Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-340/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-330/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən borclu Cavabdeh MMC-nin əmlak inzibatçısı Qanuni nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (kreditor) İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh MMC-nin müflis elan edilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2-2(82)-497/16 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Cavabdeh MMC müflis elan edilmiş və Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü X3 Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcun ödənilməsi məqsədilə aktivlərin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(82)-497/2016 saylı qərardadı ilə cavabdeh (borclu) Cavabdeh MMC-nin iflas prosesinə xitam verilməsi və cəmiyyətinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Hüquqi şəxslərlə İş İdarəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti həmin qərardaddan şikayət vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2-2(103)-546/2018 saylı qərardadı ilə şikayətlər təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2-2(82)-497/2016 saylı qərardadı ləğv edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(82)- 497/2016 saylı qərardadı ilə Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilməsi məsələsi Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2019-cu il 14 yanvar tarixli 1/6 SDO nömrəli sərəncamı ilə “xxxx” MMC-nin direktor-auditoru Qanuni nümayəndə1 Cavabdeh MMC-nin iflas prosesinin həyata keçirilməsi və İddiaçı MMC-yə olan 1200 manat borcunun ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısı təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-330/2020 saylı qətnaməsi ilə ərizəçi (kreditor) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh (borclu) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” QSC-yə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialına və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə) qarşı iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi tələbi rədd edilmişdir. Borclu Cavabdeh MMC-nin əmlak inzibatçısı Qanuni nümayəndə1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 216.1-ci maddəsinə görə işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 263.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun ümumi məzmunundan və tələblərindən (o cümlədən, “İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri” adlı 11-ci maddədən) belə nəticəyə gəlinir ki, məhkəmənin hüquqi şəxsin müflis elan edilməsi ilə bağlı qərarları qətnamə, bundan sonrakı iflas prosesi ilə bağlı bütün hərəkətlərə, o cümlədən iflas prosesinə xitam verilməsi və hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qərarları isə qərardad qaydasında çıxarılır. Hazırki işdə də əvvəlcə borclu Cavabdeh MMC-nin müflis elan edilməsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2-2(82)-497/16 saylı qətnaməsi qəbul edilmiş, daha sonra müflis elan edilmə ilə əlaqədar sonrakı iflas prosesi ilə bağlı hərəkətlərə dair yuxarıda sadalanan qərardadlar qəbul edilmiş, lakin sonda məhkəmə anlaşılmayan bir şəkildə iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi ilə bağlı ərizənin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki hüquqi şəxsin iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsi onun müflis elan edilməsindən sonrakı hərəkətlərə aiddir və bununla bağlı məhkəmə qərarı qərardad qaydasında qəbul edilməli idi. Həmçinin kollegiya qeyd edir ki, hazırki məhkəmənin mövqeyi hüquqi şəxsin iflas prosesinə xitam verilməsi və cəmiyyətin ləğv edilməsindən imtina edilməsi məsələsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı deyil, məhz həmin məsələ ilə bağlı məhkəmənin qəbul etdiyi qərarın prosessual forması ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 385.1.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Cavabdeh MMC-nin əmlak inzibatçısı Qanuni nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-330/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-340/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-340/2021
16.03.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver