Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-42/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-89/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin giriş qapısının bərpa edilməsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.05.2021-ci il tarixli 2-2(113)-89/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadədə olan 0.63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı ASCnin mülkiyyətindədir. İddiaçı bildirir ki, hal-hazırda mülkiyyətlərində olan qeyri-yaşayış sahəsinin giriş qapısı bağlanmış və ora daxil olmaq qeyri-mümkün olmuşdur. Cavabdeh MTK-ya 11.07.2019-cu il tarixdə müraciət olunaraq mülkiyyətlərində olan həmin qeyri-yaşayış sahəsinin qiriş qapısının bərpa edilməsi tələb edilmiş, lakin müraciətə heç bir cavab verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:
1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;
2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;
3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Lakin hazırkı işdə iki və üçüncü şərtin mövcud olması təsdiq olunmur. Çünki iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin giriş qapısının onun mülkiyyətinə keçdikdən sonra məhz cavabdeh "xxxx" MTK tərəfindən bağlanmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 16.11.2020-ci il tarixli 10/814 saylı ekspert rəyində qeyd olunur ki, baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən 90 saylı binanın zirzəmisində 707,0 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi yer səviyyəsindən 1 mərtəbə aşağıda yerləşir. Həmin qeyri-yaşayış sahəsinə giriş faktiki olaraq digər qeyri-yaşayış sahəsinin daxilindən, pilləkən vasitəsilədir. Eyni zamanda baxış zamanı "xxxx" MTK tərəfindən “A” yaşayış evinin zirzəmisində (-1 səviyyəsində) yerləşən "07,0 kv.m. qeyri-yaşayış sahəsinin sxematik planı təqdim olunmuş və həmin sxematik planda yalnız qeyri-yaşayış sahəsinin planı göstərilmişdir. Lakin sxematik binanın həmin mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi planı, -1 səviyyəsində yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxış yolu göstərilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində istifadə olan 0,63661 ha torpaq sahəsində yerləşən 90 saylı binanın zirzəmisində 707,0 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə giriş qapısının açılmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmadı. Göründüyü kimi qeyri-yaşayış sahəsinin sxematik planında da qeyri-yaşayış sahəsinin giriş-çıxış yolu göstərilməmiş və ekspert rəyi ilə də təsdiq olunur ki, qeyriyaşayış sahəsinə giriş faktiki olaraq digər qeyri-yaşayış sahəsinin daxilindən, pilləkən vasitəsilədir və giriş qapısının açılmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmadı. Bu baxımdan kollegiya hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və konkret fakt və sübutlara deyil, ehtimal və mülahizələrə əsaslanan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-89/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Rəşad Həsənov