Məhkəmə qərarları › İş №2-2(103)-433/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-433/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-433/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Roedl ənd Partner" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X2" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4010/2024 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Roedl ənd Partner" MMC (“Məsləhətçi”) ilə “Kuehne + Nagel” MMC “Müştəri" arasında bağlanmış xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstəriməsi haqqında müqavilədən görünür ki, müqavilədə nəzərdə tutulmuş şərtlərlə müştəri bu müqavilənin 2-ci bəndinə müəyyən edilmiş mühasibatlıq xidmətlərinin göstərilməsini Məsləhətçiyə həvalə edə bilər, Məsləhətçi isə Xidmətlərin göstərilməsini təmin etməlidir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən Məsləhətçi Müştərinin sorğularına əsasən aşağıdakı Xidmətləri göstərir: daxil olan bütün invoysların mühasibatlıq sistemində qeydiyyatının aparılmasə; alğı-satqı jurnalının hazırlanması; sabit aktivlərin reyestrinin və kiçik inventerların qeydiyyatının hazırlanması; mühasibət uçotunun qeydiyyatı; idarə heyətindən alınmış nağd hesabatın hazırlanması; bütün bank əməliyyatlarının qeydiyyatının aparılması; səyahət və xərclərin hesabatlarının qeydiyyatı; əməliyyatların hər növü üçün mühasibatlıq qeydlərinin aparılması; jurnal hesabatlarının hazırlanması; inventar kitabçasının hazırlanması; əsas (ümumi) hazırlanması; analitik post-closing sınaq balanslarının hazırlanması; sintetik post-closing sınaq balansının hazırlanması; vergilərin hesablanması, qanunvericiliyə uyğun olaraq vergi və statistik hesabatların hazırlanması; aylıq vergi bəyannamələrinin maliyyə vektoruna uyğun hazırlanması və təqdim edilməsi; mühasibat uçotu və hesabat vermə; əsas şirkət üçün illik maliyyə hesabatlarının hazırlanması. 2.2-ci bəndinə əsasən Məsləhətçi inventar uçotu həyata keçirməyəcəkdir. Müştəri aylıq olaraq müvafiq çap və elektron vasitələrlə çıxışlarını təqdim edə bilər. 6.1-ci bəndinə əsasən 6.2 və 6.3-cü bəndlərində qeyd olunanlar və tərəflər başqa cür razılığa gəldiyi hallar istisna olmaqla, Məsləhətçi tərəfindən bu müqavilə üzrə Müştəriyə göstərilən Xidmətlərə görə ödəniş haqqı Müştərinin illik dövriyyəsinin 250000 avrodan artıq olmaması halı üçün, aylıq 600 avro (ƏDV-siz) təşkil edir. Məsləhətçi, hər 100000 avroya düşən illik dövriyyədə hər əlavə artıq üçün müştəridən 100 avro məbləğində əlavə Xidmət haqqı alacaq. 6.2-ci bəndinə əsasən Azərbaycan korporativ vergi bəyannaməsinin hazırlanması üçün Məsləhətçi hər il Müştəridən birdəfəlik 1000 avro məbləğində əlavə Xidmət haqqı alır. 6.5-ci bəndinə əsasən müqavilədə göstərilmiş bütün qiymətlər Əlavə dəyər vergisi olmadan göstərilmişdir. ƏDV-nin məbləği və halları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hesablanır. 6.6 və 6.7-ci bəndlərinə əsasən Xidmətlər Müştəri tərəfindən Məsləhətçinin təqdim etdiyi hesab-faktura əsasında ödənilməlidir, hesab-faktura Müştəri tərəfindən onun verildiyi tarixdən 30 təqvim günü ərzində Azərbaycan manatı ilə, hazırlandığı tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq ödənilməlidir. Hesab-faktura lazımi qaydada ödənilmədikdə, Müştəri ödəməni gecikdirmiş hesab edilir. Hesab-fakturanın verildiyi tarixdən 60 gün sonra borcun ödənilməsinin zəruriliyi haqqında yazılı bildiriş hazırlanıb poçt vasitəsilə Müştərinin hüquqi ünvanına göndərilir. Bundan sonra Məsləhətçi gecikdirmə faizlərini hər gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,05 % miqdarında, lakin 50 % faizdən çox olmayaraq hesablamaq hüququna malikdir.

2. “Roedl ənd Partner" MMC tərəfindən “X2" MMC-yə 4248 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 220 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2023-cü ildə əlavə olaraq 351856,68 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 300 euro x 12 = 3600 euro müəyyən edilmişdir.

3. “Roedl ənd Partner" MMC tərəfindən “X2" MMC-yə 5664 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 221 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2022-ci ildə əlavə olaraq 406089 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 400 euro x 12= 4800 euro müəyyən edilmişdir.

4. “Roedl ənd Partner" MMC tərəfindən “X2" MMC-yə 4248 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 222 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2021-ci ildə əlavə olaraq 317937 avro aralıq dövriyyə görə ödənilməli olan tənzimlənmiş xidmət haqqı hər 100000 avro dəyərində dövriyyə üzrə 100 avro məbləğində əlavə xidmət haqqı hesablanmaqla 300 euro x 12= 3600 euro müəyyən edilmişdir.

5. “Roedl ənd Partner" MMC tərəfindən “X2" MMC-yə 2360 avro məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün 29 dekabr 2023-cü il tarixli 223 saylı hesab-faktura təqdim edilmişdir. Göstərilmiş xidmətlərlə bağlı 2022-ci maliyyə ili üçün Azərbaycan korporativ vergi bəyannaməsinin (2022-ci il üçün mənfəət vergi bəyannaməsi) hazırlanması üçün xidmət haqqı hesablanmaqla 2360 euro müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16520 avro əsas borcun, 759,92 avro faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 188 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və “Kuehne + Nagel” MMC arasında xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli Mühasibatlıq Xidmətlərinin Göstərilməsi haqqında Müqavilə imzalanmışdır. 08 sentyabr 2022-ci il tarixində “Kuehne + Nagel” MMC-nin adı dəyişərək Cavabdeh MMC olmuşdur və o bu adla Müqavilənin tərəfi olmaqda davam etmişdir. Həmin Müqaviləyə əsasən, iddiaçı cavabdehə mühasibatlıq xidmətləri göstərməyi, cavabdeh isə iddiaçıya həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Lakin göstərilmiş xidmətlərə görə nəzərdə tutulmuş xidmət haqqı cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, Cavabdehin Müqaviləyə uyğun olaraq ödənilməmiş borcu 16,520 avrodur (31,001.44 manat). Müqavilənin 6.7-ci maddəsinə əsasən, hesab-faktura onun verildiyi tarixdən 30 təqvim günü ərzində ödənilməlidir. Hesab-faktura lazımi qaydada ödənilmədikdə ödəniş gecikdirilmiş hesab edilir. Bundan başqa, həmin maddəyə əsasən hesab-fakturanın verildiyi tarixdən 60 gün sonra borcun ödənilməsi haqda bildiriş göndərildikdən sonra iddiaçının hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0.05%-i miqdarında, lakin 50%-dən çox olmadan faiz hesablama hüququ vardır. cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Buna görə də Cavabdeh hər gecikdirilmiş gün üçün xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarxinədək hesablanmış 92 gün gecikməyə görə ümumilikdə 759,92 avro faiz məbləğini də İddiaçıya ödəməlidir. Yaranmış borcun ödənilməsi ilə bağlı İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və 20 təqvim günü ərzində borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuş, Cavabdeh isə borcu ödəməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna uyğun olaraq,əsas borc məbləği olan 16,520 avro və faiz borcu 759.92 avro ümumilikdə 17279,92 avro pul məbləğinin Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə iddia təmin edilməlidir.

8. Cavabdeh iddia tələbinə qarşı etiraz ilə müraciət etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, iş materiallarına dövriyyə sənədləri əlavə edilmədiyindən hansı illərdə hansı aylardan etibarənə dövriyyənin 250.000 avronu 100.000 avro məbləğində aşdığını müəyyən etmək mümkün olmamışdır. Bu isə zəruridir ona görə ki, dövriyyə 250.000 avronu 100.000 avro həcmində aşdıqda, Sifarişçinin İcraçıya əlavə 100 avro ödəmək öhdəliyi yaranırdı. Sifarişçi olaraq cavabdehin icraçıya (iddiaçıya) ödəməli olduğu məbləğ Müqavilənin 6-cı bəndi ilə müəyyən edilir. Sözügedən bənd aşağıdakı formada yazılmışdır: Xüsusi diqqət edilməli bir digər məqam 9.3-cü bəndinə əsasən azərbaycan və ingilis dillərindəki mətnlər arasında ziddiyət olacağı təqdirdə ingilis dilində yazılmış mətnə üstünlük verildiyidir: İddiaçının tələb etdiyi həcmdə, yəni təqvim ilinin ilk ayından son ayınadək hər ay üzrə əlavə ödəniş etməyi müqavilənin ingilis dilində yazılmış 6-cı bəndinə əsasən cavabdeh öz öhdəsinə götürməmişdir. Azərbaycan dilində olan mətnində xidmət haqqı yazılsa da , ingilis dilində müvafiq mənanı bildirən ifadə (“fee” vəya “service fee”) qeyd edilməmişdir. Nəzərə alsa ki xidmət müqavilələri üzrə münasibətlər tərəflərin birbirinə olan yanaşması, göstərdiyi xidmət, xidmətin əvəzinin ödənilməsi və s. əsasında davam etdirilir, müqavilənin qüvvədə olduğu illər ərzində icraçı sifarişçiyə müvafiq tələb irəli sürməməyi sifarişçi müqavilə müddətinin bitməsi zamanı xitam verməyərək, eyni şərtlərlə eyni müddətə uzadılmasına gətirib çıxarmışdır. Yəni, həm 2021-ci və 2022-ci illərin sonunda icraçı sifarişçidən dövriyyə artımına görə pul tələb etməyərək sifarişçinin eyni şərtlərlə eyni müddətə uzatmasına səbəb olmuşdur. Halbuki, hər təqvim ilinin sonunda icraçı əlavə ödəniş tələbini irəli sürsə idi, və xüsusən də bu qədər təhrif olunmuş, absurd formada tələb etsə idi, təbii ki, sifarişçi müqaviləni illərlə uzatmayacaqdı. İddiaçının əlavə etdiyi sənədlərdən də görmək olur ki, icraçı tərəfindən müvafiq tələb hər ilin sonunda irəli sürülməyərək, yalnız müqavilənin axırıncı ilinin sonunda irəli sürülmüşdür. İddiaçının əlavə ödənişi ƏDV-siz hesablaması isə bir daha tələbinin əsassız olduğundan xəbər verir. Göründüyü kimi 6.1-ci bəndin ilk cümləsində aylıq ödənilməli olan məbləğ, yəni “600 avro” ifadəsindən sonra mötərizədə ƏDV-siz (“600 avro (ƏDV-siz)” ) qeydi mövcuddur və buna əsasən da tərəflərindən hər ay həmin məbləğ ƏDV-siz hesablanaraq köçürülmüş və hər ay ƏDV cavabdeh tərəfindən ödənilmişdir. 6.1-ci bəndin ikinci cümləsində isə məsləhətçinin, hər 100.000 avroya düşən illik dövriyyədə hər əlavə artım üçün müştəridən 100 avro məbləğində əlavə xidmət haqqı alacağı qeyd edilmişdir. Göründüyü kimi, birinci cümlədən fərqli olaraq burada “100 avro” ifadəsindən sonra “ƏDV-siz” ifadəsi qeyd edilməmişdir. Müqavilənin hər iki dildə olan mətnlərində bu belədir. Maraqlıdır, mühasibatlıq xidmətləti göstərən şirkət buna rəğmən niyə məbləğdən əlavə ƏDV hesablayır və cavabdehdən ödənilməsini tələb edir. Digər bir məsələ isə həmin 100 avro müqavilənin istər azərbaycan istər ingilis dillərindəki mətnlərində zidd olaraq aylıq və ən maraqlısı isə dövriyyənin müəyyən edilmiş limiti aşdığı aydan da deyil, təqvim ilinin birinci ayından hesablanmalı olduğunu iddia və tələb edir. Müqavilənin ingilis dilindəki mətnindən müyyən etmək olar ki, dövriyyənin hər 100.000 avro məbləğində artımına görə ƏDV daxil olmaqla 100 avro məbləğində ödəniş etməlidir. Yəni 2021-ci ildə illik dövriyyə məbləğinin 550.000 avronu (250.000 avro sabit + 300.000 əlavə) aşdığına görə sifarişçinin icraçıya cəmi 300 avro, 2022-ci ildə illik dövriyyə məbləğinin 650.000 avronu (250.000 avro sabit + 400.000 əlavə) aşdığına görə sifarişçinin icraçıya cəmi 400 avro, 2023-cü ildə illik dövriyyə məbləğinin 550.000 avronu (250.000 avro sabit + 300.000 əlavə) aşdığına görə sifarişçinin icraçıya cəmi 300 avro və 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanması ilə bağlı xidmət haqları 2.000 avro olmaqla, ümumilikdə 3.000 avro (ƏDV daxil) həcmində vəsait ödənilməlidir. Əlavə olaraq bildirmişdir ki, icraçı, xidmət müqaviləsinin 4-cü bəndinə mühasibatlıq xidmətlərini müqavilənin qüvvədə olduğu bütün dövr ərzində bütün məlumatları sifarişçidən toplamaqla, 1C proqram təminatı vasitəsilə həyata keçirmişdir. Xidmət müqaviləsinə xitam verildikdən sonra həmin baza məlumatlarını sifarişçiyə lazımi formatda təhvil verməmişdir. Bu isə sifarişçini əlavə xərclərə və vaxt itkisinə məruz qoymuşdur. Elektron yazışmalar zamanı, ilk öncə bizə aid həmin baza məlumatlarını verəcəyini bildirsə də, sonradan cavabdehin qarşısına iddia ərizəsində də göstərdiyi əsassız olaraq hesablayaraq təqdim etdiyi hesab-fakturadakı məbləğləri ödəməyi məcbur etmək üçün baza məlumatlarını təqdim etməyərək, həmin məlumatları bir digər şirkətdən çox yüksək məbləğə ala biləcəklərini bildirmişdir. Göründüyü kimi, icraçı öz əsassız iddiasının təminatı kimi sifarişçinin baza məlumatlarını faktiki girov kimi saxlayır, bu isə Sifarişçiyə əlavə iş yükünə, maddi zərər vurulmasına və vaxt itkisinə səbəb olur.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4010/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 3360 avro borc, 168 avro faiz borcu olmaqla, cəmi 3528 avro (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) pul vəsaiti, habelə, ödənilmiş dövlət rüsumunun 85 manat 89 qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, müqavilədə nəzərdə tutulmuş şərtlərlə müştəri bu müqavilənin 2-ci bəndinə müəyyən edilmiş mühasibatlıq xidmətlərinin göstərilməsini iddiaçıya tapşırmış, iddiaçı isə xidmətlərin göstərilməsini təmin etmişdir. Həmçinin cavabdehin etirazından məlum olmuşdur ki, iddiaçı tərəfindən razılaşdırılmış həcmdə və keyfiyyətdə işlər görülmüşdür, eyni zamanda bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən iddiaçı tərəfindən müqavilə üzrə göstərilən xidmətlərə görə ödəniş haqqı, cavabdehin illik dövriyyəsinin 250000 avrodan artıq olması halında, hər əlavə 100000 avroya görə 100 avro məbləğində əlavə xidmət haqqı ödənilməsini cavabdeh mübahisələndirmir. Bununla yanaşı cavabdeh 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanmasına görə 2360 avro xidmət haqının ödənilməsini mübahisələndirməmiş, həmin hissədə iddiaçı tərəfindən işlərin görüldüyünü bildirmiş, sadəcə olaraq xidmət müqaviləsinə xitam verildikdən sonra iddiaçı tərəfindən cavabdehə məxsus baza məlumatlarının ona lazımi formatda təhvil vermədiyindən, ödənişlərin edilmədiyini bildirmişdir. Cavabdeh iddiaçı tərəfindən tələb edilən 17279,82 avro xidmət haqqı məbləğinin müqavilənin 6.1-ci bəndinə istinad edilməklə düzgün hesablanmadığını, həmin bənddə qeyd edilən hər 100000 avro məbləğində dövriyyə artımı üçün 100 avro əlavə haqqın aylıq deyil, birdəfəlik haqq kimi müəyyən edildiyini qeyd etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab etmişdir ki, iddiaçı müqavilənin 6.1-ci bəndinin şərtlərinə əsasən 2021-ci il üçün illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 317937 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 300 avro, 2022-ci il üçün illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 406089 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 400 avro, 2023-cü ildə illik dövriyyə məbləğinin 250000 avrodan yuxarı 351856,68 avro hissəsi üçün hər əlavə 100000 avroya 100 avro hesablanmaqla 300 avro olmaqla ümumilikdə 1000 avro pul vəsaiti cavabdehdən tutularaq iddiçıya ödənilməlidir. Çünki iddiaçının müqavilənin 6.1-ci bəndində göstərilən xidmətlərə görə cavabdehin illik dövriyyəsinin 250000 avrodan artıq olduğu təqdirdə, hər 100000 avroya düşən illik dövriyyədə əlavə artıq üçün cavabdehdən 100 avro məbləğində əlavə xidmət haqqını aylıq ödənişlərə əlavə edərək, bir illik dövr üzrə 12 aya uyğun hesablayıb tələb etməsi müqavilə şərtinə uyğun deyildir. Belə ki, müqavilənin həmin bəndində illik dövriyyənin hər əlavə 100000 avro artımı üçün 100 avro əlavə xidmət haqqının ödənilməsinin həmin il üçün hər ay üzrə ödənişə əlavə edilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tərəfindən müqavilə üzrə 2021-ci, 2022ci və 2023-cü illərin sonunda cavabdehdən dövriyyə artımına görə əlavə xidmət haqqının tələb edilməməsi onu təsdiq edir ki, tərəflər arasında həmin müqavilə şərtinə uyğun əlavə xidmət haqqının bir il ərzində hər aylıq ödənişə əlavə hesablanması ilə bağlı işgüzar adət və ya praktika formalaşmamışdır. Cavabdeh onun baza məlumatlarının iddiaçıda olduğunu və ona təqdim edilmədiyini, buna görə yeni məlumatların hazırlanması üçün əlavə xərc çəkdiklərini əsas gətirərək iddiaçıya ödəniş etmədiyini bildirmiş, lakin həmin baza məlumatlarının iddiaçıda olması, tərəflər arasında baza məlumatlarının təhvil verilməs ilə bağlı hər hansı müqavilənin və ya şərtin olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı tərəfindən korporativ vergi bəyannaməsinin hazırlanması üçün hesablanmış 2360 avro və 1000 avro əlavə haqq, ümumilikdə 3360 avro məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 759,92 avro faiz borcunun da tutulmasını tələb etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.7-ci bəndinə əsasən ödənişin gecikdirildiyi təqdirdə faiz borcunun hesablanması nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 168 avro müəyyən olunmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında xidmət haqqının dəyəri avro ilə razılaşdırılsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab etmişdir ki, ödənilmiş 188 manat dövlət rüsumunun 85,89 manat hissəsinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4010/2024 saylı qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4010/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır və iddia tam təmin edilməlidir. Məhkəmə bildirmişdir ki, “iddiaçının müqavilənin 6.1-ci bəndində göstərilən xidmətlərə görə cavabdehin illik dövriyyəsinin 250000 avrodan artıq olduğu təqdirdə, hər 100000 avroya düşən illik dövriyyədə əlavə artıq üçün cavabdehdən 100 avro məbləğində əlavə xidmət haqqını aylıq ödənişlərə əlavə edərək, bir illik dövr üzrə 12 aya uyğun hesablayıb tələb etməsi müqavilə şərtinə uyğun deyildir. Belə ki, müqavilənin həmin bəndində illik dövriyyənin hər əlavə 100000 avro artımı üçün 100 avro əlavə xidmət haqqının ödənilməsinin həmin il üçün hər ay üzrə ödənişə əlavə edilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı tərəfindən müqavilə üzrə 2021-ci, 2022-ci və 2023-cü illərin sonunda cavabdehdən dövriyyə artımına görə əlavə xidmət haqqının tələb edilməməsi onu təsdiq edir ki, tərəflər arasında həmin müqavilə şərtinə uyğun əlavə xidmət haqqının bir il ərzində hər aylıq ödənişə əlavə hesablanması ilə bağlı işgüzar adət və ya praktika formalaşmamışdır”. Məhkəmə tərəfindən burada nəzərə alınmayan məqam ondan ibarətdir ki, müqavilənin mübahisə edilən bəndinin məqsədi dövriyyənin artması ilə bağlı iddiaçının iş yükünün artırılması ilə bağlıdır. Belə ki, Müqavilənin 2.1-ci bəndinə əsasən Məsləhətçi Müştərinin sorğularına əsasən aşağıdakı Xidmətləri göstərir: - daxil olan bütün invoysların mühasibatlıq sistemində qeydiyyatının aparılması, - alğı-satqı jurnalının hazırlanması (əgər varsa); - sabit aktivlərin reyestrinin və kiçik inventarların qeydiyyatının hazırlanması - mühasibat uçotunun qeydiyyatı, - idarə heyətindən alınmış nağd hesabatın hazırlanması, - bütün bank əməliyyatlarının qeydiyyatının aparılması səyahət və xərclərin hesabatlarının qeydiyyatı - əməliyyatların hər növü üçün mühasibatlıq qeydlərinin aparılması - jurnal hesabatlarının hazırlanmas - inventar kitabçasının hazırlanması, - vergilərin hesablanması - qanunvericiliyə uyğun olaraq vergi və statistik hesabatların hazirlanmast, aylıq vergi bəyannamələrinin maliyyə vektoruna uyğun hazırlanması və təqdim edilməsi, mühasibat uçotu və hesabat vermə və s. Müqavilədə qeyd edilən xidmətlərin həcmi isə dövriyyə artdıqca artmış olur. İllik dövriyyə isə bir ayda və ya gündə artmır, müəssisənin illik dövriyyəsi mərhələli şəkildə aylarla artır. Bu mənada, illik dövriyyənin artması iddiaçının aylıq iş yükünün artması ilə nəticələnir. Müqavilədə əks edilən əlavə 100 avro məbləğ də məhz belə aylıq iş yükünün kompensasiya edilməsi məqsədilə müqaviləyə daxil edilmişdir. İllik dövriyyə şirkətin illik gəliri deməkdir. Bu da hər bir hesabat ilinin sonunda müəyyən edilir və mənfəət vergisi bəyannaməsində əks etdirilərək bəyan edilir. Şirkətin illik gəlirinin artmasının iş həcminə birbaşa təsiri mövcuddur. Belə ki, şirkət əillik gəlir artdıqca əməliyyatların sayı da artmış və bununla da mühasibat əməliyyatlarına sərf edilən vaxt əhəmiyyətli dərəcədə artmışdır. Müqavilədə də xidmət haqqının da dövriyyə ilə - illik gəlirlə əlaqələndirilməsində məqsəd artmış iş həcminin müştəri tərəfindən kompensasiya edilməsi olmuşdur. Bundan əlavə, Müqavilənin həmin bəndi ilə bağlı iddiaçının hüquqi sələfi olan “Kuehne+Nagel” şirkəti tərəfindən müqavilə şərtlərinin müzakirəsi zamanı hər hansı mübahisə edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci, 404.2-ci, 404.4-cü maddələri tətbiq edilməmişdir. Artıq yuxarıda qeyd edildiyi kimi, Müqavilənin 6.1-ci bəndində əks edilən əlavə 100 avro məbləğ aylıq iş yükünün artmasının kompensasiya edilməsi məqsədilə müqaviləyə daxil edilmişdir. Mühasibatlıq xidmətlərinin məzmunu aylıq və illik dövriyyədən asılıdır – müvafiq dövriyyə artdıqca, göstərilən xidmətlərin həcmi də artmış olur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə müqavilənin şərtləri ilə bağlı tərəflər arasında baş tutan elektron poçt yazışmaları təqdim edilmişdir. İlk öncə bildirilməlidir ki, cavabdehin əvvəlki adı “Kuehne+Nagel” olmuşdur. Müqaviləyə dair danışıqlar da elektron poçt vasitəsilə Kuehne+Nagel şirkətinin nümayəndələri ilə aparılmışdır (müvafiq elektron poçt məktubları əlavə edilir). Belə ki, xx.xx.2018-ci ildə iddiaçı tərəfindən Kuehne+Nagel şirkətinə elektron poçt vasitəsilə xidmətlər paketini və müvafiq qiymətləri əks etdirən təklif göndərilmişdir (həmin təklif də əlavə edilir). Həmin təklifin 6-cı səhifəsində mühasibatlıq xidmətləri üçün 600 avro (ƏDVsiz) qiymət qeyd edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, “Törəmə Müəssisənin mühasibat xidmətləri üçün Törəmə Müəssisənin illik dövriyyəsinin 250,000.00 Avrodan çox olmayacağı əsas götürülür. Biz hər 100.000.00 Avro üçün illik dövriyyədə hər əlavə artıma görə sizdən əlavə 100 EUR alacağıq.” (for the accounting services of the Subsidiary understanding that the annual turnover of the Subsidiary will not exceed EUR 250,000.00. We will charge you additional EUR 100 per each additional increase in the annual turnover per each EUR 100,000.00). Bununla bağlı danışıqların heç bir mərhələsində qarşı tərəfə hər hansı etiraz bildirməmişdir. Danışıqların davamında müqavilə layihəsi tərtib edilmiş və Kuehne Nagel şirkətinin yeganə qeydi ondan ibarət olmuşdur ki, ödəniş müddəti olaraq 30 gün qeyd edilməlidir (“Ümumiyyətlə, hər şey razılaşdırılıb, lakin KN-də minimum 30 gün standart ödəmə müddətimiz var. Biz bunu bu müqavilə üçün də saxlamaq istərdik.” (İn general all in agreement but we have a standard payment term of minimum 30 days at KN. We would like to keep it also for this agreement). Bu düzəliş də öz əksinin Müqavilənin 6.7-ci bəndində tapmışdır (müqayisə üçün elektron poçt vasitəsilə göndərilmiş müqavilə layihəsinin ödəniş müddətinə dair bəndi də təqdim edilir). Qeyd edilənlər bunu deməyə əsas verir ki, müqavilənin bağlanması zamanı danışıqlarda və müqavilə bağlanarkən Müqavilənin 6.1-ci bəndinə dair hər hansı mübahisə olmamışdır. Məhkəmə qeyd edilən halı nəzərə almalı və mübahisəyə Mülki Məcəllənin 404-cü maddəsini tətbiq etməli olsa da, bunu etməyərək əsassız qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin 404-cü maddəsinin tətbiq ilə bağlı dəlillər irəli sürülsə də, məhkəmə tərəfindən həmin maddə tətbiq edilməmiş, həmin normanın hansı əsasla tətbiq edilməsi qətnamədə əks edilməmişdir. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi pozulmuşdur. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hazırki halda isə birinci instansiya məhkəməsi müqavilənin təfsiri ilə bağlı nəticəsini şərh etməmiş, sadəcə formal ifadələrlə kifayətlənmişdir. Bu səbəbdən, qətnaməni əsaslı hesab etmək olmaz. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi müqavilənin şərtlərinin müzakirəsi ilə bağlı elektron poçt üzərindən yazışmalar tədqiq edilməmiş, onların hansı səbəbdən tədqiq edilməməsi əsaslandırılmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Ali Məhkəmə Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndinə əsasən məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Bu tələblər isə birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Məhkəmə səhvən belə nəticəyə gəlmişdir ki, müqavilədə 100 avro məbləğin aylıq ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki, artıq qeyd edildiyi kimi, Müqavilənin təfsiri və öhdəliyin məzmunu 100 avro əlavə xidmət haqqının məqsədi məhz aylıq iş yükünün artmasını kompensasiya etməkdən ibarət olmuşdur. Əlavə olaraq, hətta məhkəmənin gəldiyi nəticə düzgün hesab edilsə belə, məhkəmə tərəfindən hesablamada səhvə yol verilmişdir. Belə ki, məhkəmənin qənaətinə görə hər əlavə 100000 avro əlavə dövriyyəyə görə 100 avro hesablanmaqla 300 avro olmaqla ümumilikdə 1000 avro pul vəsaiti cavabdehdən tutularaq iddiçıya ödənilməlidir. Bununla yanaşı cavabdeh 2021-2022-ci illər üzrə korporativ vergi bəyannaməsinin hazırlanmasına görə 2360 avro xidmət haqının ödənilməsini mübahisələndirməmişdir. 2000 avroya məhkəmə tərəfindən ƏDV hesablansa da (2000+360), 1000 avroya görə ƏDV hesablanmamışdır Yəni, hətta əgər məhkəmənin gəldiyi nəticə əsaslı hesab edilsə, həmin 1000 avroya görə 18 faiz həcmində, yəni 180 avro məbləğində ƏDV-nin ödənilməsi də cavabdehin üzərinə qoyulmalı idi.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 6 il ərzində iddiaçı cavabdeh xidmət müqavəli əsasında mühasibatlıq və s xidmətləri göstərmişdir. Müqavilə şərtlərinə görə bunun müqabilində nəzərdə tutulmuş aylıq məbləğ vaxtı-vaxtında ödənilmişdir. İddia tələbi müqavilədə mövcud olan əlavə ödənişlə bağlıdır. Həmin ödəniş müəyyən şərtlər baş verdikdə ödənilməsi yazılmışdır. Lakin iddiaçı xidmət göstərdiyi 6 il ərzində həmin məbləği tələb etməmişdir. Sonda, tərəflər müqaviləyə verilərkən iddaçı əvvəlki illər üçün də həmin ödənişləri şişirdilmiş məbləğdə tələb etmişdir. Məhkəmə iddia tələbini qanunvericiliyə uyğun şəkildə qiymətləndirərək həmin hissədə rədd etmişdir. Lakin iddia tələbində mövcud olan digər tələbi təmin etmişdir. Bu tələb hər vergi bəyənnaməsinin tərtib edilməsi ilə bağlıdır. Cavabdeh bu hissədə də rədd edilməli olduğunu hesab edir. Belə ki, Tərəflər Müqavilə bağlanarkən və gedişatda razılığa gəlmişdirlər ki, icraçı (iddiaçı) müqaviləyə xitam verilərkən xidmət göstərdiyi illər ərzində toplanmış, sifarişçiyə (cavabdehə) məxsus baza məlumatlarını proqramlaşdırılmış formada sifarişçiyə təhvil verəcəkdir. Buna baxmayaraq iddiaçı həmin baza məlumatlarını əsassız tələbinin təmin edilməsi məqsədi ilə qanunsuz girovluqda saxlamışdır. Həmin bazanın verilmədiyi Bakı Kommersiya Məhkəməsində cavabdeh tərəfindən bildirilmişdir. Hətta proqram təminatı formasında deyil, sadəcə excell formatında qəbul edə biləcəklərini bildirmişdi. İddiaçı tərəfdə yaxın günlərdə həmin tələbin könüllü təmin ediləcəyinə vəd vermişdir. Nəticədə cavabdeh tərəfindən qarşılıqlı iddia tələbi qaldırılmamışdır. Lakin Müqaviləyə 1 ilə yaxındır xitam verilsə də sözügedən baza məlumatları hələ də təqdim edilməmişdir. Yaranmış zərurətlə əlaqədar həmin bazanın yenidən formalaşdırılması üçün əlavə işçi qüvvəsi cəlb edilmişdir. Yəni iddiaçının qanunsuz hərəkətləri cavabdehə maddi zərər vermişdir, eyni zaman əlavə vaxt itkisinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin iddia tələbini tamamilə rədd etməsi daha ədalətli və qanunauyğun olardı. Bundan başqa qarşılıqlı iddianın verilməsi üçün müəyyən edilmiş müddət iddiaçının məhkəmənin hazırlıq iclasında verdiyi vəd nəticəsində ötürülmüşdür, bu hal qətnamə qəbul edilərkən nəzərə alınmamışdır. Dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının qanunsuz hərəkətləri nəticəsində cavabdehə dəymiş zərərə hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, müqavilə üzrə icraçı tərəfdən iddaçının qanuni təmsilçisi və rəhbəri olan hörmətli vəkil, cənab Elçin Üsub çıxış edir və onun tərəfindən imzalanmışdır. Yəni həmin müqavilənin bağlandığı anadək 25 ilə yaxın vəkillik stajı olan (ümumi hüquqi stajı daha da çox olmuşdur) çox peşəkar şəxs tərəfindən tərtib edilmişdir müqavilə. Sifarişçi tərəfdən isə qanunvericiliyin dərinliklərini bilməyən, müqavilədəki söz oyunlarını başa düşməyən və gəcələcəkdə hansı risk təşkil edəcəyini ehtimal edə bilməyən Hikmət Brdariç çıxış etmişdir. Belə olan halda hüququn ümumi prinsiplərindən biri olan “contra proferentem” qaydası (prinsipi) tətbiq edilməlidir. “Contra preferentem” prinsipinə əsasən təklif göndərən tərəfin müqavilə şərt(lər)i aydın olmamışdırsa, həmin şərt(lər) qarşı tərəfin maraqlarına uyğun təfsir edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 419.1-ci maddəsinə əsasən Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Digər diqqətə alınmalı xüsusi məqam ondan ibarət olmuşdur ki, Müqavilə 1 il müddətinə bağlanmışdır. Tərəflər etiraz etmədikdən hər növbəti 1 il üçün uzadılması şərti ilə. İddiaçı mübahisələndirdiyi “xidmət haqqını” xidmət göstərdiyi 6 il müddətində istəməmiş, yalnız müqaviləyə xitam verilməsi barədə razılığa gəlindikdən sonra, ən sonda və absurd həcmdə tələb etmişdir. İddiaçının tələbi və tələbinin əsaslandırması heç bir məntiqə və sağlam düşüncəyə sığmır. Əvvəla ona görə ki, müqavilə 1 il müddətinə, Tərəflər etiraz etmədikdən hər növbəti 1 il üçün avtomatik uzadılması şərti ilə bağlanmışdır. Əgər icraçı müqavilə ilinin başa çatması ilə hazırda mübahisələndirdiyi tələb üzrə heç bir tələb irəli sürmürsə, təbiidir ki, Sifarişçi müqavilənin uzadılmasına etiraz etməyəcək. 6 il bu qayda ilə müqavilə qüvvədə qalmış və əvəzi ödənilmişdir. Xitam veriləndən sonra köhnə dövrlər üçün qeyri-adi əsaslandırma ilə, qeyri-adi həcmdə bunu tələb etmək cavabdeh tərəfindən anlayışla qarşılanmır. İddiaçı sonraki hərəkətləri ilə də cavabdehin hüquqlarını pozulmuşdur. Belə ki, cavabdehə məxsus baza məlumatlarını “əsassız girovluqda” saxlayaraq, təzyiq göstərməyə çalışmışdır. Bu isə cavabdehin həm işlərinin ləngiməsinə, həm əlavə iş yükünə, həm də əlavə xərclər çəkməsinə səbəb olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi “subutların” məhkəmə tərəfindən araşdırılmaması məsələsinə gəldikdə isə bildiririk ki, “sübut” qismində iddiaçı tərəfindən təqdim olunan ingilis və alman dilində aparılan elektron yazışmadır. MPM-nin 11.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahiəsələri üzrə məhkəməl icraatı Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. Birinci instansiyada iş Azərbaycan dilində aparılmışdır və 6 ay davam etmişdir. Bu müddət ərzində iddiaçının yetəri qədər vaxtı və məlumatı olmasına baxmayaraq, həmin “sübutlar” əcnəbi dillərdə təqdim edildiyi üçün qanunvericiliyə uyğun olaraq nəzərə alınmamışdır. Hərçənd, o yazışmalara baxılsa da görmək olardı ki, mübahisə bəndə dair heç bir açıqlama verilmir, sadəcə müqavilədə olduğu kimi ümumi sözlərlər yazılır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, iddia tələbinin tam təmin edilməli olduğunu, 250.000 avro dövriyyə üzrə göstərilən xidməTlər üçün illik cəmi 300 avro xidmət haqqı ödənilməsinin ağlabatan olmadığını bildirdi.

18. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi, baza məlumatlarının təqdim edilməməsi əsas göstərərək iddianın əsassız olmaqla rədd edilməli olduğunu bildirdi.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. -404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. -404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. -404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. -425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. -770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “.....Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir.. .”

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində, iddiaçı tərəfindən isə iddianın rədd edilməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Roedl ənd Partner" MMC ilə cavabdeh “X2" MMC (əvvəlki adı “Kuehne + Nagel” MMC) arasında bağlanmış xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstəriməsi haqqında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə mühasibat xidmətlərinin göstərilməsini, cavabdeh isə həmin xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə 2018-2023-cü illərdə mühasibat xidmətləri göstərilmişdir.

27. Hazırda iddiaçı 2021-ci-2023-cü illər üçün müqavilədə nəzərdə tutulmuş 250.000 avro illik dövriyyə üçün aylıq 600 Avro məbləğində xidmət haqqı ödənilsə də, həmin illər üzrə illik dövriyyənin 250.000 avrodan artıq hər 100.000 avro hissəsi üçün aylıq 100 avro məbləğində əlavə xidmət haqqının ödənilmədiyini, eləcə də 2021-ci və 2022-ci illər üçün korporativ vergi bəyannamənin tərtib edilməsinə görə 2000 Avro məbləğində xidmət haqqının ödənilmədiyini əsas göstərərək 16520 avro əsas borcun, 759,92 avro dəbbə pulunun tutulmasını tələb edir.

28. Cavabdeh isə tərəflər arasında bağlanmış müqavilədə 250.000 avrodan artıq illik dövriyyənin hər 100.000 avro hissəsi üçün 100 avro məbləğində əlavə xidmət haqqının aylıq deyil, illik nəzərdə tutulduğunu, eləcə də iddiaçının həmin xidmət haqqını 6 il ərzində tələb etmədiyini, bundan əlavə müqaviləyə xitam verildikdən iddiaçının onlara aid bazanı qaytarmaqdan imtina etdiyini, nəticədə onlara maddi zərər dəydiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

29. Kollegiya ilk növbədə 250.000 avrodan artıq illik dövriyyənin hər 100.000 avro hissəsi üçün 100 avro məbləğində əlavə xidmət haqqının tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisə həmin əlavə xidmət haqqının aylıq və ya illik hesablanmalı olması, yəni müqavilənin təfsiri ilə bağlıdır.

30. Kollegiya xatırladır ki, müqavilənin təfsiri qaydaları Mülki Məcəllənin 404-cü maddəsində müəyyən edilmişdir. Həmin qaydalara uyğun olaraq müqavilə təfsiri müqavilənin şərtlərinin hərfi mənası (hərfi təfsir), eləcə də müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi (sistemli təfsir), müqaviləyə qədərki danışıqlar və yazışmalar (tarixi təfsir), tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, tərəflərin sonrakı hərəkətlər (praktiki təfsir), işgüzar adətlər (işgüzar adətlər əsasında təfsir) üsullarından istifadə etməklə aparılır.

31. Kollegiya ilk növbədə müqavilə şərtlərini hərfi mənasına uyğun şərh edərək qeyd edir ki, müqavilənin mübahisəli 6.1-ci bəndinin birinci cümləsində tərəflərin müştərinin illik dövriyyəsinin 250000 avrodan artıq olmadığı təqdirdə xidmətlərə görə ödəniş haqqının aylıq 600 avro (ƏDV-siz) təşkil etməsi barədə razılığı ifadə edilmiş, ikinci cümləsində isə illik dövriyyədə hər 100000 avro əlavə artım üçün müştəri tərəfindən 100 avro məbləğində əlavə xidmət haqqının ödənilməli olması müəyyənləşdirilsə də, həmin əlavə haqqın aylıq və ya illik olması aydın şəkildə göstərilməmişdir. Odur ki, müqavilənin sözügedən şərti aydın və birmənalı olmadığından hərfi təfsir üsulundan istifadə etməklə müqavilənin sözügedən şərtinin mənasının müəyyən edilməsi mümkün görünmür.

32. İkincisi, kollegiya onu da qeyd edir ki, müqavilə bağlananadək tərəflər arasında sözügedən şərtlə bağlı danışıqlar, müzakirələr aparılmış, bununla bağlı e-mail yazışmaları məhkəməyə təqdim edilmişdir. Həmin yazışmalardan görünür ki, iddiaçı tərəf sözügedən şərti cavabdehə təklif etmiş, cavabdeh tərəfindən həmin şərtə etiraz edilməmiş, eləcə də tərəflər arasında həmin şərtin mənasının dəqiqləşdirilməsi ilə bağlı hər hansı müzakirə aparılmamışdır. Bu səbəbdən həmin danışıqlar müqavilənin təfsiri üçün əhəmiyyət kəsb etmir. Digər tərəfdən müqavilə bağlandıqdan sonra iddiaçı tərəfindən həmin şərtə uyğun olaraq əlavə xidmət haqqı tələb edilməmiş və cavabdeh tərəfindən də ödəniş edilməmişdir. Odur ki, tərəflərin müqavilə bağlanmasından sonrakı hərəkətlərinə əsasən də müqavilə bağlanarkən tərəflərin həmin şərtə dair həqiqi iradələrinin nədən ibarət olması müəyyən edilmir.

33. Mübahisəli şərtin sistemli təfsiri, yəni həmin şərtin hərfi mənasının müqavilənin digər şərtləri və mənası ilə müqayisəli şəkildə şərhi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, birincisi, 6.1-ci bəndin birinci cümləsində müştərinin dövriyyəsinin illik 250.000 avrodan çox olmadığı halda mühasibat uçotu xidmətlərə görə xidmət haqqı məhz aylıq olaraq 600 avro məbləğində müəyyən edilmişdir.

34. İkincisi, həmin bəndə əsasən göstərilməsi nəzərdə tutulan mühasibat uçotu xidmətləri 6.2-ci bənddə əks edilmiş xidmətlərdən fərqli olaraq illik deyil, hər ay göstərilən xidmətlərdir (qanunvericiliyə uyğun olaraq vergi və statistik hesabatların hazırlanması; aylıq vergi bəyannamələrinin maliyyə vektoruna uyğun hazırlanması və təqdim edilməsi; mühasibat uçotu və hesabat vermə; daxil olan bütün invoysların mühasibatlıq sistemində qeydiyyatının aparılması; alğı-satqı jurnalının hazırlanması; idarə heyətindən alınmış nağd hesabatın hazırlanması və s.). Göstərilən hal isə ona dəlalət edir ki, müştərinin dövriyyəsinin nəzərdə tutulan maksimal həddən artıq olması iddiaçının hər ay göstərdiyi xidmətlərin həcminin artmasına səbəb olur.

35. Üçüncüsü, illik 250.000 avro həddində dövriyyə üçün aylıq xidmət haqqı 600 avro (yəni illik 7200 avro) müəyyən edildiyi halda illik dövriyyənin 250.000 Avrodan artıq hər 100.000 avro hissəsi üçün illik 100 avro məbləğində əlavə haqqın tutulması ağlabatan və inandırıcı görünmür.

36. Bu zaman o da nəzərə alınmalıdır ki, beynəlxalq hüquqda, həm də mülki hüquq nəzəriyyəsində təşəkkül tapmış qaydaya uyğun olaraq müqavilənin təfsir edilməsi zamanı ilk növbədə vicdanlılıq və ağlabatanlıq prinsipləri rəhbər tutulmalıdır. Təfsirin məhz bu prinsiplər əsasında aparılmalı olması müəyyən edən Müqavilələr hüququ haqqında Vyana Konvensiyanın 31-ci maddəsinə görə isə Müqavilə onun terminlərinin kontekstə əsasən verdiyi adi mənaya uyğun olaraq və onun obyekt və məqsədi fonunda vicdanla təfsir edilməlidir.

37. 1980-ci il Malların beynəlxalq alqı-satqısı müqavilələri barədə BMT konvensiyasınının 7-ci maddəsində isə həmin prinsip belə təsbit edilmişdir. “Konvensiyanın şərh edilməsi zamanı onun beynəlxalq xarakteri və onun tətbiqində vahidliyin əldə olunmasına və beynəlxalq ticarətdə vicdanlılığa riayət olunmasına dəstək verilməsinin zəruriliyi nəzərə alınmalıdır.”

38. Mülki Məcəllə müqavilənin təfsirinin vicdanlılıq prinsipi əsasında həll edilməsi birbaşa nəzərdə tutmasa da, tərəflərin qarşılıqlı münasibətlərində həmin prinsip əsasında hərəkət etməli olması Mülki Məcəllənin 425.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddənin tələblərinə əsasən mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.

39. Beləliklə, müqavilənin şərtlərini müqayisəli şəkildə ağlabatanlıq və vicdanlılıq prinsipləri əsasında təfsir etdikdə belə qənaətə gəlmək olar ki, müqavilənin 6.1-ci bəndində illik dövriyyənin 250.000 Avrodan artıq hər 100.000 avro dövriyyə üçün 100 avro məbləğində müəyyən edilmiş əlavə xidmət haqqı aylıq olaraq müəyyənləşdirilmişdir.

40. Müqavilənin mübahisəli şərtinin contra proferentem (təkıif edənin ziyanına) prinsipi əsasında təfsir edilməli olması barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birincisi, həmin prinsip bir qayda olaraq tərəflərin yalnız birinin -müqavilənin şərtlərini təklif etmiş tərəfin mülki dövriyyənin professional iştirakçısı olduğunu, yəni digər tərəfin daha zəif mövqedə olduğu hallarda tətbiq edilir (məslən, bank – vətəndaş münasibətləri və s.). Hazırkı halda isə hər iki tərəf kommersiya hüquqi şəxsi olmaqla mülki dövriyyənin professional və mütəşəkkil iştirakçılarıdır. Odur ki, mülki dövriyyənin professional iştirakçısı kimi cavabdehin ona təklif edilmiş müqaviləni şərtlərini diqqətlə nəzərdən keçirmək, həmin şərtlərinin dəyişilməsini təklif etmək və müqavilənin bağlamaqdan imtina etmək kimi imkanları olmuşdur. Belə olan halda isə contra proferentem prinsipi əsasında müqavilə şərtinin tərəflərdən hansısa birinin ziyanına şərh edilməsi tərəflər arasında maraqlarları arasında ədalətli balansı pozmaqla yanaşı müqavilə azadlığı prinsipinə müdaxilə kimi qiymətləndirilə bilər.

41. İkincisi, sözügedən prinsip yalnız o zaman tətbiq edilir ki, müqavilənin müddəalarını hərfi və sistemli şəkildə təhlil etməklə tərəflərin həqiqi iradəsini müəyyənləşdirmək mümkün olmasın. Hazırkı halda isə işin yuxarıda göstərilən hallarından göründüyü kimi müqavilənin sistemli təfsiri nəticəsində müqavilə şərtində yol verilmiş qeyri-müəyyənliyin aradan qaldırılması mümkün olmuşdur.

42. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müqavilənin təfsiri zamanı sözügedən prinsipin tətbiq edilməsi istisna edilir.

43. Bununla yanaşı 6.1-ci bənddə nəzərdə tutulan əlavə xidmət haqqına ƏDV daxil edilib-edilməməsi barədə məsələyə gəldikdə kollegiya qeyd edir ki, müqavilənin 6.5-ci bəndinə əsasən müqavilədə göstərilmiş bütün qiymətlər Əlavə dəyər vergisi olmadan göstərilmişdir. Bundan əlavə cabandehin nümayəndəsi məhkəmədə verdiyi izahatında əlavə xidmət haqqı məbləğinin ƏDV-siz məbləğ olduğunu qəbul etmişdir. Belə olan halda kollegiya hesab edir ki, 6.1-ci bənddə nəzərdə tutulmuş 100 Avro əlavə xidmət haqqı məbləğində ƏDV daxil edilməmişdir.

44. Odur ki, kollegiya hesab edir ki, cavabdehin 2021-ci il üçün illik dövriyyənin 550.000 avrodan (250.000 avro sabit + 300.000 əlavə) çox olduğundan həmin il üçün cavabdeh tərəfindən iddiaçıya hər ay üçün 300 avro məbləğində olmaqla, cəmi ƏDX xaric 3600 (300x12ay) avro, ƏDV daxil isə 4248 avro məbləğində əlavə xidmət haqqı;

45. 2022-ci il üçün illik dövriyyənin (250.000 avro sabit + 400.000 əlavə) çox olduğundan həmin il üçün cavabdeh tərəfindən iddiaçıya hər ay üçün 400 avro məbləğində olmaqla, cəmi ƏDX xaric 4800(400x12ay) avro, ƏDV daxil isə 5664 avro məbləğində əlavə xidmət haqqı;

46. 2023-cü il üçün illik dövriyyənin 550.000 avrodan (250.000 avro sabit + 300.000 əlavə) çox olduğundan həmin il üçün cavabdeh tərəfindən iddiaçıya hər ay üçün 300 avro məbləğində olmaqla, cəmi ƏDV xaric 3600 (300x12ay) avro, ƏDV daxil isə 4248 avro məbləğində əlavə xidmət haqqı; Cəmi 14.160 avro məbləğində əlavə xidmət haqqı, yəni birinci instansiyas məhkəməsinin tutulmasını qət etdiyi 1000 avro məbləğində xidmət haqqından əlavə 13.160 Avro məbləğində xidmət haqqının da tələb etməkdə haqlıdır.

47. İddianın 2021-2022-ci illər üçün vergi bəyannaməsinin tərtib edilməsinə görə ƏDV daxil 2360 Avro məbləğində pulun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən sözügedən xidmətin göstərilməsi faktını, eləcə də tərəfindən həmin xidmətlərin dəyərinin ödənilməməsini inkar etmir.

48. Həmin hissədə iddianın rədd edilməsi barədə əsas kimi cavabdehin istinad etdiyi müqaviləyə xitam verildikdən sonra cavabdehə məxsus bazanın iddiaçı tərəfindən qaytarılmaması, nəticədə ona zərər vurulması barədə arqumentlərə münasibətdə qeyd edilməlidir ki, xidmət haqqını ödəmək öhdəliyindən azad etmir və belə olan halda hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdehə qanunla qorunan hüquqlarının iddiaçı tərəfindən pozulduğunu hesab etdiyi təqdirdə bazanın qaytarılması və vurulmuş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

49. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdehdən iddiaçının xeyrinə 2021-2022-ci illər üçün vergi bəyannamələrinin tərtib edilməsinə görə ƏDV daxil 2360 Avro məbləğində pul vəsaiti tutulmalıdır.

50. İddianın dəbbə pulunun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan və cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan icra müddəti ərzində ödəniş edilmədiyindən iddiaçı gecikdirilmiş xidmət haqqı məbləğinə dəbbə pulu tələb etməkdə haqlıdır.

51. Eləcə də iddiaçının tələb etdiyi cəmi 759,92 avro məbləğində dəbbə pulu əsas borca nisbətdə tənasübsüz surətdə yüksək olmadığından həmin dəbbə pulu məbləğinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldılması üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş hissədə, yəni 591,92 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də iddia əsaslı olmaqla təmin edilməlidir. Buna müvafiq olaraq cavabdehdən iddiaçının xeyrinə ümumilikdə tutulacaq məbləğ hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğ 17.279,92 avro müəyyən edilməlidir.

52. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə iddianın rədd edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi tam təmin edilməlidir.

53. Bununla yanaşı MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul vəsaiti 188 manat məbləğində müəyyən edilməlidir.

54. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

55. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən həmin şikayət verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı “Roedl ənd Partner" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh “X2" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4010/2024 saylı qətnaməsi qismən –13160 avro xidmət haqqının və 591,92 avro məbləğində dəbbə pulunun tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh “X2" MMC-dən xx.xx.2018-ci il tarixli RP 18-0003 nömrəli mühasibatlıq xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə ƏDV daxil 13.160 avro məbləğində xidmət haqqı və 591,92 avro dəbbə pulu ödəniş günü AR Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə əsasən Azərbaycan manatı ilə tutularaq “Roedl ənd Partner" MMC-yə ödənilsin. Cavabdehdən iddiaçının xeyrinə ümumilikdə tutulacaq məbləğ hissəsində qətnamə dəyişdirilsin, cavabdehdən iddiaçının xeyrinə tutulacaq ümumi məbləğ 17.279,92 avro müəyyən edilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə tutulacaq məbləğ 188 manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün iddiaçı tərəfindən ödənilmiş 94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya şikayəti üçün cavabdeh tərəfindən ödənilmiş rüsum cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar