Məhkəmə qərarları › İş №2-2(103)-438/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-438/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-438/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1209/2025 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 001/20JV nömrəli X2 əsasən müqavilənin bağlanıldığı tarixdən iddianın verildiyi tarixədək satış dövriyyəsinin 2.5 faizi məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir xx.xx.2025-cü il tarixində Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı ASC-dən iddiaçı Cavabdeh MMC-nin xeyrinə 241.666,6 manat və 535 manat dövlət rüsumu ümumilikdə 242.201,6 manat pul tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1209/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh MMCnin qarşı birgə fəaliyyət müqaviləsi üzrə pul tələbinə dair iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş “pulun tutulması” tələbi barədə qarşılıqlı iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Cavabdeh MMC-yə geri qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardaddan Cavabdeh MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2- 2(113)-1209/2025 nömrəli qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı 28 oktyabr 2020-ci il tarixdə bağlanılmış birgə fəaliyyət müqaviləsindən sonra tərəflərin son iradə ifadəsi olan icarə müqaviləsinin şərtlərini kobud şəkildə pozulmuşdur. Tərəflərin son iradə ifadəsi olan 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinə görə Zaqatala tütün ASC-yə 241.666,6 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Konsitutsiyası Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6- cımaddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Məhkəmənin nəzərinə çatdırıram ki, 30 yanvar 2025-ci il tarixli məhkəmə iclasında ilk dəfə iştirak etdikdən sonra iş materialları ilə ətraflı tanış olduqdan sonra 19 fevral 2025-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Məhkəməyə tərəflərin son iradəsi olaraq 01 noyabr 2020-ci il tarixli icarə müqaviləsinin mövcudluğunu bildirilmiş məhkəmə həmin icarə müqaviləsinə deyil, onlan əvvəl bağlanılmış 28 oktyabr 2020-ci il tarixli X2 baxıldığını və iddia tələbinin həmin müqavilənin mahiyyət üzrə olduğu bildirmişdir. İddiaçı məhkəmənin tərəflərin son iradəsi olduğu icarə müqavildəsi barədə məlumatlar təqdim etməmiş və bu barədə almış olduğu 241.666,6 manat ödənişlər barədə məlumat verməmişdir. Məhkəmənin elektron kabineti vasitəsilə qarşılıqlı iddia ərizəsi təqdim edilmiş və 19 fevral 2025-ci il tarixli məhkəmə iclası başlamamışdan əvvəl iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə münasibətini bildirmişdir. Məhkəməyə qarşılıqlı iddia ərizəsi rəsmən təqdim edilmişdir. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsi verilərkən ilk hazırlıq iclası təyin edildiyi vaxtdan 20 gün müddətində verilməli idi. Həmçinin, qarşılıqlı iddia verilməsi ümumi iddia üzrə məhkəməyədək prosessual qaydalar əsasında verilməlidir. Anca AR Konsitutsiya Məhkəməmsinin bu barədə şərh verilməsinə dair 19 dekabr 2022-ci il taixli qərarı ilə bu halın aradan qaldırılmasını aydınlaşdırmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1209/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; - 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyrirezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. “Elektron kabinet”dən istifadə təlimatının 8.1-ci bəndində proses iştirakçıları tərəfindən şikayətinin verilməsi qaydası, 8.1.6-cı bəndində isə şikayətin imzalanması qaydası izah edilmişdir. Cavabdehin nümayəndəsinə məxsus “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə yüklənmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, ərizə kağız daşıyıcıda tərtib edilmiş və cavabdehin nümayəndəsi tərəfindən fiziki olaraq qələmlə imzalanmışdır. Odur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini elektron qaydada imzalanmaması ilə əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Digər tərəfdən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qaytarılması üçün istinad etdiyi əsaslardan biri də Cavabdeh MMC qarşılıqlı iddia ərizəsini qanunla müəyyən olunmuş 20 gün ərzində irəli sürməməsi, eləcə də həmin ərizənin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməməsi olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Digər tərəfdən həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm tərkib hissəsi olan məhkəməyə çatımlılıq hüququ mütləq bir hüquq olmamaqla qanunda nəzərdə tutulan hallarda məhdudlaşdırıla bilər. Lakin həmin hüquq mahiyyətinə təsir edəcək dərəcədə və qaydada məhdudlaşdırılmamalıdır. Məhdudiyyətlər qanuni məqsədə xidmət etməli, bundan əlavə tətbiq edilmiş vasitələrin (məhdudiyyətlərin) məqsədə mütənasib olması təmin edilməlidir (Gerin Fransaya qarşı işi üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarları) Məhkəməyə çatımlılıq hüququ qanunvericiliyin tələblərinə əməl edilməsi ilə şərtləndirilə bilər, lakin prosessual normaların tətbiqi zamanı məhkəmə ədalət mühakiməsinin qərəzsizliyini şübhə altına alacaq həddindən artıq formalizə yol verməməlidir (Valtçi Fransaya qarşı işi üzrə qərar) Prosessual normaların xüsusilə ciddi şəkildə tətbiqi bəzi hallarda məhkəməyə çatımlılıq hüququnun mahiyyətini darlaşdıra bilər (Laberger Fransiyaya qarşı işi) Hazırkı halda birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın geri qaytarılmasına əsas kimi istinad etdiyi MPM-in 154.1 və 155.1-ci maddələri qarşılıqlı iddianın verilməsi üçün iddia ərizəsinin təqdim edildiyi tarixdən başlayan 20 günlük müddəti təsbit etməklə məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdıran prosessual normanı müəyyənləşdirir. Odur ki, həmin prosessual normanın tətbiqi və şərh zamanı işin diqqətəlayiq halları nəzərə alınmalı, məhdudiyyətin tətbiqi məqsədləri (məhkəmə prosesin uzadılmaması) ilə məhkəməyə çatımlılıq hüququ arasında mütənasiblik prinsipinin məhdudlaşdırılması arasında balans qorunmalı, yəni məhkəməyə çatımlılıq hüququ zərurət olmadan məhdudlaşdırılmamalıdır. O cümlədən MPM-in 154.1 və 155.1-ci maddələri tətbiq edilərkən cavabdehin məhkəmədə işin başlaması barədə məlumatlandırılması, həmin məlumatı aldıqdan sonra iddia ərizəsi, eləcə də iş materiallarına əlavə edilmiş sənədlərlə tanış olması ilə bağlı kifayət qədər vaxta malik olması, yəni faktiki olaraq Mülki Prosessual Məcəllədə müəyyən edilmiş müddət ərzində qarşılıqlı iddianı vermək hüququndan istifadə etməsi imkanlarının olub-olmaması aydınlaşdırılmalıdır. Hazırkı halda işin hallarından görünür ki, mübahisəli iddia ərizəsi xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmiş, bundan sonra hazırlıq iclasları təyin edilmiş və cavabdehin nümayəndəsi xx.xx.2024 və xx.xx.2025-ci il tarixlərində keçirilmiş hazırlıq iclaslarında iştirak etməmiş, birinci dəfə xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş, qarşılıqlı iddianı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Odur ki, hazırkı halda birinci instansiya məhkəməsi MPM-in 154.1-ci maddədə nəzərdə tutulmuş müddət keçdikdən sonra verilməsi əsası ilə qarşılıqlı iddianı rədd edərkən cavabdehin prosessual normaların tətbiqi və şərhində həddindən artıq formalizmə yol vermişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qaytararkən əsas kimi qarşılıqlı iddia ərizəsinə cavabdeh tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasını təsdiq edən sənəd əlavə edilməməsinə də istinad etmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 152.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qarşılıqlı iddianın özözlüyündə müstəqil mövcud olmaması, yəni onun verilməsi üçün mütləq qaydada ilkin iddianın olması və ilkin iddianın verilməsi zamanı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6, 152.1.6-1-ci maddələrinin tələblərinə əməl olunması qarşılıqlı iddianın verilməsi zamanı həmin tələblərə əməl edilməsini lüzumsuz edir. Plenum hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq, cavabdehdən məhkəməyə qarşılıqlı iddia verməzdən əvvəl həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə müvafiq olaraq məhkəməyə qədər nizamlama qaydalarına riayət olunmasının tələb edilməsi qarşılıqlı iddianın hüquqi təbiətinə (müstəqil tələb olmayan qarşılıqlı iddianın ilkin iddia ilə birgə baxılması) zidd olmaqla yanaşı, prosessual qənaət prinsipinə, həmçinin mediasiya institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir. Yuxarıda göstərilən qərarda formalaşdırılmış hüquqi mövqeyə görə qarşılıqlı iddianın özünəməxsus xüsusiyyətləri, yəni özü-özlüyündə müstəqil tələb olmaması, həmin iddiaya artıq başlamış iş üzrə ilkin iddia ilə birlikdə baxılması həmin iddianın verilməsi zamanı ilkin iddianın üçün nəzərdə tutulan bəzi tələblərə yenidən əməl edilməsini lüzumsuz edir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qarşı tərəfə çatdırılması barədə prosessual tələb cavabdehin və işdə iştirak edən digər şəxslərin məhkəməyə iddia qaldıralacağı, yəni məhkəmə mübahisəsinin başlanacağı barədə, eləcə də həmin mübahisənin mahiyyəti barədə məlumat əldə etməsinə yönəlmişdir. Hazırkı halda ilkin iddia üzrə məhkəmədə iş artıq başlamış, ilkin iddiaçının bu barədə məlumatı olmuş və ilkin iddia ilə birlikdə baxılması üçün verilmiş qarşılıqlı iddia ərizə və ona əlavə edlmiş sənədlər elektron işə yerləşdirilməklə elektron kabineti olan ilkin iddiaçının həmin sənədlərə çatımlılıq imkanı təmin edilmişdir. Kollegiya hesab edir ki, ilkin iddiaçının elektron kabinet vasitəsilə tanış olmaq imkanı olduğu qarşılıqlı iddianın formal olaraq prosessual qaydaya riayət etmək naminə bir daha ilkin iddiaçıya göndərilməsi prosessual qənaət prinsipinə ziddir. Belə olan halda birinci instansiya məhkəməsi qərardad qəbul edərkən hüquq münasibətinə 152.1.4 və 155.2-ci maddələrini tətbiq etməklə prosessual normaların pozuntusuna yol versə də qarşılıqlı iddianın geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir, odur ki, həmin pozuntular MPM-in 387-ci maddəsinin tələbləri baxımından qərardadın ləğvi üçün əsas vermir. Beləliklə, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1209/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Elnur Həsənov Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar