Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-438/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili X6 iştirakları ilə İddiaçı X9 cavabdeh X5 qarşı müqavilələrin ləğvi, texnoloji avadanlığı saz vəziyyətdə geri qaytarılması və məbləğinin tələbinə dair iddia ərizəsi ilə əlaqədar iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından (hakim Fərrux Qasımov) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1.165.710 manat əsas borc, 857.382,42 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 2.023.122,42 manat məbləğində vəsaitinin cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğvi, texnoloji avadanlığının saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı X9 X7 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 04-LA/14 nömrəli müqaviləyə əsasən lizinqə götürdüyü, Masallı rayonu Şərəfə kəndinə quraşdırılmış 2.5 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının istismarının qadağan olunaraq üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı X13 ərizəsi təmin edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Beləliklə, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Qanuni sahib S.Quliyevanın hüquqları mübahisəli qərardadla pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X10 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı lizinq obyektinə həbs qoyulmasında maraqlı olmaqla öhdəliyin icra olunmamasına şərait yaradır. Cavabdeh avadanlıqdan istifadə edərək lizinq üzrə ödəməli olduğu muzdu ödəyir. Qadağa qüvvədə qalarsa cavabdeh avadanlığı işlədə bilməyəcək və gələcəkdə də öhdəliyi icra edə bilməyəcək. Cavabdeh əmlakın qanuni sahibidir, həbsin qoyulması cavabdehin sahiblik, istifadə hüququna maneə yaradır. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, istixana fəaliyyəti kifayət qədər gəlirli sahədir. Cavabdeh tərəfindən son 3 ildə cəmi 3000 manat ödəniş edilib, cavabdeh istixananı işlədə bilmədiyi üçün əmlakı geri qaytarmalıdır. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı X9 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. İddiaçı hazırkı iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsində bu tədbirin görülməsinin hansı zərurətdən irəli gəldiyini əsaslandırmamış, məhkəmə də mübahisələndirilən qərardadda bu əsası göstərməmişdir. Cavabdehə lizinqə verilmiş avadanlıqlar iddiaçının mülkiyyətində olduğu üçün onların cavabdeh tərəfindən özgəninkiləşdirilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilərsə həmin avadanlıq üzərinə həbs qoyulmadan da gələcəkdə qətnamənin icrasına hər hansı maneə yarana bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, Masallı rayonu, Şərəfə kəndinə quraşdırılmış 2.5 ha sahədə xüsusi polietilen örtüklü kompleks istixana avadanlıqlarının üzərinə həbs qoyulması cavabdehə sahibkar kimi ciddi ziyan vurmaqla onu əldə edəcəyi gəlirdən məhrum edərək lizinq müqaviləsi üzrə borcunun ödənilməsini mümkünsüzlüyü ilə nəticələnə bilər. Belə olan halda iş üzrə görülmüş iddianı təmin etmə tədbiri nəinki qətnamənin gələcəkdə icrasını təmin etmir, hətta icranı çətinləşdirmiş olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı X9 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh X4 şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-442/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X9 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-438/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-438/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver