Məhkəmə qərarları › İş №2-2(103)-295/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-295/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-295/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlunun, Baxışova Vüsalə ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndələri X1, X3 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair» iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-109/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən vurulmuş 12.978,86 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçının “Veraj” şöbəsi ilə cavabdeh arasında 02 saylı 25 iyun 2018-ci il tarixli plastik kart müqaviləsi və 18/000/11M/328030 saylı 19 aprel 2018-ci il tarixli X5 bağlanmışdır. X8 01 aprel 2018-ci il tarixli əmrə əsasən cavabdeh cəmiyyətin direktorudur. Cavabdeh pos terminalın bərpa edilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmiş, həmçinin “onun tərəfindən “Manual Entry” əməliyyatının aktiv edilməsi və yaranmış olacaq hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etiraz etmədiyinə dair ərizə ilə 09 iyul 2018-ci ii tarixdə iddiaçıya müraciət olunmuş. ofisinə yerləşdirilmiş POS terminaldan “Manual Entry” əməliyyatının aparılmasına bank tərəfindən razılıq verilmişdir. “Manual Entry” əməliyyatına əsasən xidmətdən yararlanan şəxs tərəfindən plastik kart istifadəçisinə məxsus məlumatlar pos terminala daxil edilir və məbləğ hesabdan silinir. "Manual Entry” əməliyyatına görə bütün məsuliyyəti xidməti göstərən cavabdeh öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müştərilərinə göstərilmiş “Manual Entry” əməliyyatına görə ödəniş iddiaçı bankdan silinmişdir. Cavabdehin 08 aprel 2019-cu il tarixli maliyyə arayışına əsasən banka 12978,86 manat məbləğində ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-109/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsasən cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzinin ödənilməsi təşkil etmişdir. İş materiallarında və 27.08.2020-ci il tarixli 9/2015 nömrəli Ekspert rəyində göründüyü kimi ,tərəflər arasında bağlanmış 19 aprel 2018-ci il tarixli X5 üzrə aparılan əməliyyatlara görə ödənişlər həyata keçirildikdən sonra qalıq, yəni sonuncunun banka öhdəliyi 12978.70 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin Bakı Kommersiya Məhkəməsi hesab edir ki, banka 12978.86 manat məbləğində ziyan dəysə də, hazırki tələb təmin edilə bilməz. Belə ki, İran İslam Respublikasının vətandaşı X7 təqdim edilən ərizə sonuncuya tanış olmayan latın qrafikalı əlifba ilə tərtib edilmiş və risk və ya fraud (fırıldaqçılıq) nədə özünü ehtiva etdiyi göstərilməmişdir. Halbuki, cavabdeh Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatından keçmiş, vəzifələr daşımaq hüququna malik olmuşdur. Həm də MMC-nin banka ünvanladığı ərizələr, sənədlər və hüquqi şəxslər arasında bağlanmış müqavilələr latın qrafikalı əlifba ilə tərtib edilmişdir. Həmçinin ərizələr, sənədlər və müqavilələr hüquqi şəxslərin qanuni təmsilçiləri tərəfindən imzalanıb və möhürləri ilə təsdiq olunmuşdur. Bakı Kommersiya Məhkəməsi sübut əhəmiyyətinə malik olan iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Maddə 129, İİİ hissə). Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Maddə 125, Vİİ hissə). Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Maddə 127) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcələsinin 88-ci maddəsində göstərilir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcələsinin 384.0.2-ci maddəsində göstərilir ki, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci insansiya məhkəməsində müəyyən edilmiş halar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcələsinin 385.1.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmənin qətnaməsi hazırki vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri R.Məsimov və A..Zeynallı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 135.5, 135.8, 376.2-ci maddələrinə əsasən onuniştiakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında 25 iyun 2018-ci il tarixdə plastik kart müqaviləsi və 19 aprel 2018-ci il tarixdə X5 bağlanmış, eyni zamanda, cavabdehin banka müraciəti əsasından cavabdeh müəssisəyə POS terminal vasitsəilə “Manual Entry” əməliyyatları aktivləşdirilmişdir. Bütün bu hallırın cavabdeh tərəfindən mübahisələndirdiyi iş materiallarına əsasən müəyyən olunur. İddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə işin mübahisələndirilən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən POS terminal vasitəsilə aparılan “Manual Entry” əməliyyat zamanı həmin xidmətdən yararlanan şəxs (müştəri) tərəfindən plastik kart istifadəçisinə məxsus məlumatlar pos terminala daxil edildikdən sonra ödəniş məbləği cavabdehin hesabından silinməli olduğu halda, həmin ödəniş iddiaçı bankdan silinmiş və bu silinmə nəticəsində iddiaçıya 12.978,86 manat məbləğində maddi zərər dəymişdir. Həqiqətən də iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspetizasının nəticələrinə dair Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə olunmuş 27 avqust 2020-ci il tarixli 9/2015 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC-yə arasında bağlanmış 19 aprel 2018-ci il tarixli, 18/000/HM/328030 nömrəli Bank hesab müqaviləsi üzrə aparılan əməliyyatlara görə ödənişlər həyata keçirildikdən sonra qalıq, yəni Cavabdeh MMC-nin İddiaçı ASC-yə öhdəliyi 12978,70 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən «POS terminalda» aparılan “Manual Entry” əməliyyatı nəticəsində iddiaçıya 12978,70 manat məbləğində zərər vurulduğu öz təsdiqini tapır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Birinci instansiya məhkəməsi də, məhz, düzgün olaraq öz qətnaməsində Məcəllənin qeyd olunan tələbini də qeyd etməklə, «cavabdehin direktoru X8 bankın terminalı ilə “Manual Entry” əməliyyatı vasitəsi ilə 12978,86 manat məbləğində müştərilərə xidmət göstərdiyini və həmin vəsait müştərilən kartlarından silinsə də, müəyyən müddətdən sonra həmin vəsaitin müştərilərin kartlarına xidmət göstərən şirkətlər (məsələn,“Viza”) tərəfindən İddiaçı ASC-nin hesabından müştərilərin xeyrinə silindiyini və iddiaçıya 12978,86 manat məbləğində ziyan dəymə faktını müəyyən etmiş, lakin son nəticədə aşağıdakıları qeyd etmişdir: «…bank “Manual Entry” əməliyyatının riskli olduğunu bilərək, həmin əməliyyatı aktivləşdirməklə vəsaitin silinməsinə şərait yaratmış, sözügedən riskin nədən ibarət olmasını İslam Respublikasının vətəndaşı olan X7 bildiyi dildə izah etməmiş, 12978,86 manat məbləğində vəsaitin qaytarılması ilə bağlı pulu silən quruma qarşı apelyasiya verməmişdir.» Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu sonucu mövqeyi ilə razılaşmır. Birincisi, məhkəmənin bankın “Manual Entry” əməliyyatının riskli olduğunu bilərək, həmin əməliyyatı aktivləşdirməklə vəsaitin silinməsinə şərait yaratması və sözügedən riskin nədən ibarət olmasını cavabdeh qürumun direktoruna bildiyi dildə izah etmədyi» barədə mövqeyi düzgün hesab oluna bilməz. Çünki, cavabdeh cəmiyyətin direktoru X8 iddiaçıya ünvanladığı 09.07.2018-ci il tarixli məktubunda 09.07.2018-ci il tarixdən 09.07.2019-cu il tarixədək müəssisədə Manual Entry” əməliyyatını aktiv edilməsini bankdan xahiş etmiş, eyni zamanda, yaranmış hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh öz ərizəsinə əsasən “Manual Entry” əməliyyatını aktivləşdirmiş və həmin ərizəsində də əməliyyatlarlın riskli olacağını bilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həmin məktubuna istinad olunsa da, ona düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmənin iddiaçının bildiyi dildə əməliyyatın riskli olduğunu başa salmaması ilə bağlı mvaqeyinə gəldikdə isə ən azından iş materiallarından görünür ki, cavabdehin bankla bağladığı plastik kart müqaviləsi və X5 də Azərbaycan dilində tərtib olunmuş və cavabdehin direktoru onların hər birini imzalayıb, müəssisənin möhürü ilə təsdiq etmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, cavabdeh həmin sənədlərdə təsbit olunanlarla tanışdır və onlarla razılaşır və qəbul edir. Mülki Məcəllənin 351.3-cü maddəsi isə nəzərdə tutur ki, əgər əqdi onun barəsində mübahiisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o. mübahisə etmək hüququnu itirir. Həmçinin qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya ünvanladığı 09.07.2018-ci il tarixli məktubunda “Manual Entry” əməliyyatını aktiv edilməsini xahiş və yaranmış hər hansı bir riskli və ya fraud (fırıldaqçılıq) əməliyyatına görə vəsaitin hesabından silinməsinə etirazının olmadığını bildirməsi baxımından, məhz, pulu silən quruma qarşı apellyasiya vermək öhdəliyi də məhz onun öz üzərinə düşür. Odur ki, məhkəmənin qətnamədə iddiaçı bankın pulu silən quruma qarşı apellyasiya vermədiyini əsaslandıran mövqeyi ilə də məhkəmə kollegiyası razılaşmır. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya 12978,86 manat məbləğində zərər vurulduğu öz təsdiqini tapır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Bu hallar isə MPM-in 385.1.1-ci maddəsinin tələbinə görə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də məhkəmə kolegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-109/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və Cavabdeh MMC-dən İddiaçı ASCnin xeyrinə - vurulmuş zərərə görə 12978,86 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-109/2020 saylı, 19.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə vurulmuş zərərə görə 12.978,86 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar