Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-309/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" X13 cəlb edilməklə) müqavilələrə, öhdəliklərə xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4916/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC və "Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu" X13 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh ASC arasında imzalanmış 03 avqust 2006-cı il tarixli, KP/BA/07-06- 05 № li kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı olaraq Bank of Azerbaijan” ASC, X8 və "xxxx" MMC arasında 03 avqust 2006-cı il tarixli, 100 KP/BA/07-06-03 № li ipoteka müqaviləsinə, kredit müqaviləsi üzrə ZuvandMMC-nin öhdəliklərinə xitam verilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0.014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20.0 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh ASC arasında 03 avqust 2006-cı il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 2.2-ci bəndinə görə kreditor borcalana 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ASC, X8 və "xxxx" MMC arasında 03 avqust 2006-cı il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borcalan öz öhdəliklərinin icra olunmasının təminatı kimi ipoteka qoyana məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 77 nömrəli mənzilini ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. Kredit və ipoteka müqaviləsi bağlanarkən "xxxx" MMC-nin təsisçisi X8 olmuşdur. 10 avqust 2019-cu ildə X8 vəfat etmiş və qanun üzrə vərəsəlik hüququ 08 noyabr 2019-cu il tarixli X7 şəhadətnamə əsasında X2 İddiaçı2 keçmişdir. İddiaçı2 bir müddət keçdikdən sonra bu kredit müqaviləsindən məlumatı olmuşdur. “Azərbaycan Kredit Bürosu MMC-dən də alınmış çıxarışa əsasən X4 heç bir kredit müqaviləsi üzrə borcu yoxdur. Kredit müqaviləsi 03 avqust 2006-cı ildə 60 ay müddətində bağlanmışdır. Müqavilənin müddəti 2011-ci ildə bitmiş və üzərindən 10 ildən çox vaxt keçmişdir. Bununla bağlı 09.06.2020-ci il tarixdə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmiş, lakin heç bir müsbət cavab alınmamışdır. Hesab edirlər ki, həmin kredit müqaviləsi üzrə borc qanuni vərəsəyə keçməməlidir. İpoteka müqaviləsində sözügedən mənzil qanuni vərəsəsinin mülkiyyətinə keçmişdir və buna müqavilələrin hər ikisinin də müddəti bitdikdən sonra üzərindən 9 il keçdiyi üçün sözügedən mənzildən ipoteka yüklülüyü götürülməlidir. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4916/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar apelyasiya şikayəti verərək, Bakı şəhəri Kommersiya Məhkəməsinin e-2-2(113)- 4916/2021 saylı, 21.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 194.1, 195, 198.1, 198.2, 199.1, 269.1, 528, 550, 551.2.1-ci maddələri pozulmuş, düzgün tətbiq edilməmişdir. birinci instansiya məhkəməsi ilk tələb sahibinin yerini "xxxx" MMC-nin tutmasını qeyd etməsi ilə kifayətlənmişdir. Lakin məhkəmə iddiaçıların bu barədə məlumatlarının olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Halbuki, iddiaçıların tələbin güzəşt olunmasından ümumiyyətlə xəbərləri olmayıb. İddiaçılar bu barədə yalnız məhkəmə iclasında xəbər tutmuşdur. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, tələbin güzəşti barədə borcluya məlumat verilməli idi. Hazırki iş üzrə isə iddiaçıya tələbin güzəştinə dair heç bir məlumat verilməmiş, heç bir bildiriş göndərilməmişdir. Kredit müqaviləsi 03 avqust 2006-cı ildə 60 ay (5 il) müddətində bağlanmışdır. Müqavilənin müddəti 2011-ci ildə bitmiş və üzərindən 9 il keçmişdir. İpoteka müqaviləsində sözügedən mənzil də qanuni vərəsəsinin mülkiyyətinə keçmişdir və buna görə müqavilələrin hər ikisinin də müddəti bitdikdən sonra üzərindən 9 il keçdiyi üçün sözügedən mənzildən ipoteka yüklülüyü götürülməlidir. Göründüyü kimi, kreditin Borc alan tərəfindən ödənilməli olduğu son tarix 03 avqust 2011-ci ildir. Hazırki kredit müqaviləsi 2006-cı ildə bağlandığından 5 il müddət keçdiyinə görə öz qüvvəsini itirmiş sayılır. Göstərilən maddələrə istinadən nəzərə alınmalıdır ki, İddiaçı2 Cavabdeh ASC-yə hər hansı borcu yoxdur və öhdəliyə müddət keçdiyinə görə xitam verilməlidir. Həmçinin kredit müqaviləsi üzrə bağlanmış ipoteka müqaviləsinə də xitam verilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına ümumiyyətlə, hüquqi qiymət verilməmiş, heç bir münasibət bildirilmədən iddia tələbimiz əsassız və qanunsuz olaraq rədd edilmişdir. Məhkəmə tərəfindən MPM-nin 14.1., 77.1.,217.1., 218.1. -ci maddələri pozulmuş, düzgün tətbiq edilməmişdir. İşə apellyasiya qaydasında baxılması 16.03.2022-ci il tarixə təyin edilmiş, iddiaçılara və üçüncü şəxslərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçıların və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4916/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsinə əsasən borc verən borc alana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 60 ay müddətinə illik 7 faiz olmaqla 80000 (səksən min) manat məbləğində güzəştli kredit verilməsini öhdəsinə götürür. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ASC ilə "xxxx" MMC arasında 03.08.2006-cı il tarixdə 31 saylı ipoteka müqaviləsi bağlanmış, ipoteka qoyana məxsus Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində istifadədə olan 0,014194 ha torpaq sahəsində yerləşən 102 nömrəli, 3 mərtəbəli binada yerləşən 28 kv.m. ümumi, 20 kv.m. yaşayış sahədən ibarət 1 otaqlı 77 nömrəli mənzil ipoteka saxlayana ipoteka kimi təqdim edilmışdir. İş materiallarında olan Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 30.07.2012-ci il tarixli tələbin güzəşti müqaviləsinə və ona edilmiş 30.07.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən sözügedən kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" MMC-yə keçmişdir. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsi üzrə güzəşt olunan borcun məbləği əsas borc üzrə 80.000 manat, faiz 13706,69 manat təşkil etmişdir. İş materiallarında olan 20.08.2019-cu il tarixli, AZ-İ 987951 nömrəli “Ölüm haqqında” Şəhadətnaməyə əsasən X6 10.08.2019-cu ildə vəfat etmişdir. İş materiallarında olan 08.11.2019-cu il tarixli 65-2019 saylı Qanun üzrə X7 Şəhadətnaməyə əsasən X3 vərəsəsi kimi İddiaçı2 müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 16.03.2005-ci il tarixli 228237 saylı Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami küçəsində 102 saylı evin 20.0 yaşayış sahəsindən ibarət 1 otaqlı 77 saylı mənzil X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 194.4-ci maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. İşin hallarından görünür ki, Cavabdeh ASC 03.08.2006-cı il tarixdə bağlanmış 1/110 saylı kredit müqaviləsi üzrə tələbi "xxxx" MMC-yə güzəşt etmiş, bununla bağlı onların arasında 30.07.2012-ci il tarixdə yazılı formada müqavilə bağlanmışdır. Mülki qanunvericiliyin tələblərinə əsasən tələbin güzəşti barədə borcluya kreditor tərəfindən bildiriş verilməli idi. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, tələbin güzəşti barədə borclu olaraq onlara hər hansı məlumat verilməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələbin ötürülməsi ilə əlaqədar iddia hazırda tələb hüququ olmayan kreditora qarşı yönəldiyindən iddia rədd edilməlidir. Apelyasiya şikayətinin tələbin güzəşti barədə iddiaçıların məlumatının olmaması dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan hal tələb hüququ olmayan cavabdehə qarşı yönəlmiş iddianın təmin edilməsi üçün əsas ola bilməz. Mülki Məcəllənin yuxarıda qeyd olunan tələblərindən görünür ki, kreditorun borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt etmək hüququ nəzərdə tutulmuşdur. İstisna hal kimi Mülki Məcəllədə qeyd olunan, güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma isə hazırki mübahisənin əsasını təşkil edən kredit müqaviləsində mövcud deyildir. Öhdəliyə müddətin keçməsinə görə xitam verilməsi barədə dəlilə münasibətdə məhkəmə qeyd edir ki, qeyd olunan əsas iddia tələbetmə hüququ olan şəxsə qarşı qaldırıldığı halda məhkəmə araşdırmasının predmetini təşkil edə bilər. Hazırki halda isə iddia tələbetmə hüququ olmayan şəxsə qarşı qaldırıldığından öhdəliyə müddətin keçməsinə görə xitam verilməsi barədə iddiaçıların əsası məhkəmə tərəfindən araşdırılmamalıdır. Apelyasiya şikayətində mübahisələndirilən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün hər hansı digər əsas qeyd edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4916/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4916/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-309/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-309/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver