Məhkəmə qərarları › İş №2-2(103)-417/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-417/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-417/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 19 iyul 2022-ci il tarixdə “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması işləri haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı icraçı, “Azərenerji" İB-nə məxsus ayrı-ayrı regionlarda yerləşən obyektlərin qaz ölçü qovşaqlarında metroloji ölçmələrin aparılması, daraldıcı qurğunun kalibrlənməsi və hesabat vərəqəsinin hazırlanması, eləcə də 11 ədəd “Floobus-107” tipli elektron sərfölçən cihazlarının (MVS tipli sensorlarla birlikdə) kalibrlənməsi və quraşdırılması işlərinin yerinə yetirilməsini, sifarişçi isə həmin xidmətin dəyərinin müqavilənin şərtlərinə uyğun ödənilməsini öhdələrinə götürmüşlər (2.1-ci bənd).

2. Müqavilənin 3.1-ci bəndinə əsasən, icraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri müqavilənin ayrılmaz hissəsi sayılan “Qiymət-Razılaşma Protokoluna” (Qoşma 1) və Xərclər Smetasına (Qoşma 2) əsasən ƏDV nəzərə alınmaqla 66 318,26 manat (altmış altı min üç yüz on səkkiz manat, 26 qəpik) təşkil edir; 3.2-ci bəndinə əsasən yerinə yetirilmiş işlər tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmiş işlərin qəbulu aktı ilə yekunlaşdırılır. Bu akt icraçının təqdim etdiyi hesabın ödənilməsi üçün əsasdır; 3.3-cü bəndinə əsasən, göstərilmiş xidmətlərin dəyəri təhvil-qəbul aktının təsdiq olunmasından sonra icraçı tərəfindən təqdim olunmuş elektron-qaimə faktura və hesab-faktura əsasında 30 (otuz) iş günü müddətində sifarişçi tərəfindən ödənilir.

3. Müqavilənin 3.4-cü bəndinə əsasən, ödəniş Azərbaycan manatı, köçürmə yolu ilə həyata keçirilir.

4. “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə xx.xx.2024-cü il tarixli aktda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixinə sifarişçinin icraçıya olan borcunun qalığı 44 645,21 manat olmuşdur və xx.xx.2024-cü il tarixdə də borc həmin məbləğdədir. Akt hər iki tərəfin rəhbər şəxslərinin imzaları, habelə möhürlərlə təsdiq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 44 645,21 (qırx dörd min altı yüz qırx beş manat iyirmi bir qəpik) manat borcun, 223,94 (iki yüz iyirmi üç manat doxsan dörd qəpik) dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19 iyul 2022-cİ il tarixdə “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması” işləri haqqında müqavilə bağlanılmış, müqavilənin 2.1-ci bəndinə əsasən, iddiaçı cavabdehə obyektlərin qaz ölçü qovşaqlarında metroloji ölçmələrin və digər işlərin aparılmasını, cavabdeh isə xidmətlərin dəyərinin ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. Tərəflərin imzaladığı 17 may 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə akta əsasən, xx.xx.2024cü il tarixə cavabdehin iddiaçıya 44 645,21 manat borcu vardır. Borcun ödənilməsinə dair cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya (həm məktub, həmçinin elektron qaydada) təqdim edilsə də, cavabdeh müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir.

7. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.

8. Birinci instansiya məhkəməsinin 22 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır və iddiaçının tələb etdiyi borc məbləği xx.xx.2024-cü il tarixli ikitərəfli təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiq edildiyi üçün 44 645,21 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü və 448.1-ci maddələrinə istinad etmişdir.

11. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və borcun məbləğinin real göstəricilər əsasında yenidən hesablanmaqla həmin hesablamaya uyğun yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, üzləşmə aktında göstərilən borc məbləğinin reallığı əks etdirmədiyi, məhkəmənin isə ekspertiza təyin etmədən həmin məbləği əsas götürüb əsassız qənaətə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

13. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

21. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

41. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

42. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

43. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 20, 21).

44. İşin faktiki hallarından, iddiaçının cavabdehlə xx.xx.2022-ci il tarixdə “Qaz ölçü qovşağında metrololi ölçmələrin aparılması, elektron sərfölçmə cihazının kalibrlənməsi və quraşdırılması işləri haqqında” müqavilə bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində müəyyən xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

45. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə xidmət müqaviləsi ilə bağlı tənzimləmələr müəyyən olunmasa da, Mülki Məcəllənin qanunun analogiyası ilə bağlı müəyyən etdiyi qaydalara uyğun olaraq, müqaviləyə podratla bağlı şərtlər tətbiq edilməlidir.1

46. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarında da göstərilmişdir ki, “...Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar”. Göstərilən prinsipi podrat müqaviləsini tətbiq edərək Plenum göstərmişdir ki, “...Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.”. Həmçinin Plenum qeyd etmişdir ki, “...Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir”.

1 Ali Məhkəmə, İş № 2-2(102)-324/2023, § 63 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2023/3_324+19.07.2023.pdf) Ali Məhkəmə, İş № 2-2(102)-250/2024, § 39 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_250+12.06.2024.pdf)

47. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 26) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

48. Müqavilə üzrə iddiaçının öz öhdəliyini yerinə yetirdiyi işin müəyyən olunan halıdır və bu xüsusat cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməməkdədir; cavabdehin nümayəndəsi apellyasiya şikayətində, yalnız qalıq borcun məbləğinin iddia tələbində göstərildiyi qədər olmadığını irəli sürmüşdür.

49. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 28-31).

50. Bu kontekstdə qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh arasında qalıq borcun məbləğinin məhz 44 645,21 manat təşkil etdiyi barədə üzləşmə aktı tərtib edilmişdir və cavabdehin nümayəndəsi müvafiq aktda göstərilən məbləğin düzgün hesablanmadığına dair hər hansı sübut təqdim etməmişdir.

51. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 15) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

52. Bu baxımdan qəbul olunmalıdır ki, kommersiya fəaliyyəti ilə məşğul olan subyektlərin tərtib edib təsdiqlədikləri sənədlərin düzgünlüyü prezumpsiyadır və həmin sənədlərdə əks olunan məlumatların təkzib edilməsi üçün ciddi sübutlar olmalıdır.

53. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-935/2025 saylı iş üzrə 22 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən,qətnamə ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar