Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-363/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5241/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcraçı İddiaçı MMC ilə sifarişçi Cavabdeh MMC arasında 03 iyul 2018-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən sifarişçi icraçıya məxsus marketlər şəbəkəsinin daxilində plastik qutuları və alüminium su qablarının yığılması üçün nəzərdə tutulmuş “Phandomat” cihazlarını yerləşdirməyi və icraçı tərəfindən təqdim edilmiş sənədlər əsasında xidmət haqqı ödəməyi, icraçı isə yuxarıda qeyd olunan cihazları öz ticarət binalarının daxilində yerləşdirməyi, cihazlarda hər hansı nasazlıq aşkar etdikdə dərhal sifarişçini bu barədə şifahi və yazılı şəkildə məlumatlandırmağı, cihazları texniki şərtlərinə əsasən fasiləsiz elektrik enerjisi ilə təmin etməyi, cihaz müştərilərinə icraçının iş qrafikinə uyğun olaraq maneəsiz istifadə etmək imkanları yaratmağı, sifarişçinin işçilərinə cihazlar yerləşən ərazilərə maneəsiz daxil olma imkanları təmin etməyi öz ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6688,83 manat məbləğində xidmət haqqının, 100 manat mediasiya xərcinin, toplam 6788,83 manat məbləğində pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, cihazların təyinatı ondan ibarət idi ki, müştərilər istifadə olunmuş plastik və şüşə butulkaları həmin “Phandomat”a daxil edib qarşılığında İddiaçı mağazalarında istifadə edə biləcəyi kupon qazanırdı. Həmin kupondan alış-veriş zamanı kassaya təqdim edərək, ümumi alış-veriş məbləğinə endirim əldə edirdi, daha sonra qeyd edilən istifadə edilmiş kuponların məbləği dəyərində e-qaimə İddiaçı MMC tərəfindən cavabdehə təqdim edilir və əvəzində həmin e-qaimələr əsasında cavabdeh tərəfindən İddiaçı MMC-yə ödəniş edilirdi. Cavabdeh müqavilə bağlanıldığı tarixdən etibarən bir müddət öhdəliklərini lazımi qaydada icra etsə də, qısa müddət sonra öhdəliklərini icra etməmiş, nəticədə İddiaçı MMC-yə xidmət haqqı üzrə ümumilikdə 6688,83 manat məbləğində borcu yaranmışdır.
4. Cavabdeh iddiaya etiraz etmiş xx.xx.2019-cu il tarixli 189202 nömrəli 17048,92 manat məbləğində elektron qaimə üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehin dəlillərinə dair iddiaçı bildirir ki, Cavabdeh MMC-yə tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə əsasən 17048,92 manat məbləğində qaimə göndərilmiş və cavabdeh həmin qaimə üzrə ödənişləri müxtəlif vaxtlarda hissə-hissə olmaqla 10360,09 manat ödənişi etmiş və cəmi 6688,83 manat ödənilməmiş öhdəliyi qalmışdır. Cavabdeh həmin qaimə üzrə son ödənişi xx.xx.2020-ci il tarixində 498,56 manat olmaqla icra etmiş, bununla da borcun ödənilməsini etiraf etdiyini göstərmişdir. İddia müddətinin axımı da həmin vaxtdan başlayır və mediasiya prosesinin tətbiqi barədə cavabdehə ərizə verildiyi günə (xx.xx.2022-ci il tarixə) qədər davam edir. Mediator tərəfindən xx.xx.2022-ci il tarixində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışın verilməsi ilə iddia müddətinin axımı davam etmişdir. İddiaçı tərəfindən məhkəməyə müvafiq tələblə bağlı iddia ərizəsi xx.xx.2022-ci il tarixində verilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və iddia müddətinin dayandırılması halları da nəzərə alınaraq qeyd edilir ki, 11 ay iddia ərizəsinin məhkəməyə ünvanlanması üçün müəyyən edilmiş müddət qalmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5241/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilənin 3.2-ci bəndinə görə, icraçı müvafiq qaydada göstərilən xidmətlərin həcminə görə tərtib edilən hesab-fakturanı, e-qaiməni və tərəflər arasında imzalanan təhvil-təslim aktını sifarişçiyə təqdim edəcək. Göründüyü kimi iddiaçı cavabdehlə aralarında mövcud müqavilə üzrə hesablaşmalara dair qaimələrlə yanaşı xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktını da təqdim etməli idi. Lakin iddiaçı yalnız elektron qaimənin göndərilməsi ilə kifayətlənərək təhvil-təslim aktını təqdim etməmişdir. Həmçinin iş materiallarından onu da görmək olur ki, cavabdeh real olaraq göstərilən xidmətlərə dair göndərilmiş e-qimələr üzrə heç bir problem yaratmadan vaxtında ödənişlər etmişdir. Yalnız 6688,83 manat məbləğində xidmət haqqının haradan yaranmasına dair iddiaçıya suallar vermiş və bu məbləğə dair ondan sübutlar (təhvil-təslim aktı və.s.) tələb etmişdir. Buna dair tərəflər arasında elektron yazışmalar da mövcuddur. Məhkəmə isə bu xüsusatlara diqqət yetirmədən, sübutlar tələb etmədən, qeyd edilən məbləğin borc kimi tutulması nəticəsinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə isə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
12. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
15. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
16. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
17. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
21. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
22. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
23. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
24. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
25. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
26. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
27. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
28. Belə ki, 2018 və 2019-cu illər üzrə sistemə yerləşdirilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC-nin sistemə yerləşdiyi elektron qaimələr üzrə Cavabdeh MMC-nin ödəməli olduğu xidmət haqqı 50131,8 manat təşkil edir.
29. xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədən görünür ki, həmin elektron qaimə üzrə Cavabdeh MMC-nin ödəməli olduğu xidmət haqqı 17048,92 manat təşkil edir.
30. Azərbaycan Sənaye Bankının xx.xx.2020-ci il tarixli elektron qəbzin sürətindən görünür ki, Cavabdeh MMC İddiaçı MMC-yə 2769,81 manat məbləğində ödəniş etmişdir.
31. 11.03.2020-ci il tarixli ƏDV daxil 2228,02 manat, xx.xx.2020-ci il tarixli ƏDV daxil 2313,75 manat, xx.xx.2020-ci il tarixli ƏDV daxil 2549,95 manat və xx.xx.2020-ci il tarixli ƏDV daxil 3268,37 manat məbləğində ödəniş vərəqələrindən görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə 10360,09 manat məbləğində borc ödənilmiş və 6688,83 manat məbləğində borc qalmışdır.
32. Göründüyü iddiaçı cavabdehin vergi elektron sistemində olan kabinetə 50131,80 manat məbləğində borcun ödənilməsi ilə bağlı 2018 və 2019-cu illərdə bir neçə elektron qaimələr göndərmiş, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədən başqa, digər qaimələr üzrə ödənişlər tam həcmdə aparılmışdır.
33. xx.xx.2019-cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimədə ƏDV daxil borc 17048,92 manat məbləğində göstərilsə də, cavabdeh tərəfindən həmin qaimə üzrə 2020-ci ilin mart, iyun və sonuncu xx.xx.2020-ci il tarixdə 2769,81 manat olmaqla cəmi 10360,09 manat məbləğində ödənişlər edilmiş, 6688,83 manat məbləğində borc isə ödənilməmiş qalmışdır.
34. Cavabdeh də birinci instansiya məhkəməsində həmin məbləğdə borcun mövcud olmasına etiraz etməmiş, yalnız iddia müddətinin ötürülməsinə istinad etmişdir.
35. Kollegiya həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2019cu il tarixli EAAR seriyalı 189202 nömrəli elektron qaimə üzrə sonuncu ödəniş əsas borc üzrə 2769,81 manat olmaqla xx.xx.2020-ci il tarixdə olmuş, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
36. Göründüyü kimi iddia müddətinin axını xx.xx.2020-ci il tarixdə kəsilmiş, həmin müddətdən hesablandıqda isə iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir.
37. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 6688,83 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə həmin hissədə iddia əsaslıdır.
38. Təhvil-təslim aktının təqdim edilməməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi və bir çox hissəsini özünün təsdiq etdiyi elektron qaimələrlə təsdiq olunur.
39. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin apellyasiya şikayətində qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil. Əksinə cavabdeh həmin qaimə üzrə cəmi 10360,09 manat məbləğində ödəniş etmişdir.
40. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
41. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində mal təhvil verilərkən təhvil-təslim aktının imzalanması müəyyən edilsə də, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5241/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn