Məhkəmə qərarları › İş №2-2(103)-31/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-31/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-31/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-182/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, nzaz12304 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla 50 000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, nzaz12304 saylı İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b.5a ünvanında yerləşən 134,7 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə əsas borca görə 30675,7 manat, faiz borcuna görə 18780,56 manat, cərimə borcuna görə 10000 manat olmaqla, borcun cəmi məbləğində 59456,26 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b.5a ünvanında yerləşən 134,7 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz 12304 saylı Kredit müqaviləsi üzrə cəmi 59456,26 manat borc və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b.5 a ünvanında yerləşən 134.7 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b.5 a ünvanında yerləşən 134.7 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh2 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 30675,7 manat, faiz borcu 18780,56 manat cərimə borcu 10000 manat, cəmi borcu isə 59456,26 manat təşkil edir.

5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-182/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə 30675,7 (otuz min altı yüz yetmiş beş manat, yetmiş qəpik) manat əsas borc, 9640,86 (doqquz min altı yüz qırx manat səksən altı qəpik) manat faiz borcu, 3000 (üç min manat) manat dəbbə pulunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh2 və Cavabdeh1 30 (otuz manat) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir manat) manat İddiaçı ASC-nin, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 400 (dörd yüz) manatın "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b. 5 a ünvanında yerləşən 134,70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların (ipoteka predmeti) açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzaz1 2304 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi, daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, b. 5 a ünvanında yerləşən 134,70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilin ilkin satış dəyərinin 196000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakların boşaldılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh2 apellyasiya şikayəti və ona əlavə verərək, həmin qətnamənin evin ilkin satış qiymətinin (likvid) dəyəri hissəsində dəyişərək evinin ilkin satış (likvid) qiymətinin 250000 manat müəyyən edilməsi, əsas borcun azaldılması, faiz və cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti və ona əlavəni onunla əsaslandırmışdır ki, o, banka xeyli miqdarda ödənişlər etsə də, bank həmin pulları faiz borcuna çıxmış və əsas borcu əsassız olaraq artırmışdır. Belə ki, ödəniş pulları birinci növbədə əsas borca hesablanmalı olsa da, bank qanunun bu tələbinə əməl etməmişdir. Həmçinin iş üzrə “FM Consultinq” Qiymətləndirmə Mərkəzinin 2342/SQ nömrəli rəyi ilə ona məxsus evin qiyməti xx.xx.2022-ci il tarixə kimi 230000 manat, likvid dəyəri 196000 manat müəyyən edilsə də, həmin məbləğlə razı deyil. Belə ki, ipotekaya qoyulmuş ünvan 4 ünvanda yerləşən 134,70 kv.m ümumi yaşayış sahəsindən ibarət 17 nömrəli mənzilin likvid qiyməti 250000 manatdan artıqdır. Məhkəmə həmin fərdi yaşayış evinin onların yeganə yaşayış yeri olmasını və həmin ev satılarsa onların maddi vəziyyətinin ağırlaşmasını nəzərə almalı idi. Həmçinin məhkəmə tərəfindən tutulmuş 9640,86 manat faiz borcu və 3000 manat dəbbə pulu həddin artıq yüksək məbləğdir. Məhkəmədə iddia qaldırılarkən onun 39375,7 manat əsas borcu, 7148,81 manat faiz borcu olmuşdur. İş məhkəmədə olduğu müddətdə o, 9000 manat ödəniş etmişdir. Onun əsas borcu təxminən 9000 manat azalsa da, faiz borcu isə əksinə 11.000 manatdan çox artmışdır. Məhkəmə faiz borcunu azaltsa da, bunu necə hesablayaraq azaltdığı da müəyyən deyildir. Nəzərə alınmalıdır ki, həmin pulu iş görmək məqsədi ilə götürmüş və bankdan pulu götürdükdən sonra bütün dünyada eləcə də Azərbaycanda pandemiya baş vermişdir. Həmin müddətdə işləmək mümkün olmadığından məhkəmənin tənasübsüz qaydada azaldaraq saxladığı 3000 manat dəbbə pulu da kifayət qədər yüksək məbləğdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri X2 və Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdilər.

11. Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

14. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

16. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

18. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətlərin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı əsas, faiz, cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

21. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1, 741 və 462-ci maddələri təşkil edir.

22. Hazırki işdə də müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh2 öz öhdəliklərini pozmuş və kredit müqaviləsi üzrə ödənişləri vaxtında həyata keçirməmişdir.

23. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 oktyabr 2022-ci il tarixli 9/6874 saylı ekspert rəyi verilmişdir.

24. Həmin rəyə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə borcalanın bütün ödənişləri nəzərə alınmaqla bnka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 29708,77 manat, faiz borcu üzrə 0,00 manat.

25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, ekspert rəyində xx.xx.2022-ci il tarixdə ödəniş kimi göstərilmiş 10536,98 manat əslində ödəniş deyil, birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun sistemdə azaldılan məbləğdir. Əgər cavabdeh həqiqətən də həmin məbləğdə ödəniş etmişdirsə, bununla bağlı ödəniş qəbzini məhkəməyə təqdim edə bilər.

26. İddiaçının dəlilləri nəzərə alınaraq, 10536,98 manat məbləğində ödənişin edilməsi ilə bağlı qəbzi məhkəməyə təqdim etməsi üçün cavabdehə vaxt verilmiş, lakin cavabdeh bununla bağlı hər hansı qəbzin olmadığını bildirmişdir.

27. Göründüyü kimi iddiaçının həmin məbləğin ödəniş olmaması ilə bağlı dəlilləri əsaslıdır.

28. Bu baxımdan kollegiya hesab edir ki, ekspert rəyində göstərilən həmin məbləğ ödəniş kimi nəzərə alınmamalıdır.

29. Belə olan halda isə rəyə əsasən müəyyən olunur ki, cavabdehin əsas borcu 30675,64 manat, faiz borcu 9570,11 manat təşkil edir.

30. Beləliklə, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, 26 oktyabr 2022-ci il tarixli ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borcuna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Faiz borcun məbləği isə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 9640,86 manat deyil, ekspert rəyinə uyğun olaraq 9570,11 manat məbləğində müəyyən edilməlidir.

31. Həmçinin Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

32. İşin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilə üzrə aparılan son ödəniş tarixini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə 10000 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 3000 manat deyil, əsas borcun 5% həddində, yəni 1500 manat məbləğində müəyyənləşdirilməlidir.

33. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməlidir.

34. Bununla yanaşı kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

35. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və “FM Consultinq” Qiymətləndirmə Mərkəzinin 2342/SQ nömrəli rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 4 ünvanda yerləşən 134,70 kv.m ümumi yaşayış sahəsindən ibarət 17 nömrəli mənzilin bazar dəyəri 230000 manat, likvid dəyəri isə 196000 manat təşkil edir.

36. Eyni zamanda, cavabdehin dəlilləri, ilkin satış qiyməti ilə bağlı tərəflər əsasında mübahisə olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddəsinin tələbləri nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir.

37. Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə xx.xx.2022-ci il tarixli ekspert vəsatəti göndərilmişdir.

38. Vəsatətin icrasının təmin edilməsi, yəni tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsi üçün bildiriş və vəsatətin surəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada təqdim edilmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin 07 dekabr 2022-ci il tarixli məlumatına əsasən ekspertizanın aparılmasından imtina olunmuşdur.

39. Həmin məlumatda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən, tədqiq olunan tikililərə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, tədqiq olunan tikililərin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılır.

40. Göründüyü kimi ekspertizanın keçirilməsi məhz cavabdehlərin hərəkətsizliyi ucbatından baş tutmamışdır.

41. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ekspertizasının aparılması məhz cavabdehlərin hərəkətsizliyinə görə mümkün olmadığına görə Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən onun ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı mövqeyi təkzib olunmuş hesab olunmalıdır.

42. İpoteka predmetinin cavabdehlərin yeganə yaşayış yerinin olması ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh bu halı təsdiq edən sübutları təqdim etməmiş və ipoteka qoyan “İpoteka haqqında” Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş vəsatəti verməmişdir.

43. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və dəbbə puluna aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri bərabər hissələrdə iddiaçı və Cavabdeh2 aid edilməlidir.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-182/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il qətnaməsi faiz və dəbbə puluna aid hissədə dəyişdirilsin. Faiz borcu 9570,11 manat və dəbbə pulu 1500 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 50 manat məbləğində pul vəsaiti bərabər hissələrdə İddiaçı ASC və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar