Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-427/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə imzalanmış 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsinə əsasən ödənilmiş 16.500 manat pul vəsaitinin, əldən çıxmış fayda kimi 12000 manat, vurduğu ziyana görə 7500 manat və ödənilmiş pul vəsaitinin icazəsi olmadan istifadə edildiyi dövr ərzində faizlərin hesablanaraq toplamda 35.500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı bildirir ki, onunla Cavabdeh MMC arasında 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsi tərtib edilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC tərəfindən müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 110 kv.m mənzilin bu müqavilənin ayrılmaz hissəsi olan 1 və 2 saylı əlavələrində göstərilən təmir və quraşdırma işlərinin siyahısına əsasən daxili işlənməsi üzrə kompleks işlərin müəyyən edilmiş müddət ərzində görülməsini öz öhdəsinə götürülmüşdür. Həmin müqavilənin 2.1-ci bəndində görüləcək işlərin həcminin müqavilənin ayrılmaz hissəsi olan və hər iki tərəfin təsdiqlədiyi 1 saylı Əlavəsində müəyyən edilmişdir. Həmin sözügedən müqavilənin 3.1-ci bəndində müqavilənin dəyərinin müqavilənin 3 saylı əlavəsində və qiymətlərin razılaşdırılması protokolunda 16.500 manat müəyyən edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 4 saylı Əlavəsində isə həmin müəyyən edilmiş ödənilməli olan məbləğin ödənişi avans olaraq 100% miqdarında məbləğin ödənilməsi müəyyən edilmişdir. Həmin ödənilməli olan vəsait cavabdeh MMC-yə ödənilmiş və ödənişin edilməsi barədə qəbz təqdim edilmişdir. Lakin bütün ödənişlərin edilməsinə və müqavilədə qeyd edilən işlərin görülməsi ilə bağlı 90 günlük müddətin ötməsinə baxmayaraq, Cavabdeh MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş, geriyə qalan işlər başa çatdırılmamış və cavabdeh MMC-yə əvvəlcədən ödənilmiş vəsaitin geri qalanı geri qaytarılmamışdır. Daha sonra cavabdehə xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə müraciət edilərək, dəymiş zərərin və ödənilmiş 16.500 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktuba heç bir cavab verilməmiş və həmin pretenziya məktubunda qeyd edilən vaxtdan uzun müddət ötməsinə baxmayaraq həmin ödənişlər geri qaytarılmamışdır. Tərəflər arasında müqavilənin 15 avqust 2012-ci il tarixində bağlanmasına baxmayaraq, həmin tarixdən etibarən yuxarıda göstərilən ünvanda cavabdeh MMC tərəfindən hər hansı iş görülməmiş və dəfələrlə bu barədə cavabdehə şifahi və ya yazılı şəkildə bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən iradlar və tələb nəzərə alınmamışdır. Həmin ünvan müqavilə bağlanan tarixdən 90 gün ərzində təmir işlərin bitməsilə kirayə verilsə idi, iddiaçı həmin tarixdən etibarən vəsait əldə edə bilərdi. Lakin həmin mənzilin cavabdeh tərəfindən təmiri başa çatmadığı üçün həmin vəsaitlərin iddiaçı tərəfindən əldə edilməsi mümkün olmamışdır. Belə ki, Bakı şəhər Binəqədi Rayonu 9-cu mkr Mir Cəlal küçəsi ünvanında yerləşən mənzillərin aylıq kirayə haqqı minimum 500 manat təşkil edir.
3. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak eməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-174/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnaməli nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və tərəfindən bütün sənədlər, həmçinin podrat müqaviləsi məkhəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sübutlar nəzərə alınmamışdır. Məhkəmənin elektron portalında olan problemə görə podrat müqaviləsinin görülməməsi onun təqsiri deyildir. Bu da məhkəmə tərəfindən araşdırmanın düzgün aparılmamasına dəlalət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında iddiaçının vəkili X3 apellyasiya şikayətini müdafiə etdi.
9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
13. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
14. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
17. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
18. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.
19. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
20. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu hesab edərsə, araşdırır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
23. İlk olaraq kollegiya qeyd edir ki, məhkəmə iclasında iddiaçının vəkili bildirdi ki, tərəflər arasında bağlanmış 15 avqust 2012-ci il tarixli 215 nömrəli podrat müqaviləsinin predmeti yaşayış mənzinin təmir edilməsi göstərilsə də, iddiaçı həmin mənzili şəxsi istifadə üçün deyil, kirayəyə verilib gəlir əldə edilməsi üçün təmir etmək niyyətində olmuşdur.
24. Bu baxımdan, yəni hüquq münasibətlərinin xarakterini və mübahisənin predmetini, ihabelə iddiaçının fərdi sahibkar statusuna malik olduğunu və Mülki Prosessual Məcəllənin 24.2 və 26.1-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi baxılması prosessual qaydaların tələblərinə uyğundur.
25. İddianın mahiyyətinə dair isə kollegiya qeyd edir ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
26. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
27. Belə ki, iddiaçının bildirdiyinə görə tərəflər arasında Mülki Məcəllənin 752.1-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi bağlanmış və o, həmin müqavilə üzrə nəzərdə tutulan 16.500 manat məbləğində muzdu əvvəlcədən cavabdehə ödəmiş, cavabdeh isə podrat işlərini yerinə yetirməmişdir. Bunun nəticəsində ona real və əldən çıxmış fayda qismində zərər dəymişdir.
28. Lakin iddiaçı, nə həmin müqaviləni, nə də 16.500 manat məbləğində pul vəsaitini cavabdehə ödənilməsini təsdiq edən heç bir sübutu (qəbz, kassa mədaxil orderi və s.) birinci instansiya məhkəməsinə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi üzrə öz üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, zərərin ödənilməsi üçün zəruri olan hüquqi əsaslardan heç biri müəyyən edilmir və belə olan halda cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğ tutula bilməz.
30. Apellyasiya şikayətinə əlavə olunan podrat müqaviləsi, ona əlavə 1, əlavə 2, əlavə 3, əlavə 4, əlavə 5 isə gecikdirilmiş sübut olduğu üçün qəbul edilə bilməz.
31. Belə ki, iddiaçı həmin sübutları birinci instansiya məhkəməsində təqdim etməmişdir.
32. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3, 361.4, 372.2 və 380.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış sübutlara istinad edə bilməzlər.
33. Apellyasiya icraatında isə həmin sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən belə əsaslandırma gətirilməmişdir.
34. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin qeyd olunan müddəaları imperativ qaydada müəyyən edildiyinə görə apellyasiya baxışında yeni sübutların qəbul edilməsi yalnız həmin normalarda müəyyən edilən qaydalara uyğun həyata keçirilə bilər.
35. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə həmin qaydaların tələblərinin nəzərə alınmaması isə mülki prosesin mühüm prinsipləri olan qanunçuluq, formal həqiqət, çəkişmə və tərəflərin bərabərliyi prinsiplərinə ziddir.
36. Bundan başqa, həmin sənədlər sübut kimi qəbul edilsə belə, iddianın əsaslı olması təsdiq olunmur. Çünki iddiaçı tərəfindən cavabdehə 16.500 manat məbləğində pul vəsaitini ödənilməsi sübut olunmur.
37. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə heç bir podrat müqaviləsi təqdim edilməmişdir.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 32 Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-174/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn