Məhkəmə qərarları › İş №2-2(103)-303/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-303/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-303/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 Kənan oğlunun cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-745/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 29 yanvar 2020-ci il tarixli, GPSFD- BHBD/xx/xx/2020 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 150000 manat məbləğində nisyə alış limiti ayrılmışdır.

2. Alqı-satqı müqaviləsinin təminatı kimi, 29 yanvar 2020-ci il tarixdə "xxxx" MMC ilə Cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566cı məhəllə, ev 133, mənzil 11, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan yaşayış mənzili İddiaçı MMC-nin qarşısında ipotekaya qoyulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (köhnə adla İddiaçı MMC) Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 128.580 manat əsas borcun, 20.000 manat cərimə, ümumilikdə 148.580 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsinə yönəldilməsi, 400 (dörd yüz) manat mediasiya prosesi zamanı mediatora ödənilən məbləğin və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, o, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixindən başlayaraq müqavilənin şərtlərini pozaraq, nisyə aldığı malların əsas məbləğinin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. Borclunun xx.xx.2021-ci il tarixə təhvil aldığı (nisyə götürdüyü) mallar üzrə 128.580 manat məbləğində borcu yaranmışdır.

5. Cavabdeh iddianı qismən etiraf edir və bildirir ki, təxmini 150.000 manat dəyərində malı təhvil almış və 42.000 manat ödəniş etmişdir. Ödənilməyən borc 108.000 manat təşkil edir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-745/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 128.580 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə tutma ilkin satış qiyməti 280.000 manat müəyyən edilməklə Cavabdeh mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 133, mənzil 11, (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, dövlət rüsumunun əvəzi olaraq 18 manat, 58 qəpik məbləğində pulun Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnmənin 128000 manat tutulması hissəsində dəyişdirilməsi, iddianın 108000 manat hissində təmin edilməsi barəsində yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 20000 manat dəyərində malın verilməsi nə müqavilə ilə, nə təhvil-təslim aktı ilə, nə də hər hansı digər sənədlə öz təsdiqini tapmır. Elektron qaimənin tərtib edilməsi isə onun təqdim edilməsi və qəbul edilməsini təsdiq etmir. Lakin məhkəmə bu halı araşdırmamışdır. Məhkəmə araşdırılması zamanı bildirilmişdik ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş mal (quş yemi) istifadəyə yararlı deyilmiş və quşlara verildikdən sonra kütləvi zəhərləməyə və təxmini 200000 manat civarında quşların ölümü ilə zərərə gətirib çıxarmışdır. Bu səbəbdən cavabdeh ödənişləri dayandırmışdır. Həmin vaxt iddiaçı hüquqi şəxsin rəhbərliyinə bu barədə məlumat verilmiş, lazımi ekspertizalar keçirilmiş və müəyyən razılıqlar əldə olunmuşdur. Məhz razılığa əsasən 3 il ərzində cavabdehdən borcun ödənilməsi tələb edilmirdi. Lakin, iddiaçı hüquqi şəxsin daxilində restrukturizasiyadan sonra yeni rəhbərlik öncəki razılaşmalara məhəl qoymamış və pulun ödənilməsini tələb etmişdir. Kifayət qədər vaxt keçdiyi üçün məhkəmə ərəfəsində həmin sübutların təqdim edilməsində çətinliklər yaranmışdır. Lakin məhkəmə öz təşəbbüsü ilə də cavabdeh üçün hazırda əlçatmaz olan sübutları təmin edə bilərdi. Həmin ərəfədə zəhərli quş yeminin ekspertizası keçirilmiş, aktlar mövcud olmuşdur. Bu sübutların təqdim edilməsinə şərait yaradılmamışdır. Məhkəmə yalnız üzləşmə aktına istinad edərək onsuzda külli miqdarda zərər görmüş sahibkarı qətnamə ilə daha da ağır vəziyyətə salmışdır. Qaimələr təhvil təslim aktları ilə təsdiq edilməyib, tələb isə müqavilə öhdəliyindən kənara çıxır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı tərərfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə1 Kənan oğlu isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

12. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

14. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız Cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız əsas borcun məbləğinə aid hissədə yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.

18. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (köhnə adla "xxxx" MMC) ilə Cavabdeh arasında 29 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh tərəfindən 42.000 manat ödəniş edilmişdir.

19. İddiaçı cavabdehə 170.580 manat dəyərində olan malların verildiyini və 128.580 manat məbləğində borcun qaldığını bildirir.

20. Cavabdeh tərəf isə 150.000 manat dəyərində malların verildiyini və 108.000 manat məbləğində borcun qaldığını bildirir.

21. Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə əşyanı alıcının mülkiyyətinə verməyi öhdəliyi satıcıya aid olduğuna görə malların təhvil verilməsi halını satıcı olan iddiaçı sübut etməlidir.

22. İddiaçı tərəfindən təqdim edimiş elektron qaimələrdən görünür ki, onun tərəfindən cavabdehə EBAF 920874 saylı dəyəri 17.850 manat olan, EBAG 019782 saylı dəyəri 18.100 manat olan, EBAG 148764 saylı dəyəri 17.700 manat olan, EBAG 369517 saylı dəyəri 17.700 manat olan, EBAG 562380 saylı dəyəri 17.700 manat olan, EBAG 765409 saylı dəyəri 17.175 manat olan, EBAG 797109 saylı dəyəri 17.175 manat olan, EBAG 912460 saylı dəyəri 17.000 manat olan, EBAH 140048 saylı dəyəri 17.255 manat olan, EBAH 359126 saylı dəyəri 12.925 manat olan elektron qaimələr göndərilmişdir. Həmin elektron qaimələrdə əks olunmuş məbləğlərin cəmi 170.580 manat təşkil edir.

23. Cavabdeh həmin elektron qaimələrə etiraz etməmiş, eyni zamanda 42.000 manat ödəniş etmişdir.

24. 01.01.2019-cu il tarxindən 30.06.202-ci il tarixə qədər, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər müddətlərə dair tərtib olunmuş 3 ədəd üzləşmə aktından isə görünür ki, iddiaçı tərəfindən cavabdehə cəmi 170.580 manat dəyərində mal satılmış və qalıq borc 128.580 manat təşkil edir. Həmin üzləşmə aktları cavabdeh tərəfindən imzalanmışdır.

25. Beləliklə, cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələrlə və onun özü tərərfindən imzalanmış üzləşmə aktları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən cavabdehə sonuncunun etiraf etdiyi kimi 150.000 manat deyil, 170.580 manat dəyərində mallar təhvil verilmişdir.

26. Eyni zamanda,həmin məbləğdən cavabdehin etdiyi ödənişi çıxdıqda müəyyən edilir ki, qalıq borc 108.000 deyil, 128.580 manat təşkil edir (170.580-42.00=128.580).

27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.3-cü maddəsində əsasən təhvil verilmiş mallara görə ödənilməyən 128.580 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

28. Apellyasiya şikayətində göstərilən dəlillərə dair kollegiya qeyd edir ki, cəmi 170.580 manat dəyərində malların təhvil verilməsi cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimələr və onun özü tərəfindən imzalanmış üzləşmə aktları ilə təsdiq olunur. Bu hallar təsdiq edir ki, tərəflər arasında olan işgüzar münasibətlər, yəni malların təhvil verilməsi elektron qaimələr əsasında həyata keçirilmiş, habelə təhvil verilən malların limitinin artırılması barədə razılıq əldə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Təqdim edilmiş malların qüsurlu olması və bununla bağlı dəlilləri təsdiq edən sübutlar isə təqdim edilməyib və həmin sübutların mövcüd olmadığını cavabdeh özü etiraf edir. Ona görə də, sübutların təqdim edilməsinə şərait yaradılmaması ilə bağlı dəlillər əsassızdır.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-745/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar