Məhkəmə qərarları › İş №2-2(103)-373/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-373/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-373/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, mütəxəssis X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-425/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə "xxxx" QSC-nin Binəqədi filialı arasıdna xx.xx.2017-ci il tarixli cari hesab müqaviləsi bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən bank müştəriyə hesab açmağı, hesabına daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müqaviq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

3. Müqavilənin 2.2-ci bəndinə əsasən hesab üzrə əməliyyatlar aparıldıqca müştəriyə hesabdan çıxarışlar verilir. Müştəri hesabdan çıxarışı aldıqdan sonra 15 təqvim günü ərzində öz iradını banka yazılı şəkildə şəxsən müraciət etməklə və ya sifariş məktubla bildirmirsə, hesabdan çıxarış təsdiq olunmuş hesab edilir.

4. Müqavilənin 2.3-cü maddəsinə əsasən nağd pulun çıxarılması, hesab üzrə vəsaitin köçürülməsi yalnız müştəri tərəfindən verilmiş yazılı sərəncamlar və ya elektron ödəmə sərəncamları əsasında aparılır.

5. Müqavilənin 3.1.1-ci bənidnə əsasən bank təklif etdiyi bank əməliyyatlarını müvafiq qanunlara, təlimatlara və bank praktikasına uyğun olaraq hesab üzrə aparmağı öhdəsinə götürür.

6. Müqavilənin 3.1.2-ci bəndinə əsasən bank müştərinin hesabına daxil olan bütün vəsaitlərinin saxlanmasına və təhlükəsizliyinə təminat verir.

7. Müqavilənin 3.1.3-cü bəndinə əsasən bank pul vəsaitini müştəridən qəbul etməyi, ona və ya onun sərəncamı ilə üçüncü şəxslərə verməyi, qanunla müəyyən olunmuş hallar istisna olmaqla, öz öhdəsinə götürür.

8. Müqavilənin 3.1.10-cü bəndinə əsasən bankın səlahiyyətli nümayəndələrinin hesablarla əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də lazımi məlumatların təqdim edilmədiyi halda hesablar üzrə əməliyyatları dayandırmaq hüququ vardır.

9. Müqavilənin 3.2.1-ci bənidnə əsasən müştəri qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla hesab üzrə qeyri-məhdud sərəncam vermək hüququna malikdir.

10. Müqavilənin 3.2.2-ci bənidnə əsasən müştəri banka əvəllər təqdim etdiyi məlumatlarla bağlı olan bütün dəyişikliklər haqqında dəyişikliyin edildiyi gün dərhal banka məlumat verməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC tərəfindən bank xidmətlərinin göstərilməsi haqqında müqavilə və qanunvericilik üzrə öhdəliklərinin kobud pozuntusu nəticəsində İddiaçı MMC-yə vurulmuş 35.680 ABŞ dolları məbləğində zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı bildirir ki, İddiaçı MMC Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış (No.BE**********) və fəaliyyət göstərən Nitto Belgium NV (Ünvan: Ekelaarstraat 22, B-3600 Genk, Belçika) şirkəti ilə duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlamışdır. Müqaviləyə və digər müşayiətedici sənədlər olan xx.xx.2022-ci il tarixli, 99509814 nömrəli proformainvoys və xx.xx.2022-ci il tarixində 316027 nömrə ilə təsdiqlənmiş sifarişin öhdəliklərinə əsasən İddiaçı MMC 44.600 ABŞ dolları məbləğində vəsaiti Nitto Belgium NV şirkətinə qabaqcadan 100% həcmində ödəniş etməli idi. Nitto şirkəti ilə malların çatdırılma müddəti və ödənişlərlə bağlı email vasitəsilə müzakirələr aparılıb. Bu danışıqlara naməlum şəxslər tərəfindən kiberhücum həyata keçirilib və nəticədə iddiaçıya Nitto şirkətinin email adresinə oxşar adresdən tələbnamə - bank məlumatları göndərilmiş, ödənişin bu bank məlumatlarına əsasən aparılmalı olması bildirilmişdir. Nəticədə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdeh bankın Binəqədi filialına internet banking xidməti vasitəsilə ödəniş tapşırığı təqdim olunmuşdur. Bank əməkdaşlarının ödənişi məlumatlarını yoxlamaması səbəbindən həmin ödəniş tapşırığı ilə birgə banka təqdim olunmuş müqavilə və qaimə (invoys) məlumatlarında uyğun olmayan Meksika Respublikasında yaşayan fiziki şəxsə 35.680 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, xüsusilə xarici valyuta ilə ödənişlər icra olunan zaman ödənişlə bağlı banka ilk növbədə müqavilə, həmçinin invoys (qaimə/hesab faktura) və digər əlaqəli sənədlər təqdim olunmalıdır. Bu sənədlər ödəniş tapşırığı yaradılan zaman banka təqdim olunmuşdur. Bank təqdim olunan xx.xx.2022-ci il tarixli pro-forma invoys, müqavilə (ümumi şərtləri) və xx.xx.2022-ci il tarixli sifariş vərəqəsində müqavilə tərəfinin Belçika Krallığının rezidenti olan Nitto Belgium NV şirkəti olduğu görünür. Lakin ödəniş tapşırığının icra olunması üçün təqdim olunmuş saxtalaşdırılmış Nitto şirkətinə aid bank detalları sənədində alıcı bank qismində Banamex – Banco Nacional de Mexico S.A, həmçinin həmin bankla bağlı digər bank məlumatları, alıcı şəxsin məlumatları qrafasında isə X11 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico göstərilmişdir. Beləliklə, banka təqdim olunmuş müqavilə məlumatları (o cümlədən müqavilədə göstərilmiş rekvizitlərlə) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuz olmasına baxmayaraq bank tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilib. Fakt aşkarlandıqdan sonra cavabdeh banka dərhal müraciət olunmuş, ödənişin qanunsuz olaraq icra olunması bildirilmiş, lakin hazıra kimi zərərin aradan qaldırılması mümkün olmamışdır. Qeyd olunmuş əməliyyatların icrası zamanı bank tərəfindən müqavilə və qanunvericiliklə üzərinə götürdüyü öhdəliklər icra olunmamaqla, o cümlədən ödəşinin əsası və təyinatı üzrə araşdırma aparılmadan icra olunmaqla şirkətə ciddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.3.2-ci bəndinə əsasən emitent bankın məsul şəxsi təqdim edilən ödəniş tapşırığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxlayır. Həmin Təlimatın 4.11-ci bəndinə əsasən, ödəniş sənədi aşağıdakı hallarda qüsurlu sayılır: 4.11.2. ödəniş sənədinin rekvizitlərində uyğunsuzluq olduqda; 4.11.6. nüsxələr eyni olmadıqda. Göründüyü kimi banka təqdim olunmuş sənədlərdə açıq-aşkar qüsur mövcud olmuş, müqavilə ilə nəzərdə tutulmamış xarici fiziki şəxsin hesabına bank tərəfindən köçürmə icra olunmuşdur. Bu hal bank tərəfindən qanunvericiliyin kobud pozuntusudur. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 3.1-ci bəndinə əsasən, Banklar bank hesablarının açılması, aparılması və bağlanması zamanı “Öz müştərini tanı” prinsipinin tətbiqini təmin edən daxili qaydalara malik olmalıdır. Daxili qaydalar PL/TMM Qanununa, bu Qaydanın, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanır və bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur. Qaydaların 3.2-ci bəndinə əsasən, daxili qaydalarda ən azı aşağıdakı məsələlər əks olunur: 3.2.1. müştərilərin və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları. Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2022-ci il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən valyuta əməliyyatları üzrə təsdiqedici sənədlərin siyahısı göstərilmiş, cavabdeh bank tərəfindən həmin sənədlərin mövcudluğu və tamlığı yoxlanılmış, o cümlədən əməliyyatın sənədlərə uyğun aparılıb-aparılmaması yoxlanılmamışdır.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC tərəfindən 35680 ABŞ dolları məbləğində vəsaitin köçürülməsinə dair müştərinin birbaşa özü tərəfindən internet banking üzərindən tərtib edilmiş ödəniş tapşırığı Banka təqdim edilmişdir. Bank tərəfindən müvafiq ödəniş tapşırığı və sənədlər qəbul edilərək müştərinin sərəncamı qanunvericiliyə və müqaviləyə uyğun olaraq icra edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş iddia ərizəsində də etiraf edilir ki, şirkət naməlum şəxslər tərəfindən kiberhücuma məruz qalmışdır. Hazırki izahata əlavə olaraq təqdim etdikləri MMC tərəfindən Mərkəzi Banka ünvanlanmış 15 fevral 2023-cü il tarixli, 69/23 nömrəli məktubda bu əməliyyatın həyata keçirilməsinin cəmiyyətin səhvi olduğu etiraf edilmişdir. Mülki Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-425/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

15. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən banka ödəniş tapşırığı təqdim olunmuş, həmçinin bankın tələbi ilə ödəniş tapşırığı ilə birlikdə müqavilə və invoys təqdim olunmuşdur. Müqavilə və invoysda Belçika Şirkətinin məlumatları və rekvizitləri göstərilsə də, ödəniş tapşırığında Meksikada yaşayan fiziki şəxsə ödənilməsi qeyd olunmuşdur. Bank əməkdaşı tərəfindən bu uyğunsuzluğu yoxlamaq və araşdırmaq qanunvericiliyin tələblərindən irəli gəlir və icra olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 20.Həmin Məcəllənin 976.1-ci maddəsinə əsasən müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır.

21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

23. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

24. Həmin Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

27. Belə ki, işin mübahisəsiz hallarına görə tərəflər arasında xx.xx.2017-ci il tarixli cari hesab müqaviləsi bağlanmışdır. Həmçinin, İddiaçı MMC ilə Belçika Krallığının qanunvericiliyinə əsasən qeydiyyata alınmış Nitto Belgium NV şirkəti arasında duzlu su membranları və suyun təmizlənməsi üçün avadanlıqların alışı üzrə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC 44.600 ABŞ dolları məbləğində vəsaiti Nitto Belgium NV şirkətinə qabaqcadan 100% həcmində ödəniş etməli idi.

28. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən tərtib edilərək elektron banking vasitəsi ilə cavabdehə ******* nömrəli “Xarici valyutada köçürmə orderi” göndərilmişdir.

29. Həmin orderə əsasən İddiaçı MMC tərəfindən AZ18ACABOO**********00556665 saylı hesabdan 35680 ABŞ dolları məbləğində pul vəsaitinin Nitto Belgium NV-nin Banco Nacional de Mexico S.A.-bankında olan **********66051182 nömrəli hesaba köçürülməsi tapşırılmış və cavabdeh tərəfindən həmin köçürmə orderi icra olunmuşdur.

30. Tərəflərin mübahisələndirdiyi hallar həmin köçürmə orderi ilə bağlıdır.

31. İddiaçı bildirir ki, banka təqdim olunan xx.xx.2022-ci il tarixli pro-forma invoys, müqavilə (ümumi şərtləri) və xx.xx.2022-ci il tarixli sifariş vərəqəsində müqavilə tərəfinin Belçika Krallığının rezidenti olan Nitto Belgium NV şirkəti olduğu görünür. Lakin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının icra olunması üçün təqdim olunmuş saxtalaşdırılmış Nitto şirkətinə aid bank detalları sənədində alıcı bank qismində Banamex – Banco Nacional de Mexico S.A, həmçinin həmin bankla bağlı digər bank məlumatları, alıcı şəxsin məlumatları qrafasında isə X11 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico göstərilmişdir. Beləliklə, banka təqdim olunmuş müqavilə məlumatları (o cümlədən müqavilədə göstərilmiş rekvizitlərlə) ilə ödəniş tapşırığı məlumatları arasında ciddi uyğunsuz olmasına baxmayaraq bank tərəfindən pulun naməlum hesaba köçürülməsi həyata keçirilmişdir. Bununla da, bank tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ərizəsində qeyd olunan Təlimat və Qaydaların tələbləri pozulmuşdur.

32. Cavabdeh isə bildirir ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı müştərinin birbaşa özü tərəfindən internet banking üzərindən tərtib edilərək banka təqdim edilmişdir. Bank tərəfindən həmin ödəniş tapşırığı və sənədlər qəbul edilərək müştərinin sərəncamı qanunvericiliyə və müqaviləyə uyğun olaraq icra edilmişdir. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 976.1-ci maddəsi təşkil edir. 34.Həmin maddənin tələblərinə görə müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. 35.Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlı 23-cü fəslinə aid 448.1-ci maddəsində göstərilmişdir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

38. Beləliklə, qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə iddianın əsaslı hesab olunması üçün müəyyən edilməlidir ki, cavabdeh bank iddiaçının tapşırığını, yəni xx.xx.2023-cü il tarixli köçürmə orderini icra edən zaman öz öhdəliyini təqsirli şəkildə pozmuşdur. Yalnız bu hallar müəyyən olunduğu təqdirdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilər. 39.Hazırki işdə isə bunun üçün əsaslar, yəni iddiaçının dəlillərinin əsaslı hesab edilməsi və cavabdehin öz öhdəliklərinin pozması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil. 40.Belə ki, xx.xx.2023-cü il tarixli “Xarici valyutada köçürmə orderi” iddiaçı tərəfindən tərtib edilərək elektron banking vasitəsi ilə cavabdehə göndərilmişdir. Ona görə də, həmin köçürmə orderində göstərilən bank rekvizitləri ilə iddiaçı və xarici şirkət arasında bağlanmış müqavilədə və ona aid sənədlərdə göstərilən bank rekvizitlərinin fərqli olması köçürmənin icrasından imtina üçün və ya əlavə dəqiqləşdirmə aparma üçün əsas ola bilməz.

41. Mülki Məcəllənin 954.3-cü maddəsində də təsbit edilmişdir ki, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. 42.Eyni zamanda, nəzərə alınır ki, həmin köçürmə orderində göstərilən bütün digər rekvizitlər iddiaçı ilə xarici şirkət arasında bağlanmış müqavilə və ona aid sənədlərdə göstərilən rekvizitlərlə eynilik təşkil edir. Hər hansı şəxsin (hüquqi və ya fiziki) müxtəlif banklarda hesablarının olması isə adi haldır. 43.Bundan başqa, xx.xx.2023-cü il tarixli köçürmə orderində alıcı şəxsin fiziki şəxs olması qeyd edilməmişdir. İddiaçının istinad etdiyi “X11 583 Benito Juarez cp. 57700 Nezahualcoyotl Mexico” qeydləri isə köçürmə orderində deyil, Bank Rekvizitləri (Bank Details) adlı sənəddə qeyd edilmiş və həmin qeydlər alıcı şəxsin adını deyil, bankın ünvanını (Bank Adress) göstərir.

44. Eyni zamanda, kollegiya hesab edir ki, idddiaçının istinad etdiyi Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.3.2 və 4.11-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulması halları da müəyyən edilmir.

45. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mərkəzi Bankına məktub ünvanlanaraq, yaranmış zərurətlə əlaqədar olaraq mütəxəssisin cəlb olunması və aşağıdakı suallara cavab verilməsi xahiş olunmuşdur: - xx.xx.2023-cü il tarixli ******* nömrəli xarici valyutada köçürmə orderi Mərkəzi Bankın mövcüd normativ aktlarına uyğun tərtib olunmuşdurmu? - Həmin köçürmə orderində hər hansı qüsur mövcüddurmu? - Cavabdeh QSC-nin həmin köçürmə orderinin icrasından imtina etmək üçün əsaslar mövcüd olmuşdurmu?

46. Həmin məktuba cavab olaraq Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru Nizami Yusifovun rəyi daxil olmuşdur.

47. Həmi rəydə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli xarici valyutada köçürmə orderi AMB-nin həmin dövrdə qüvvədə olmuş xx.xx.2013-cü il tarixli 19/1 saylı “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4-cü hissəsi – “Ödəniş sənədlərinə və onların icrasına dair ümumi tələblər”ə uyğun tərtib olunmuşdur. Belə ki, köçürmədə benefisiarın qeyd olunan bank rekvizitləri üzrə hesabına vəsait köçürülməsinə dair müştərinin birbaşa özü tərəfindən “internet bankçılıq” üzərindən banka ödəniş tapşırığı təqdim edilmiş və həmin ödəniş tapşırığı müştərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənmişdir. Bu ödəniş tağşırığının tərtibində Təlimatın 4.11-ci bəndində nəzərdə tutulmuş qüsurlar aşkar edilmədiyindən Cavabdeh QSC-nin həmin sənədin icrasından imtina etməsinə əsas mövcud deyildir. Həmçinin, xx.xx.2023-cü il tarxində qəbul edilmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 31.7-ci maddəsinə görə ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır. Mərkəzi Bankın 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-reidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda idxal müqaviləsi üzrə malın (xidmətin) dəyərinin yalnız mal (xidmət) alan şəxs tərəfindən ödənilməsi ilə bağlı öhdəlik nəzərdə tutulur. Malın (xidmətin) müqabilində vəsaitin köçürüldüyü ödəniş hesabı barədə xüsusi tələb nəzərdə tutulmadığından, bu hissədə də qanunvericiliyin pozulması halın rast gəlinmir.

48. Məhkəmə iclasında mütəxəssis X5 həmin rəyi təsdiq etdi və əlavə olaraq bildirdi ki, bankın əməliyyat sistemində olan həmin ödəmə tapşırığında bankın rekvizitlərinin hamısı var və müştəri həmin rekvizitləri özü doldurur. Ödəmə tağşırığı müştərinin banka verdiyi rekvizitlərdə natamamlıq olduqda, hesab nömrələri uyğun gəlmədikdə qüsurlu hesab olunur. Belə olan halda sistem həmin ödəmə tağşırığını geri qaytarır. Həmçinin ödəmə tapşırığında müştərinin hesab nömrəsi ilə müqavilədəki hesab nömrəsi eyni deyilsə, bu rekvizitdə qüsur olması hesab edilmir.

49. İddiaçı MMC mütxəssis rəyinə etiraz edir və bildirir ki, İddiaçı MMC ilə satıcı Nitto Belgium NV (Belçika Krallığı) şirkəti arasında imzalanmış müqavilə və hesab faktura (invoys) üzrə bank rekvizitləri qismində satıcının Belçika Krallığında yerləşən Fortis Bankdakı (BNP Paribas Fortis) bank hesab məlumatları razılaşdırılmışdır. Həmçinin sənədlərdə satıcının ünvanı Belçika Krallığı, Genk şəhəri (Eikelaarstraat küç. 22) göstərilmişdir. Lakin bank tərəfindən icra olunan ödəniş tapşırığında isə vəsait alanın bankı qismində Meksika Respublikasında yerləşən Banamex bankının rekvizitləri və ünvan olaraq Mexiko şəhərində yerləşən (Benito Juarez 57770) ünvan göstərilmişdir. Göründüyü kimi ödəniş tapşırığının rekvizitlərində bank tərəfindən sadə yoxlama nəticəsində aşkar olunacaq dərəcədə uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluq qanunvericiliyin birbaşa göstərişinə uyğun olaraq ödəniş tapşırığının qüsurlu olmasını göstərir. Digər tərəfdən mütləq qeyd olunmalıdır ki, bank tərəfindən sənəd qismində yalnız alıcı və satıcı tərəfindən razılaşdırılmış imza və möhürlə təsdiq olunmuş sənədlər qəbul edilə bilər. Qeyd olunan sənədlər bank tərəfindən tələb olunsa da, onlar yoxlanılmamış və ödəniş icra olunmuşdur. Təlimatın tələblərindən birbaşa aydın olur ki, rekvizitlərdə uyğunsuzluq ödəniş tapşırğınının qüsurlu hesab olunması üçün əsasdır. Mərkəzi bankın mütəxəssisi tərəfindən özünün də əməkdaşı olduğu Mərkəzi Bankın normativ sənədi təhrif olunaraq qanunvericiliyin birbaşa göstərişinə zidd rəy verilmişdir. Daha sonra mütəxəssis xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna istinad etmişdir. Ödənişin icra olunduğu xx.xx.2023-cü il tarixində qeyd olunan Qanun ümumiyyətlə qəbul edilməmişdir. Mütəxəssis rəyində bu Qanuna istinad edilməsi yolverilməzdir. Qüvvədə olmayan qanuna istinad etməklə mütəxəssis qanunsuz rəyini əsaslı olması ilə bağlı təəsürat yaradılmasına cəhd etmişdir. X4 xx.xx.2016-cı il 45/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların”da ödəniş hesabı barədə tələb nəzərdə tutulmadığını və qanunvericiliyin tələblərinin pozulmadığını bildirmişdir. Belə ki, Qaydaların 4-cü bəndində bank hesabları üzrə aparılan valyuta əməliyyatları ilə bağlı tələb olunan sənədlərin dəqiq siyahısı göstərilmişdir. Qaydaların 4.3.1.1-cü bəndinə əsasən ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər təqdim edilir. İddiaçı MMC tərəfindən də hazırda məhkəmə mübahisəsinin predmeti olan ödəniş tapşırığı ilə bağlı qanunvericilikdə göstərilən sənədlər banka təqdim olunmuş, lakin bank tərəfindən sənədlərin yoxlanılması icra olunmamışdır. Göründüyü kimi qanunvericilik ödəniş tapşırığının qüsursuz olmasının və qanunvericiliyin digər tələblərinə uyğunluğun yoxlanılması məqsədilə banklara qeyd olunan sənədlərin tələb olunması və yoxlanılması öhdəliyini təsbit etmişdir. Bank tərəfindən bu öhdəliklər qüsurlu icra olunmuşdur.

50. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehin hərəkətlərində Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 5.3.2 və 4.11-ci bəndlərinin, habelə Azərbaycan Respublikası Mərkəzi X6 xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 3.1 və 3.2-ci bəndlərinin tələblərinin pozulmasına istinad edilsə də, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş rəydə həmin Təlimat və Qaydaların tələblərinin pozulmaması qeyd edilmişdir.

51. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş etirazla qismən razılaşır və hesab edir ki, mütəxəssis rəyində xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna istinad edilməsi düzgün olmamışdır. Çünki mübahisələndirilən köçürmə orderi verilən vaxt həmin qanun qüvvəyə minməmişdir.

52. Bununla yanaşı, mütəxəssisdən aydınlaşdırılması tələb edilən məsələlərə, yəni qeyd olunan Təlimat və Qaydalarla bağlı məsələlərə aid hissədə hər hansı ziddiyyət və anlaşılmazlıq olmadığına görə kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının mövqeyi nəzərə alınmalıdır. Çünki qeyd olunan Təlimat və X9 tərəfindən qəbul edildiyinə görə konkret halda həmin normativ aktların tələblərinə riayət edilib-edilməməsi məsələsində onun rəyi əsas götürülməlidir.

53. Beləliklə, kollegya hesab edir ki, xx.xx.2023-cü il tarixli köçürmə orderinin icrası zamanı cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli cari hesab müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər pozulmamışdır. Ona görə də, kollegiya hesab edir ki, Mülki Məcəllənin 976.1-ci maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən zərərin əvəzinin ödənilməsinin tələb etməsi əsassızdır.

54. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-425/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar