Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-431/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-241/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli 0117 nömrəli “Mallar üzrə satınalma” müqaviləsinə əsasən iddiaçı tərəfindən mallar üçüncü şəxs "xxxx" ASC-yə təhvil verilir, ödənişlər isə cavabdeh tərəfindən həyata keçirilir.
2. Cavabdeh isə bildirir ki, təhvil verilmiş malların dəyəri onlar tərəfindən tam ödənilmişdir. Mallar təhvil verildikdən sonra tərəf elektron qaimə təqdim edə bilər, lakin mallar təhvil verilməmişdir. Tərəf iddia tələbini verməsinə baxmayaraq məhkəməyə təhviltəslim aktı təqdim etməmişdir. Təhvil təslim aktı cavabdehə təqdim edilməlidir ki, cavabdeh də pulu "xxxx" ASC-dən tələb edə bilsin.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 0117 nömrəli, 25 dekabr 2020-ci il tarixli mallar üzrə satınalma müqaviləsi üzrə yaranmış 26.318,38 (ƏDV daxil) manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.315,92 manat pulun, 1000 manat məbləğində cərimənin və 200 manat məbləğində mediasiya xərcinin, cəmisi 28.834,30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 0117 nömrəli, 25 dekabr 2020-ci il tarixli mallar üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə görə, tərəflər təsdiq edirlər ki, sifarişçi doldurma materiallarının və mişar daşının satın alınması üzrə icraçının ƏDV daxil 228.625,00 manat məbləğində təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə görə, sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 13.1-ci bəndinə görə, müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 20.2-ci bəndinə görə, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, icraçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə (hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i) cərimə sanksiyaları tətbiq edə bilər. Həmin müqavilənin 24.1-ci bəndinə görə, müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, sifarişçi və ya icraçı qarşı tərəfə 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Həmin müqavilənin 26.2-ci bəndinə görə, mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilməlidir. 25 dekabr 2020-ci il tarixli, 0117 nömrəli müqavilənin xüsusi şərtlərinə görə, icraçı tərəfindən müqavilənin yerinə yetirilməsindən sonra məbləğin müqavilənin xüsusi şərtlərinin 16-cı bəndində nəzərdə tutulan qaydada və müddətdə ödəmək sifarişçinin öhdəliyidir. Müqavilənin icra müddəti imzalandığı tarixdən 1 il müddətindədir, müqavilənin qüvvədə olma müddəti müqavilənin icra müddəti bitdikdən sonra 6 ay müddətində qüvvədədir. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, 172.918,38 manat məbləğində malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh hazırkı müqavilə üzrə yalnız 146.600,00 manat məbləğində ödəniş etmiş, 26.318,38 manat məbləğində pulu hal-hazıradək ödəməmişdir. Cavabdeh bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, işin halları ortadadır. Əgər cavabdeh pulun əksər hissəsini ödəyibdirsə niyə də qalan hissəni ödəməsin. İddiaçı iddia tələbində qaimə fakturaya istinad etməyib, yalnız iddiaçının nümayəndəsi şifahi olaraq məhkəmə zalında istinad etdi. Vergi Məcəlləsinə əsasən mallar təhvil verildikdən sonra tərəf elektron qaimə təqdim edə bilər, lakin mallar təhvil verilməmişdir. Tərəf iddia tələbini verməsinə baxmayaraq təhvil-təslim aktı məhkəməyə təqdim etməmişdir. Təhvil təslim aktı cavabdehə təqdim edilməlidir ki, cavabdeh də pulu "xxxx" ASC-dən tələb edə bilsin. Tərəf isə təhvil-təslim aktını təqdim etmədiyi təqdirdə iddia əsassızdır. Bu baxımdan, cavabdeh tərəf iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. 12.01.2023-cü il tarixdə "xxxx" ASC birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-241/2023 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən 25 dekabr 2020-ci il tarixli 0117 nömrəli Mallar üzrə satınalma müqaviləsi üzrə yaranmış 26.318,38 (ƏDV daxil) manat məbləğində əsas borc, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 1.315,92 manat faiz, 1000 manat məbləğində cərimə və 200 manat məbləğində mediasiya xərci, cəmi 28.834,30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-241/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli, 0117 nömrəli müqavilənin xüsusi şərtlərinə əsasən, müqavilə üzrə nəzərdə tutulan mallar "xxxx" ASC-nin təyin etdiyi son təyinat məntəqəsində "xxxx" ASC-yə təhvil verilməlidir və belə də olmuşdur. Bir qayda olaraq İddiaçı malları "xxxx" ASC-nin tələb etdiyi yerə çatdırandan sonra həmin malların dəyəri həcmində Cavabdeh MMC-yə elektron qaimə faktura göndərir, həmin qaimə faktura əsasında isə Cavabdeh MMC görülən işin dəyərinin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə elektron qaimə faktura göndərir. "xxxx" ASC qaimə fakturanı təsdiq edərək məbləği ödəyəndən sonra Cavabdeh MMC Cavid Nifətliyevə təsdiq etdiyi qaimə faktura əsasında ödənişi həyata keçirir. Bu proses isə ən azı 10-15 gün ərzində həyata keçirilir. Diqqətə çatdırılası məqamlardan biri də odur ki, proses 5 gündən çox davam etdiyi üçün istər İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş, istərsə də Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş elektron qaimə fakturalar hər hansı bir əməkdaş tərəfindən yox, sistemin özü tərəfindən avtomatik təsdiq edilmişdir.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi də izahat verərkən malların Cavabdeh MMC-nin sifarişi əsasında "xxxx" ASC-nin təyin etdiyi məntəqələrə çatdırılmasını təsdiq etmişdir. İddiaçının tələb etdiyi məbləği təşkil edən malların "xxxx" ASC-yə konkret təhvil verilməsi ilə bağlı təhvil aktı nə "xxxx" ASC ilə İddiaçı arasında, nə də ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmamışdır. Bu səbəbdən də, İddiaçı qaimə fakturada iddia etdiyi məbləğlə bağlı "xxxx" ASC tam ödəniş etmədiyindən Cavabdeh MMC İddiaçı ödənişi həyata keçirə bilmir. "xxxx" ASC isə son partiya malların onlara verilmədiyini bildirir.
11. Bu baxımdan iş üzrə obyektiv və ədalətli yekun qərar qəbul edilməsi üçün "xxxx" ASC-nin məhkəmədə iştirakının təmin olunması olduqca mühüm əhəmiyyət kəsb edirdi. Lakin məhkəmə qeyd olunan halları nəzərə almadan, "xxxx" ASC-nin məhkəmədə iştirakını təmin etmədən qətnamə qəbul etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
21. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.
26. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir.
27. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
29. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
30. Həmin qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
31. Həmin qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:
32. 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;
33. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
34. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
41. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 0117 saylı “Mallar üzrə satınalma” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı doldurma materiallarının və mişar daşının satın alınması üzrə cavabdehin ƏDV daxil 228625 manat dəyərində təklifini qəbul etmişdir.
42. İddiaçı ümumilikdə 172918,38 manat dəyərində mal təhvil verildiyini, lakin 146600 ödəniş edildiyini, 26318,38 manat məbləğin ödənilməmiş qaldığını bildirir.
43. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, təhvil verilmiş malların hamısının dəyəri ödənilmişdir. İddiaçının tələb etdiyi məbləği təşkil edən malların "xxxx" ASC-yə konkret təhvil verilməsi ilə bağlı təhvil aktı nə "xxxx" ASC ilə İddiaçı arasında, nə də ki, Cavabdeh MMC ilə İddiaçı arasında imzalanmamışdır.
44. Qeyd edilən müqavilənin 2.5-ci bəndinə əsasən müqavilənin xüsusi şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.
45. Müqavilənin xüsusi şərtlərindən görünür ki, sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti, icraçı isə İddiaçıdur.
46. Müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi (cavabdeh) tərəfindən müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının (iddiaçının) təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır.
47. Cavabdeh də məhz müqavilənin bu bəndini əsas tutaraq iddiaçı tərəfindən malların "xxxx" ASC-yə konkret təhvil verilməsi ilə bağlı təhvil aktının olmadığını bildirir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin imzalanması, 146600 manat dəyərində malın "xxxx" ASC-yə təhvil verilməsi, həmin məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi işin mübahisəsiz hallarıdır.
49. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin həlli üçün Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri baxımından tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, 146600 manat məbləğin cavabdeh tərəfindən hansı sənədlər əsasında iddiaçıya ödənilməsi araşdırılmalıdır.
50. İş materiallarına iddiaçı tərəfindən qaimə-fakturalar əlavə edilmişdir. 105 ədəd qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan müəssisələrə 6220 kub.metr karbonat, 10896 kub.metr qum dolqu, 11150 ədəd mişar daşı təhvil verilmişdir.
51. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehə göndərilmiş 19 ədəd elektron qaimə-fakturadan görünür ki, iddiaçı 172918,38 manat dəyərində malın dəyərinin ödənilməsini tələb etmişdir.
52. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Cari hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya elektron qaimələr üzrə ümumilikdə 124234,29 manat (ƏDV xaric) məbləğində ödəniş edilmişdir.
53. İş materiallarına əlavə edilmiş İddiaçı ƏDV Sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən ümumilikdə 22362,71 manat ƏDV məbləği ödənilmişdir.
54. Kollegiya hesab edir ki, cavabdeh hər nə qədər malların təhvil verilməsinə dair aktların olmadığını və bu səbəbdən ödəniş edə bilmədiklərini bildirsə də hazırkı müqavilə üzrə tərəflərin qarşılıqlı münasibətlərindən yaranmış praktika onu deməyə əsas verir ki, əvvəlki ödənişlərə dair də iddiaçı tərəfindən hər hansı akt təqdim edilməmiş, təqdim olunan elektron qaimə-fakturalar əsasında ödəniş həyata keçirilmişdir.
55. Bir qayda olaraq İddiaçı malları "xxxx" ASC-nin tələb etdiyi yerə çatdırandan sonra həmin malların dəyəri həcmində Cavabdeh MMC-yə elektron qaimə faktura göndərməsi, həmin qaimə faktura əsasında isə Cavabdeh MMC-nin görülən işin dəyərinin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə elektron qaimə faktura göndərməsi, "xxxx" ASC-nin qaimə fakturanı təsdiq edərək məbləği ödəyəndən sonra Cavabdeh MMC-nin Cavid Nifətliyevə təsdiq etdiyi qaimə faktura əsasında ödənişi həyata keçirməsi, bu prosesin isə ən azı 10-15 gün ərzində həyata keçirilməsi, proses 5 gündən çox davam etdiyi üçün istər İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş, istərsə də Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş elektron qaimə fakturaların hər hansı bir əməkdaş tərəfindən yox, sistemin özü tərəfindən avtomatik təsdiq edilməsi barədə cavabdehin apelyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya aşağıdakılar qeyd edir.
56. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarında da əks olunmuş hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
57. Təqdim edilmiş mallar üzrə elektron qaimə-fakturalar göndərilmiş, 146600 manat məbləğdə ödəniş edilmişdir. Həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qaimələr cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na və 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
58. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehdən iddiaçının xeyrinə 26.318,38 (ƏDV daxil) manat əsas borcun tutulması hissəsində təmin etməklə əsaslı nəticəyə gəlmişdir.
59. Məhkəmə kollegiyası iddia tələbinin 1315,92 manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan birinci instansiya məhkəməsi həmin hissədə təmin etməkdə də əsası nəticəyə gəlmişdir.
60. Məhkəmə kollegiyası iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən və müqavilənin xüsusi şərtlərindən irəli gəlir.
61. Belə ki, müqavilənin 20.2-ci bəndinə görə, cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində və müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada ödəmələri aparmasa, iddiaçı müqavilənin xüsusi şərtlərində müəyyən edilmiş məbləğdə cərimə sanksiyaları tətbiq edə bilər.
62. Müqavilənin xüsusi şərtlərinin 29-cu bəndinə əsasən satınalma müqaviləsi üzrə sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği: Hər gecikmə qünü üçün gecikdirilən məbləğiry 0,1%-i, Cərimə məbləğinin yuxarı həddi: Ümumi müqavilə məbləğinin 10%-i müəyyən edilmişdir.
63. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ödənilməli olan borca görə hesablanmış 1000 manat dəbbə pulu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə də düzgün nəticəyə gəlmişdir.
64. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
65. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-241/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova