Məhkəmə qərarları › İş №2-2(103)-374/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-374/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-374/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilədən irəli gələn borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4764/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən 7080 manat (ƏDV daxil) əsas borcun, 796 manat cərimə borcunun, 110 manat mediasiya xərcinin, ümumilikdə 7986 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, e-2-2(113)- 4764/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 01 dekabr 2021-ci il tarixli İM/011/21 saylı “Sponsorluq Müqaviləsi” üzrə 7080 manat (ƏDV daxil) məbləğində pul vəsaiti və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 110 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4764/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsinin apellyasiya şikayətində göstərilən əsaslarla ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və "xxxx" MMC arasında İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli“ Sponsorluq Müqaviləsi” bağlanmışdır. Müqavilənin 4.2.-ci bəndində qeyd olunmuşdur ki, “Layihə üzrə aylıq sponsorluq dəstəyinin ƏDV-siz dəyəri ilk 2 ay üçün 5000 manat, növbəti 11 ay ərzində isə ƏDV-siz 6000 manat təşkil edir.” Qaldırılmış iddia tələbinin heç bir əsası yoxdur və şəxsi qərəzlikdən doğan subyektiv münasibətin nəticəsidir. Belə ki, görülən xidmətin müqabilində ödənişlər tam olaraq həyata keçirilmişdir. İddiaçının tələb etdiyi pulun heç bir əsası yoxdur. Adıçəkilən müqavilə üzrə son ayın buraxılışları zamanı yayım qüsurlu və qənaətbəxş olmadığı üçün cavabdeh cəmiyyətin direktoru Qanuni nümayəndə iddiaçı cəmiyyətin rəhbəri İlkin Həsənliyə yayımın keyfiyyətindən narazı olduğunu və yayımın dayandırılmasını bildirmiş və bu barədə xəbərdarlıq etmişdir. İddiaçının vəkilinin də məhkəməyə təqdim etdiyi səs yazılarında bu hal aşkar şəkildə öz əksini tapmışdır. Sponsorluq müqaviləsinə görə tanıtım reklamı həyata keçirilməli, cavabdeh cəmiyyətin tanıtımının tam şəkildə qüsursuz formada yayımı təmin edilməli idi. Sonuncu iki buraxılışla razı olmayaraq məqbul hesab etməmiş və yayımın dayandırılmasını bildirmişdir. Bu hal işin mübahisəsiz halıdır və qarşı tərəfin sübutları ilə öz təsdiqini tapır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi həmin maddənin dispozisiyasıda qeyd edir ki, “müəyən hərəkətləri etmək” vəzifəsi vardır, lakin iddiaçı bu vəzifəsini yerinə yetirməmişdir. Belə ki, müqavilədə reklamın kifayət qədər aydın olması ilə bağlı şərt nəzərdə tutulmuşdur, qarşı tərəf isə müqavilənin bu şərtini pozaraq axırıncı iki buraxılışlarda reklamı kifayət qədər aydın, keyfiyyətli həyata keçirməmişdir və tərəflərindən iddiaçıya bununla bağlı iradlar bildirilmiş, reklamın dayandırılması xahiş olunmuşdur. Lakin iddiaçı tərəf bunun aradan qaldırılacağını bildirmişdir. Sonradan isə məlum oldu ki, iddiaçı bu məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib. Göründüyü kimi məhkəmə müqavilənin şərtlərini nəzərə almamış, nəticədə tam və hərtərəfli araşdırma aparmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı şirkət müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, tanıtım və reklamı dolğun şəkildə həyata keçirməmiş, xəbərdarlığa baxmayaraq keyfiyyətsiz reklamı yenidən efirə vermişdir. İddiaçının təqdim etdiyi səs yazısından da görünür ki, reklamın dayandırılmasını MMC-nin rəhbəri İlkin Həsənliyə bildirir, lakin heç bir nəticəsi olmur. Məhkəmə öz mövqeyini ciddi və arqumentlərlə əsaslandırmamış və bununla da bu maddi normanın tələblərini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

8. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

9. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

14. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəfər arasında İM/011/21 saylı, 01 dekabr 2021-ci il tarixli “Sponsorluq Müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında cavabdeh “Buğlama” televiziya layihəsinə maddi dəstəyini verir, bunun əvəzində isə icraçı layihə çərçivəsində sifarişçinin məhsulunun tanıtımını həyata keçirir. Qeyd olunan müqavilə üzrə iddiaçı tərəf öhdəliklərini yerinə yetirdiyi halda cavabdeh hüquqi şəxs isə iddiaçı tərəfindən son dörd yayımdan iki yayımın qüsurlu şəkildə yerinə yetirilməsi səbəbi ilə ödəniş edilməsindən imtina etmişdir.

20. Birinci instansiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə sadalanan faktların araşdırılması məqsədi ilə iddiaçı tərəfindən CD-diskdə təqdim olunan mübahisəli reklam çarxının yayımlandığı 4 yayıma baxış keçilirdi və cavabdehin mübahisələndirdiyi son iki (xx.xx.2022 və xx.xx.2022 tarixli) yayımın 1-ci və 2-ci yayımla (cavabdehin mübahisələndirmədiyi xx.xx.2022 və xx.xx.2022 tarixli) eynilik təşkil edildiyi müəyyən edilmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəf etiraz etdikləri halları (nəyə görə dəyəri ödənilməyən dörd yayım çarxının ilk iki yayımını bəyənərək qəbul etdiklərini, digər ikisini isə qəbul etmədiklərini, fərqlərin nədən ibarət olmasını, iddiaçı tərəfindən müqavilənin hansı şərtinin pozulmasını, yayımda olan qüsurların nədən ibarət olması və s.) nə şifahi əsaslandıra, nə də sübuta yetirə bilməmişdir.

22. Bundan əlavə, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında son iki yayımın dayandırılması barədə iddiaçıya əvvəlcədən xəbərdarlıq edildiyini bildirsə də, buna dair sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının isə məhkəməyə CD-diskdə təqdim etdiyi whatsapp-səs-mesajından görünür ki, cavabdehin direktoru xx.xx.2023-cü il tarixində iddiaçı şirkətinin direktoruna səs-mesajı göndərərək onlar tərəfindən alınmış pretenziya məktubuna cavab olaraq dörd yayımdan ilk iki yayıma görə 3000 manat borcun olduğunu bildirmiş, son iki yayıma etiraz etmişdir. Lakin, mübahisələndirilən yayımlar 2022-ci il tarixlidir. Beləliklə, cavabdehin etirazı (yayımların dayandırılması) mübahisələndirilən (xx.xx.2022 və xx.xx.2022 tarixli) yayımlardan öncə deyil, üstündən 11 ay keçəndən sonra, sadəcə pretenziya məktubuna cavab olaraq bildirilmişdir.

23. Beləliklə, məhkəmə cavabdeh MMC-nin etiraz arqumentlərini formal mülahizə və ödənişlərin həyata keçirilməsindən əsassız olaraq yayınma kimi qiymətləndirərək hesab etmişdir ki, ƏDV daxil 7080 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

24. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazda irəli sürdüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4764/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ziya Şirinov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar