Məhkəmə qərarları › İş №2-2(103)-328/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-328/2022

30.03.2022 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-328/2022 30.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə iştirakı ilə, ərizəçi “İddiaçı” Hüquq Şirkətinin Cavabdeh MMC-nin müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-2(113)-4757/2021 nömrəli qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xarici hüquqi şəxs olan “İddiaçı” Hüquq Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, "xxxx" MMC Şirkətlər qrupu, İTP Group şirkəti və “İddiaçı” hüquq şirkəti arasında 30 may 2020-ci il tarixdə müqavilə bağlanmış, iddiaçı "xxxx" MMC Şirkətlər qrupuna və İTP Group şirkətinə köməkçi avadanlığa və infrastruktura malik 40MV gücündə bir qaz turbinli elektrik stansiyasının inşasını özündə ehtiva edən layihəni həyata keçirmək üçün tələb olunan 50.000.000 avro məbləğdə kredit xəttinin açılmasını təmin etməyi öhdəsinə götürmüşdür. “İddiaçı” hüquq şirkəti isə qeyd olunan fəaliyyətin icrası üçün öz xidmətlərini təqdim etmişdir. Müqavilə üzrə iddiaçı “İddiaçı” hüquq şirkəti üzərinə düşən öhdəliyi – cavabdeh üçün 50.000.000 avro məbləğində kredit xəttinin açılması öhdəliyini icra etmişdir. 30 may 2020-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən əməliyyatın müvəffəqiyyətli olduğu halda iddiaçıya 3%-ə bərabər olan və cavabdehin xeyrinə açılan və ya iştirak etdiyi kredit xətlərinin məbləğinə bərabər olan pul məbləği ödənilməli idi. Hesablanmış pul məbləği 1.500.000 avro təşkil edirdi. Cavabdehə təqdim olunmuş 047/2020 nömrəli invoysa görə ümumi ödənilməli olan məbləğ ******* avro təşkil edir. Lakin bu müddətin keçməsinə baxmayaraq cavabdeh razılaşdırılmış xidmət haqqını ödəməmişdir. Tərəflərindən cavabdehə pretenziya göndərilsə də sonuncu maddi durumunu əsas gətirərək öhdəliyi yerinə yetirməkdən imtina etmişdir. “İddiaçı” hüquq şirkətində digər kreditorlar barədə və borclunun aktivləri barədə hər hansı məlumat mövcud deyil. Bundan başqa "xxxx" MMC Şirkətlər qrupu kreditor “İddiaçı” hüquq şirkəti qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə icra etməmişdir. Bununla da, "xxxx" MMC Şirkətlər qrupunun ödəmə qabiliyyəti olmaması anlamına gəlməlidir. Belə ki, Müflisləşmə və iflas haqqında Qanununun 3-cü maddəsinin c) bəndinə əsasən borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. "xxxx" MMC Şirkətlər qrupu ödəmə qabiliyyətinin olmaması hazırkı ərizə üzrə bununla sübut olunur ki, borclu “İddiaçı” hüquq şirkəti qarşısında olan öhdəliyini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Çünki, borcluya təqdim olunmuş 08.09.2020-ci il tarixli ödəniş tapşırığı bu günə kimi icra olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-2(113)-4757/2021 nömrəli qətnaməsi ilə “İddiaçı” Hüquq Şirkətinin Cavabdehnə qarşı müflis elan edilmə və əmlak inzibatçısının təyin edilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Ərizəçi “İddiaçı” Hüquq Şirkəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuş sənədlərdən və məhkəmədə iştirak edən cavabdeh şirkətin direktorunun verdiyi ifadələrdən aydın olur ki, İddiaçı hüquq şirkəti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir, lakin məhz cavabdeh tərəfin sonradan ümumiyyətlə kredit xəttindən imtina etməsi iddiaçının öz öhdəliyinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfə 08.09.2020-ci il tarixli ödəniş tapşırığı təqdim olunmuş, lakin bu tapşırıq bu günə kimi icra olunmamışdır. Bu fakt cavabdeh "xxxx" MMC Şirkətlər qrupunun ödəmə qabiliyyətinin olmamasını sübut edir. Bundan başqa “Müflisləşmə və iflas haqqında” Qanunun 6-cı maddəsinin ç və ə bəndlərinə əsasən, kreditor tərəfindən iflas prosesinə başlanması halında ərizəçiyə məlum olan digər kreditorlar və borclunun ərizəçiyə məlum olan aktivləri barədə məlumat tələb edilir. Yəni, Qanun ərizəçinin mütləq şəkildə bu cür məlumatı təqdim etməsini tələb etmir, yalnız özünə məlum olan halları bildirməsini tələb edir. İddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş iddia ərizəsində borclunun hər hansı digər kreditoru və aktivləri barədə iddiaçıda məlumat olmadığı qeyd edilmişdir. Belə ki, bu məlumatlar mövcud qanunvericiliyə əsasən kommersiya və bank sirrini təşkil etdiyindən, iddiaçının bu cür məlumatı əldə etməsi sadəcə olaraq, mümkün deyildir və bu hal Məhkəməyə bildirilmişdir. Qanunvericilik bu cür məlumatın təqdim edilməsini kateqorik olaraq tələb etmədiyindən, iddiaçının üzərinə bu cür öhdəlik qoyula bilməz və ya ərizənin təmin edilməsindən bu əsasla imtina edilə bilməz. Beləliklə, borclunun ödəmə qabiliyyətsizliyi barədə qanunvericilikdə tələb edilən müvafiq sənədlər iddiaçı tərəfindən təqdim edilsə də, Bakı Kommersiya Məhkəməsi qanunvericiliyi düzgün tətbiq etməyərək, qanunda göstərilməyən sənədləri iddiaçıdan tələb etməklə iddianı təmin etməkdən imtina etmişdir. İddiaçı tərəfindən borcluya dəfələrlə ödəniş edilməsi ilə bağlı şifahi və yazılı xəbərdarlıq edilməsindən əlavə, yazılı pretenziya məktubu göndərilmişdir və borclu cavab olaraq, borcunu ödəməyə qabil olmadığını bildirmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən Borclunun müflis elan edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. İşə apelyasiya qaydasında baxılması 30.03.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatı, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-2(113)-4757/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, Cavabdeh MMC-nin ona ******* avro borcu mövcuddur və MMC-nin bu borcu ödəmə qabiliyyəti olmadığı üçün müflis elan edilməlidir. Bu iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi üçün əvvəlcə iddiaçının müflis elan edilməsini tələb etdiyi hüquqi şəxsin həqiqətən ona borcu olduğu mötəbər sübutlarla təsdiq edilməli, bu hal təsdiq edilərsə bundan sonra hüquqi şəxsin həmin borcu ödəmə qabiliyyəti olub-olmadığı araşdırılmalıdır. ”Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 3-cü maddəsinə görə borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qeyd edilən Qanunun tələbləri baxımından borclunun öhdəliklər üzrə borcunun mövcudluğu mübahisəsiz olmalı, mötəbər sübutlarla təsdiq edilməlidir. Əgər borcu onun müflis elan edilməsini tələb edən iddiaçı qarşısında hər hansı öhdəliyi olduğunu inkar edirsə öhdəliyin mövcudluğunu sübut etmək vəzifəsi iddia irəli sürmüş tərəfin üzərinə düşür. Hazırkı halda Cavabdeh MMC iddiaçıya hər hansı borcu olduğunu qəbul etmir. Cavabdehin qanuni təmsilçi Nümayəndə işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi müqavilənin əsli mövcud deyil. Həmin müqavilənin rəsmiləşdirilməsi başa çatmamış, yəni İTP Group şirkəti tərəfindən imzalanmamışdır. MMC zərurət qalmadığı, yəni həyata keçirilməli olan layihələrlə bağlı müqavilələr ləğv olunduğu üçün götürmək istədiyi kreditdən imtina etmişdir. MMC-nin iddiaçıya hər hansı pul borcu yoxdur. İddiaçı Cavabdeh MMC-nin ona 1.794.000 AVRO borclu olduğunu təsdiq etmək üçün məhkəməyə 30 may 2020-ci il tarixdə müqavilənin notarial qaydada tərcümə edilmiş nüsxəsini təqdim etmişdir. Müqavilənin əsli məhkəməyə təqdim edilmədiyindən kserosurətə əsasən həmin müqavilənin üzərində müqaviləni bağlamış hər üç hüquqi şəxsin imza və möhürlərinin mövcud olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10- 1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. "xxxx" MMC Şirkətlər qrupu, İTP Group şirkəti və “İddiaçı” hüquq şirkəti arasında bağlandığı göstərilmiş müqavilənin predmetinin məsləhətçi xidməti olduğu qeyd edilir. Müqavilənin məzmununda qeyd olunur ki, tərəflər bütün köməkçi avadanlıq və infrastruktura malik 40 MV gücündə qaz turbinli elektrik stansiyasının inşası uçün (layihə qiyməti 50.000.000 AVRO) birgə müəssisə müqaviləsi bağlamaq qərarına gəlirlər. İddiaçı iddia edir ki, o həmin müqavilənin birinci bəndində qeyd edilmiş xidməti göstərdiyi üçün müqavilənin 4-cü bəndinə əsasən cavabdehdən 1.794.000 AVRO məbləğində pulu almaq öhdəliyi yaranmışdır. “İddiaçı” hüquq şirkətinin həyata keçirdiyi xidmət kimi "xxxx" MMC-nə 120 ay müddətinə 50.000.000 AVRO kredit xəttinin açılmasının təmin edilməsi qeyd edilmişdir. Müqavilənin 10-cu bəndində nəzərdə tutulur ki, bu müqavilənin təfsiri, etibarlılığı və icrası ilə əlaqədar yarana biləcək hər hansı mübahisə üçün Milan Məhkəməsinin müstəsna yurisdiksiyası tətbiq olunacaq. Müqavilənin qeyd edilən şərtindən göründüyü kimi, iddiaçı ilə "xxxx" MMC arasında qeyd edilən müqavilədən irəli gələn mübahisənin araşdırılması və müqavilə üzrə borcun mövcud olub-olmamasına hüquqi qiymət verilməsi Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətinə aid deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC-nin iddia tələbinin əsası kimi istinad edilmiş müqavilə üzrə iddiaçıya borcu olduğu İtaliya Respublikasının Milan Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilmədiyi halda iddiaçının "xxxx" MMC-nin qəbul etmədiyi borcla bağlı MMC-nin müflis elan edilməsinə dair tələbi əsassızdır. Buna görə də, iddianın rədd edilməsi barədə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-2(113)-4757/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Ərizəçi “İddiaçı” Hüquq Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli 2-2(113)-4757/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar