Məhkəmə qərarları › İş №2-2(103)-384/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-384/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-384/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə” borcun tutulmasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-601/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. . İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli təchizat müqaviləsinə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 3.2-ci bəndinə əsasən bütün ödənişlər hesab-faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçirilir.

3. Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir.

4. İddiaçı tərəfindən cavabdehə EBCC 128853 saylı, xx.xx.2022-ci il tarixli (5001.58 manat), EBCC 130968 saylı, xx.xx.2022-ci il tarixli (2344.40 manat), EBCC 129986, xx.xx.2022-ci il tarixli (2998.37 manat), EBCC 126631 saylı, xx.xx.2022-ci il tarixli (2577.80 manat), EBCC 132000 saylı, xx.xx.2022-ci il tarixli (1049.05 manat), EBCE 541080 saylı, xx.xx.2022-ci il tarixli (3175.03 manat) elektron qaimələr təqdim edilmişdir.

5. İddiaçının avtomatlaşdırılmış vergi informasiya sistemindən çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir.

6. İddiaçının ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya 762,91 manat ƏDV ödənilmişdir.

7. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci ildə 4238,39 manat vəsait ödənilmişdir.

8. İddiaçının işə apellyasiya qayasında baxılarkən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş ümumi dəyəri 36,28, 1165,81 manat və 391,76 manat dəyərində mallar xx.xx.2022-ci ildə tarixdə elektron qaimələr əsasında geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC Cavabdeh MMC-yə (əvvəlki adı “X1” MMC) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10587,35 manatın, 210 manat mediasiya xərci, 300 manat hüquqi yardımla bağlı xərcin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “X1” MMC VÖEN: ********** (hazırkı adı Cavabdeh MMC VÖEN: **********) arasında xx.xx.2021-ci tarixdə “Təchizat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı MMC “Təhizatçı” “X1” MMC “Alıcı” adlanır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən təchizatçı alıcının sifariş etdiyi malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbuledib əvəzində müəyyən edilmiş pulməbləğini ödəməyi öhdəsinə götürür. Alıcının adı-“X1” MMC-dən Cavabdeh MMC-yə dəyişdirildikdən sonra (qeyd: cəmiyyətin yalnız adı dəyişdirilib, təsisçi, qanuni təmsilçi, VÖEN və sair dəyişdirilməyib) tərəflər arasındakı müqavilə münasibətləri razılaşmaya əsasən davam etdirilmiş, yəni "xxxx" MMC Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə 14.007 manatlıq və xx.xx.2022-ci il tarixdə 3175.03 manatlıq mal (dondurma), cəmi 17.182.23 manat dəyərində mal satmışdır. İddiaçı MMC-nin Cavabdeh MMC-yə yuxarıda qeyd edilən məbləğdə mal satması, iddia ərizəsinə əlavə etdiyimiz "xxxx" MMCnin Cavabdeh MMC-yə göndərdiyi Seriya: EBCC, № 128853 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 5001.58 manat; Seriya: EBCC, № 130968 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2344.40 manat; Seriya: EBCC № 129986 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2998.37 manat; Seriya: EBCC, № 126631 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 2577.80 manat; Seriya: EBCC, № 132000 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 1049.05 manat və Seriya: EBCE, № 541080 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 3175.03 manat elektron qaimələrlə təsdiq olunur. İddia ərizəsinə əlavə etdiyimiz təsdiqlənmiş elektron qaimələrdən göründüyü kimi, cavabdeh ona göndərdiyimiz yuxarıda qeyd olunan elektron qaimələri göndərilən gün qəbul etmişdir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyrəm ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında yuxarda qeyd olunan münasibətləri davam etdirmək üçün 01 oktyabr 2022-ci il tarixli, TOP2022/00155 nömrəli “Təchizat” müqaviləsi bağlanmışdır. Cavabdeh MMC yuxarıda qeyd edilən (2022-ci ilin avqust və sentyabr aylarında) İddiaçı MMC-yə yaranmış 17.182.23 manat əsas borcundan xx.xx.2022-ci il tarixdə 1593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarmaqla ödəmiş və xx.xx.2022-ci il tarixdə isə 5001,30 manat hissəsini İddiaçı MMC-nin bank hesabına ödəmişdir. Yuxarıda göstərilən mala görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 10.587,35 manat borcu qalmışdır. Cavabdeh MMC-nin 2022-ci ilin avqust və sentyabr aylarında İddiaçı MMC-dən aldığı mallardan 1593,85 manat dəyərində hissəsini mal kimi geri qaytarması Seriya: EBCİ, № 478105 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 1165,81 manat; Seriya: EBCİ, № 477346 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 36,28 manat, Seriya: EBCİ, № 476185 olan xx.xx.2022-ci il tarixli, yekun məbləği 391,76 manat elektron qaimələrlə, 5001.30 manat hissəsiniİddiaçı MMC-nin ödəməsi isə xx.xx.2022-ci il tarixli bank çıxarışı ilə təsdiq olunur. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2022-ci il tarixli üzləşmə aktından göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya 15589.40 manat borcu qalmışdır (əslində cavabdehin xx.xx.2022-ci il tarixdə iddiaçıya qalıq borcu 15589.40 manat deyil, 15588,38 manat olmuşdur). Həmin borcdan 5001,30 manatını cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının bank hesabına ödədiyindən üzləşmə aktında cavabdehin iddiaçıya borcunun 10.587,35 manat deyil, 15589,40 manat olması göstərilmişdir. Yuxarıda göstərilənlərlə təsdiq olunur ki,cavabdehin iddiaçıya hazırda 10.587.35 manat borcu qalmışdır.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-601/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

13. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 10587,35 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 10587,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-601/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə mallar alıcıya təhvil verilməli olduğu halda bunlar edilməmiş və süni borc yaradılmışdır. Həmçinin təqdim edilmiş üzləşmə aktının kim tərəfindən imzalanması və təsdiqlənməsi bəlli deyil. Həmin sənədin əsli məhkəməyə təqdim edilməlidir. Üzləşmə aktını cavabdehin köhnə əməkdaşlar möhürü təhvil verməyib özlərində saxlayıb köhnə tarixlə sənədlə möhür vurublar. Yalnız adi elektron qaimə ilə iddiaçı cavabdehdən pul tələb edir. Faktiki olaraq elektron qaimələrin alt sənədləri mövcud deyildir. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməyib. Yazıdan da görünür ki, başqa şəxs tərəfindən icra edilib. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəm əisə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin iddiaçı tərəfindən elektron qaimələrin alt sənədləri, yəni alqı satqı təhvil-təslim malların verilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Üzləşmə aktı hər hansı sənədə əsaslanmadan yazılmışdır. Üzləşmə aktındakı imza möhür şübhəlidir. Ola bilsin ki, köhnə işçilərə köhnə tarixlə imzaladıblar.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

18. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddə- müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddə-müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Əsaslandırıcı hissə Apellyasiya baxışının hədləri

19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə təchizat müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə üzrə cavabdehə xx.xx.2022-ci il tarixdə göndərilmiş EBCC 130968 saylı elektron qaimə üzrə 2344,4 manat, EBCC 129986 saylı elektron qaimə üzrə 2998,37 manat, EBCC 126631 saylı elektron qaimə üzrə 1411,99 manat, EBCC 132000 saylı elektron qaimə üzrə 657,29 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 3175,03 manat olmaqla, cəmi 10587,08 manat təqdim edilmiş malın dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Elektron Cavabdeh tərəf xx.xx.2022-ci il tarixdə üzləşmə aktını möhür və imza ilə təsdiq etməklə xx.xx.2022-ci il tarixə iddiaçıya olan 15558,40 manat borcun mövcudluğunu təsdiq etmişdir.

22. Cavabdehin apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, apellyasiya şikayətində müqavilənin cavabdehin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmadığı qeyd edilsə də, həmin müqavilə möhürlə təsdiq edildiyindən , o cümlədən müqavilə üzrə mallar qəbul edilərək. ödənişlər həyata keçirildiyindən müəyyən olunur ki, müqavilə hüquqi şəxsin iradə ifadəsinə uyğun bağlanmışdır. Bundan əlavə cavabdeh apellyasiya şikayətində irəli sürdüyü bu mülahizənin əsaslı olduğuna dair hər hansı sübut təqdim etməmiş, direktor Qanuni nümayəndə məhkəmə proseslərində iştirakı təmin edilməmiş, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası keçirilməsi üçün həmin şəxsin sərbəst və eksperimental xətt nümunələri məhkəməyə təqdim edilməmişdir.

23. Cavabdeh eyni zamanda üzləşmə aktını mübahisələndirərək onun hansı sənədlər əsasında yazıldığının aydın olmadığını, möhürün şübhəli olduğunu qeyd etsə də, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən təqdim edilmiş sübutlara hər hansı etiraz bildirməmiş, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri hər hansı pretenziya bildirmədən təsdiq etmiş, iddiaçıdan təhvil alınan malların dəyəri və hansı məbləğdə ödəniş edildiyinə dair məhkəməyə məlumat verməmiş, o cümlədən işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması üçün məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mülahizələri formal xarakter daşımaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-601/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar