Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-370/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızının və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-51/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 062 №-li və xx.xx.2008-ci il tarixli 800 №-li icarə müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(82)- 51/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspert rəyinə əsaslanaraq icarəyə verilmiş torpaq sahəsinin torpaqların təyinatı üzrə istifadə kimi qiymətləndirilmişdir. Halbuki, torpaq sahəsi uzun illər icarəçi tərəfindən istifadəsiz saxlanılmış, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra guya torpaqdan istifadə edilməsi görüntüsü yaradılması üçün müvəqqəti əkin işləri həyata keçirilmişdir. Ekspert torpaq sahəsinin bütün hissəsindən istifadə olunduğunu qeyd etsə də, əslində 75 ha torpaq sahəsinin yalnız bir neçə hektarında müvəqqəti əkin işləri həyata keçirilmişdir. İddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahələrində torpaq icarəçiləri tərəfindən son illər əsaslı işlər aparılmış və çoxillik əkmələr həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən çoxillik əkmələrə yararlı, yüksək keyfiyyət qrupuna malik torpaq sahəsinin istifadə olunması görüntüsü yaratmaq naminə müvəqqəti əkinə verilməsi torpaqdan istifadə kimi başa düşülməməlidir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-2(103)254/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-51/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 062 №-li icarə müqaviləsinə əsasən Zirə Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində ilk öncə 50 ha, daha sonra xx.xx.2008-ci il tarixli 800 №-li icarə müqaviləsinə əsasən əlavə olaraq 25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 99 il müddətinə Cavabdeh MMC-nin icarəsinə verilmişdir. İddiaçı bildirir ki, icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahələri cavabdehə ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqları ödənilmir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cavabdehə edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti meydana gəlmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ilk əvvəl “xxxxxxxxxxx” MMC-nin icarəyə torpaq götürməkdəki məqsədi “Villa Kotec” tipli qəsəbənin salınması olmuşdur. Bunun üçün sənədləşmə və torpaq işləri ilə yerli vəkil məşğul olmuşdur. Bu vəkil öz işinə qeyripeşəkar yanaşaraq faktiki olaraq “xxxxxxxxxxx” MMC-nin maraqlarına ziddi olaraq tikinti işlərinin qadağan edildiyi təyinatı tamamilə fərqli olan torpaq sahəsinin icarə müqaviləsi bağlanmasına nail olmuşdur. Belə ki, icarəyə götürülən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Niyyətin “Villa Kotec” tipli qəsəbənin salınması olduğundan həmin vaxt “xxxxxxxxxxx” MMC-nin rəhbərliyi tərəfindən bu yöndə işlər görülmüş, memar və dizaynerlər cəlb edilmiş, layihələr hazırlanmış, xarici investisiyaların cəlb edilməsi yönündə böyük iş görülmüşdür. Bundan sonra tikinti işlərinin aparılması üçün icazənin alınması mərhələsində məlum olmuşdur ki, qeyd edilən torpaq sahələrində tikinti işləri aparılması qadağandır və aparıla bilməz, çünki torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Məhz bundan sonra “xxxxxxxxxxx” MMC-nin rəhbərliyi məcbur olaraq torpağın istifadəsi ilə bağlı planlarında dəyişiklik etmiş və kənd təsərrüfatı yönümlü uzun müddətli istifadə planları qurulmuşdur. lakin bu zaman beynəlxalq iqtisadi böhran xarici investisiyaların cəlb edilməsində maneələr yaratmışdır. 2015-ci ildə İsrail Dövlətindən təcrübəli aqronom mütəxəssis cəlb edilmiş, qeyd edilən torpaq sahəsinin analizi və istifadə olunması üçün işlər planı qurulmuşdur. Həmin aqronom artıq 4 ildir ki, Azərbaycanda yaşayaraq həmin torpaq sahəsinin səmərəli istifadə edilməsinə nəzarət edir. İlk əvvəl torpaq sahəsindən kənd təsərrüfatı yönündə istifadə edilməsinə qeyd edilən ərazidə suyun və suvarma sisteminin olmaması çətinlik yaratmışdır. Ərazidə 20 artezian quyusu qazılsa da, suyun analizi nəticəsində müəyyən edilmişdir ki, su nəinki içməli deyil, həmçinin suvarmanın aparılmasına da yararsızdır. Bundan sonra uzaq bir ərazidən suyun çəkilməsi işləri görülmüş, ərazidə böyük su anbarı yaradılmış və xüsusi avadanlıqlar quraşdırılaraq suvarma işləri təşkil edilmişdir. Eyni zamanda “xxxxxxxxxx” ASC-dən lizinq vasitəsilə xüsusi kənd təsərrüfatı texnikası götürülmüşdür. Eyni zamanda ərazidə 30-dan çox işçi işlə təmin edilmişdir. Mövsümi meyvə və tərəvəzlərin əkini işləri təşkil edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatının inkişaf etdirilməsi yönündə Dövlət proqramına və göstərişlərinə əsasən “xxxxxxxxxxx” MMC-nin rəhbərliyi Azərbaycanda yetişməyən xarici meyvələrin yetişdirilməsi istiqamətində fəaliyyətə başlamışdır. Həmçinin Bakı şəhərində və ətraf rayonlarda meyvə və tərəvəzlərin saxlanması üçün anbarların olmamasını nəzərə alaraq, icarəyə götürülmüş ərazidə bu cür anbarların yaradılaraq yerli əhalinin də kənd təsərrüfatına marağının artırılması üçün tədbirlər planı hazırlanmış, bununla bağlı mütəxəssislərlə danışıqlar aparılmaqdadır. Lakin Abşeron rayon İH-nin bütün bu işlərdən xəbərdar olduğu halda heç bir əsası olmadan torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilələrin ləğv edilməsi və torpaqların qaytarılması ilə bağlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 421-ci maddəsinin tələblərinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 713-cü maddəsinə görə əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahələrinə yerində müayinə keçirilmiş və məhkəmə tərəfindən mübahisəli ərazidə əkinçilik işlərinin bir qrup şəxslər tərəfindən aparıldığı, ərazidə sağ tərəfdən heyva və üzüm şitillərinin əkildiyi və həmin işlərin yaxın vaxtlarda başlanıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2018-ci il tarixli 22316/22669 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Abşeron rayonu, keçmiş Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən, Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2008-ci il tarixli Sərəncamı ilə Cavabdeh MMC-nin icarəsinə verilmiş 75 ha torpaq sahəsinin 50 hektarının bağ altında olduğu, 10 hektarının əkin altında olduğu, qalan 15 hektarının isə erkən yazda tərəvəz bitkilərinin əkilməsi üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Baxış dövründə təqdim edilən mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilir. Cavabdeh MMC-nin istifadəsində olan cəmi 75 ha əkinə yararlı torpaq sahəsinin 25 hektarı heyva bitkisinin bir-iki illik cavan qələmlərdən ibarət bağ altında, 25 hektarı bir illik nar bitkisinin qələmlərdən ibarət bağ altında, 10 hektar sarımsaq əkinləri altında və 15 hektar ərazi isə erkən yazda tərəvəz bitkiləri əkmək üçün nəzərdə tutulmuşdur. Onu da qeyd etmək lazımdır ki, ekspertiza etdiyləri dövrdə 10 ha sarımsaq əkininin 8 hektarında əkin başa çatmış, qalan 2 hektarında isə əkin davam etdirilir. Göründüyü kimi, həm xx.xx.2018-ci ildə mütəxəssislər tərəfindən keçirilən baxışın nəticələrini əks etdirən ekspert rəyindən, həm də xx.xx.2018-ci il tarixli aktdan görünür ki, mübahisələndirilən 75 ha ərazinin 50 ha (25+25) hissəsində əkilən heyva və nar qələmləri həmin yerli baxış tarixlərdən bir və ya bir-iki il əvvəl əkilmiş, qalan sahənin 10 hektarı sadəcə sarımsaq əkini üçün şumlanmış, 15 ha hissəsi ümumiyyətlə tamamilə becərilməyən boş bir sahədən ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxışdan bir il əvvəl 2016-cı ilin iyul və ekspertin keçirdiyi tədqiqat vaxtı isə 2017-ci ilin oktyabr aylarına təsadüf edir. İddiaçı isə hazırkı iddianı 2016-cı ilin noyabr ayında qaldırmışdır. Bu isə onu qeyd etməyə əsas verir ki, cavabdeh məhkəmədə iddia qaldırılan ərəfədə yalnız mübahisəli torpaq sahəsində müəyyən işlərə görməyə səy göstərmişdir. Yəni 2008-ci ildə onun istifadəsinə verilən 75 ha torpaq sahəsi 2016-cı ilin payız aylarına qədər baxımsız və becərilməmiş vəziyyətdə qalmışdır. Göründüyü kimi cavabdehin icarəsinə verilmiş torpaq sahəsi uzun illər cavabdeh tərəfindən istifadəsiz saxlanılmış, yalnız ona qarşı iddia qaldırıldıqdan sonra guya torpaqdan istifadə edilməsi görüntüsü yaradılması üçün müvəqqəti əkin işləri həyata keçirilmişdir. Eyni zamanda əvvəlki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin yerində müayinəsi aparılarkən, təxminən 15 ha sahənin daşlıçınqıllı və becərilməyən bir sahədən ibarət olduğu müşahidə olunmuş, qalan sahənin təxminən 10 hektarında sarımsaq əkildiyi və artıq yetişmiş məhsulun yığılma vaxtı çatdığı halda, hələ də baxımsız vəziyyətdə qaldığı, nar və heyva qələmləri əkilən 50 (25+25) sahədə isə həmin qələmlərin böyüməsinin və inkişafının çox zəif olduğu müşahidə olunmuş, eyni zamanda, ərazinin təxminən azacıq bir 0,1 ha çəpərlənmiş hissəsində çiyələk və badımcan əkildiyi aşkarlanmışdır. Ərazidə suvarma sisteminin quraşdırıldığı müəyyən olunsa da onun qənaətbəxş işlək vəziyyətinin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə, bütövlükdə 75 ha sahəyə malik həmin ərazi hamarlanmayan, enişli-yoxuşluluğu ilə gözə çarpan, kənd təsərrüfatı bitkilərinin davamlı və axarlı inkişafının təmin edilməsi üçün müvafiq səliqə-sahmana və şəraitə gətirilməyən, baxımsız bir ərazini özündə əks etdirdiyi müəyyən edilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən ekspert rəyində torpaq sahəsinin bütün hissəsindən istifadə olunduğunu qeyd edilsə də, faktiki olaraq müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş və kifayət qədər böyük əraziləri əhatə edən 75 ha torpaq sahəsinin yalnız cüzi bir hissəsi cavabdeh tərəfindən aktiv bir şəkildə əkilib becərilir ki, bu da bu sahədə fəaliyyət göstərən digər şəxslər kimi peşəkar qaydada deyil, kustar üsullarla həyata keçirilir. Sonuncu fakt isə iş materiallarına əlavə olunmuş, eyni zamanda, torpaq sahəsinin yerində müayinəsi zamanı çəkilmiş fotoşəkillərdən aydın görünür. Həmçinin kollegiya qeyd edir ki, kifayət qədər böyük əraziləri əhatə edən 75 ha torpaq sahəsində cavabdehin də qeyd etdiyi kimi təxminən 30 nəfərdən biraz çox işçinin həmin sahədə təsərrüfatla məşğul olması cavabdehin davamlı və peşəkar qaydada həmin torpaq sahəsini kənd təsərrüfatı məqsədilə istifadə etmək niyyətini şübhə altına alır. Göründüyü kimi, cavabdeh xüsusi iqlim şəraiti olan və öz özəl meyvə-tərəvəz bitkiçiliyi ilə fərqlənən Abşeron yarımadası ərazisində onun icarəsinə verilən torpaq sahəsindən lazımınca istifadə etməmişdir. Bu isə onun tərəfindən 2008-ci ildə bağlanmış icarə müqavilələri üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilmədiyini təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.13-cü bəndinin 1-ci yarımbəndinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; 3-cü yarımbəndinə əsasən icarəyə götürülmüş kənd təsərrüfatı təyinatı torpaqların mühafizəsinin, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmək icarəyə götürənin vəzifələridir. Digər tərəfdən, cavabdeh tərəfindən 2008-2009, 2009-2010, 2010-2011, 2011- 2012-ci illər üzrə həm birinci icarə müqaviləsində nəzərdə tutulan 2500 manat icarə haqqının, həm də ikinci icarə müqaviləsi nəzərdə tutulan 1250 manat məbləğində icarə haqlarının ödənildiyi də mötəbər sübutlarla təsdiq olunmur. Halbuki, icarə müqavilələrinin 2.13-cu bəndinin 6-cı yarımbəndinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını və tədiyyələri vaxtında ödəmək onun vəzifəsi kimi qeyd olunmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, 7-ci bəndinə əsasən torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə; 8-ci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə - torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Göründüyü kimi mübahisələndirilən icarə müqavilələrinin ləğv edilməsini zəruri edən kifayət qədər sübutlar və əsaslar vardır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı həmin icarə müqavilələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 2(82)-51/2019 saylı qərarındakı göstərişlərlə bağlı aşağıdakılar qeyd olunur. Həmin qərarda göstərilmişdir ki, iş materiallarının 10-11-ci səhifəsində olan pretenziya məktublarının birincisində məktubun göndərilmə tarixi xx.xx.2016-cı il göstərilsə də, digər səhifədə olan məktubda bu tarixin xx.xx.2016-cı il olması müəyyən edilir. Eyni zamanda, iddiaçı tərəfindən pretenziya məktubunun cavabdehə çatdırılması vaxtını sübut edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, pretenziya məktubunun cavabdehə təqdim edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi müqavilə öhdəlikləri üzrə iddiaçının pretenziya qaydasına əməl edilib edilməməsinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü maddəsində qeyd edilir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəldilməsi mümkün olan qayda pozğunluğu müqavilənin pozulmasına yol vermir. Göründüyü kimi, icarə müqavilələrinin 2.14-cü maddəsinə əsasən cavabdeh öhdəliklərini pozubsa, iddiaçı pozuntu təşkil edən faktlar barədə cavabdehi rəsmi qaydada xəbərdar etdikdən sonra, 60 gün müddətində həmin pozuntular aradan qaldırılmazsa, yalnız bundan sonra məhkəmədə iddia qaldıra bilər. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilələrin qeyd edilən şərtinə iddiaçı tərəfindən əməl-edilib edilməməsinə hüquqi qiymət verməmiş və iş materiallarında iddiaçının müqavilələrin bu şərtinə əməl etməsinə dair heç bir sübut yoxdur. İş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Abşeron rayon Statistika Komitəsinin xx xxxx 2019-cu il tarixli 154 saylı məktubunda icarə müqavilələri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi bildirilir. Həmin məktubda qeyd edilmişdir ki, Abşeron RİH-nin xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC-nin əkin sahələri və ya digər istehsal və emal işləri haqqında heç bir məlumat olmamışdır. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi həmin məktubu mötəbər sübut kimi qəbul edərək, cavabdehin ona icarəyə verilmiş torpaq sahələrindən təyinatı üzrə istifadə etməməsi qənaətinə gəlmişdir. Halbuki, cavabdehin hüquqi ünvanı və yerləşmə yeri Bakı şəhərinin Nizami rayonunda yerləşir. Belə olan halda, cavabdehə aid statistik hesablama məlumatlarının Abşeron rayon Statistika Komitəsindən tələb edilməsi və həmin təşkilatın cavab olaraq göndərdiyi məktubun mötəbər sübut kimi qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bundan əlavə, iş materiallarında olan, yerində müayinə protokolunu da mötəbər sübut kimi qiymətləndirmək olmaz. Belə ki, yerində müayinə protokolundan görünür ki, yerli müayinə xx xxxx 2019-cu il tarixdə, saat 14:40-da başlanmış və saat 15:00-da başa çatmış, bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokoldan görünür ki, yerli müayinə zamanı cavabdehin həmin təsərrüfatda çalışan fəhləsi Adil Abdullayevin şahid qismində ifadəsi alınmışdır. İş materiallarında olan iltizamdan isə görünür ki, şahid A.Abdullayev həmin iltizamı 16:00-da imzalamışdır. Halbuki, həmin vaxt artıq prosessual hərəkətlər başa çatmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. (cild 2, səhifə 174-176) Ona görə də, həmin yerli müayinə protokolu sübut kimi qiymətləndirilə bilməz. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən həmin müayinə protokolunu sübut kimi qəbul etməkdə haqlı olmamışdır. Göstərilənlərlə bağlı kollegiya qeyd edir ki, əvvəla, iddiaçı tərəfindən pretenziya qaydasına riayət edilməməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İkincisi, iş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 öz izahatında bildirmişdir ki, “Həmçinin iddiaçı tərəf qeyd edir ki, torpaq istifadə edilməyib. Bununla bağlı məktub göndərilib. Pretenziyadan əvvəl 2016-cı ilin oktyabr ayında ilk dəfə bildiriş daxil olub. Həmin dövrdə də artıq 50 ha ərazidə əkin işləri aparılmağa başlanılmışdı”. Göründüyü kimi cavabdehin nümayəndəsi və vəkili iddiaçı tərəfindən göndərilmiş pretenziya bildirişini aldığını etiraf etmişdir. Bundan başqa iş materiallarında olan, yerində müayinə protokolunda və şahid iltizamında vaxtın texniki olaraq yanlış göstərilməsi halı istisna olunmur. Yerində müayinə protokolunda və şahid iltizamında saatın bir-birinə uyğun gəlməməsi isə heç bir halda işin əvvəlki apellyasiya baxışı zamanı üç hakimdən ibarət məhkəmə kollegiyası tərəfindən keçirilmiş prosessual hərəkətin mötəbərliyini şübhə altına ala bilməz. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Konstitusiya Məhkəməsinin məsələ ilə bağlı şərhini və Ali Məhkəmənin mübahisə edilən qərarla bağlı hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verilərkən yuxarıdakı müzakirələrdən irəli gəlinən nəticədən qeyrisinə gəlmək mümkün olmur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-51/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 062 nömrəli və xx xxxx 2008-ci il tarixli 800 nömrəli icarə müqavilələri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-370/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-370/2020
18.08.2020 · Müqavilələrin ləğv edilməsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver