Məhkəmə qərarları › İş №2-2(103)-335/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-335/2023

18.04.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-335/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 cavabdeh Aslanov Nazir Elşad oğluna qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh Aslanov Nazir Elşad oğlunun iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3670/2022 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı X4 cavabdeh Aslanov Nazir Elşad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Aslanov Nazir Elşad oğlundan 4.500 manat icarə haqqının, 627 manat kommunal xidmət borcunun, işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manatın, digər ziyan üçün 1.950 manatın, hüquqi yardım xərcləri üçün 510 manatın, 100 manat mediasiya xərcinin, 16 manat dövlət rüsumunun, ümumilikdə 9.703 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən “ŞAM” restoranını 20 aprel 2021-ci il tarixli öhdəlik əsasında Aslanov Nazir Elşad oğluna vermişdir. Yazılı öhdəliyə əsasən, cavabdeh restoranı işlətdiyinə görə 2021-ci ilin sentyabr ayının 1dən başlayaraq növbəti hər ay üçün əvvəlcədən 1.500 manat ödəməyi, restoranın fəaliyyətinin təşkili və idarəçiliyini öz üzərinə götürdüyü, restoranın fəaliyyəti ilə bağlı işçilərin qanunvericiliyinə uyğun işə qəbulu, sənədləşməsi, yanğın və əmək təhlükəsizliyi qaydalarına əməl olunması, kassa, vergi və digər məcburi ödənişlərə, razılıq və icazələrin alınmasına görə tam cavabdehliyi, restoranın əmlakını təhvil aldığı vaxtdan onun salamatlılığına və bərpasına cavabdeh olduğunu, ona veriləcək etibarnamə əsasında hərəkət edəcəyini və restoran sahibinin hüquqlarına və qanuni mənafeyinə zidd ola bilən hər hansı hərəkətə (hərəkətsizliyə) və ziyana yol verməyəcəyini, restoranı işlətməyi dayandırmaq istəyi barədə ən azı 2 ay əvvəl yazılı şəkildə restoran sahibinə məlumat verəcəyini öhdəsinə götürmüş, öhdəliyi qəbul etdiyini və yerinə yetirəcəyinə təminat verdiyini imzası ilə təsdiq etmişdir. Növbəti ay üçün ödənişi gecikdirdiyinə görə cavabdehlə maraqlanarkən o, telefon zənglərinə cavab verməmiş, bəzi hallarda başqa yerdə olduğunu bildirmişdir. Restorana getdikdə oranın bağlı olduğu və yenidən onunla telefon əlaqəsi yaradıldıqda 11 yanvar 2022-ci ildə onun tərəfindən restoranın bağlandığı məlum olmuşdur. Cavabdeh restoranı təhvil verməkdən boyun qaçırmış, yalnız təkidli müraciətlərdən sonra 15 yanvar 2022-ci ildə restorana gəlmişdir. Təhvil-təslim zamanı aşkar edilmişdir ki, ödəniş vaxtı çatmış kommual xərclər, yəni təbii qaza görə 240,25 manat, elektrik enerjisinə görə 178,83 manat, suya görə 208 manat ödənilməmiş, nəfis hazırlanmış təcrid taxta arakəsmələr sökülüb aparılmış, istilik sistemi sıradan çıxarılmış, restoranın qapısı sındırılmış, işıq və istilik sistemi bərbad hala salınmış, Wİ-Fİ aparatı aparılmış və digər çoxsaylı ziyanlı hallara yol verilmişdir. Restorana təbii qazın verilməsi dayandırılmış, elektrik enerjisin və suyun kəsiləcəyi barədə son xəbərdarlıq verilmişdir. Cavabdeh borcları ödəyəcəyi, arakəsmələri və əşyaları gətirib qaytaracağı barədə şifahi və yazılı vədlər versə də, çoxsaylı təkrar müraciətlərə baxmayaraq bunların heç birini yerinə yetirməmişdir. Restoranın 15 gün ərzində fəaliyyətini bərpa etmək mümkün olmamışdır. Məcbur olub ziyanın böyüməsinin qarşısını almaq üçün kommunal borcları ödəmiş, kombini təmir etdirmiş və digər təmir işləri aparılmışdır. Bilərəkdən restoranın fəaliyyətini qəsdən iflic vəziyyətə çatdırmış və sahibkar kimi iddiaçının, sahibkarlıq obyekti kimi restoranın imicinə ciddi maddi və nüfuz ziyanı vurmuşdur.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, icarə obyektini 2021-ci ilin aprel ayında istifadə etməyə başlamış və 2022-ci ilin yanvar ayında oradan çıxmışdır. Çıxmağı barədə restoran sahibinin Musa adlı qardaşı oğluna xəbərdarlıq vermişdir. İcarə haqqını əlbəəl Musaya vermişdir. Onun icarə haqqı üzrə heç bir borcu yoxdur. Restoranı öz hesabına təmir etdirmişdir. Bundan əlavə ora kamera qoydurmuş, internet çəkdirmiş, havalandırma sistemini təmir etdirmişdir. Onun təqribi 100 manat suyun istifadəsi və 300 manat işığın istifadəsinə görə kommunal borcu qalmışdır. Qazdan istifadə etməmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3670/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, kommunal xidmətləri borcu üzrə 627 (altı yüz iyirmi yeddi) manat məbləğində pulun Aslanov Nazir Elşad oğlundan tutularaq X2 ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq olaraq 100 (yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16 (on altı) manat, ümumilikdə 116 (yüz on altı) manat məbləğində pulun Aslanov Nazir Elşad oğlundan tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. İddiaçı X4 apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan 15 yanvar 2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci ildə obyektin təhvil verilməsi zamanı Aslanov Nazir Elşadoğlunun kommunal xidmətlərə görə borcunun olduğu aşkar edilmiş, restoranı işlətməyə görə xx.xx.2022-ci il tarixədək bütün borcları öz üzərinə götürdüyünü və ödəyəcəyini imzası ilə təsdiq etmişdir. X7 Elşad oğlu imzalamışdır. Göründüyü kimi qeyd olunan sübutda konkret olaraq göstərilib ki, 15 yanvar 2022-ci il tarixədək restoran işlətməyə görə bütün borclar cavabdeh tərəfindən qəbul edilib. Məhkəmə nəzərə almayıb ki, həmin borclar tək kommunal xidmətlərə görə yaranmış borclar deyildir. Cavabdeh bütün borclara o cümlədən icarə haqqına görə yaranmış borcları da qəbul etmişdir. Məhkəmə qeyd olunan aktın kim tərəfindən tərtib olunmasını, onu kimin imzalamasını və bununla da borcun olub-olmamasını düzgün əlaqələndirməmişdir. Belə ki, aktın tərtibi ilə borcun olub-olmaması arasındakı əlaqə qətnamədə şərh olunmayıb. Eyni zamanda prosesdə iştirak edən cavabdeh bildirmişdir ki, aktlardakı imzalar ona məxsusdur. Məhkəmə işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manat pulun tələb edilməsi hissəsini də əsassız hesab edib. Eyni zamanda məhkəmə kommunal borcların ödənilməsi hissəsində cavabdehin etirafına əsaslanaraq iddianı qismən təmin edib. Məhkəmə bir daha nəzərə almayıb ki, cavabdeh etirafında kommunal xidmətlərə görə borcun olduğunu, eyni zamanda 14 yanvar 2022-ci il tarixdə yazdığı məktubda və digər yazışmalarda göstərib ki, restoranı işlətmək iqtidarı onda yoxdur. Bu da işgüzar nüfuza ziyan dəydiyinin birbaşa sübutudur. Bundan başqa təhvil-təslim zamanı aşkar edilmişdir ki, nəfis hazırlanmış təcrid taxta arakəsmələr sökülüb aparılmış, istilik sistemi sıradan çıxarılmış, restoranın qapısı sındırılmış, işıq və istilik sistemi bərbad hala salınmış, Wİ-Fİ aparatı aparılmış və digər çoxsaylı ziyanlı hallara yol verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh dəymiş ziyanı təkzib etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdeh Aslanov Nazir Elşad oğlu isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

11. Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın rədd olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır.

14. Belə ki, tərəflər arasında faktiki icarə hüquq münasibətlərinin olması, bu münasibətlərin xx.xx.2021-ci il tarixdən başlamaqla xx.xx.2022-ci il tarixinədək davam etməsi və aylıq icarə haqqının 1.500 manat təşkil etməsi işin mübahisəsiz halıdır. Çünki həm cavabdeh bu halı etiraf edir, həm də bu hal sonuncu tərəfindən imzalanmış “Öhdəlik” adlı “sənədlə” təsdiq olunur.

15. İddiaçı 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında icarə haqqının ödənilmədiyini bildirir.

16. Bu əsasla icarə haqqının tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

17. Lakin hazırki işdə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir.

18. Belə ki, icarə haqqının tutulması barədə tələblərin əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, icarəyə götürən (cavabdeh) tərəfindən icarə haqqı ödənilməmişdir.

19. Lakin hazırda həmin hallar müəyyən olunmur.

20. Belə ki, işdə olan 15 yanvar 2022-ci il tarixli akta əsasən xx.xx.2022-ci ildə obyektin təhvil verilməsi zamanı Aslanov Nazir Elşad oğlunun kommunal xidmətlərə görə borcunun olduğu aşkar edilmiş, restoranı işlətməyə görə xx.xx.2022-ci il tarixədək bütün borcları öz üzərinə götürdüyünü və ödəyəcəyini imzası ilə təsdiq etmişdir. X7 Elşad oğlu imzalamışdır.

21. Birinci instansiya məhkəməsində qeyd edilən aktın məhz kim tərəfindən tərtib edilməsi araşdırılmış, iddiaçı tərəf aktın kim tərəfindən tərtib edilməsini bilmədiyini, cavabdeh tərəf isə aktdakı imzanın ona məxsus olduğunu, mətninin isə iddiaçı tərəfindən yazıldığını bildirmişdir.

22. Kollegiya belə qənaətə gəlir ki, aktın mətni iddiaçı tərəfindən yazılmışdır. Belə ki, işdən də göründüyü kimi, iddiaçı tərəfin istinad etdiyi “Öhdəlik” adlı “sənəddə” də yalnız Aslanov Nazir Elşad oğlunun imzası mövcud olsa da, həm onu, həm də qeyd edilən aktı məhkəməyə iddiaçı tərəf təqdim etmişdir.

23. Yəni iddiaçı tərəfindən qeyd edilən sənədlərə istinad edilməsi, həmin sənədlərin iddiaçının özü tərəfindən tərtib edilməsinə dəlalət edir. Həmin aktın da, iddiaçı tərəfindən tərtib edildiyini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin icarə haqqı üzrə borcu qalmış olsa idi, qeyd edilən aktda bu barədə də, hər hansı bir məlumat mövcud olmuş olardı.

24. Eyni zamanda iddiaçı iddiasının əsasını təşkil edən sübut kimi “WhatsApp” yazışmalarını məhkəməyə təqdim etmişdir.

25. Həmin yazışmaların mətninə və ümumi məğzinə əsasən müəyyən olunur ki, tərəflər arasında yalnız icarə obyektinin kommunal borcları ilə bağlı yazışmalar olmuşdur.

26. Göründüyü kimi həm yuxarıda qeyd olunan “WhatsApp” yazışmalarına, həm də 15 yanvar 2022-ci il tarixli akta əsasən tərəflər arasında yalnız icarə obyektinin kommunal borcları ilə bağlı mübahisə olduğu müəyyən olunur. Cavabdehin icarə haqqı üzrə borcu qalmış olsa idi, qeyd edilən aktda və yazışmalarda bu barədə də, hər hansı bir məlumat mövcud olmuş olardı.

27. Belə olan halda isə icarə haqqının tələb edilməsi əsassızdır.

28. Həmçinin kollegiya hesab edir ki, işgüzar nüfuza dəymiş zərər üçün 2.000 manatın, digər ziyan üçün 1.950 manatın tutulması barədə tələblər də təmin edilə bilməz.

29. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

30. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki zərərin mövcudluğu, yəni cavabdehin öz öhdəliklərinin pozması nəticəsində iddiaçıya zərərin hansı şəkildə dəyməsi əsaslandırılmamış və həmin zərərin dəyməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

31. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3670/2022 saylı qətnaməsi iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar