Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-438/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun cavabdeh “X5” MMC-yə qarşı kommersiya işi Açar söz: iddia müddəti Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun cavabdeh "xxxx" MMCyə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-124/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ilə Cavabdeh MMC arasında xx.xx.2007- ci il tarixli, 282 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən istifadə edilən su, qaz, elektrik enerjisinin dəyərini mövcud qiymətlərə uyğun olaraqv öz hesabına quraşdırılmış sayğacların göstəricilərinə əsasən zavoda ödəyir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən zavod tərəfindən göstərilən kommual və digər xidmətlərə görə hər ay zavoda 1093 manat ödəyir;
2. Cavabdeh MMC-nin yerləşdiyi sahədə quraşdırılmış 3 ədəd elektrik sayğaclarının ilkin göstəricilərinə dair tərtib edilmiş akta əsasən, Tipi САЧУ-4762 M. Zavod №515345.Cərəyan trans-u:400/5; K=80. Sayğacın ilkin göstəricisi: 23811 olmuşdur. Quraşdırılma tarixi:xx.xx.2007-ci il, Tipi САЧУ-4762 M. Zavod №254883. Cərəyan transu:200/5; K=40. Sayğacın ilkin göstəricisi: 15943 olmuşdur. Quraşdırılma tarixi: xx.xx.2007ci il, Tipi САЧУ-4762 M.Zavod №972663.Cərəyan trans-u:200/5; K=40. Sayğacın ilkin göstəricisi: 3778,8 olmuşdur. Quraşdırılma tarixi: xx.xx.2007-ci il.
3. xx.xx.2007-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin elektrik enerjisinə görə borcu 997,88 manat və su sayğacının göstəricisinə əsasən yekun borcu 1048,16 manat qeyd olunmuşdur. 31. xx.xx.2007-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin elektrik enerjisinə görə borcu 1506,92 manat və su sayğacının göstəricisinə əsasən yekun borcu 1557,20 manat qeyd olunmuşdur.
4. Maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixinə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna Cavabdeh MMC-nin kommunal xidmətə görə 3074,33 manat (xx.xx.2007-ci il tarixə 1048,16 manat və xx.xx.2007-ci il tarixə 1557,2 manat) və istismara görə 4784,52 (xx.xx.2007-ci il tarixdə 1868,68 manat, xx.xx.2007- ci il və xx.xx.2007-ci il tarixə 1289,58 manat) manat borcu müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC ilə bağlanmış 10 may 2007-ci il tarixli 282 nömrəli müqaviləyə dair Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda MMC-nin bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi və müqavilənin 6.3-cü bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməsi və müqavilənin pozulması ilə bağlı digər zəruri tədbirlərin görülməsi zavoda həvalə olunmuşdur.
6. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə ünvanladığı xx.xx.2008-ci il tarixli məktubunda Cavabdeh MMC-nin zavoda kommunal xidmətləri üzrə 4784 manat elektrik enerjisi, su axıntı suları üzrə isə 3074,33 qəpik miqdarında borcu yarandığı qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən xx.xx.2007-ci il tarixli 282 saylı müqavilə üzrə istismar xərcinə görə - 4784.52 manat, enerji təchizatı və kommunal xidmətlərə görə - 3074.33 manat olmaqla cəmi 7858.85 manat debitor borcun və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 100 (yüz) manat tutularaq iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodu ilə cavadeh "xxxx" MMC arasında münasibətlər “Birgə fəaliyət haqqında” bağlanmış 10 may 2007-cu il tarixli, 282 nömrəli müqavilə üzrə (Müqavilə) yaranmışdır. Cavadeh tərəfindən öhdəliklərin vaxtında və tam yerinə yetrilməməsi səbəbi ilə onun xx.xx.2007-ci il tarixə debitor borcu birgə istifadəyə verilmiş əmlakdan əldə edilən gəlirə görə 4784.52 manat və enerji təchizatı və kommunal xərclərə görə xx.xx.2007-ci il tarixə 3074.33 manat olmaqla, cəmi 7858.85 manat təşkil etmişdir. Birgə fəaliyyətdən əldə edilmiş gəlirə, həmçinin enerji təchizatına və kommunal xərclərə görə Müqavilə üzrə müəyyən olunan öhdəlik pozulmuşdur. Belə ki, “Birgə fəaliyət haqqında” xx.xx.2007-ci il tarixli, 282 nömrəli, Müqavilənin 2.2.5-ci bəndinə əsasən, Cavabdeh MMC hər ay 1093.00 manat istismar xərcini hər ayın əvvəlindən 10 gün müddətində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin istismar xərci də tam ödənilmədiyindən xx.xx.2007-ci il tarixə cavabdehin Zavoda ƏDV daxil 4784.52 manat debitor borc yaranmışdır. Həmin müqavilənin 2.2.4.-cü bəndinə əsasən, Cavabdeh MMC istifadə edilən su, qaz və elektrik enerjisinin dəyərini mövcud qiymətlərə uyğun olaraq və öz hesabına quraşdırılmış sayğacların göstəricilərinə əsasən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna tam ödəməlidir. Lakin enerji təchizatı və kommunal xidmətlər üzrə borc da tam ödənilmədiyindən cavabdehin xx.xx.2007-ci il tarixə iddiaçıya ƏDV daxil 3074.33 manat debitor borcu yaranmışdır. Yekun olaraq müqavilələr üzrə cəmi borc : 4 784.52 manat + 3 074.33 manat = 7 858.85 manat təşkil edir. Müqavilələrin müvafiq tələblərinin icra edilməsinin, eləcə də məsələnin pretenziya qaydasında həll edilməsi imkanından istifadə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsini (kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır) rəhbər tutaraq Heydər Əliyev adına Bakı dərin özüllər zavoduna olan 7858.85 manat borcun cavabdeh tərəfindən 10 (on) gün müddətində tam şəkildə ödənilməsi, ödəniş edilməyəcəyi təqdirdə təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və bununla əlaqədar çəkilən bütün xərcələrin (dövlət rüsumu, cəlb ediləcək peşəkar hüquqi yardım üzrə təqdim edilən xidmət və s.) ödənilməsinin qanunvericiliyə uyğun olaraq Cavabdeh MMC-dən tələb olunacağı tələbi ilə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3409/2023 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh MMCdən xx.xx.2007-ci il tarixli 282 saylı müqavilə üzrə istismar xərcinə görə - 4784,52 manat, enerji təchizatı və kommunal xidmətlərə görə - 3074,33 manat olmaqla cəmi 7858,85 manat borc məbləği və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 100 manat tutularaq iddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna ödənilməsi qət edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-3409/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, e-2-2(113)- 3409/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-124/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia rədd edilmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış birgə fəaliyyətə dair müqavilədən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ (subyektiv tələb hüququ) vermişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının subyektiv tələb hüququna malik olmasını müəyyən etsə də, iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.
14. Məhkəmə bildirmişdir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış akta əsasən kommunal xidmətlərə görə borcu xx.xx.2007ci il tarixə cəmi 3074,33 müəyyən edilmiş və istismar xərci yekun olaraq xx.xx.2007-ci il tarixə 4784,52 manat müəyyən edilmişdir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən zavod tərəfindən göstərilən kommunal və digər xidmətlərə görə hər ay zavoda 1093 manat ödənilməsi nəzərdə tutulmuşdur. Yaranmış borcun tələb edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş və borcun tutulmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2023-cü ildə Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Beləliklə, iddia müddətinin axımı yəni etiraf edici hərəkətin (kommunal xərclər üzrə üzləşmə aktının imzalandığı xx.xx.2007-ci ildən) edildiyi tarixdən hesablanmaqla iddia müddəti xx.xx.2010-ci il tarixində, digər yəni maliyyə arayışında istismar xərci kimi qeyd olunan xx.xx.2007-ci il tarixə hesablanmış 4784,52 manat borc tələbinə dair isə müddətin axımı müqavilənin 2.2.5-ci maddəsinin tələbləri nəzərə alındıqda xx.xx.2010-cı il tarixdə başa çatdığı müəyyən edilir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-124/2024 nömrəli qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli Qiyabi qətnamənin ləğv edilməsinə dair cavabdeh şəxsin təsisçisi X1 tərəfindən ərizə təqdim edilmiş, həmin ərizə məhkəmə tərəfindən baxılaraq təmin edilmişdir. X1 Cavabdeh MMC-nin təsisçisi olsa belə onun MMC-nin adından ərizə vermək səlahiyyəti yoxdur, səlahiyyəti olmasına dair heç bir sübut ərizəyə əlavə edilməmiş, ərizə elektron qaydada imzalanmamışdır. Həmçinin, qiyabi qətnamə tərəflərin elektron kabinetində xx.xx.2023-cü il tarixdə yerləşdirilməklə ona rəsmi qaydada verilmiş olduğu halda cavabdeh şikayətini xx.xx.2023-cü il tarixdə fiziki imzalamaqla göndərmişdir. Beləliklə də, qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə vermək üçün MPM-nin 244-cü maddəsində müəyyən olunmuş 10 gün müddətini ötürmüşdür. Cavabdehin ərizəsinə məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Cavabdehin məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən edən hallar mövcud olmadığı üçün, qiyabi qətnaməsi ləğv edilməsinə heç bir əsas olmamışdır. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcud olsa da, əmlakdan əldə edilən gəlirə görə, həmçinin enerji təchizatı və kommunal xərclərə görə ödənilməli olan pul artıq iddiaçının mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Qeyd edilən hal həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. (müqavilə üzrə hüquqlar, o cümlədən icarə haqları və məhkəmə qərarına əsasən pul vəsaitləri, pensiya hüquqları və digər sosial müavinət hüquqları mülkiyyətə daxildir. (X2rşı, 2006)) Belə olan halda hazırki iddiaya müddət tətbiq edilə bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
18. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddə-ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir 373.3-cü maddə-vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilnəməli, xx.xx.2024cü il tarixli e-2-2(113)-124/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış akta əsasən kommunal xidmətlərə görə borcu xx.xx.2007ci il tarixə cəmi 3074,33 müəyyən edilmiş və istismar xərci yekun olaraq xx.xx.2007-ci il tarixə 4784,52 manat müəyyən edilmişdir. Həmçinin müqavilənin 2.2.5-ci bəndinə əsasən zavod tərəfindən göstərilən kommunal və digər xidmətlərə görə hər ay zavoda 1093 manat ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, 2007-də yaranmış borcun ödənilməsi üçün iddiaçı 2023-cü ildə iddia qaldırdığından və cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən MM-nin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ötdüyü üçün iddia təmin edilə bilməz.
23. Apellyasiya şikayəti ilə bağlı məhkəmə qeyd edir ki, MM-nin 384-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblər sadalanmış, kommunal xidmətlərə görə ödənişlərlə bağlı tələblər bu siyahıda nəzərdə tutulmamışdır. Əgər iddiaçı həmin xərclərin əvəzinin ödənilməsini dəymiş zərər olaraq tələb edirsə də, yenə də MM-nin 373.1-ci maddəsində nəzərdə tutulmuş 10 illik iddia müddəti keçdiyindən iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilnəməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)-124/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-124/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.