Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-384/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5143/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. “İddiaçı2 (icraçı) ilə cavabdeh "xxxx" ASC (sifarişçi) arasında 23 noyabr 2018-ci il tarixdə bağlanmış ASFX18/305 saylı xidmət müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində mal materialların mühafizə edilməsi ilə əlaqədar işlərin icrasını öz üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 1943 manat xidmət haqqı ödəyir. 2.2-ci maddəsinə görə bu müqavilənin 1.1-ci bəndində göstərilən xidmətlərə görə sifarişçinin təyin etdiyi iş yerində həftənin 6 günü (bazar ertəsi-şənbə) icra edir. 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir. 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 23 noyabr 2018-ci il tarixdən başlayacaqdır. 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir.
2. xx.xx.2018-xx.xx.2018-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2018-ci ilin noyabr, dekabr aylarında İddiaçı2 tərəfindən "xxxx" ASC-yə, xx.xx.2018- xx.xx.2018-ci il dövründə ərzində 415 manat, xx.xx.2018-xx.xx.2018-ci il dövrü ərzində 1646 manat dəyərində olmaqla, cəmi 2061 manat dəyərində xidmətlər göstərilmişdir. Akt sifarişçinin imzası və möhürü və icraçının imzası ilə təsdiq edilmişdir.
3. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövrü əhatə edən (İddiaçı2 aid) hesabdan çıxarışdan müəyyən edilir ki, 09 avqust 2018-ci il tarixli ASFX18/249 nömrəli xidmət müqaviləsi üzrə İddiaçı2 sonuncu dəfə xx.xx.2019-cu ildə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 4217 manat ödənişlər edilmişdir.
4. 12.02.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı2 "xxxx" ASC-yə (baş direktor V.Süleymanova) müraciət ünvanlayaraq, 2018-ci ilin noyabr ayında 2019-cu ilin aprel ayınadək Özbəkistan Respublikasında icra edilən layihədə mühafizəçi vəzifəsində işlədiyini bildirmiş və qalan xidmət haqqının ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir.
5. İddiaçı2 məxsus ümumvətəndaş pasportun surətindən məlum olur ki, İddiaçı2 xx.xx.2018-xx.xx.2019-cu illər arası dövrdə Özbəkistan Respublikasında olmuş və iddiaçıya məxsus pasportun 32-ci səhifəsində Özbəkistan Respublikasının Miqrasiya Xidmətinin vurduğu ştampın üzərində “Akkord Kompleks” sözləri qeyd edilmişdir.
6. İddiaçı2 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 5143 manat məbləğində borcun, 200 manat maddi-mənəvi zərərin, 100 manat məbləğində vəkil xərcinin, mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində xərcin və dövlət rüsumu olaraq ödənilmiş 12 manat məbləğində pulun tutularaq fiziki şəxs İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, onunla cavabdeh "xxxx" ASC arasında 23 noyabr 2018-ci il tarixdə ASFX18/305 saylı xidmət müqaviləsi bağlanmışdır. Xidmət müqaviləsi Azərbaycan Respublikasında bağlansa da, iddiaçı 2018-ci il noyabr ayından 2019-cu il aprel ayınadək Özbəkistan layihəsində mühafizəçi vəzifəsində çalışmışdır. ASFX18/305 saylı xidmət müqaviləsinin 2.1-ci bəndinə əsasən, iddiaçıya bir ay üçün 1943 manat xidmət haqqı ödənilməli idi. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş və ümumilikdə iddiaçıya verilməli olan 5143 manat pulu ona ödəməmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdehin məsul şəxsləri ilə görüşmüş, ona hər dəfə bir ərizə yazdıraraq, başqa gün gəlməyi və pulu ödəyəcəklərini bildirmişlər. Lakin bu günədək hər hansı ödəniş edilməmişdir. İddiaçı dəfələrlə Bakı şəhərinə gəlib-getmək məcburiyyətində olub. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
9. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5143/2022 saylı 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
11. İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, cavabdeh tərəfindən irəli sürülmüş tələb ona görə əsasızdır ki, iş materiallarında da göründüyü kimi iddiaçı məhz cavabdehin almış olduğu viza əsasında Özbəkistan Respublikasına getmişdir, həmçinin cavabdeh tərəfindən iddiaçıya əmək haqqı olaraq sonuncu dəfə dekabr 2019-cu il tarixdə verilmişdir. Məhkəmə müddətin tətbiqi ilə bağlı ərizəyə baxarkən sonuncu ödənişi nəzərə almamışdır. Cavabdeh tərəfindən göndərilmiş məktub məhkəmə iclas zalında tədqiq edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamamışdır. Belə ki, məhkəmədə təqdim edilmiş Bank çıxarışından da göründüyü kimi sonuncu ödəniş 2019cu ilin dekabr ayında iddiaçıya edilmiş ödənişin hansı səbəblə edilməsi müəyyənləşdirilməmişdir. Məhkəmə işə baxarkən cavabdehin iddiaçıya aylıq ödənişləri hansı səbəbdən etdiyini və iddiaçının işçi olub-olmamasını sübut etməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş pasportda olan vizanın cavabdeh tərəfindən hansı məqsədə alınması da araşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin qərəzli hərəkətlərinin olub-olmamasını araşdırmamıış, göstərilənlərlə bağlı xüsusatı tam və obyektiv araşdırmamış, bununla da məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
22. Belə ki, tərəflər arasında xidmət müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
23. Eyni zamanda İddiaçı2 cavabdeh "xxxx" ASC tərəfindən 23 noyabr 2018-ci il tarixli ASFX18/305 saylı xidmət müqaviləsi üzrə 2019-cu il fevral-aprel ayları üçün xidmət haqqının ona ödənilmədiyini bildirir.
24. Göründüyü kimi həm tərəflər arasında bağlanmış müqaviləyə, həm də tərəflər arasında yaranmış işgüzar adətlərə görə malların təhvil verilməsi məhz təhvil-təslim aktları əsasında rəsmiləşdirilmişdir.
25. Lakin hazırki 23 noyabr 2018-ci il tarixli ASFX18/305 saylı xidmət müqaviləsi üzrə mübahisəli dövrə dair təhvil-təslim aktları mövcud deyildir.
26. Tərəflər arasında bağlanmış müqavilələrin 2.3-cü bəndlərinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilməli olduğu halda iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq mübahisəli dövrdə xidmətlərin göstərilməsini təsdiq edən təhvil-təslim aktılarını təqdim edə bilməmişdir.
27. Hesabdan çıxarış mübahisəli dövrdən əvvəlki dövr ərzində İddiaçı2 23 noyabr 2018-ci il tarixli ASFX18/305001 saylı xidmət müqaviləsi əsasında göstərdiyi xidmətlərə görə cavabdeh tərəfindən ödənişlərin edilməsini təsdiq etdiyindən həmin çıxarışın mübahisəli dövrdə İddiaçı2 tərəfindən xidmətlərin göstərilməsi faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
28. İddiaçının mübahisəli dövrdə xidmətin göstərilməli olduğu Qazaxıstan və Özbəkistan Respublikalarına getməsini təsdiq etmək üçün təqdim edilmiş ümumvətəndaş pasportunun surəti də iddiaçı tərəfindən xidmətin görülməsi faktının təsdiqi üçün kifayət deyildir.
29. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
30. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5143/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova