Məhkəmə qərarları › İş №2-2(103)-313/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-313/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-313/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: iddianın yolverilməzliyi, işə məhkəmədə baxılmalı olması, məhkəmə aidiyyatı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “bildirişin etibarsız hesab edilməsi və müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırda AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə İddiaçı MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” 09 fevral 2011-ci il tarixli 97 nömrəli müqavilə bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə görə, müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün İddiaçı MMC-nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir.

3. Müqaviləyə əsasən, mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumi sayı 10001 ədəd olan "*0000-9999” nömrə resursu (qısa nömrələr) İddiaçı MMC üçün ayrılmışdır.

4. Müqavilənin 3.1-ci bəndinə görə, İddiaçı MMC-nə ayrılan nömrə resursuna görə tariflərin və ödənişlərin Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli iclasının "Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli qərarına uyğun olaraq hesablanması nəzərdə tutulmuş, İddiaçı MMC birdəfəlik 28 000 manat və illik 2000 manat olmaqla 30 000 manat ödəniş həyata keçirmişdir.

5. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 10 oktyabr 2024-cü il tarixdə imzalanaraq İddiaçı MMC-nə göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, Nazirlik 09 fevral 2011-ci il tarixli 97 nömrəli müqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasını məqsədəuyğun hesab etmir.

6. İddiaçı MMC 10 oktyabr 2024-cü il tarixli bildirişə cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkil edilməsini xahiş etsə də, onun xahişinə cavab verilməmiş, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 29 noyabr 2024-cü il tarixdə imzalanaraq MMC-nə göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin 09 fevral 2025-ci ildə dayandırılacağı qeyd edilərək MMC tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində nazirliyə təqdim olunması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat, qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı MMC (iddiaçı) Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ona təqdim edilmiş 10 oktyabr 2024-cü il tarixli 3/27/2- 7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli 3/27/2-8783/2024 nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsi; İddiaçı MMC-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki hallarına istinadla əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 09 fevral 2011-ci il tarixli 97 nömrəli müqaviləyə əsasən nömrə resursları ayrıldıqdan sonra İddiaçı MMC operatorlarla "qısa nömrələr üzrə distribyutorluq müqaviləsi” və sifarişçilərlə (abunəçilərlə) "qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi” bağlayaraq gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirməyə başlamış, bu məqsədlə Mobil və Stasionar Operatorlarla (məsələn, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və s.) müqavilə bağlayaraq, onlardan texniki dəstək almaqla ona ayrılmış *-lu qısa nömrə resurslarından prefikslərin istifadəsi ilə bağlı abunəçilərlə xidmət müqaviləsi bağlamışdır. Məsələn, abunəçiyə *7000 qısa nömrəsi ayrılır və bu qısa nömrəyə gələn zənglər onun Stasionar və ya Mobil Operatora məxsus korporativ alt nömrəsinə inteqrasiya olunur, yəni zənglər həmin nömrəyə gəlir. İddiaçı bu xidmətin göstərilməsi üçün Nazirliklə bağladığı müqavilə əsasında həm Mobil və Stasionar Operatorlarla, həm də abunəçi ilə yuxarıda adlarıçəkilən müqavilələri bağlamışdır. Cavabdehlə müqavilə 1 il müddətinə bağlansa da, tərəflər uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün müqavilə müddəti avtomatik qaydada uzanmışdır. Ona görə də iddiaçı 2024-cü il də daxil olmaqla həm AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZ59CTRE******************** saylı hesabına illik 2000 manat ödənişlər həyata keçirmiş, həm də bu müddət ərzində bir çox sifarişçiyə qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət göstərmişdir və hazırda da qısa nömrələrin istifadəsi ilə bağlı 400-dən artıq yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 10 oktyabr 2024- cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə qeyd olunmuşdur ki, cavabdeh 09 fevral 2011-ci il tarixli 97 nömrəli müqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasını məqsədəuyğun hesab etmir. İddiaçı 10 oktyabr 2024-cü il tarixli bildirişə cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkil edilməsini xahiş etsə də, onun xahişi cavabsız qalmışdır. Əvəzində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 29 noyabr 2024cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin 09 fevral 2025-ci ildə dayandırılacağı qeyd edilərək iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində nazirliyə təqdim olunması xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdehə bildiriş təqdim edilərək müqavilənin uzadılmamasına dair müraciətin iddiaçının hüquqlarını pozduğu əsaslandırılmışdır. Yazılı müraciətlər göndərilən ərəfədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xidmət göstərdiyi abunəçilərin (sifarişçilərin) qısa nömrələrinə zənglər edilərək İddiaçı MMC ilə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış müqavilənin qüvvədə olmayacağı, abunəçilərə müqavilə bağlamaları üçün nazirlik tərəfindən yeni şirkət təqdim olunacağı bildirilmişdir. Özünü AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edən Sevinc Vəliyeva abunəçilərə İddiaçı MMC ilə Nazirlik arasında bağlanmış müqavilənin müddətinin dekabr ayında bitdiyini bildirsə də, bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müqavilə 09 fevral 2011-ci il tarixində 1 ilmüddətinə bağlanmış və 13 ildir ki, avtomatik qaydada uzadılmışdır. İddiaçı MMC-nin isə müqavilənin uzadılmasında üstünlük hüququ vardır və nömrə resursunun müddətli, yoxsa daimi istifadəyə ayrılması iddiaçının müraciətindən asılıdır.

9. Birinci instansiya məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə geri qaytarılması qərara alınmış, iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, nömrə resursları ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq ayrılır və həmin nömrə resursların geri alınması barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qərar qəbul edilir. Bu səbəblə, iddaçının ərizəsində qeyd etdiyi tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş müvafiq qərarın mübahisələndirilməsi və müqavilə bağlamaqda iddiaçının üstünlük hüququnun pozulması barədə tələbə inzibati icraat qaydasında məhkəmədə baxıla bilər.

11. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, “Telekommunikasiya haqqında” Qanunun 7.1-ci, 7.3-cü, İnzibati Prosessual Məcəllənin 2.2.3-cü, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddələrinə, “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları"na, “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015ci il tarixli Qərarına istinad etmişdir.

12. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi daha əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş, lakin iddia mümkünsüz sayılmışdır.

Apellyasiya baxışı

14. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmiş, işə yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

17. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

18. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

19. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

20. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Maddə 7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.

22. Maddə 7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş "Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”

23. Bənd 1.3. Nömrə resursları ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarına, provayderlərinə, eyni zamanda, digər hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, mövcud qanunvericiliyə uyğun olaraq, aşağıdakı prinsiplər nəzərə alınmaqla ayrılır: 1.3.1. ərizəçinin mövcud maddi-texniki bazasının genişləndirilməsi; 1.3.2. ərizəçinin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması; 1.3.3. sağlam rəqabətə şərait yaradılması; 1.3.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.

24. Bənd 1.4. Nömrə resursları Nazirlik ilə ərizəçi arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

25. Bənd 3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir.

26. Bənd 3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.

27. Bənd 5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.1. nömrə resursları ayrılmış ərizəçi tərəfindən müraciət edildikdə; 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.1.3. ərizəçiyə ayrılmış nömrə resurslarından nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində istifadə edilmədikdə; 5.1.4. nömrə resurslarından təyinatı üzrə istifadə edilmədikdə; 5.1.5. ayrılmış nömrə resurslarına görə müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödəniş aparılmadıqda.

28. Bənd 5.2. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır.

29. Bənd 5.3. Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir.

“İnzibati icraat haqqında” Qanun

30. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

31. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

İnzibati Prosessual Məcəllə

32. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

33. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

34. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

35. Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı

36. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır (2, 3.1, 4, 5.1-ci, 5.2-ci və 14-cü bəndlər).

Apellyasiya baxışının həddi

37. Hazırkı şikayətdə qərardad tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (§ 16). İddia ərizəsi Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (§ 18). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (§ 19).

39. Baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tətbiqi ilə bağlıdır.

40. Qeyd edilməlidir ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-nin göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir.

41. MPM-nin 153.2.1-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, irəli sürülən iddia tələbinə kommersiya məhkəmə icraatı (iddia icraatı və ya xüsusi icraat) qaydasında kommersiya məhkəmələri tərəfindən baxılması mümkün olmasın.

42. İddiaçının irəli sürdüyü iddia tələbinin mahiyyətindən görünür ki, o, nömrə resurslarının ayrılması ilə bağlı müstəsna səlahiyyətə sahib olan cavabdehlə bağladığı müvafiq müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğvini (müddətinin uzadılmamasını) mübahisələndirir.

43. Birinci instansiya məhkəməsi isə nömrə resursların geri alınması barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq qərar qəbul edildiyini, həmin qərarın mübahisələndirilməsi və müqavilə bağlamaqda iddiaçının üstünlük hüququnun pozulması barədə tələbə inzibati icraat qaydasında baxılmalı olduğunu vurğulamaqla müvafiq nəticəyə gəlmişdir.

44. Halbuki işdə, cavabdeh tərəfindən bu cür qərar qəbul olunması barədə məlumat mövcud deyil və görünən odur ki, cavabdehin aparat rəhbəri iddiaçıya ünvanladığı hər iki bildirişdə müvafiq qərara istinad etməyərək, yalnız tərəflər arasında bağlanmış müqavilənin uzadılmasının məqsədəmüvafiq hesab olunmadığını bildirmişdir.

45. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5.1-ci bəndində, inzibati orqanın hakimiyyət səlahiyyətlərinin subyekti qismində, yəni hakimiyyət səlahiyyətlərini tətbiq edərək nömrə resurslarının geri alınması barədə qərar qəbul edə biləcəyi hallar sadalanmışdır; hazırkı işdə isə həmin halların mövcud olduğu ümumiyyətlə müəyyən edilmir.

46. Bu səbəblə kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərini tətbiq edərək adı çəkilən Qaydaların 5.1-ci bəndində nəzərdə tutulmuş hallardan birinə (yaxud bir-neçəsinə) istinadla qərar qəbul edib-etmədiyi, əgər belə qərar yoxdursa xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi davranaraq iddiaçı ilə bağlanmış müqavilənin uzaılmaması barədə iradə ifadəsini bəyan edibetmədiyi aydınlaşdırılmadan, mübahisəyə hansı icraat qaydasında baxılmasını müəyyənləşdirmək mümkün deyildir.

47. Nəzərə alınmalıdır ki, dövlət hakimiyyəti orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı müqavilələrdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.

48. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq mübahisələndirilən qərardad ləğv edilməli, birinci instansiya məhkəməsi iddia ərizəsinin aidiyyatı ilə bağlı məsələyə göstərilən məsələləri araşdırdıqdan sonra “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında müəyyənləşdirilən meyarlar çərçivəsində qiymət verməlidir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1611/2025 saylı iş üzrə 08 yanvar 2025-ci il tarixli qərardadı ləğv olunsun və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Ziya Şirinov

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar