Məhkəmə qərarları › İş №2-2(103)-428/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-428/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-428/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-332/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə YMM/2022/08/010 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə aşağıdakı xidmətləri göstərməlidir: a) sifariş olunan vaxtlarda catering (yemək) xidmətinin təmin edilməsi; b) göstərilən xidmətin gigiyena standartlarına uyğunluğu; c) icraçının bütün işçi heyətinin müvafiq geyim, baş üçün setka, yaxud papaqların təmin edilməsi; d) xidmətin və ərzağın yüksək keyfiyyətli olmasına zəmanət verilməsi.

3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə 10 avqust 2022-ci ii tarixdən 10 avqust 2023-cü il tarixinədək bağlanır və imzalandığı andan qüvvəyə minir.

4. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən xidmətlər, şifahi (o cümlədən, telefon vasitəsilə, lakin bununla məhdudlaşmayaraq) və yaxud yazılı şəkildə, haldan asılı olaraq sifarişçinin ərazisində və ya ərazisindən kənar yerdə yerinə yetirilə bilər.

5. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bir nəfər üçün nahar yeməyi ƏDV xaric 4,50 manat məbləğində xidmət haqqı nəzərdə tutulmuşdur.

6. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən xidmətlərin dəyəri hər təqvim ayı başa çatdıqdan sonra sifarişçi tərəfindən 10 iş günü ərzində ödənilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə yaranmış 61082,11 manat borc və 400 manat mediasiya rüsumu olmaqla, cəmi 61482,11 manat borc məbləğinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı bildirir ki, müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil xx.xx.2023-cü il tarixli 448323 nömrəli elektron qaiməyə əsasən 14395,41 manat dəyərində, xx.xx.2023-cü il tarixli 221076 nömrəli elektron qaiməyə əsasən 13896,27 manat dəyərində, xx.xx.2023-ci il tarixli 113279 nömrəli elektron qaiməyə əsasən 12568,77 manat dəyərində, xx.xx.2023-cü il tarixli 961757 nömrəli elektron qaiməyə əsasən 13442,86 manat dəyərində, xx.xx.2023-cü il tarixli 978685 nömrəli elektron qaiməyə əsasən 7471,17 manat olmaqla, ümumi dəyəri 61082,11 manat dəyərində xidmət göstərilmişdir. İddiaçı MMC-nin xidmət göstərdiyi dövrdə üzərinə düşən öhdəliklərini lazımi səviyyədə yerinə yetirməsinə və göstərilən xidmətlə bağlı cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, bu günədək ƏDV daxil olmaqla 61082,11 manat ödənilməmiş borc məbləği mövcuddur.

9. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş, lakin yazılı ərizə verərək borcun məbləğini mübahisələndirmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-332/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 60710,41 manat əsas borc və 400 manat mediasiya xərci olmaqla, cəmi 61110,41 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız elektron qaimələrə istinad edərək, iddiaçı tərəfindən cavabdehə 60710,41 manat dəyərində xidmət göstərildiyini qeyd etmişdir. Lakin, hansı həcmdə xidmət göstərilmişsə, həmin xidmətlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir. Məhkəmə müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməli olduğu halda, yalnız işdə olan elektron qaimələrə əsaslanmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

16. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

17. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli YMM/2022/08/010 nömrəli xidmət müqaviləsinin bağlanması işin mübahisəsiz halını təşkil edir.

24. Həmin müqaviləyə görə iddiaçı sifariş olunan vaxtlarda catering (yemək) xidmətini təmin etməyi, cavabdeh isə görülmüş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

25. Göründüyü kimi tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır.

26. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

27. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

28. Mülki Məcəllənin 11.1-ci maddəsində də göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

29. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini təşkil edən catering xidmətinin mahiyyəti aydınlaşdırılmalıdır.

30. Bununla bağlı qeyd edilir ki, catering xidmətinin mahiyyəti yemək təchizatının həyata keçirilməsindən ibarətdir. Sahibkarlıq fəaliyyəti kimi isə ictimai iaşə ilə əlaqədardır.

31. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 2.1.3-cü bəndinə görə ictimai iaşə – qida məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. 32.Catering xidmətinin son nəticəsi isə qida məhsullarının sifarişçiyə satılmasıdır.

33. Qeyd olunanlara əsaslanaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

34. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

35. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

36. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.

37. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 978685 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 7471,17 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin sentyabr ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

38. xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 17289,36 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin may ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

39. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 113279 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12568,77 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin iyun ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

40. xx.xx.2023-cü il tarixli, EBDL seriyalı, 221076 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13896,27 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin iyul ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

41. xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 448323 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14395,41 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin avqust ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

42. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC (VÖEN: **********) xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı MMC (VÖEN: **********) tərəfindən EBDE seriyalı, 737731 nömrəli və EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə 2160 manat məbləğində ƏDV ödənişi edilmişdir.

43. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/633997835 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 12000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı EBDE737731, EBDG 961757 nömrəli elektron qaiməyə əsasən olaraq qeyd edilmişdir.

44. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş mübahisəli 5 qaimə üzrə ƏDV daxil ümumi məbləğ 65620,98 manat (55611 manat əsas, 10009,98 ƏDV məbləği) təşkil edir. EBDG seriyalı, 961757 nömrəli qaimə üzrə cavabdeh tərəfindən qismən ödəniş edilmişdir. Həmin qaimə üzrə ödənişlər hazırkı mübahisəyə aidiyyatı olmayan elektron qaimə (xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 737731 nömrəli elektron qaimə) ilə birlikdə edilmişdir.

45. Həmin 737731 nömrəli qaimə üzrə məbləğ 15149,43 manat (12838,50 manat əsas, 2310,93 manat ƏDV məbləği) təşkil edir. İddiaçı bildirir ki, 737731 nömrəli qaimə üzrə ödəniş tam həyata keçirilmiş və həmin qaimə üzrə cavabdehin borcu yoxdur.

46. Ödəniş sənədlərindən isə görünür ki, xx.xx.2023-cü il tarixdə 737731 nömrəli qaimə üzrə əsas məbləğdən 5000 manat, xx.xx.2023-cü il tarixdə isə 2 qaimə - EBDE 737731 və EBDG 961757 nömrəli elektron qaimələr üzrə 12000 manat məbləğində ödəniş edilmişdir. İki ödəniş sənədi üzrə məbləğ 17000 manat (5000+12000=17000) edir. Həmin məbləğdən EBDE 737731 nömrəli elektron qaimə üzrə olan əsas borc məbləğini çıxaraq qalan 4161,5 manat (17000-12838,50=4161,5) məbləğ EBDG 961757 nömrəli elektron qaimə üzrə əsas məbləğdən edilmiş ödəniş kimi nəzərə alınmalıdır.

47. Vergilər Nazirliyi tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə aid çıxarışlardan göründüyü kimi, EBDE seriyalı, 737731 nömrəli elektron qaimə üzrə 900 manat və EBDE seriyalı, 737731 nömrəli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimələr üzrə 2160 manat məbləğində ƏDV ödənişi edilmişdir. Ümumi ödənilən 3060 manat (900+2160=3060) məbləğdən EBDE seriyalı, 737731 nömrəli e-qaimə üzrə olan 2310,93 manat ƏDV məbləğini çıxaraq qalan 749,07 manat (3060-2310,93=749,07) məbləğ hazırkı mübahisəyə aid EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə edilən ƏDV ödənişi kimi nəzərə alınmalıdır.

48. Beləliklə, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı, 961757 nömrəli elektron qaimə üzrə ödənilən ümumi məbləğ 4910,57 manat (4161,5+749,07=4910,57), qalıq borc məbləği isə 12378,79 manat (17289,36-4910,57=12378,79) təşkil edir.

49. Hazırki mübahisənin predmetinə aid olan 5 qaimə üzrə ümumi borc məbləği isə 60710,41 manat təşkil edir (7471,17 + 12568,77 + 13896,27 + 14395,41 + 12378,79 = 60710,41).

50. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməyən ƏDV daxil 60710,41 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

51. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı cavabdehə xidmətləri göstərməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil, əksinə cavabdeh qismən ödənişlər etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə xidmətlərin göstərilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Ekspertizanın təyin edilməməsi ilə bağlı qeyd edilir ki, məhkəmə istənilən məsələnin aydınlaşdırılması üçün deyil, yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin edə bilər (MPM-in 97.1-ci maddəsi). Hazırki işdə isə tərəflər arasında bağlanmış müqavilə üzrə borcun hesablanması üçün xüsusi bilik tələb olunmur.

52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübhisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-332/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar