Məhkəmə qərarları › İş №2-2(103)-378/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-378/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-378/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında 27 noyabr 2020-ci il tarixdə ASN/X/042/20 nömrəli xidmət müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifarişlərinə əsasən, nəqliyyat vasitələri (texnika) ilə xidmətini göstərməyi, sifarişçi isə xidməti qəbul edib müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə icraçıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Müqavilənin 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərinə görə, icraçı xidmətini öz nəqliyyat vasitələri (sürücü ilə birlikdə) ilə həyata keçirir; texnikanın tikinti sahəsinə gətirilməsi sifarişçinin, xidmət yerinə gətirildikdən sonra isə həmin texnikanın tikinti sahəsindən aparılması icraçının vəsaiti hesabına həyata keçirilir; xidmətin göstərilməsi ilə bağlı hər təqvim ayı üzrə tərəflər arasında müvafiq təhvil-təslim aktı tərtib olunur.

3. Müqavilənin 3.1-ci bəndinə görə, xidmətin dəyəri müqavilənin ayrılmaz hissəsi olan “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən müəyyən olunacaqdır və bununla bağlı müvafiq təhvil-təlim aktının imzalanmasından sonra 5 bank günü müddətində sifarişçi tərəfindən ödəniləcəkdir; 3.2-ci bəndinə əsasən, göstərilmiş xidməti təsdiq edən sənədlər - 15 günlük dövrünə görə yük daşıma qaimələrinin reyestri və 15 günlük dövr üzrə yerinə yetirilmiş xidmətin təhvil-təslim aktıdır.

4. Xidmət müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli, xx.xx.2021-ci il tarixli 2 nömrəli və xx.xx.2021-ci il tarixli 3 nömrəli Əlavələrdə (“Qiymətlərin razılaşdırılması protokolu”) tərəflər, xidmətlərin adı (tullantıların daşınması, qazıntı işləri, daşınma, müəyyən səthlərin bərkidilməsi) və dəyəri barədə razılığa gəlmişlər.

5. “Yerinə yetirilmiş işlərin qəbul aktları”na görə, 2020-ci ilin noyabr, dekabr, 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə icraçı tərəfindən sifarişçiyə müvafiq olaraq 1062 manat, 531 manat, 2153,50 manat, 32 220,54 manat, 30 929,72 manat, 31 077,93 manat dəyərində xidmətlər göstərilmişdir.

6. İcraçı tərəfindən sifarişçiyə EBAT seriyalı 600362 nömrəli xx.xx.2020-ci il tarixli dəyəri 1062 manat, EBAW seriyalı 028333 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 531 manat, EBAX seriyalı, 135605 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 2153,50 manat, EBAY seriyalı, 588289 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 32 220,54 manat, EBAZ seriyalı, 815596 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30 929,72 manat, EBBB seriyalı, 485227 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 31 077,93 manat, EBBD seriyalı, 482017 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30 564,35 manat olan elektron qaimələr göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2021-ci il tarixli ASN/X/042/20 saylı xidmət müqaviləsinə əsasən əsas borc üzrə 14 901,99 manatın, əsas borcun gecikdirilməsinə görə 2447,44 manatın və 142,05 manat dövlət rüsumunun, ümumilikdə 17 491,48 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə ASN/X/042/20 saylı Xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi Cavabdeh MMC-ə müqavilə üzrə nəqliyyat vasitələri ilə xidmət göstərmişdir. İddiaçı cavabdehə indiyədək ümumi dəyəri ƏDV daxil 128 539,04 (yüz iyirmi səkkiz min beş yüz otuz doqquz manat 04 qəp.) manat təşkil etməklə özünə məxsus özüboşaldan nəqliyyat vasitələri ilə xidmət göstərmiş, cavabdeh göstərilmiş xidmət qarşılığında iddiaçıya xx.xx.2020-ci il tarixdə 900 manat əsas, 162 manat ƏDV olmaqla 1062 manat, xx.xx.2021-ci il tarixdə 450 manat əsas, 81 manat ƏDV olmaqla 531 manat, xx.xx.2021-ci il tarixində 1825 manat əsas, 328,50 manat ƏDV olmaqla 2153,50 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat əsas, 900 manat ƏDV olmaqla 5900 manat, xx.xx.2021-ci il tarixdə 22 305.54 manat əsas, 4015 manat ƏDV olmaqla 26 320,54 manat, xx.xx.2021-ci il tarixdə 26 211.63 manat əsas, 4 718.09 manat ƏDV olmaqla 30 929.72 manat, xx.xx.2021-ci il tarixdə 6000 manat əsas, 0.00 manat ƏDV olmaqla 6000 manat, xx.xx.2021-ci il tarixdə 20 337.23 manat əsas, 4740.70 manat ƏDV olmaqla 25 077.93 manat, xx.xx.2021-ci il tarixdə 6000 manat əsas, 0.00 manat ƏDV olmaqla 6000 manat, xx.xx.2021-ci il tarixdə 0.00 manat əsas, 4662,36 manat ƏDV olmaqla 4662.36 manat, xx.xx.2021-ci il tarixdə 5000 manat əsas, 0.00 manat ƏDV olmaqla 5000 manat, cəmi 113 637.05 manat ödənişlər edilmişdir. Lakin cavabdehin iddiaçının xidmət müqaviləsi əsasında xidmətlərdən istifadə etməsinə görə ona indiyədək 14 901,99 manat əsas, 0.00 manat ƏDV borcu olmaqla, cəmi 14 901 (On dörd min doqquz yüz bir, 99 qəp.) manat borcu qalmaqda davam edir. Cavabdehin xidmətlərinin həqiqətən də həyata keçirildiyi və onların dəyəri faktını iddiaçı ilə noyabr 2020, dekabr 2020, yanvar 2021, fevral 2021, mart 2021, aprel 2021 və may 2021-ci il tarixli qarşılıqlı üzləşmə aparılaraq müvafiq yerinə yetirilmiş işlərin qəbulu aktı tərtib edilmiş, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiqləmişdir. Həmin akta əsasən göstərilmiş xidmətlərin ümumi dəyərinin 128 539,04 (yüz iyirmi səkkiz min beş yüz otuz doqquz manat 04 qəp.) manat olması öz təsdiqini tapmışdır. Cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli EBAT seriyalı 600362 №-li, xx.xx.2021-ci il tarixli EBAW seriyalı 028333 №-li, xx.xx.2021-ci il tarixli EBAX seriyalı 135605 №-li, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 588289 №-li, xx.xx.2021-ci il tarixli EBAZ seriyalı 815596 №-li, xx.xx.2021-ci il tarixli EBBB seriyalı 485227 №-li, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 482017 №-li qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmişdir. Bu da onun göstəricisidir ki, cavabdeh tərəfindən qaimə üzrə göstərilən rəqəmlər mübahisə edilmir, bu barədə heç vaxt düzəliş və ya dəqiqləşməyə dair geri dönüş etməmişdir.

9. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər nümayəndələrini məhkəməyə göndərməmiş, lakin iddiaçının nümayəndəsi elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 14 901 (on dörd min doqquz yüz bir) manat 99 (doxsan doqquz) qəpik məbləğində pulun, əsas borca illik 5% hesablanmaqla 558 (beş yüz əlli səkkiz) manat 82 (səksən iki) qəpik məbləğində pulun, dövlət rüsumunun əvəzi olaraq 136 (bir yüz otuz altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud olmadığından, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir və belə olan halda mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

12. Məhkəmə qeyd etmişdir ki, mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam, müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmət göstərilibgöstərilməməsidir. İş materiallarına əlavə olunmuş 2020-ci ilin noyabr, dekabr ayları və 2021-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə yerinə yetirilmiş işlərin qəbul aktlarından görünür ki, icraçı "AS Nəqliyyat” MMC tərəfindən sifarişçiyə müvafiq olaraq 1062 manat, 531 manat, 2153,50 manat, 32 220,54 manat, 30 929,72 manat, 31 077,93 manat xidmətlər göstərilmiş, "Global Transaction” MMC də həmin aktları imza və möhürü ilə təsdiq etməklə icraçı tərəfindən xidmət göstərildiyini qəbul etmişdir. Eyni zamanda göstərilmiş xidmətlərə görə iddiaçı tərəfindən cavabdehə EBAT seriyalı 600362 nömrəli xx.xx.2020-ci il tarixli dəyəri 1062 manat, EBAW seriyalı 028333 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 531 manat, EBAX seriyalı, 135605 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 2153,50 manat, EBAY seriyalı, 588289 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 32 220,54 manat, EBAZ seriyalı, 815596 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30 929,72 manat, EBBB seriyalı, 485227 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 31 077,93 manat, EBBD seriyalı, 482017 nömrəli, xx.xx.2021-ci il tarixli dəyəri 30 564,35 manat olan elektron qaimələr göndərilmişdir. Elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 128 539,04 manat təşkil edir. Hazırda iddiaçı cavabdeh tərəfindən 113 637,05 manat məbləğində ödəniş edildiyini və cavabdehin 14 901,99 (128.539,04-113.637,05) manat borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

13. Məhkəmə vurğulamışdır ki, cavabdeh tərəf heç bir məhkəmə hazırlıq və baxış iclaslarına gəlməmiş, iddiaya etiraz etməmiş, tələb edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir, ona görə də iddia əsas borc üzrə 14 901,99 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır.

14. Məhkəmə iddianın əsas borca illik 5 faiz hesablanmaqla 2447,44 manatın cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya xx.xx.2024-cü il tarixdə, iddia ərizəsi məhkəməyə isə təxminən 9 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə verilmişdir – buna görə də əsas borca illik 5 faiz hesablanmaqla 558,82 (14.901,99x5/100=745,09 (1 il üçün) 745,09/12=62,09 (1 ay üçün) 62,09x9=558,82 (9 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 390.4-cü, 445.7-ci, 777.1-ci, 783.2-ci və Mülki Prosessual Məcəllənin 14.1-ci, 14.2-ci, 77.1-ci maddələrinə istinad etmişdir.

16. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, ailəsində baş vermiş faciəvi hadisə səbəbindən məhkəmə prosesində iştirak edə bilmədiyi, buna görə də sübutlar təqdim etmədiyi, cavabdehin iddiaçıya 2821,12 manat borcunun qaldığı, ekspertiza keçiriləcəyi təqdirdə bunun müəyyən olunacağı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

17. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı

18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi ərizə göndərərək digər məhkəmə prosesində iştirak edəcəyi səbəbindən iclasın təxirə salınmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını istəmişdir.

19. İşin halları, cavabdehin (apellyatorun) nümayəndəsinin ərizədə qeyd etdiyi halla bağlı sübut təqdim etmədiyi, həmçinin qeyd etdiyi digər prosesin səhər saatlarına təyin olunduğunu bildirməsini (hazırkı işə isə saat 15:10-a təyin olunmuşdur), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

22. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

29. Maddə 445.7 (tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

32. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

33. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

34. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”

46. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.

47. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

48. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

49. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

50. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.

51. Bənd 3.13. Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaiməfakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaiməfakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir.

Apellyasiya baxışının həddi

52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

54. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir. Başqa sözlə, qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

55. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

56. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

57. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

58. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq, podrat və yük daşınması ilə bağlı müddəaları (§ 30-34) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin (tapşırığın, podratın, daşımanın) yerinə yetirilməsi üçün icraçıya ödəniləcəyi razılaşdırılan muzdun (xidmət haqqının) ödənilmiş olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür.

59. Belə ki, müqavilə üzrə iddiaçının öz öhdəliyini yerinə yetirdiyi işin müəyyən olunan halıdır və bu xüsusat cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməməkdədir; cavabdehin nümayəndəsi apellyasiya şikayətində, yalnız qalıq borcun məbləğinin iddia tələbində göstərildiyi qədər deyil, 2821,12 manat olduğunu irəli sürmüşdür.

60. İşin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq elektron qaimələr göndərilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş, eyni zamanda, xidmətlərinin həyata keçirildiyi və onların dəyəri barədə tərəflər arasında noyabr 2020, dekabr 2020, yanvar 2021, fevral 2021, mart 2021, aprel 2021 və may 2021-ci il tarixli qarşılıqlı üzləşmə aktları tərtib edilmişdir.

61. Sözügedən elektron qaimələrə görə, iddiaçı tərəfindən ƏDV daxil olmaqla ümumilikdə 128 539,04 manat dəyərində xidmət göstərilmişdir; iddiaçının bildirməsinə görə isə, cavabdeh tərəfindən xidmətlərin dəyəri olaraq ümumilikdə 113 637,05 manat (ƏDV daxil olmaqla) ödəniş həyata keçirilmişdir.

62. Cavabdehin nümayəndəsi borcun məbləğinin düzgün hesablanmadığını bildirsə də, daha artıq ödənişlərin həyata keçirildiyini sübuta yetirə bilməmişdir.

63. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 36,37).

64. Cavabdehin nümayəndəsi müvafiq sübutları üzrlü səbəblərdən məhkəməyə təqdim edə bilmədiyini qeyd etsə də, nə həmin üzrlü səbəblərlə bağlı sübutları, nə də həmin sübutların özünü təqdim etməmişdir. Yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 44).

65. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 44) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

66. Kollegiya onu da qeyd edir ki, “Yerinə yetirilmiş işlərin qəbul aktları” əsasında hesablama aparıldıqda görülmüş işlərin ümumi dəyərinin 97 974,69 manat olduğu müəyyən edilsə də, cavabdeh 113 637,05 manat ödəniş etdiyini mübahisələndirmədiyindən və 2821,12 manat borcu qaldığını irəli sürdüyündən, eyni zamanda ümumi dəyəri 128 539,04 manat olan elektron qaimələri təsdiqlədiyindən, məhz elektron qaimələrdə əks olunan məbləğlər əsas götürlməlidir.

67. Kollegiya məhkəmənin, cavabdehdən 558,82 manat gecikmə faizinin tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

68. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

69. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

70. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-725/2025 saylı iş üzrə 17 yanvar 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar