Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-333/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Ayhan Çalbayın və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı kommersiya işi Açar söz: ümumi yığıncağın protokollarının etibarsız hesab edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçılar Ayhan Çalbayın və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi) “ümumi yığıncağının protokollarının və Cavabdeh3 sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4400/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2012-ci il tarixdə qeydə alınmış nizamnaməsindən görünür ki, Kooperativ üzvü kimi iddiaçı Ayhan Çalbayın bu kooperativdə 4 pay şəklində 20 % və İddiaçı1 1 pay şəklində 5% payı olmuşdur. Kooperativin digər üzvləri X15 (5 pay şəklində 25 % pay), X11 (5 pay şəklində 25 % pay), X12 (5 pay şəklində 25 % pay).olmuşdur. Kooperativin ilkin pay fondu 20 manat həcmində müəyyənləşdirilmişdir.
2. Nizamnamənin 4.6-cı bəndində müəyyən edilmişdir ki, əlavə əmlak pay haqqı üzv tərəfindən Mülki Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqlarından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən başqa həmçinin dividend almaq hüququ verən paydır.
3. Nizamnamənin 6.1-ci bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxmaq ərizə əsasında, ümumi yığıncağın qərarı ilə həyata keçirilir.
4. Nizamnamənin 6.5-ci bəndinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxmış üzvə onun payının məbləği (dəyəri) kooperativ üzvünün çıxarılması haqqında qərar qəbul edildiyi gündən 2 aydan çox olmayan müddətdə ödənilməlidir.
5. Nizamnamənin 7.2-ci bəndinə əsasən ümumi yığıncaq üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Səlahiyyətli yığıncaq özünün müstəsna səlahiyyətində aid olan məsələləri üçdə iki səs çoxluğu ilə, digər qərarları sadə səs çoxluğu ilə qəbul edir.
6. Nizamnamənin 7.3-cü bəndinə əsasən kooperativin üzvlüyünə qəbul və kooperativ üzvlüyündən xaric etmə kooperativin müstəsna səlahiyyətinə aiddir.
7. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına əsasən xx.xx.2012-ci il tarixdə qeydə alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Cavabdeh3, MTK-da mütləq payı olan təsisçilər aşağıdakılardır: 1) X5-19,8 %, 2)X9-4,95 %, 3)Cavabdeh3-1 %, 4)X15-24.752 %, 5)Əli-X19-24,75 %, 6)İddiaçı1-4,95 %, 7)Çalbay Ayhan-19,8 %.
8. 17 fevral 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, kooperativ üzvlərindən X18 oglu xx.xx.2018-ci il tarixdə ölmüşdür. İddiaya etirazında cavabdeh X6 2020-ci ilin dekabr ayında vəfat etmişdir.
9. "xxxx" Mənzil Tikinti Kooperativinin may 2016-cı il tarixli protokolunun surətindən müəyyən olunur ki, iddiaçıların iştirakı olmadan mənzil tikinti kooperativinin üzvlərinin ümumi yığıncağı keçirilmiş, tikintinin aparılacağı ərazidə yerləşən qəzalı evlərin sökülməsi, köçürülən sakinlərin kirayə haqlarının və kompensasiyaların ödənilməsi və tikintinin başlanması üçün təsisçilər tərəfindən pul vəsaitinin qoyulması məqsədəuyğun hesab edilməsi, iddiaçıların kooperativ üzvlüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
10. 13 may 2017-ci il tarixli "xxxx" Mənzil tikinti kooperativinin ümumi yigincagının protokolundan görünür ki, iddiaçların iştirakı olmadan keçirilmiş həmin yığıncaqda kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədikləri üçün iddiaçılar kooperativ üzvlüyündən çıxarılmışlar.
11. "xxxx" Mənzil tikinti kooperativinin ümumi yığıncağının 26 may 2019-cu il tarixli iddiaçıların iştirakı olmadan keçirilmiş protokolundan görünür ki, həmin yığıncaqda "xxxx" Mənzil tikinti kooperativinin sədri Cavabdeh3 səlahiyyət müddətinin 2 il uzadılması qərara alınmışdır Kooperativ üzvü X7 vəfat etdiyi halda protokolda onun ümumi yığıncaqda iştirak etdiyi qeyd edilmiş, protokol onun adından imzalanmışdır.
12. "xxxx" Mənzil tikinti kooperativinin ümumi yığıncağının 26 may 2021-ci il tarixli iddiaçıların iştirakı olmadan keçirilmiş protokolunun surətindən görünür ki, həmin yığıncaqda "xxxx" Mənzil tikinti kooperativinin sədri Cavabdeh3 səlahiyyət müddətinin 2 il uzadılması qərara alınmışdır Kooperativ üzvü X7 vəfat etdiyi halda protokolda onun ümumi yığıncaqda iştirak etdiyi qeyd edilmiş, protokol onun adından imzalanmışdır.
13. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,”Lider-F” MTK-nın xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2023-cü il tarixli protokolları qeydiyyat qovluğundan aşkar edilməmiş və onlara uyğun hər hansı dəyişiklik aparılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçılar Ayhan Çalbay və İddiaçı1 cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə, Cavabdeh3 və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı Cavabdeh1 MTK-nın Kooperativ üzvlərinin ümumi yığıncağının may 2016- cı il tarixli, 13 may 2017-ci il tarixli 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli Protokollarının və Cavabdeh3 26 may 2019-cu il tarixindən sədr vəzifəsi səlahiyyətlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına (**********242400) əsasən 08 noyabr 2012-ci il tarixində yaradılmış, 14 noyabr 2012-ci il tarixində ********** nömrə dövlət qeydiyyatına alınmış Cavabdeh1 Mənzil Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi Cavabdeh3dur və MTKnın aşağıdakı mütləq payda üzvləri vardır: 1. X7 – 19.8 %, 2. X10 – 4.95 %, 3. Cavabdeh3 – 1 %, 4. X15 – 24.752 %, 5. Əli-X19 – 24.75 %, 6. İddiaçı1 – 4.95%, 7. Çalbay AYHAN – 19.8%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 35 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. MTK-ya qarşı iştirakçıları Ayhan Çalbay və İddiaçı1 Bakı Kommersiya Məhkəməsində “payın müəyyən edilməsi, bölüşdürülməsi və s” tələbinə dair iddia ərizəsi üzrə keçirilən məhkəmə prosesində Protokollar təqdim edilmişdir. Məlumatları olmadan və heç bir bildiriş verilmədən, qanunvericilikdə nəzərdə tutulan qaydada elan verilmədən MTK-nın üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may 2019-cu il tarixli protokolda “Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. X1 imza atmışdır ki, həmin vaxt bu dünyada yox idi, ölmüşdü. Bundan başqa məlumatı olmadan və heç bir bildiriş verilmədən, qanunvericilikdə nəzərdə tutulan qaydada elan verilmədən MTK-nın üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may 2021-ci il tarixli Protokolda“ Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. Protokol yetərsay olmadan imzalanmışdır. Belə ki, Protokola üzvlərdən 4.95% pay sahibi olan X10, 1 % pay sahibi olan Cavabdeh3, 24.75 % pay sahibi olan Əli-X19 imza atmışlar ki, bu üzvlərin cəmi payları 30.7% olmuşdur. Protokola MTK-ya üzv olmayan X20 və X13, eyni zamanda mərhum Koorporativ üzvü X7 imza atmışlar. Göründüyü kimi, qanun pozuntusu göz qabağındadır. Cavabdeh3 qanun pozuntuları ilə keçirilmiş ümumi yığıncaq əsasında sədr seçildiyini bilə-bilə Kooperativdə sənədlərə imza atmış və səlahiyyəti olmadan MTK adından üçüncü şəxslərlə mülki hüquqi münasibətləri yaratmış və müqavilələrə, sənədlərə imza atmışdır. Çox güman ki, 26 may 2023-cü il tarixində MTK-da eyni qanun pozuntuları ilə ümumi yığıncaq keçirilmiş və “Cavabdeh3 2 il müddətinə sədr seçilmişdir”. Bundan başqa Protokolların tərtibatı, forması qanunvericiliyin tələbinə uyğun deyildir və qeydiyyat nömrəsi yoxdur. Bütün bunlar ona dəlalət edir ki, MTK-da özbaşnalıqdır, idarəçilik qanun pozuntuları əsasında aparılır və iştirakçı olaraq iddiaçıların və üçüncü şəxslərin, o cümlədən dövlətin qanuni mənafeləri pozulmuşdur və pozulmaqda davam edir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Yuxarıda qeyd edilənlədən göründüyü kimi, MTK-da ümumi yığıncaq qanun pozuntuları ilə keçirildiyindən qanuni təmsilçi barədə qəbul edilən Protokollar Dövlət reyestrinə təqdim edilməmişdir. Hazırda bu pozuntu davam etməklə qanunla qorunan hüquq və azadlıqları, o cümlədən üçüncü şəxslərin hüquqları pozulur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.7-ci maddəsinə əsasən qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməlidir. Dövlət Vergi Xidməti səlahiyyət müddəti bitmiş qanuni təmsilçinin adından sənədləri, məlumatları, bəyənnamələri qəbul etməkdə özü belə qanun pozuntusu törətmişdir. Belə ki, reyestr məlumatlarında vergi orqanı qanuni təmsilçinin səlahiyyət müddətinin qurtarmasını biləbilə həmin şəxsin sənədlərini, məlumatlarını, bəyənnamələrini leqallaşdırmışdır. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 01 fevral 2013-cü il tarixli 029 №-li Cavabdeh1 MTK-ya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ünvan 1 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və başa çatmışdır. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən; 1) ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2017-ci il tarixində 00800003-1-1101- 001233/1217 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 889.9 m2, Binanın ümumi sahəsi – 12558.2 m2 Binanın həcmi – 55727.6 m3 Girişlərin sayı – 1, Mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı –30, 3 otaqlı –54. 2) ünvan 2 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2019-cu il tarixində 00800003-1-1101- 002011/0719 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 833.7 m2, Binanın ümumi sahəsi – 17124.9 m2 Binanın həcmi – 57253.2 m3 Mənzillərin yaşayış sahəsi – 10553 m2. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-ya "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırki tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTKnın sədri Cavabdeh3 müraciətə xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 Ümumi Yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. MTK-nın “sədri Cavabdeh3” xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirmir. Onun özü qanun pozuntusu ilə sədr vəzifəsini daşımasını bilə-bilə iddiaçıların hüquq və azadlıqlarını pozmuşdur. Ayhan Çalbay və İddiaçı1 MTK-nın təsisçiləridir, mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4400/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia təmin edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ayhan Çalbay və İddiaçı1 "xxxx" Mənzil tikinti kooperativinin pay hüququ olan üzvləri olduğu halda kooperativin ümumi yığıncaqları keçirilərkən onlar çağrılmamış, ümumi yığıncağın keçirilməsi barədə onlara bildiriş verilməmiş, onların ümumi yığıncaqda iştirakı təmin edilməmişdir. 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixl ümumi yığıncaq keçirilərkən protokolda ölmüş şəxs X7 iştirakçı kimi qeyd olunmaqla onun yerinə imzası çəkilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 MTK qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4400/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Çalbay Ayhan və İddiaçı1 "xxxx" MTK-nə qarşı iddia tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 2(102)-285/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin iş üzrə Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-158/2023 saylı 17 fevral 2023-cü il tarixli qərardadına əsasən iddiaçıların iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, məhkəmə qaydasında istənilən məsələ deyil, yalnız hüququ pozulmuş şəxs üçün hər hansı hüquqi nəticə yaradan hallar məhkəmə qaydasında mübahisələndirilə bilər. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilərki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Həmin iş üzrə, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-400/2023-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir, məhkəmə belə nəticəyə gəlmişdir ki, şəxsin hüquqlarının təminatı üçün hər hansı bir mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Ali Məhkəmə birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticələrin düzgün qiymətləndirmiş və iddiaçıların kassasiya şikayətini təmin etməmişdir. Hal-hazırda da iddiaçılar Ayhan Çalbay və İddiaçı1 “protokolların və sənədlərin etibarsız hesab edilməsinə dair” iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları mövcud deyil. Lakin, bu məsələ məhkəmə tərəfindən aydınlaşdırılmamış, iddiaçıların belə iddia tələbi irəli sürməsinə dair subyektiv hüquqlarının olub-olmaması məsələsinə baxılmamışdır. "xxxx"MTK təsis edilərkən 5 nəfər kooperativ üzvü tələb olunduğundan Fərid Əliyevə məxsus digər bir şirkət –"xxxx" MMC-də işçi kimi çalışmış iddiaçılar Ayhan Çalbayı və onun qaynı İddiaçı1 say hesabının düz olması üçün MTK-ya üzv kimi qəbul etmişdir. İddiaçılar tamamilə formal olaraq kooperativ üzvü olmuşlar və kooperativin fəaliyyətində iştirak etməmişlər. Bu fakt Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da öz təsdiqini tapmışdır. Həmin qərardan iddiaçının məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış, daha sonra verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. Beləliklə, iddiaçıların Cavabdeh1MTK-nın formal təsisçiləri olması sübuta yetmişdir. Sadəcə cavabdeh "xxxx" MTK-nin sədrinin səhlənkarlığı ucbatından Çalbay Ayhanın və İddiaçı1 kooperativ üzvlərinin siyahısından çıxarılmaları barədə vergi orqanına müraciət vaxtında edilməmiş və formal təsisçilərin uzaqlaşdırılması mümkün olmamışdır. Lakin, birinci intansiya məhkəməsi bu məsələlərə nəzər yetirməmiş, iddiaçıların formal kooperativ üzvü olmalarının sübut edilməsinə baxmayaraq iddia tələblərini təmin etmişdir. İddiaçılar Ayhan Çalbayvə İddiaçı1 məhkəmədə izahat verərək bildirimişlər ki, onların məlumatı olmadan kooperativ üzvlərinin ümumi yığıncağı keçirilmiş və 26 may2019-cu il tarixli Protokola əsasən Cavabdeh3 2 il müddətinə kooperativ sədri seçilmişdir. 26 may 2021-ci il tarixdə yenidən ümumi yığıncaq keçirilmiş və Cavabdeh3 2 il müddətinə kooperativin sədri seçilmişdir. Həmçinin qeyd etmişlər ki, mərhum X5 həmin protokollara imzalamışdır, göründüyü kimi qanun pozuntusu göz qabağındadır. Həmçinin iddiaçılar güman edirlər ki, "xxxx" MTK-nin 26 may 2023-cü il tarixli ümumi yığıncağı da qanun pozuntusu ilə keçirilmişdir. İlkin olaraq qeyd edim ki, "xxxx" MTK-nin 13 may 2017ci il tarixli Protokoluna əsasən iddiaçılar kooperativ üzvlüyündən çıxarılmışlar."xxxx" MTKnin 26 may 2019-cu il tarixli, 26 may 2021-ci il tarixli və 26 may 2023-cü il tarixli ümumi yığıncağı, iddiaçıların kooperativ üzvlüyündən çıxarıldığından sonra keçirildiyinə görə, onlara bu yığıncaqlar ilə bağlı bildirişlər göndərilməmişdir. İkinci olaraq "xxxx" MTK-nin üzvlərinin heç biri Cavabdeh3 kooperativ sədri olmasında qarşı deyil, yəni iddiaçıların qeyd etdiyi kimi, kooperativ içində qanunsuzluq yoxdur, hər bir üzv Cavabdeh3 sədr olmasını dəstəkləyir. İddiaçılar kooperativin 26 may 2023-cü il tarixli ümumi yığıncağının qanunsuz keçirilməsini güman etmələri gülüncdür, əgər həmin yığıncaq qanunsuz keçirilibsə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək, izahatlarda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
22. Üçüncü şəxsin nümayəndəsi X16 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxmış, izahatında göstərmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi hüquqi şəxslərin reyestr məlumatlarında dəyişiklər edilməsi üçün təqdim edilmiş qərarların qanunauyğunluğunu yoxlayır, əgər qərar qanunun tələblərinə uyğun qəbul edilməyibsə, o cümlədən ümumi yığıncağın iclası barədə iştirakçılara bildiriş göndərilməsi barədə sübutlar yoxdursa həmin qərarlar əsasında müvafiq dəyişiklər aparılmasından imtina edilir.
23. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 109.1-ci maddə-kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddə-kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5-ci maddə-mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.6-cı maddə-əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7-ci maddə-üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 111.1-ci maddə-kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2-ci maddə-kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.5-ci maddə-ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün 1 səsi vardır. 111.7-ci maddə-kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8-ci maddə-kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə (maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) çağırılır. Bu halda kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. 112.1-ci maddə-kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. 112.2-ci maddə-kooperativ üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. 112.4-cü maddə-kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi 109.1-ci maddə-yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. 109.2-ci maddə-mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər. 109.6-cı maddə-mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 110.6-cı maddə-mənzil-tikinti kooperativinin üzvünün payının özgəninkiləşdirilməsi ilə əlaqədar əqdlər notariat qaydasında təsdiqlənməlidir. 117.1-ci maddə- kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. 117.2-ci maddə-bu Məcəllənin 117.1-ci maddəsinə əsasən aparılan ödəmənin məbləği mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının üzvlükdən çıxarılma haqqında qərar qəbul etdiyi günə mənzil-tikinti kooperativindən çıxan (çıxarılan) üzvə bu Məcəllənin 113-cü maddəsinə əsasən ayrılmış yaşayış (qeyri-yaşayış) sahəsinin satış qiymətindən az olmamalıdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
24. Qətnamə Cavabdeh1 MTK tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçılar "xxxx" Mənzil Tikinti Kooperativinin üzvləridir, hüquqi şəxslərin dövlət reyestrində hal-hazırda mövcud olan qeydiyyat məlumatlarına əsasən İddiaçı1 kooperativdə mütləq pay haqqı 4,95 %, Çalbay Ayhanın-19,8 %-dir.
27. Məhkəmə iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları olmadığına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.3-cü maddəyə əsasən bu qanunun 9.1-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alınmasından sonra qüvvəyə minir. Hazırkı halda iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə ümumi yığıncağın qərarı dövlət reyestrində qeydə alınmadığından qüvvəyə minmədiyi üçün iddiaçılar hal-hazıradək kooperativin üzvləri hesab olunur. Kooperativ üzvlərinin onların hüquq və mənafelərinə zidd olan ümumi yığıncağın qərarlarını mübahisələndirmək hüquqları olduğundan iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olduqları müəyyən olunur.
28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 "xxxx" Mənzil tikinti kooperativinin mütləq pay haqqı ödəmiş və səs hüququna malik üzvləri olduqları halda onlara kooperativ üzvlüyündən çıxarılmalarına dair xəbərdarlıq edilərkən və bu barədə qərar qəbul edilərkən keçirilmiş ümumi yığıncaqlar barədə məlumat verilməmiş, bu barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə qərar qəbul edilsə də, qərarda MM-nin 112-ci maddəsinin tələblərinə uyğun olaraq çıxarılan kooperativ üzvünə onun payının dəyərinin ödənilməsi nəzərdə tutulmamış və hal-hazıradək iddiaçılara payları ödənilməmişdir.
29. Bundan əlavə müəyyən edilmişdir ki, MTK-nın 26 may 2019-cu il tarixli və 26 may 2021-ci il tarixli ümumi yığıncaqları keçirilərkən protokolda vəfat etmiş koopeartiv üzvü X2 iştirak etdiyi qeyd edilməklə, protokol onun adından imzalanmışdır. İddiaya etirazında cavabdeh kooperativ üzvləri olan X7 və X15 vəfat etdiklərindən ümumi yığıncaqlarda onların vərəsələrinin iştirak etdiklərini və protokolları üzvlərin adından onların vərəsələrinin imzaladıqlarını qeyd etsə də ölən kooperativ üzvlərin vərəsələrinin MM-nin 112.4-cü maddəsinə əsasən kooperativ üzvlüyünə qəbul edilməsi barədə ümumi yığıncağın bu barədə qərarları məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, əgər həqiqətən protokollar ölmüş kooperativ üzvlərinin yerinə kooperativə qəbul edilmiş vərəsələr tərəfindən imzalansaydı onda protokolda yeni üzvlərin, yəni vərəsələrin öz adları qeyd edilməli idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mübahisələndirilən ümumi yığıncaqlar qanun pozuntuları ilə həyata keçirildiyindən iddianın təmin edilməsi qanuni və əsaslıdır.
30. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıların kooperativ üzvlüyündən çıxarılması üçün qanuni əsasların mövcudluğu müəyyən edilməmişdir. MM-nin 112.2-ci maddəsində kooperativ üzvünün ümumi yığıncağın qərarı ilə kooperativdən çıxılmasının əsasları aşağıdakı kimi müəyyən edilmişdir: kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələrin icra edilməməsi və ya lazımınca icra edilməməsi; kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallar. Hazırkı halda cavabdeh kooperativ üzvlərinin nizamnamədə nəzərdə tutulmuş hansı vəzifəni icra etmədiyini göstərə bilməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçılar tərəfindən mütləq pay haqqı ödənilmişdir. Nizamnamənin 4.6-cı bəndində müəyyən edilmişdir ki, əlavə əmlak pay haqqı üzv tərəfindən Mülki Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqlarından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən başqa həmçinin dividend almaq hüququ verən paydır. Göründüyü kimi, bu bənddə “öz arzusu ilə” ifadəsi işlədildiyindən müəyyən olunur ki, mütləq pay haqqından başqa əlavə pay haqqı ödənişi nizamnamədə kooperativ üzvünün vəzifəsi olaraq deyil, hüququ olaraq nəzərdə tutulmuşdur. Nizamnamənin 5.4-cü bəndində isə kooperativ üzvünün vəzifələtinə kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və həcmdə üzvlük haqqı və mütləq pay haqqı vermək və kooperativin fəaliyyəti ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək aid edilmişdir. Hazırkı halda iddiaçıların kopperativin fəaliyyəti ilə əlaqədar üzərlərinə hər hansı öhdəlik götürdükləri və onun icra edilmədiyi müəyyən edilmir.
31. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin təqdim etdiyi MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıların Ayhan Çalbay və İddiaçı1 yenidən "xxxx" Mənzil tikinti kooperativinin üzvlüyündən xaric edilməsi və onların paylarının digər 5 üzv arasında bölünməsi qərara alınmışdır. Göründüyü kimi, MTK bu qərarı qəbul etməklə dolayısı ilə iddiaçıların kooperativ üzvlüyündən çıxarılması barədə ümumi yığıncağın 13 may 2017-ci il tarixli protokolunun qanunsuz olduğunu qəbul edərək onların kooperativinin üzvlüyündən xaric edilmələri barədə yeni qərar qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili bununla bağlı izahat verərək bildirmişdir ki, əvvəlki qərar vergi orqanı tərəfindən qəbul edilmədiyindən yeni qərar qəbul etməyə məcbur olmuşlar. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuş, qətnamənin ləğv edilməsinə əsas olan hər hansı maddi və ya prosessual pozuntuya yol verilməmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh1 Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4400/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.