Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-424/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MTK-ya qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-409/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (icraçı) ilə Cavabdeh MTK (sifarişçi) arasında 06 avqust 2020-ci il tarixli 733/20 saylı “sınaq işlərinin aparılmasına dair” müqavilə bağlanmışdır.
2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən «sifarişçi» həvalə edir, «icraçı» isə Abşeron rayonu, Saray qəsəbəsində inşa olunacaq 2 (iki) ədəd, 1 (bir) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ texmərtəbə), 2 və 3 saylı yaşayış binalarının tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür.
3. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən binalar üzrə ümumi sınaq sahəsi - 55678,00 m2-dir; Sınaq işlərinin qiyməti hər 1 (bir) m2 üçün – 1 (bir) manat dəyərində razılaşdırılır və (ƏDV-siz) - 55678 manat, ƏDV-18% - 10.022,04 manat, cəmi 65.700,04 manat təşkil edir.
4. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən «sifarişçi» görüləcək sınaq işlərinə görə «icraçı»nın hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər «icraçı» tərəfindən yerinə yetirildikdən sonra «sifarişçi» onları təhvil-qəbul aktı ilə qəbul edir.
5. Həmin müqavilənin 3.3-ci bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır.
6. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər, hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə həyata keçirilir.
7. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən «icraçı» tərəfindən «sifarişçi»yə 2 (iki) nüsxədə təqdim olunmuş təhvil-qəbul aktı 3 (üç) iş günü müddətində təsdiq olunaraq, 1 (bir) nüsxəsi «icraçı»ya təhvil verilməlidir. Təhvil-qəbul aktı təsdiq edilib qeyd olunan müddətdə təqdim edilmədikdə sınaq işləri qəbul edilmiş hesab olunur və «sifarişçi» ödənişin həyata keçirilməsini öhdəsinə götürür.
8. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və «30» dekabr 2020-ci il tarixədək qüvvədə qalır.
9. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən tərəflərdən biri müqavilə müddətinin başa çatmasına 1 (bir) ay qalmış digər tərəfə yazılı surətdə müraciət etmədikdə, bu Müqavilənin müddəti daha 1 (bir) il uzadılmış hesab olunur. Bu təqdirdə müqavilə üzrə görüləcək işlərin həcminə və qiymətinə yenidən baxıla bilər.
10. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən «icraçı» tərəfindən yerinə yetirən işlərin (xidmətlərin) dəyərini bu Müqavilənin 3.1. bəndinə uyğun olaraq ödəmək sifarişçinin vəzidəsidir.
11. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyininn S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 733/20 saylı müqavilə üzrə 10.508,61 manat məbləğində borcun və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqının, ümumilikdə 10.708,61 manat məbləğində pul vəsaitinin Cavabdeh MTK-nın hesabından tutularaq, S.Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə X1 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı bildirir ki, müqaviləyə əsasən İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binasının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmış, lalin sınaq işlərinin aparılması ilə əlaqədar 10.508,61 manat borc bu günədək İnstitutun hesabına ödənilməmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onlara 2021-ci ildə xidmət göstərilmişdir. Borcun olması ilə bağlı üzləşmə aktını imzalamışlar, sadəcə həmin zaman hesabfaktura verilmədiyi üçün ödənişi etməmişlər. 8905 manat ƏDV-siz borcları qalmışdır. 4160 manat + 748,80 manat ƏDV ilə bağlı e-qaimə onların şirkətin adına göndərilmişdir, lakin şirkətin fəaliyyəti dayandırıldığı üçün sonradan imzaladıqları üzləşmə aktında qeyd edilən məbləğ üzrə e-qaimə vurulmamışdır. Lakin, borcun olması faktını qəbul edirlər.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-409/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
16. Cavabdeh MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sözügedən pul tələbi üzrə ekspertiza təyin edərək, görülmüş işlərin həcmini müəyyən etməli olduğu halda, yalnız iddiaçı tərəfindən verilən sənədləri sübut qismində qiymətləndirərək iddianı təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
21. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
22. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
26. Belə ki, iddiaçı onunla Cavabdeh MTK arasında bağlandığı qeyd olunan 06 avqust 2020-ci il tarixli 733/20 nömrəli müqaviləyə istinad edərək, hazırki iddianı irəli sürmüşdür.
27. Həmin müqaviləyə görə icraçı sifarişçinin Abşeron rayonu, Saray qəsəbəsində inşa olunacaq 2 (iki) ədəd, 1 (bir) girişli, zirzəmili, 16 (on altı) mərtəbəli (+ texmərtəbə), 2 və 3 saylı yaşayış binalarının tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini, sifarişçi isə görülmüş xidmətlərin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
28. Göründüyü kimi həmin müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir.
29. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
30. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
31. Mülki Məcəllənin 11.1-ci maddəsində də göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
32. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
33. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
34. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
35. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********0 nömrəli invoice/hesaba əsasən 733/20 saylı müqaviləyə əsasən Dadaşov adına İnstitut tərəfindən Abşeron rayonu Saray qəsəbəsində göstəriləcək xidmətin (özül tavasının (bina 2) qiyməti 2080 manat, 1-ci mərtəbə (bina 2) qiyməri 2080 manat) ümumi dəyəri 4160 manat (+748,8 manat ƏDV=cəmi 4.908,80 manat) təşkil edir (malsatan - Dadaşov adına İnstitut, alıcı - Cavabdeh).
36. 28.08.2020-ci il tarixli 637/20 nömrəli yoxlama sınaq işlərinin təhvil-qəbulu aktına əsasən 733/20 saylı müqavilə üzrə Abşeron rayonu Saray qəsəbəsində inşa olunan çox mərtəbəli yaşayış binalarının tikintisində istifadə edilən beton və armatur nümunələrinin yoxlaması (görülmüş işlər - özül tavasının (bina 2) qiyməti 2080 manat, 1-ci mərtəbə (bina 2) qiyməti 2080 manat) ümumi dəyəri 4.908.80 manat (748,8 manat ƏDV + 4160 manat) olan xidmətləri göstərilmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
37. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktına əsasən xx.xx.2022-ci il tarixinə müqavilənin qiyməti ƏDV-siz 55678 manat, görülmüş işlərin qiyməti ƏDV-siz 8.905,60 manat, görülmüş işlərə görə ödənilməmiş məbləğ ƏDV-siz 8.905,60 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
38. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh xx.xx.2022-ci il tarixinə ƏDV-siz 8.905,60 manat dəyərində işlərin (yoxlama sınaq işlərinin) dəyərini ödəməmişdir. Bununla cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozub və onun iddiaçıya olan borcu ƏDV-siz 8.905,60 manat (+18%ƏDV olan 1.603,01 manat=10.508,61 manat) manat təşkil edir.
39. Eyni zamanda, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında borcunun olması ilə bağlı üzləşmə aktını imzaladığını, 8905 manat ƏDV-siz borcları qaldığını etiraf etmişdir.
40. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməyən ƏDV daxil 10.508,61 manat xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
41. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə istənilən məsələnin aydınlaşdırılması üçün deyil, yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər (MPM-in 97.1-ci maddəsi). Hazırki işdə isə xidmət müqaviləsi üzrə borcun hesablanması üçün xüsusi bilik tələb olunmur. Çünki həmin məbləğ tərəflərin imzaladığı üzləşmə aktı və birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin etirafı ilə təsdiq olunur.
42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-409/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov