrdə imzalarla və tarixlərlə təqdim edilmişdir. Belə ki, təqdim edilən digər nüsxədən görünür ki, 3 saylı əlavə 16 oktyabr 2023-cü il tarixində imzalanmışdır. Lakin Bank tərəfindən BPC AG șirketinə edilən ödəniş o tarixdən öncə yəni, 29 sentyabr 2023-cü il tarixində icra edilmişdir. Sözügedən 3 saylı əlavənin 4 fərqli zamanda ve formada imzalanması zərurəti aydın deyildir və sənədin mötəbərliyinə dair şübhə yaradır. Əgər BPC şirkəti MHM-i lisenziyar olaraq tanısaydı, ödənişin icra edilməsi ilə bağlı birbaşa MHM-ə müraciət edərdi. Sənədlərdən də göründüyü kimi BPC ilə ATB-nin münasibətləri MHM ilə imzalanan birgə fəaliyyət müqaviləsindən çox öncə bașlanılıb. Həmçinin 2 saylı əlavə də öz növbəsində müqavilədən öncə imzalanıb. Bu hal dəməyə imkan verir ki, iddiaçı BPC șirkəti ilə öz layihələri və biznes fəaliyyəti üçün münasibət qurmuşdur.

Apellyasiya baxışı, izahatlar

20. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında 3 müqavilə xx.xx.2020-ci il tarixli “Birgə fəaliyyət” haqqında, “İctimai nəqliyyatda ödəniş sisteminin quraşdırılması və istifadəsi” haqqında və X4 “İnkart” layihəsi haqqında xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Layihədə istifadə ediləcək proqram təminatı İsveçrədə fəaliyyət göstərən “BPC AG” şirkətinin məhsulu idi. Lisenziyanı Bank 2018-ci ildə “BPC AG” şirkətindən əldə etmişdir. “BPC AG” şirkəti ilə bağlanılmış müqavilədə qeyd edilmişdir ki, həmin proqram təminatının son istifadəçisi olaraq X9 təyin edilir. Əgər cavabdeh tərəf bu günə qədər müqviləni ləğv etməyibsə, deməli həmin müqaviləni tanıyır. Hazırki günə qədər müqavilə qüvvədədir və cavabdeh tərəfindən qazanc əldə edilir. “BPC AG” şirkəti tərəfindən sublisenziyanın ötürülməsi barədə yazılı müqavilənin təqdim edilməməsi barədə banka qarşı heç bir irad bildirilməmişdir. Tərəflər arasında barışıqla bağlı müzakirələr aparılmış, birinci instansiya məhkəməsində qarşı tərəf 30 000 manat ödənilməsini təklif etmişdir. Lakin bank tərəfindən 65.000 manat ödənilməsi tələb edilir. Bu səbəbdən barışıq əldə edilməmişdir.

21. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, bank lisenziyanı alaraq ilkin alış məbləğini ödəmiş, daha sonra isə onlarla müqavilə bağlanmışdır. Müqaviləyə edilmiş əlavəyə əsasən “BPC AG” şirkəti son istifadəçi kimi MHM-in olmasını qəbul edir, lakin Bankın üzərinə belə bir öhdəlik qoyur ki, MHM ilə bu barədə müqavilə bağlamalı və o müqaviləni imzalayaraq “BPC AG” şirkətinə göndərməlidir. Lakin belə bir müqavilə mövcud deyildir. “Birgə fəaliyyət” haqqında razılaşmada da sublisenziyanın ötürüldüyü barədə bənd nəzərdə tutulmamışdır. Həyata keçirilmiş bu layihə uğursuz olduğu üçün hazırda tərəflərindən Banka müqavilənin ləğvi barədə bildiriş göndərilmişdir. Həmçinin tərəflərindən barışıq əldə edilməsi ilə bağlı birinci instansiya məhkəməsində 30.000 manat təklif edilmişdir. Rəhbərliyin barışıqla bağlı mövqeyi ondan ibarətdir ki, tərəflər arasında mövcud olan münasibətlər korlanmasın. Lakin qarşı tərəf bu məbləği qəbul etmədiyi üçün tərəflər arasında barışıq əldə edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

23. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

24. Maddə 356. Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

28. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun

31. Maddə 30. Bu Qanunun 15-ci maddəsi ilə nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən müəllif müqaviləsi üzrə verilə bilər. Müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi əsərdən müəyyən üsulla və müqavilədə müəyyən edilmiş həddə istifadəyə müstəsna hüququnu başqa şəxsə verir və bununla həmin şəxsə digər şəxslərin də əsərdən bu cür istifadə etməsinə icazə vermək və ya qadağan etmək hüququnu verir. Qeyri-müstəsna hüquqların verilməsi haqqında müəllif müqaviləsi üzrə (qeyri-müstəsna lisenziya) müəllif və ya müəlliflik hüquqlarının digər sahibi istifadəçiyə həmin əsərdən eyni üsulla istifadəyə razılıq almış başqa şəxslə bərabər istifadəyə icazə verir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflər arasında yaranmış münasibətin mahiyyətini düzgün qiymətləndirməmiş, beləliklə də nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır.

42. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

44. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır.

46. İşin hallarından görünür ki, tərəflər arasında ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır; iddiaçının irəli sürdüyü faktiki hal isə ondan ibarətdir ki, “BPC AG” şirkəti (Lisenziar) ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinə xx.xx.2021-ci il tarixdə edilmiş 3 saylı əlavə üzrə cavabdeh tərəfindən Lisenziara razılaşdırılmış qaydada ödənişlər həyata keçirilmədiyindən həmin ödənişlər tərəfindən həyata keçirilmiş, nəticədə cavabdehin ona 50 000 ABŞ dolları məbləğində borcu yaranmışdır.

47. Belə olan halda müvafiq iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları” nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi ilə əlaqədar razılaşma çərçivəsində Lisenziara edilməli olan ödənişləri həyata keçirdiyini sübutetmə yükü iddiaçının, iddiaçının sub-lisenziya müqaviləsini bağlamamaması səbəbindən Lisenziara müqavilənin göndərilməsinin mümkün olmadığını və bununla da sub-lisenziya hüququnun ona ötürülmədiyini sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

48. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

49. İddiaçının Lisenziara 50 000 ABŞ dolları ödəmiş olduğu işin mübahisələndirilməyən halıdır; cavabdeh isə öz arqumentlərini sübuta yetirə bilməmişdir.

50. Belə ki, bankla MHM arasında imzalanan xx.xx.2020-ci il tarixli 60/20-BF saylı müqaviləyə əsasən Bank Lisenziardan razılığın alınması və MHM-ə ötürülməsi ilə bağlı öhdəliyini icra edərək həmin müqavilənin 3.6.2-ci bəndinə əsasən proqram məhsulundan istifadə hüququnun (layihə çərçivəsində) MHM-nə ötürülməsini təmin etmiş, Lisenziar isə Banka O-City AFC proqram təminatından istifadə ilə bağlı proqram məhsulunun son istifadəçisi MHM müəyyən edilməklə sublisenziya hüququnu vermişdir.

51. Xüsusilə nəzərə alınmalıdır ki, bankla MHM arasında bağlanmış “Birgə fəaliyyət haqqında” müqavilənin 4.2-ci bəndinə əsasən, bank proqram məhsulundan istifadə hüququnu MHM-ə ötürmə vəzifəsini yerinə yetirmədiyi təqdirdə MHM 3 (üç) ay müddətində yazılı xəbərdarlıq edərək müqaviləyə xitam vermə hüququna malik olmuş, lakin layihə müddətində bununla bağlı banka hər hansı bir müraciət ünvanlamayaraq və lisenziyanın ötürülməsini davranışı ilə təsdiq edərək müqavilənin tərəfi kimi hüquq münasibətlərini davam etdirmişdir. Bankın öhdəliklərini lazımınca yerinə yetirdiyi halda MHM-in banka qarşı olan BPC şirkətinə lisenziyanın ötürülməsi ilə bağlı təsbit olunan 50 000.00 (əlli min) ABŞ dolları məbləğində illik lisenziya haqqını ödəməməsi müqavilə üzrə mülki məsuliyyətinin yaranmasına dəlalət edir.

52. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh birgə fəaliyyət nəticəsində 65 287.25 (altmış beş min iki yüz səksən yeddi manat iyirmi beş qəpik) manat gəlir əldə etdiyi halda, bağladığı müqaviləyə əsasən lisenziyanın haqqını – 50 000 (əlli min) ABŞ dollarının banka geri ödənilməsini təmin etməmişdir.

53. Kollegiya onu da qeyd edir ki, cavabdeh, bankla "xxxx" MMC arasında bağanmış X4 “İnkart” layihəsi çərçivəsində Kampaniyanın keçirilməsi barədə xx.xx.2021ci il tarixli 20210207/001 saylı müqavilənin 2.2-ci bəndində göstərilən müvafiq bank hesabına gələn vəsaitləri qəbul etmiş, həmin vəsaitlərdən öz xeyrinə istifadə edərək sublisenziya hüququnun ona keçdiyini və Lisenziardan proqram məhsulunu qəbul edərək layihənin bir iştirakçısı kimi hüquqlarının və vəzifələrinin yaranmasını bir daha təsdiq etmişdir.

54. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh, bankla BPC (lisenziar) arasında imzalanmış xx.xx.2018-ci il tarixli “Software license agrement” ana müqaviləsinin tərəfi deyildir. Ona görə də həmin müqavilənin qeyd edilən bəndinin pozulmasını və ya bu pozuntunun aradan qaldırılmasını ”Azər-Türk Bank” ASC-dən yalnız BPC (lisenziar) tələb edə bilər. Qeyd olunan bəndin pozulması isə sub-lisenziyanın ötürülməməsi demək deyildir, çünki faktiki olaraq həmin proqram təminatı cavabdehə ötürülmüş və cavabdeh həmin proqram təminatından istifadə etmişdir.

55. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, cavabdeh iddiaçıya 30 000 manat ödəniş təklif etməklə, əslində iddia tələbini faktiki olaraq qismən qəbul etmişdir.

56. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ”Azər-Türk Bank” ASC və BPC (lisenziar) arasında imzalanmış müqaviləyə əlavə ilə proqram təminatı məhsulunun son istifadəçisi kimi cavabdehin müəyyən olunduğunu razılaşdırmış, həmçinin sublisenziya bağlamaq hüququnu almışdır. Bu da bir daha onu göstərir ki, iddiaçının cavabdehə proqram təminatını ötürmək hüququ olmuşdur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanuna əsasən, “kompüter proqramı” (HEM üçün proqram) dedikdə maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu başa düşülür. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğun deyildir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsasdır.

58. Kollegiya məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək qeyd edir ki, iddiaçının iddia ərizəsi və apellyasiya şikayəti verərkən ödəmiş olduğu dövlət rüsumlarının məbləğləri cavabdehdən alınıb ona ödənilməlidir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4224/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 60/20-BF saylı “Birgə fəaliyyət haqqında” müqavilə və ona əlavələrdən irəli gələn öhdəlikləri yerinə yetirmədiyinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əvəzinə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 50 000 (əlli min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) vəsait, həmçinin ərizəyə görə ödənilmiş 345 manat dövlət rüsumu "xxxx" MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 172,50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat dövlət rüsumu "xxxx" MMC-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar