Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-3/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər:kredit borcunun tutulması Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1177/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə nzaz12328 saylı kredit müqaviləsi bağlanmış və sonuncuya illik 18 faiz hesablanmaqla 24 ay müddətinə 55.000 manat məbləğində krеdit verilmişdir.
2. xx.xx.2019-cu il tarixdə nzaz12328 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikinə əsasən Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə (sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla) ödəyəcək əsas məbləğ 55.000 manat, bank faizinin məbləği 10.900,50 manat, cəmi ödəniləcək məbləğ 65900,50 manat məbləğində müəyyən edilmişdir.
3. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Bankla Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə sonrakı ipoteka müqavilə bağlanaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1ahədən ibarət 106 nömrəli mənzili Bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir.
4. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla təsdiq edilir ki, ünvan 1ahədən ibarət 106 nömrəli mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Çıxarışda əsas öhdəliyin mahiyyəti və icra müddəti qrafasında xx.xx.2019-cu il tarixdə nzaz12328 saylı kredit müqaviləyə istinad edilmişdir.
5. İddiaçı ASC tərəfindən ipoteka qoyan Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş (xəbərdarlıq məktubu) ünvanlanaraq ünvan 1ahədən ibarət 106 nömrəli mənzilin ipoteka ilə yüklü edildiyi və həmin ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmiş və uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi üçün tutmanın ipoteka predmetinə yönəldilməsi üçün başladıqları xəbərdarlıq edilmişdir.
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh1 55.000 manat kredit verilmişdir.
7. 21.09.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 10 oktyabr 2019-cu il tarixli, nzaz12328 saylı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan əsas borcu 43.814,81 manat, faiz borcu 20.863,57 manat, cərimə borcu 378,06 manat, ümumilikdə 65.056,44 manat təşkil edir.
8. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Cavabdeh1 xx.xx.2021-ci il tarixə (müqavilənin müddətinin bitdiyi) əsas borcu 44.929,13 manat, faiz borcu 5.864,03 manat müəyyən edilmişdir.
9. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 088/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən ünvan 2 ünvanında yerləşən 9 mrətəbəli binanın 8ci mərtəbəsində yerləşən 3 otaqlı, 106 nömrəli mənzilin bazar dəyəri 95.000 (doxsan beş min) manat, likvid dəyəri isə 89.000 (səksən doqquz min) manat müəyyən edilmişdir.
10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 9/1927 nömrəli rəyi ilə məxaric edilmiş 25.659 manat məbləğində pul vəsaiti üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixli, nzaz12328 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 9575,81 manat, faiz borcu 339,94 manat məbləğində; müqavilədə göstərilən 55.000 manat məbləğində pul vəsaiti ilə bağlı Cavabdeh1 xx.xx.2019-cu il tarixli, nzaz12328 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan əsas borcu 44929,13 manat faiz borcu 5864,03 manat məbləğində müəyyən edilmişdir.
11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2025-ci il tarixli, 9/757 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 106 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 141240 manat, likvid dəyəri isə 127120 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə 43.814,81 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 20863,57 manat məbləğində faiz borcu, cərimə borcuna görə 378,06 manat olmaqla, cəmi 65056,44 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 400 manat rüsumun, dövlət rüsumu kimi ödənilmiş 254.55 manat məbləğində rüsumun, "xxxx" MMC-yə əmlakın qiymətləndirilməsinə dair ödənilmiş 450 manat məbləğin, məhkəmə-mühasibatlıq ekspertizasına ödənilmiş 200 manat məbləğin, cəmi 1344,55 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin yuxarıda sadalanan borc pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzildən Cavabdeh1 çıxarılması və evin boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019 il tarixli, nzaz12328saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019 il tarixli, nzaz12328 saylı saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. xx.xx.2019 il tarixli, nzaz12328 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus ünvan 2, mənzil 106 ünvanında mənzil xx.xx.2019 il tarixli, nzaz12328 saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Bundan başqa zaminlik müqavilələrinə görə zamin və borclu xx.xx.2019 il tarixli, nzaz12328 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019 il tarixli, nzaz12328 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “borcun ödənilməsi və.s” tələbinə dair işi üzrə iddianın dəyişdirilməsinə dair xx.xx.2022-ci il tarixində verdiyi ərizəsi geri qaytarılmış və iddianın “mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus ünvan 2, 106 saylı mənzildən Cavabdeh1 çıxarılması və evin boşaldılması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3136/2024 saylı qətnaməsi ilə iddia qismən qismən edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi üzrə 43.814,81 manat əsas borc, 5.864,03 manat faiz bоrcu və 378,06 manat cərimə borcu olmaqla, cəmi 50.056,90 manat, mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 254.55 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 450 manat məbləğində pul Cavabdeh1 tutularaq Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilin ilkin satış qiyməti 89.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin 43.814,81 manat əsas borc, 5.864,03 manat faiz bоrcu və 378,06 manat cərimə borcu olmaqla, cəmi 50.056,90 manat məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq 400 manat, dövlət rüsumunun əvəzi olaraq 254,55 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinin dəyəri olaraq 450 manat məbləğində pul məbləğinin ödənilməsinə yönəldilməsi, məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun Cavabdeh1 tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qərara alınmışdır. İddia qalan hissədə təmin edilməmişdir. (hakim Kənan H.Hüseynov)
16. Məhkəmənin mövqeyi belə olmuşdur ki, xx.xx.2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin 25.659 manat hissəsi məxaric edilmiş, 28.545,27 manat hissəsi isə cavabdehin əvvəlki kredit borcuna, 793,59 manat hissəsi isə kredit verilməsi üçün xidmət haqqlarına silinmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclas protokolundan və videoyazıdan da məlum olub ki, Cavabdeh1 əsas borc məbləği ilə razı olub, ancaq faiz borcu məbləğini mübahisələndirib. İddiaçının tutulmasını xahiş etdiyi əsas borcun məbləği nəzərə alınmaqla, Cavabdeh1 özünün əsas borcu etiraf etməsi və ekspertiza rəyindəki əsas borc məbləği nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Məhkəmə faiz borcunun 20.863,57 manat məbləğində tələb edilməsi hissəsində iddianı qismən əsaslı hesab etmiş, kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə faiz məbləğinin ancaq müqavilənin müddətinin bitdiyi ana qədər hesablanmalı olduğunu, ekspert rəyində müqavilənin müddətinin bitmə tarixinə faiz borcunun 5.864,03 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə iclasında Bankın nümayəndəsi iddiada qeyd edilməsə də, 445.7-ci maddə ilə də, faizin hesablanmalı olduğunu bildirmişdir. Məhkəmə iddiaçı tərəfin qeyd edilən şifahi arqument ilə razı olmamış, qeyd etmişdir ki, iddianın dəyişdirilməsinə dair ərizənin məzmununda ümumiyyətlə 445.7-ci maddəyə istinad edilməyib, eyni zamanda da iddianın xahiş etdi hissəsində aydın şəkildə “kreditdən istifadəyə görə 20.863,57 manat məbləğində faiz borcu” tələb edilib. Mülki Məcəllənin 445.7-ci maddəsi pul məbləğinin icrasının gecikdirilməsinə görə dolayısı ilə qanundan irəli gələn dəbbə pulu xarakteri daşıması əsası ilə cavabdehdən tutulması fazi borcu 5.864,03 manat məbləğində müəyyən edilmişdir. Cavabdehin 43.814,81 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçının tələb etdiyi 378,06 manat dəbbə pulu ağlabatan və ədalətli hesab edilmişdir. İpoteka müqaviləsi bağlanması və tutmanın yönəldilməsinə dair bildirişin də qeydə alınması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyindən, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 088/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyi əsas götürərək tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilin ilkin satış qiymətinin 89.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalı olduğu qənaətinə gəlmişdir.
17. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 269.5, 317.1, 425, 462.1, 467, 739.1, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarına, məhkəmə xərcləri hissəsində Mediasiya haqqında Qanunun 36.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.
18. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit məbləğinin 25659 manat hissəsi məxaric edilərək ona verilib və cavabdeh həmin məbləğdən təyinatı üzrə istifadə edib. Kredit borcundan cəmi 20865.38 manat ödəniş edib, həmin ödənişin 4782.19 manat hissəsi faiz borcuna və 16083.19 manat hissəsi isə əsas borcdan silinmişdir. Müqavilə müddətinin sonuna, yəni xx.xx.2021-ci il tarixə məxaric edilərək verilən məbləğ üzrə ümumi borc 9915.75 manat təşkil edir. Lakin buna baxmayaraq məhkəmə işə baxarkən 55000 manat məbləğində kredit müqaviləsinin imza edilməsinə əsaslansa da, həmin məbləğin 29341 manat hissəsinin cavabdehə verilmədiyini, həmin məbləğlə bağlı bank tərəfindən məxaric orderinin təqdim edilməməsini nəzərə almamışdır. Bundan başqa, bank cavabdehə verilən 29341 manat kreditin cavabdehin əvvəlki kredit borcuna silindiyini bildirsə də, bankın nümayəndəsi keçmiş borcun silinməsi üçün ödəniş tapşırığının mövcud olmadığını məhkəmə prosesi zamanı etiraf etmişdir. Məhkəmə qətnaməsində iddianın təmin olunması əsası kimi guya cavabdehin iddianı qəbul etməyi ilə də əsaslandırmışdır. Halbuki cavabdeh iddianı heç vaxt qəbul etməmiş, əksinə tələb etmişdir ki, iddia tələbi şişirdilmiş məbləğlər olduğu üçün ekspertiza təyin edilsin. Buna görə də, hakim cavabdehin xahişi ilə mühasibatlıq və girov əmlakın qiymətləndirilməsinə dair ekspertizanın təyin edilməsi üçün qərardad qəbul etmişdir. Sual yaranır ki, əgər cavabdeh iddianı qəbul etmiş olsaydı ekspertiza nə üçün təyin edilmişdir? Bundan başqa, cavabdehlə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli nzaz12328 saylı kredit müqaviləsi əsasında verilmiş kredit ticarət və xidmət məqsədi ilə verilmişdir. Bəs necə olur ki, cavabdehin bank hesabından cavabdehin imzası ilə təsdiq edilmiş ödəniş tapşırığı olmadan və kredit müqaviləsinin təyinatından kənar bank özü ona ayrılmış kredit məbləğinin 29341 manat məbləğin (ona verilməyən məbləğ) 28.545,27 manat hissəsini onun keçmiş kredit borcuma silir? (793,59 manat hissəsi isə kredit verilməsi üçün xidmət haqqlarına silinmişdir) Halbuki, qanunvericiliyə görə nağdsız hesablaşmalar həyata keçirilərkən “ödəniş tapşırıqları”; “ödəniş tələbnamə-tapşırıqları”; “inkasso sərəncamları”; “vergi və gömrük orqanlarının sərəncamları” adlı ödəniş sənədlərindən istifadə edilir. Hesab edir ki, keçmiş borcunun mübahisəli olması və keçmiş kredit məbləğinin də şişirdilmiş olması banka məlum olduğu üçün bank ona ayrılmış kredit məbləğini keçmiş kredit borcuna silmişdir. Beləliklə də, cavabdehi yeni kredit müqaviləsi ilə özündən asılı vəziyyətə salmağa çalışmışdır. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilinin bazar və likvid dəyəri bankın sifarişi ilə müəyyən edilməsini təsdiq edən kifayət qədər əsaslar olduğu üçün əmlakın təkrar qiymətləndirməsi üçün ekspertiza təyin olunması xahiş edilmiş, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndində gösətrilmişdir ki, sözügedən əmlakın likvid dəyəri 78000 manat məbləğində müəyyən edilmişdir. Rabitəbank ASC-nin Nizami filialının Kredit haqqında yekun rəyindən də görünür ki, həmin əmlakın bazar dəyəri 85000 manat, likvid dəyəri isə 78000 manat müəyyən edilir. Lakin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 088/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən ipoteka predmeti olan mənzilin bazar dəyəri 95000 manat, likvid dəyəri isə 89000 manat müəyyən edilmişdir. Həmin rəydən də görünür ki, qiymətləndirmə aparılan zaman heç bir hesablama aparılmadan bankın sifarişi ilə qiymətlər (bazar və likvid) süni olaraq 10000 və 11000 manat şəklində artırılmışdır. Hesab edir ki, cavabdehə məxsus mənzilin dəyəri rəydə qeyd olunan məbləğdən qat-qat artıqdır. Əmlak bazarının dinamikasına baxsaq əmlakın dəyərinin hər il üçün 10000 manat artdığını müşahidə edə bilərlər. Hazırda cavabdehin əmlakının bazar dəyəri 100.000 manatdan artıq olar. Qeyd edir ki, Milli Qiymətləndirmə Standartlarına görə müqayisə yanaşması ilə əmlakın dəyəri müəyyən edilən zaman ən azı üç analoq seçilməli və müqayisə aparılmaqla qiymət müəyyən edilməlidir. Lakin "xxxx" MMC tərəfindən verilən rəydə heç bir analoq və hesablama cədvəli yoxdur. Bundan başqa, əmlakın qiymətləndirilməsi üçün müəyyən edilən xidmət haqqı məbləği bank tərəfindən könüllü olaraq ödənilmişdir. Belə olan halda sual yaranır ki, bankın nə marağı var ki, könüllü olaraq ödəniş edir. Bəlkə rəy bankın xeyrinə verilməyəcək, iddia təmin olunmayacaq? Görünür ki, iddia təmin olunduqda rəyin banka sərf edəcək qiymətdə olması bankın marağındadır. Nağdsız hesablaşmalar həyata keçirilərkən “ödəniş tapşırıqları”; “ödəniş tələbnamə-tapşırıqları”; “inkasso sərəncamları”; “vergi və gömrük orqanlarının sərəncamları” adlı ödəniş sənədlərindən istifadə edilir. Lakin məhkəmə işə baxarkən bu halı nəzərə almamış, cavabdehin kredit müqaviləsini imzalaması ilə kifayətlənmişdir. Halbuki kredit müqaviləsini imzalamaq müqavilə üzrə cavabdeh üçün öhdəlik yaratdığı qədər iddiaçı üçün də öhdəlik yaradır. İddiaçı kredit müqaviləsi üzrə nəzərdə tutulan pul məbləğinin tamamını cavabdehin istifadəsinə verməməklə və təyinatından kənar öz təşəbbüsü ilə bir hissəsini cavabdehin keçmiş kredit borcuna silərək üzərinə düşən öhdəliyi tam icra etməmiş və cavabdehin hüquqularını pozmuşdur Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı(borc alan) isə aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin işə baxılarkən iddiaçı özü də ödəniş tapşırığı olmadan cavabdehə ayrılmış kredit məbləğinin bir hissəsini keçmiş kredit borcuna silinməsini etiraf edərək pul vəsaitinə mülkiyyət hüququnu cavabdehə verilməməsini təsdiq etmişdir. Halbuki cavabdeh onun mülkiyyət hüququnu almadığı pul vəsaitinə görə heç bir məsuliyyət daşımır.
20. Apelyator pozulmuş maddi hüququ norması kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 sentyabr 2013-cü il tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimatın 4.6-cə bəndini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1ci maddəsini göstərmişdir.
21. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək məhkəmədən mübahisəli müqavilə üzrə cəmi 50.056 manat 90 qəpik məbləğində pulun cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində və eləcə də mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, 18a nömrəli evin 106 saylı mənzilin ilkin satış qiymətinin 89.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması hissəsində ləğv olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə müraciət edərək iclasın iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək ölkə xaricində olmasını məhkəmə islasında iştirak etməməsinin səbəbi kimi göstərmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi halı təsdiq edən sənədlər əlavə edilmədiyini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
24. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. -“İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. -34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: -34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; -34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; -34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. -1.0.9-ci maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. -“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
25. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və həmin qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərində qətnamənin əsaslılığını kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun məbləği və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun məbləği və ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlamış xx.xx.2019-cu il tarixdə nzaz12328 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 18 faiz hesablanmaqla 24 ay müddətinə 55.000 manat məbləğində krеdit verilmişdir. Həmin kredit üzrə borc alanın öhdəliklərinin təmin edilməsi məqsədilə tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən olaraq Cavabdeh1 məxsus ünvan 1ahədən ibarət 106 nömrəli mənzil bankın xeyrinə sonrakı ipoteka ilə yüklü edilmişdir. Hazırda İddiaçı ASC cavabdehin mübahisəli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini əsas göstərərək həmin müqavilə üzrə əsas kredit borcu, kreditdən istifadəyə görə faiz borcu, dəbbə pulunun tutulmasını və tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
32. Kredit müqaviləsi üzrə tutulması qət edilmiş əsas, faiz və dəbbə pulu məbləğləri ilə bağlı kollegiya qeyd edir ki, iş birinci instansiya məhkəməsində baxılarkən cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli, 9/1927 saylı ekspert rəyi ilə cavabdehin xx.xx.2021-ci il tarixə, yəni müqavilə üzrə kreditin verilməsi müddətinin bitdiyi tarixə əsas borcu 44.929,13 manat, faiz bоrcu 5.864,03 manat və 378,06 manat məbləğində müəyyən edilmişdir.
33. Cavabdeh apellyasiya şikayətində ekspert rəyi ilə razılaşmadığını bildirsə də, həmin rəyin şübhə altına alınması üçün əsas verə biləcək konkret hallara (məs: bəzi ödənişlərin ekspert tərəfindən nəzərə alınmamasına və s.) istinad etməmişdir.
34. Kredit müqaviləsi üzrə verilməli olan 55000 manat kredit məbləğinin 29341 manat hissəsinin ona verilməməsi, bununla bağlı kassa məxaric orderinin olmaması barədə dəlilərə münasibətdə qeyd edilməlidir ki, iş materiallarında olan bank hesabından çıxarışla 55000 manat məbləğində kredit məbləğinin cavabdehin adına olan bank hesabına köçürülməklə cavabdehin sərəncamına verilməsi öz təsdiqini tapır.
35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi cavabdehlərdən tutulacaq əsas və faiz borclarının məbləğlərini həmin rəyə əsasən müəyyənləşdirməkdə haqlı olmuşdur.
36. Məhkəmə həmçinin kredit məbləğinin bir hissəsinin bank tərəfindən aksepstsiz qaydada köhnə borca silinməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, müştəri ilə müqavilədə nəzərdə tutulduğu halda bank tərəfindən akseptsiz silinmənin aparılmasına Mülki Məcəllənin 964.2-ci maddəsinin tələblərinə əsasən yol verilir. Digər tərəfdən sözügedən silinmənin aparılmasının əsassız olması ehtimal edilsə belə göstərilən hal silinmənin aparılmasını mübahisələndirməsi və silinmiş pul vəsaitinin qaytarılması tələbinin irəli sürülməsi üçün əsas verir. Müqavilənin bağlanmasından və mübahisəli silinmənin aparlmasından keçən 6 il ərzində cavabdeh tərəfindən belə bir təlb irəli sürülməmişdir. Odur ki, hazırkı halda cavabdehin istinad etdiyi dəlillər cavabdehin bank hesabına köçürülməklə sərəncamına verilmiş kredit məbləğini qaytarmaq öhdəliyindən azad etmir.
37. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə cavabdehdən ekspert rəyini əsas götürməklə cavabdehdən tutulacaq əsas borcu iddia tələbləri həddində 43.814,81 manat məbləğində, faiz borcunu isə ekspert rəyinə əsasən 5.864,03 manat məbləğində müəyyənləşdirməkdə haqlı olmuşdur.
38. Eyni zamanda cavabdehdən tutulması qət edilmiş 378,06 manat məbləğində dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, həmin məbləğ kreditorun və borclunun əsaslı mənafeyi baxımından, eləcə də icrası gecikdirilmiş əsas öhdəliyin həcminə nəzərən tənasübsüz surətdə yüksək deyildir. Odur ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən onun azaldılması üçün əsas yoxdur.
39. İpoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2025-ci il tarixli, 9/757 saylı ekspert rəyinə əsasən ünvan 2 ünvanında 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı, 106 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 141240 manat, likvid dəyəri isə 127120 manat məbləğində müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası həmin rəylə razılaşmaması üçün əsaslar olmadığını, eləcə də sözügedən rəydə müəyyən edilmiş likvid qiymətin birinci instansiyası məhkəməsinin aldığı qiymətləndirmə rəyindəki likvid qiymətdən (89.000) əhəmiyyətli dərəcədə fərqləndiyini nəzərə alaraq hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində müəyyən edilmiş likvid qiymət əsas götürülməklə müəyyən edilməlidir.
41. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən -ipoteka predmeti olan əmlakın ilkin satış dəyəri hissəsində dəyişdirilməli, ilkin satiş dəyəri 127.120 manat məbləğində müəyyən edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi Cavabdeh1, 25 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
43. Apellyasiya şikayətinin yalnız qiymətləndirilməyən iddiadan verilmiş hissədə təmin edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməli, qalan hissədə dövlət rüsumu cavabdehə aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1177/2022 saylı qətnaməsi - ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti hissəsində - dəyişdirilsin, ipoteka predmetinin ilkin satış qiyməti 127.120 manat məbləğində müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaitinin 25 manat hissəsi Cavabdeh1, 25 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi iddiaçıdan tutularq Cavabdeh1 ödənilsin, qalan hissədə dövlət rüsumu Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov