Məhkəmə qərarları › İş №2-2(113)-68/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-68/2020

04.03.2020 · Müqavilələrin ləğv edilməsi - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-68/2020 04.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin X5 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X5 qarşı “müqaviləyə xitam verilməsi, satılmış malın dəyərinin və faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli QSZ-S 078/0315 saylı alqı-satqı müqaviləsinə xitam verilməsi, müqavilə üzrə ödənilməmiş 18.605,78 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün 12.834 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 31.469,78 manat pulun X2 alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3131/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. xx.xx.2018-ci il tarixə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 29766 saylı məhkəmə rəyində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli QSZ-S-078/0315 saylı alqı-satqı müqaviləsinin 1-ci və 2-ci vərəqələrində “xxxxx” qrafalarındakı imzalar, İddiaçı MMC-nin xx xxxx 2015-ci il tarixli ÇBT seriyalı 837071 nömrəli, xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837193 nömrəli, xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837273 nömrəli və xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837319 nömrəli qaimə-fakturaların aşağı hissəsində “Təhvil aldım” qrafalarındakı imzalar X7 tərəfindən icra olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3131/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və həmin məhkəmənin 2(002)-105/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-560/2019 saylı, xx xxxxx 2019cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi iqtisadi işlə birlikdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli, 11125 saylı məhkəmə rəyində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli QSZ-S-078/0315 saylı alqı-satqı müqaviləsinin 1-ci vərəqəsində “xxxxx” qrafasındakı imza, 2-ci vərəqəsində “xxxxx” qrafasındakı “Direktor: Qurbanov Asim” yazılarından aşağıda yerləşən imza (işin 51-52-ci vərəqələri) xx xxxx 2015-ci il tarixli ÇBT seriyalı 837071 nömrəli, xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837193 nömrəli, xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837273 nömrəli və xx xxxxx 2015-ci il tarixli ÇBT seriyalı 837319 nömrəli qaimə-fakturaların aşağı hissəsində “Təhvil aldım” qrafalarındakı imzalar-X7 tərəfindən icra olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-560/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 18.605,78 manat qalıq borcun, gecikdirilmiş vaxt üçün 1860 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 20.495,78 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra isə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-560/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı iş üzrə komision məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır. Ekspertin rəyi Bakı Kommersiya Məhkəməsinə daxil olduqdan sonra, iş üzrə icraat təzələnmiş və məhkəmə baxışının davamının keçirilməsi xx xxxx 2020-ci il tarixə həmin məhkəmənin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin hazırki iş üzrə keçirilmiş məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək,hər hansı qaiməfakturanı imzalamadığını qeyd edərək, imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınınnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı X1 Cəmiyyəti ilə xxxxx X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, QZS-S-078 saylı müqavilədən görünür ki, cavabdehin hər ay maksimum 1300 ton alış həcmi nəzərə alınmaqla, 1 ton Klinker malı üçün satış qiyməti 61,50 manat müəyyən olunmuş və malın daşınması satıcı tərəfindən həyata keçirildiyi halda daşınma xıdmət haqqı sonuncu tərəfindən tətbiq olunacaqdır. Həmin müqaviləyə əsasən, tərəflər öz aralarıda razılığa gəlmişlər ki, mal xxxxx tərəfindən sifariş verildikdən sonra 3 gün ərzində xxxxxya təhvil verilir, ödəniş isə xxxxx tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla əvvəlcədən satıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir, satıcı da öz növbəsində ödənişin gecikdirildiyi hər günə görə, müqavilə qiymətinin 0.1 faizi miqdarında xxxxxya cərimə tətbiq edə bilər. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli, “HGC Group” məhdud məsuliyyətli cəmiyyətinin maliyyə arayışından görünür ki, satıcı X1 Cəmiyyəti ilə xxxxx X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, QZS-S-078 saylı müqaviləsi üzrə xxxxx ümumi dəyəri ƏDV daxil olmaqla 123.937,95 manat təşkil edən klinker materialı almış və sonuncu tərəfindən axırıncı ödəniş xx.xx.2016-cı il olmaqla, cəmi 105.332,17 manat ödənilmişdir. Bununla da X4 həmin müqavilə üzrə 18.605,78 manat əsas borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31382 saylı ekspert rəyinin məhkəmə-xətşünaslıq ekspertizası növü üzrə keçirilmiş tədqiqatın nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, iş materiallarına əlavə olunmuş X1 Cəmiyyəti ilə xxxxx X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, QZS-S-078 saylı müqaviləsinin 1-ci vərəqəsində “xxxxx” qrafasındakı imza və 2-ci vərəqəsindəki “xxxxx” hissəsində “Direktor: Qurbanov Asim” qrafasında ki imzalar, həmçinin satıcı tərəfindən xxxxxya təqdim olunmuş qaiməfakturalarda “Təhvil aldım” qrafalarında olan “Qurbanov A.K” yazıları qarşısındakı imzalar X7 tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 31780 saylı ekspert rəyinin sənədlərin texniki ekspertizası növü üzrə keçirilmiş tədqiqatın nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş və işin materiallarında olan ÇBT/4 046961 nömrəli qaiməfakturanın aşağı hissəsindəki “Təhvil aldım” qrafasının sağ tərəfində ağardıcı boyanın altında “Azərbaycan Respublikası Bakı şəhəri məhdud məsuliyyətli cəmiyyəti Super Petrol” mətnli möhür əksi və imza vardır. İşdə olan xx xxxx 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 837071 nömrəli qaimə-faktura üzrə ƏDV daxil 86.986,76 manat, xx xxxxx 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 837193 nömrəli qaimə-faktura üzrə ƏDV daxil 18.833,37 manat, xx xxxxx 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 837273 nömrəli qaimə-faktura üzrə ƏDV daxil 2.564,62 manat, xx xxxxx 2015-ci il tarixli, ÇBT/3 seriyalı, 837319 nömrəli qaimə-faktura üzrə ƏDV daxil 5.615,47 manat və xx xxxx 2015-ci il tarixli, ÇBT/4 seriyalı, 046961 nömrəli qaimə-faktura üzrə ƏDV daxil 9.937,74 manat, cəmi 123.937,95 manat təşkil edən klinker materialı X5 təqdim olunmuş və onun tərəfindən imzalanmışdır. Hazırki iş üzrə xx xxxxxx 2019-cu il tarixdə şahid qismində dindirilən X1 Cəmiyyətində 2013-cü ildən satış direktroru vəzifəsində işləmiş X6 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı ilə müştəri qismində olan cavabdehlə müqavilə bağlanmışdır. Sonuncuya mal satılıb və onun tərəfindən qismən ödəniş olunub. Cavabdehin bildirdiyi kimi, o, qaimə-fakturaları imzalamamışdırsa, 100.000 manat məbləğini niyə ödəyirdi. Müqavilənin cavabdehlə bağlanaraq, digər şəxsə göndərilməsinə münasibətində isə, o, bildirdi ki, iddiaçının satış şöbəsi deyil, logistika şöbəsi malı təyin olunan yerə göndərirlər, müştəri qaimə-fakturanı imza etdiyi halda həmin ünvanda qəbul etmiş sayılır. Əsasən müştəriləri E.X.Orucov şəxsən görmür və əgər müqavilə bağlanıbsa o, malı göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.7 maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı xxxxxnın mülkiyyətinə verməyi, xxxxx isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın xxxxxya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda xxxxx ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilələr üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzibolunmazdır. Eyni zamanda məhkəmə qeyd edir ki, həm ekspertiza rəyləri ilə, həm də şahid ifadəsindən sübut olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə və həmin müqavilə üzrə təqdim olunmuş qaimə-fakturlarda cavabdeh tərəfindən imzalanması, malların təhvil alınaraq, həmin mallara görə qismən ödəniş edilməsi təkzib olunmur. Belə ki, cavabdeh həmin müqavilə və onun əsasında təqdim edilmiş qaiməfakturalara qarşı yalnız olnlarda olan imzaların ona məxsus olmamasını bildirmiş, lakin bildirdiyinə dair sübut və dəlil təqdim etməmişdir. Həmçinin cavabdeh 2015-ci il tarixdə bağlanmış müqavilənin ləğv edilməsinə və həmin müqavilə üzrə borcun silinməsinə dair heç bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Bu da onun göstərir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə sonuncu tərəfindən öz üzərində götürüdüyü öhdəliklərin tam icra olunmamış, habelə onların icra olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, alqı-satqı müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəlikləri tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və X2 18.605,78 manat qalıq borcun, gecikdirilmiş vaxt üçün 1.860 manat cərimənin və 30 manat dövlət rüsumunun, ümumilikdə 20.495,78 manat pulun tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. X2 18.605,78 (on səkkiz min altı yüz beş) manat (yetmiş səkkiz) qəpik qalıq borc, gecikdirilmiş vaxt üçün 1.860 (bir min səkkiz yüz altmış) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 20.495,78 (iyirmi min dörd yüz doxsan beş) manat (yetmiş səkkiz) qəpik pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar