Məhkəmə qərarları › İş №2-2(103)-340/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-340/2024

21.02.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-340/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi şəxsin ləğvi və pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2-2(113)-1157/2024 nömrəli qərardadından "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 48000 manat pul vəsaitinin və 234 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması və Cavabdeh1 MMC-nin iflas olunmuş hesab olunaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2-2(113)-1157/2024 nömrəli qərardadı ilə (hakim Günay Namazova) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi şəxsin ləğvi və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər MPM-in tələblərinə uyğun verilmədiyi geri qaytarılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi 22 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 1157/2024 nömrəli qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2.01.2024-cü il tarixli, e-2-2(113)-1157/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Müdir – borclunun təsis sənədlərinə uyğun olaraq onun təsərrüfat fəaliyyəti barəsində məcburi qüvvəyə malik olan qərarlar qəbul etmək səlahiyyəti verilmiş şəxs, o cümlədən prezident, direktor, bunların müavinləri və baş mühasib, habelə müntəzəm sərəncamlar vermək və ya hər hansı başqa yolla borclunun fəaliyyətini faktiki idarə edən digər şəxsdir. Müdir borclunun təsərrüfat fəaliyyətinə aid bütün mühüm faktlar barəsində məlumatlara malik olmalı və kreditorları lüzumsuz itkilərdən qorumaq məqsədi ilə həmin faktlar əsasında hərəkət etməlidirlər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqi şəxs bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan iki tamam fərqli iddia tələbi yönəltmiş və həmin tələbi hazırda məhkəmə qaydasında mübahisələndirilmişdir.Qeyd edilən maddələrdən də göründüyü kimi, baş vermiş yanğınla bağlı borclu Cavabdeh1 MMC-nin kreditor İddiaçı ASC-yə ümumilikdə 48 000 (qırx səkkiz min) manat məbləğində borcu yaranmışdır. Əlavə olunmuş hökmdən görünür ki, sözügedən yanğın nəticəsində bazar məhv olmuş və MMC-nin ticarət mərkəzində yerləşən obyektlərin sahiblərinə 1 852 792 (bir milyon səkkiz yüz əlli iki yeddi yüz doxsan iki) manat borcu yaranmışdır. “Müflisləşmə və iflas haqqında” AR Qanunun 2ci maddəsinin 3-cü bəndinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. Cavabdeh1 MMC-ninnizamnamə kapitalının məbləği 306 548 (üç yüz altı min beş yüz qırx səkkiz) manat təşkil edir. Cavabdeh1 MMC-nin həm İddiaçı ASC-yə (48000 manat), həm də sahibkarlara olan (1852792 manat) borc məbləği onun nizamnamə kapitalının 10%-dən çox hissəsini təşkil edir. Buna görə də, hesab edirik ki, borclu Cavabdeh1 MMC borc öhdəliklərini ödəmə qabiliyyəti olmaması səbəbindən iflas olunmuş hesab edilməli və kreditorların tələbləri təmin edilməlidir. Odur ki, iddia mahiyyəti üzrə baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1157/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e- 2-2(113)-1157/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, hazırkı halda iddiaçı borclu Cavabdeh1 MMC-nin iflas olunmuş hesab olunaraq ləğv edilməsi barədə “Müflisləşmə və iflas haqqında” Azərbaycan respublikası Qanunda nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla baxılmalı olan tələblə iddia icraatı qaydasında baxılmalı olan cavabdehlərdən dəymiş zərərə görə pul məbləğinin tutulması barədə tələbləri bir icraatda birləşdirilmişdir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 1-ci hissəsində əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. 2-ci maddənin 5-ci hissəsinə əsasən iflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1.2-ci maddəsinə əsasən iflas haqqında işlərə - 3 ay; 172.1.3-cü maddəyə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq qeyd edir ki, iddiaçının bir iddia ərizəsində irəli sürüldüyü iddia tələblərinə baxıması müddətləri, o cümlədən baxılması xüsusiyyətləri fərqli olduğundan tələblər əlaqəli olmadığından, o cümlədən iddia ərizəsi verilərkən qanunda nəzərdə tutulmuş tələblərə əməl edilmədiyindən iddia əizəsinin MPM-nin 152.1.7-ci maddəyə əsasən geri qaytarılması düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 1157/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2- 2(113)-1157/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar