Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-354/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin (ləğvedicisi X1) cavabdeh «xxxxxxxx» MTK-ya qarşı “əsas, faiz və cərimə borcunun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-941/2018 saylı x xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC (ləğvedicisi X1) cavabdeh «xxxxxxxx» MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500.000,00 manat əsas borcun, 97.222,19 manat faiz borcunun, 25.833,33 manat cərimə borcunun, ümumilikdə, 623.055,52 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 145/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak məqsədilə 12 ay müddətinə, 20% dərəcəsi ilə 500.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin borcalan aldığı həmin krediti və ona hesablanmış faiz məbləğini ödəniş qrafiki əsasında qaytarmağı öhdəsinə götürsə də bu öhdəliyini pozmuş, şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-941/2018 saylı x xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin olunmuş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və iddiaçının apellyasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsini xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi çıxarışda hansı məbləğdə və tarixlərdə kredit ödənişlərinin edildiyi, faizlərin və cərimə borcunun düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək mümkün deyil. Obyektiv yekun qərar qəbul edilməsi baxımından məhkəməmühasibatlıq ekspertizası keçirilməli və ekspert rəyi əldə olunmalı idi. Cavabdeh bu zaman istinad edir ki, tərəflər arasında bir neçə kredit müqaviləsi imzalanmış, həmin müqavilələr üzrə MTK tərəfindən banka müəyyən məbləğdə ödənişlər həyata keçirilmiş, mübahisəli kredit müqaviləsi üzrə kassa məxaric qəbzi və hesabdan çıxarış təqdim etməkdən yayınmış, məhkəmə həmin sənədləri ondan tələb etməmişdir. Cəmi bir ədəd ümumi hesabdan çıxarış təqdim edilmişdir ki, həmin çıxarışda da, hansı kredit müqaviləsi üzrə hansı məbləğdə borcun verilməsini müəyyən etmək mümkün deyil. Odur ki, hər müqavilə üzrə ayrıca hesabdan çıxarış məhkəməyə təqdim olunmalı idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 14, 77, 218, 385-ci maddələrinin müddəalaorına istinad şikayətin təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, iddiaçı isə xx.xx.2020ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(«MPM») 376.2-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh xx.xx.2015-ci il tarixli, 145/15 saylı kredit müqaviləsinə əsasən bankdan aldığı krediti qaytarmamış, üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, xx.xx.2015-ci il tarixdə iddiaçı ilə 145/15 saylı kredit müqaviləsini bağladığını və bankdan 500.000 manat məbləğində kredit verildiyini mübahisələndirmir. Lakin tərəflər arasında bir neçə müqavilə mövcud olduğunu bildirərək onun tərəfindən müəyyən ödənişlər edildiyini, amma həmin ödənişlərin hansı müqaviləyə və hansı məbləğdə aid edilməsini - iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bankın hesab çıxarışlarına əsasən müəyyən edilməsini mümkünsüzlüyünü mübahisələndirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas, faiz və cərimə borcunun müəyyən edilməsi üçün məhkəmə bankdan sənədlər tələb etməli və məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi MPM-in 14.2-ci maddəsinə tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İkincisi, iş materiallarında olan bank hesab çıxarışına əsasən müəyyən olunur ki, mübahisələndirilən kredit müqaviləsi üzrə bank tərəfindən cavabdeh müəssisəyə xx.xx.2015-ci il tarixdə 500.000 manat (hesab nömrə: 20330 00041245 0004) məbləğində kredit verilmiş, lakin aldığı bu kreditə görə cavabdehin həmin hesaba heç bir ödənişi daxil olmamışdır. Tədqiq olunan çıxarışdan hətta görünür ki, həmin kredit məbləği verildikdən sonra (xx.xx.2015-cu il tarixində), borcalan tərəfindən vergi öhdəliyinə görə Bakı Vergilər Departamentinə - 336.846 manat məbləğində sadələşdirilmiş, 163.154 manat məbləğində isə əlavə dəyər vergisi, dövlət büdcəsinə cəmi, 500.000 (336.846+163.154) manat məbləğində vergi ödənişi həyata keçirilmişdir. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin qeyd olunan tələbi baxımından, cavabdeh mübahisələndirilən kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun heç bir ödəniş etmədiyindən ilin sonunda (yəni, 12 aylıq müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə) kredit müqaviləsinin 2.4-cü bəndinə müvafiq olaraq, aldığı 500.000 manat məbləğində əsas borcu və ona hesablanmış illik 20 faizi tam şəkildə ödəməyə borclu idi. Mübahisəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 2.5-ci bəndində isə nəzərdə tutulur ki, borcalan kredit müqaviləsi üzrə faizləri hər il dekabr ayının sonuncu iş günü, əsas borcu isə müddətin sonunda ödəməli, əks halda hər gecikdirilmiş gün ödəniş məbləğinin 1 faizi həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 40 faizini ödəməlidir. İddiaçı bank tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışında da, məhz, həmin kredit müqaviləsi üzrə cavabdehin banka 500.000 manat əsas borcu, ilin sonuna 97.222,19 manat faiz borcu hesablandığı təsbit olunur ki, bu da işin tədqiq olunan bank hesabından çıxarışa əsasən müəyyən edilən hallara uyğundur. Həmin maliyyə arayışında ödənişin gecikdirilməsinə görə hesablanmış 25.833,33 manat cəriməyə gəldikdə isə müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia qaldırılan xx.xx.2018-ci il tarixinə qədər bir ildən də çox vaxt keçdiyini nəzərə alsaq, hər gecikdirilmiş günə görə 1 faiz hesabı ilə cərimənin qeyd olunan məbləğində artıq hesablamanın mövcudluğu görünmür. Ən azından, Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından, ödəmənin gecikdirilməsinə görə 500.000 əsas borca hesablana bilən illik beş faiz 25.000 manat təşkil edir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, cavabdehə hesablanmış əsas, faiz və cərimə borcunun həqiqiliyi iş materiallarına əsasən müəyyən edilir. Belə olan təqdirdə isə məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması zəruriliyi aradan qalxır, bununla da işə baxılması müddətinin süni olaraq uzadılmasının qarşısı alınmış olur. Bu mənada, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, həmin qətnamə cavabdehin apellyasiya şikayətinin işə baxılarkən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilmədiyini, bank hesab çıxarışlarına əsasən borcun hesablanmasının mümkün olmadığını mübahisələndirən formal xarakterli dəlillərinə əsasən ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-941/2018 saylı x xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh «xxxxxxxx» MTK-nın apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-941/2018 saylı x xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-354/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-354/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver