Məhkəmə qərarları › İş №2-2(103)-337/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-337/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-337/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, Təranə Nəriman qızı Mahmudova və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-898/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləyə görə sifarişçi satış xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin: 6.1-ci bəndinə görə icraçı müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. 6.2-ci bəndinə görə icraçının təqsiri nəticəsində sifarişçidən təhvil aldığı məhsulların, malların və ya əmlakın məhv olması və ya zədələnməsi riski hazırkı müqavilənin bitməsinədək icraçının üzərinə düşür.

2. 01.10.2024-cü il tarixli maliyyə arayışına görə Cavabdeh2 "xxxx" MMC-yə olan borcu 11948 manat təşkil edir.

3. 09 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta görə cavabdeh İsmayıllı rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə keçirilmiş sayım zamanı 11948 manat dəyərində 23896 kq malın (karbomid) anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir.

4. xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə cavabdeh 11948 manat dəyərində 23896 kq malın (karbomid) anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/9686 saylı rəyinə əsasən 13 sentyabr 2022-ci il tarixli AGR 026 nömrəli “Satış xidmətlərinin göstərilməsi haqqında" Müqavilənin 1-2-ci vərəqlərinin sonundakı imzalar və 3-cü vərəqində “Fiziki şəxs:” qrafasının aşağı hissəsində “Cavabdeh2” yazıları qarşısındakı imza, xx.xx.2023-cü il tarixli “Anbar qalıqlarının sayımın nəticəsi barədə” Aktın sonunda “Məsul şəxs/anbardar (A.S.A İMZA)” qrafasında “Cavabdeh2” yazıları qarşısındakı imza, xx.xx.2023-cü il tarixli Üzləşmə Aktının (malların təhvil-təslimi ilə bağlı) aşağı sağ hissəsində “(imza)” qrafasında “Cavabdeh2” yazılarının əvvəlindəki imza – Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC Cavabdeh2 qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11948 manat məbləğində pulun, habelə 125,84 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə olunan “satış xidmətləri göstərilməsinə dair” 13 sentyabr 2022-ci il tarixli, 026 nömrəli müqaviləyə əsasən “Sifarişçi” sifariş verib, razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bunun müqabilində satış üçün nəzərdə tutulan malları təhvil alaraq iddiaçının müəyyən etdiyi satış xidmətlərini həyata keçirməyi və xidməti lazımınca yerinə yetirib “Sifarişçi”yə təhvil verməyi öz öhdəsinə götürmüşdür. “Malların təhvil-təslimi ilə bağlı” 09 yanvar 2023-cü il tarixli üzləşmə aktına əsasən, cavabdeh 13 sentyabr 2022ci il 09 yanvar 2023-cü il tarixləri aralığında aşağıda qeyd edilən miqdarda və dəyərdə olan malları iddiaçıdan təhvil almışdır: 1) 11948 manat dəyərində “Karbamid (SOCAR)” 23896 kq 09 yanvar 2023-cü il tarixli üzləşmə aktından göründüyü kimi, Cavabdeh2 aşağıda sadalanan 11948 manat dəyərində 23896 kq “Karbamid (SOCAR)” malın anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını qeyd etmişdir. 09 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” akta əsasən həmin tarixdə İsmayıllı rayonunda yerləşən anbarda mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə Cavabdeh2 iştirakı ilə sayım keçirilmişdir. Həmin akta əsasən cavabdeh yuxarıda adıkeçən 11948 manat dəyərində 23896 kq malın anbarda çatışmadığını və buna görə məsuliyyət daşıdığını təsdiq etmişdir. 01 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 mal qalığı ilə əlaqədar borcu 11948 manat təşkil edir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il 2-2(113)-898/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehdən 11948 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 125,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu müəyyən edilmişdir.

10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 442-ci maddələrinə, məhkəmə xərcləri hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir.

11. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan heç bir mal almamış, cavabdeh ilə iddiaçı “arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanması iddia olunan xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləsi, 09 yanvar 2023-cü il tarixli “anbar qalıqlarının sayımının nəticələri haqqında” aktı və xx.xx.2023-cü il tarixli üzləşmə aktı Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmış, cavabdeh tərəfindən imzalanıb təsdiq edilməmişdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh2 İddiaçı MMC qarşısında heç bir öhdəliyi yaranmamışdır. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1- ci və 442-ci maddələrinin tətbiqində səhvə yol vermiş, həmin maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə Cavabdeh2 hüquqları pozulmuşdur. İddiaçı tərəf pretenziya qaydasına riayət edilməsi barədə sübutu iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. Bundan başqa qeyd edir ki, işə baxılarkən ərazi aidiyyati qaydalarıda pozulub. Belə ki, iddia cavabdehin qeydiyyata alındığı yerin kommersiya məhkəməsinə verilməmiş, cavabdeh iddiaçı ilə müqavilə bağlamadığı, müqavilədəki imza cavabdehə aid olmadığı halda, iddiaçı müqaviləyə əsaslanıb iddianı Bakı Kommersiya Məhkəməsinə verib.

13. Apelyator pozulmuş maddi və prosessual hüquq norması kimi Azərbaycan Respublikasının MM-in 385.1, 386.1, 398.1, 399.1, 442-ci maddələrini MPM-in 150, 150.4, 151.1, 152.1.4-ci maddəsini göstərmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etirazın əsasları kimi göstərilmişdir ki, üzləşmə aktı və anbar qalıq sayım nəticələrinə dair olan aktlar cavabdehin iştirakı ilə onun məsul olduğu anbarda aparılan yoxlamalar zamanı müəyyən edilən əksik-çatışmayan malların əsasında cavabdehin və şirkətin müvafiq səlahiyyətli nümayəndəsinin iştirakı ilə tərtib və təsdiq edilmişdir. Habelə iddiaçı ilə cavabdeh arasında 13 sentyabr 2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Hansı ki sözügedən müqavilə hər iki tərəfin iradə ifadəsi ilə qarşılıqlı razılığı əsasında tərəflərin iştirakı ilə tərtib edilərək cavabdehin imzası,eləcə də şirkətin müvafiq səlahiyyətli nümayəndəsinin imza və möhrü ilə təsdiq olunaraq rəsmiləşdirilmişdir. Həmin müqavilə və aktlar tərəflərin öhdəliklərini də ehtiva edən hüquqi qüvvəyə malik rəsmi sənəd olduğundan cavabdehin heç bir öhdəliyi olmadığını bildirməsi əsassızdır. Onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərtib edilmiş protokollardan da məlumdur ki, cavabdeh sözügedən anbar qalıq sayım nəticələri və üzləşmə aktlarını özü imzaladığını təsdiq etmişdir, habelə sözügedən müqavilənin etibarsızlığı barədə onun tərəfindən heç bir iddia qaldırılmamışdır. Bu da öz növbəsində cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu göstərməkdədir. Pretenziya qaydasına riayət edilməməsi və bu barədə məhkəməyə sübut təqdim edilməməsi əsassızdır. Məhkəmənin nəzərinə çatdırır ki, pretenziya müvafiq qayda da cavabdehə göndərilmiş və bunu təsdiq edən sənəd e-məhkəmə sistemi vasitəsilə Bakı Kommersiya məhkəməsinə təqdim edilmişdir, hansı ki iş materiallarında mövcuddur. Məhkəmənin diqqətinə çatdırır ki, ərazi aiddiyyatı tələblərinə tərəflərindən riayət edilmişdir, belə ki iddia ərizəsi ümumi qaydada müvafiq iş üzrə ərazi aiddiyyatı müqavilə aiddiyyatı üzrə müəyyən edilmiş Bakı Kommersiya Məhkəməsinə verilmişdir. Hansı kı müqavilə aiddiyyatı iddiaçı ilə cavabdeh arasında bağlanmış satış xidmətlərinin göstərilməsin dair müqavilənin 9.4-cü bəndində öz əksini tapmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

16. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -789.1-ci maddəsinə görə ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir.

17. Mülki Prosessual Məcəllənin: -77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, 026 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırığı ilə satış xidmətlərini həyata keçirməyi, iddiaçı isə buna görə muzd ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqaviləyə əsasən iddiaçı tərəfindən satışının həyata keçirilməsi üçün cavabdehə mallar təqdim edilmiş, malların təqdim edilməsinə dair təhvil-təslim aktı imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi icra etməyərək təqdim edilmiş 11948 manat məbləğində malların satışı ilə bağlı iddiaçıya məlumat verməmiş, eləcə də anbarda mal qalıqlarının sayımı nəticəsində həmin mallar çatışmadığı aşkarlanmış, göstərilən hal anbar qalıqlarının sayımın nəticələri barədə akt və üzləşmə aktı ilə öz təsdiqini tapır. Hazırda iddiaçı 11948 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb edir.

23. Kollegiya ilk növbədə qeyd edir ki, mübahisəli müqavilə xidmət müqaviləsi adlandırılmasına baxmayaraq mahiyyət etibarilə cavabdeh tərəfindən iddiaçının adından və hesabına alğı-satqı müqavilələrini bağlamaq barəsində uzunmüddətli tapşırığın verilməsini ehtiva edən ticarət nümayəndəsi barədə müqavilədir. Odur ki, hazırkı mübahisə Mülki Məcəllənin 789.1, 385.1, 442 və 443.1-ci maddələri tətbiq edilməklə həll edilməlidir.

24. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə görə icraçının (yəni cavabdehin təqsiri nəticəsində sifarişçidən (yəni iddiaçıdan) təhvil aldığı məhsulların, malların və ya əmlakın məhv olması və ya zədələnməsi riski icraçının üzərinə qoyulmuşdur.

25. Hazırkı halda isə iddiaçı tərəfindən 30000 kq çəkidə karbamid məhsulu cavabdehə təhvil verildiyi halda, cavabdeh tərəfindən həmin malların 23896 kq hissəsi (11.948 manat) ilə bağlı satış xidmətlərini icra etməsi (müştərilərlə alqı-satqı müqavilələri bağlaması), bu barədə iddiaçıya məlumat verməsi iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən sözügedən mallar cavabdehin nəzarətində olan anbarda aşkar edilməmiş, yəni faktiki olaraq cavabdehin təqsiri üzündən itirilmişlər.

26. Cavabdeh apellyasiya şikayətində müqavilənin, üzləşmə aktının və malların təhvil verilməsi barədə təhvil-təslim aktının onun tərəfindən imzalanması faktlarını mübahisələndirdiyindən iş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən satış xidmətlərinin göstərilməsi haqqında müqavilə, xx.xx.2023-cü il tarixli anbar qalıqlarının sayımın nəticəsi barədə akt və xx.xx.2023-cü il tarixli üzləşmə aktdakı (malların təhvil-təslimi ilə bağlı) imzaların Cavabdeh2 tərəfindən icra olunduğu müəyyən edilmişdir. Göstərilən hal isə bəhs edilən sənədlərin cavabdeh tərəfindən imzalanmaması barədə dəlillərin əsassızlığına dəlalət edir.

27. Odur ki, müqavilə şərtlərinə əsasən satış həyata keçirmək üçün cavabdehin sahibliyinə verilmiş və saxlanılmasına görə cavabdehin məsuliyyət daşıdığı malların faktiki olaraq itirildiyini, yəni cavabdehin müqavilə üzrə öhdəliklərini pozması nəticəsində iddiaçıya maddi zərər vurulduğunu nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı Mülki Məcəllənin 443.1ci maddəsinə əsasən həmin malların dəyəri olan 11948 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət e t d i : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-898/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar