Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-439/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: müqavilənin ləğv edilməsi nəticəsində dəymiş ziyanın ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğvi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 262/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 01/133 nömrəli xidmət müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 8.1-ci bəndində onun müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur.
2. Tərəflər arasında bağlanmış müqaviləyə cavabdehin xx.xx.2022-ci il tarixli bildirişi əsasında xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
3. “X1”nda iddiaçı tərəfindən cavabdehə göstərilməli olan xidmətlərin adı, növü və ona dair digər tələblər olmaqla dəqiq siyahısı göstərilmişdir. Həmin siyahının məzmunundan aydın olur ki, cavabdehin adı Baş sponsor olaraq iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının anonslarında, efirdə yayımlanan zaman bölümün əvvəlində və sonunda, serialın iç blokunda yayımlanmalı, hər bölümdə bir dəfə ssenariyə uyğunlaşdırılmış 60 saniyəlik məhsul yerləşdirmə ssenarisi hazırlanmalı və yerləşdirilməli, baş sponsorun TV bantları serialın içində yayınlanmalı və reklam xarakterli digər xidmətlər yerinə yetirilməli idi. Bütün xidmətlərin dəyəri ƏDV daxil 63720 manat müəyyən edilmişdir.
4. Şahid1 MTRK-nın xx.xx.2023-cü il tarixli 116 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində xx.xx.2022-ci il tarixdən yayımlanmağa başlanmışdır.
5. Şahid1 MTRK-nın iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan və Şahid2 MMC-nin Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Kontakt home” mağazasının sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli R- 01012022/10 nömrəli müqaviləyə əsasən “Ofis işi” serialının yayımlandığı xx.xx.2023-cü il tarixdə saat 22:22:37-də 15 saniyəlik “Kontakt Home” brendinə aid video çarx ATV kanalının efirində yayımlanmış reklam bloklarında və xx.xx.2023-cü il tarixdə 22:33:29-da 60 saniyəlik “Kontakt home” brendinə aid TV Bant ATV telekanalının efirində yayımlanmış “Ofis işi” serialında yerləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı ƏDV daxil olmaqla 63720 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən xidmətləri icra etməyi, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh iddiaçının çəkdiyi “Ofis işi” serialına baş sponsor olmağı öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış senari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və həmin serialın yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh heç bir əsas olmadan tərəflər arasında bağlanmış 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərmişdir. Müqaviləni ləğv etməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bununla bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bu günə qədər icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bundan sonra iddiaçı icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə iddiaçının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-262/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir. 9 Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının yayımlandığı zaman ATV telekanalının efirində cavabdehə məxsus brendə aid reklam blokları cavabdehin sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli R-01012022/10 nömrəli müqaviləyə əsasən yayımlanmışdır (məhkəmə sorğusuna əsasən Şahid2 MMC-nin 15 yanvar 2024-cü il tarixli 037 saylı cavab məktubu) ki, bunun da iddiaçıya aidiyyəti yoxdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-262/2024 nömrəli qətnaməsinin rədd edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı təmin etməməklə MM-nin 385.1, 425.1, 442 və 448.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə icra edilməli olan öhdəliklər vaxtında və tam şəkildə icra edilmişdir. Lakin cavabdeh iddiaçıya heç bir əsas olmadan müqaviləni ləğv etməklə onun hüquqlarını pozmuş və öz öhdəliklərinin icrasından yayınmışdır. Bir sözlə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. İş materiallarında olan bütün sübutlar bu faktı təsdiq etsə də məhkəmə bu sübutlara əhəmiyyət verməyərək iddianı təmin etməmişdir. Məhkəmə qətnaməni əsaslandırmamış, məhkəmə araşdırması zamanı hansı halların müəyyən edildiyini, müəyyən etdiyi halları təsdiq edən sübutları göstərməmiş və onlara istinad etməmişdir. Məhkəmə iş materiallarında olan sübutları əlaqəli şəkildə şərh etməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Nümayəndə oğlu məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Nümayəndə və Vəkil əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 11.1-ci maddə-mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddə-sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddə-əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 421.1-ci maddə-müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3-cü maddə-müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddə-müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.5-ci maddə-əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 404.1-ci maddə-müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddə-bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 417.1-ci maddə-müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 418.1-ci maddə-müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2-ci maddə-əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun.
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında müqavilə bağlanan vaxt qüvvədə olan redaksiyada) 1.1-ci maddə-bu Qanun Azərbaycan Respublikasının ərazisində reklam fəaliyyətinin subyektləri arasında reklamın sifarişi, istehsalı, yayımı, istehlakı ilə bağlı yaranan münasibətlərə tətbiq edilir. 2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat; 2.0.2. reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu; 2.0.5. reklamverici – reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxs; 2.0.7. reklam istehsalçısı – məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxs; 3.1-ci maddə-Azərbaycan Respublikasının reklam haqqında qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, reklamı bu Qanuna uyğun tənzimləyən normativ hüquqi aktlardan, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarından , bu Qanundan, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunundan ibarətdir. 13.2-ci maddə-sponsor reklamı – şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklamdır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu, qaçan sətirlə göstərilməklə, vizual yaxud audio vasitələrlə təqdim oluna bilər. Televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır. 13.6-cı maddə-sponsor reklamı sponsorla reklam istehsalçısı, reklam agenti və (və ya) reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında hazırlanır və (və ya) təqdim olunur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin hallarından görünür ki, tərəflər arasındakı mübahisə 02 mart 2023-cü il tarixdə bağlanmış 01/133 nömrəli baş sponsorluq barədə müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə əlaqədar yaranmışdır. Mülki Məcəllədə xidmət müqaviləsi növündə müqavilə növü olmadığından məhkəmə hesab edir ki, mübahisə oxşar, yəni podrat münasibətlərini tənzimləyən normalar və müqavilənin ləğvi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin cavabdeh tərəfindən pozulduğunu iddia edərək serialın hər bölümündə yayınlanması üçün cavabdehin reklamı ilə bağlı hissələrin çəkilməsi ilə əlaqədar bütün müqavilə məbləğini dəymiş zərər olaraq tələb edir.
18. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində sifarişçinin bu müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulduğundan müəyyən olunur ki, müqavilənin ləğvi MM-nin 421.1-ci maddəsinin tələbinə uyğundur.
19. Cavabdehin müqavilədən imtina etmək hüququ olduğundan və bununla hər hansı müqavilə şərtini pozmadığından iddiaçının MM-nin 424.5-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmır. Belə ki, həmin normaya əsasən iddiaçının xeyrinə zərərin tutulması üçün qarşı tərəfin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması tələb olunur.
20. MM-nin 759.2-ci maddəsində isə qeyd edilir ki, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hazırkı halda sifarişçi iddia edir ki, müqaviləyə xitam verilməsinin əsas səbəbi iddiaçı tərəfindən onlara razılaşdırılmış qaydada media planın təqdim edilməməsi və “Ofis işi” serialının razılaşdırılmış saatda “ATV” kanalında yayınlanmasının təmin edilməməsi olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında bildirmişdir ki, razılaşmaya əsasən “Ofis işi” serialı saat 21-30-da yayınlanmalı, bu şərt media planda öz əksini tapmalı idi. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, icraçının qəsdi və ya təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində xidmətin başlama və ya təhvil verilmə, həmçinin qüsurların (hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavəyə uyğun olmaması) aradan qaldırılması müddətində gecikməyə yol verdiyi təqdirdə sifarişçi icraçıya heç bir ödəniş etmədən (ödəniş edildiyi təqdirdə isə onun qaytarılmasını tələb etməklə sifarişdən imtina edə və/və ya müqaviləyə xitam verə bilər. İcraçı sifarişçinin bu tələbi ilə qeyd şərtsiz razılaşmalı və dərhal icra eməlidir. 5.4-cü bəndində qeyd edilir ki, icraçı özündən asılı olmayan istənilən səbəblərə (rəsmi olaraq fors-major hal kimi qeydə alınmayan, lakin öhdəliyin icrasına əngəl yaradan digər hallar, üçüncü şəxslərin hərəkət/hərəkətsizliyi və s) görə, hazırkı müqavilənin əlavələrindən kənaraçıxmalara (o cümlədən gecikmələrə) yol verərsə, bu öhdəliyin tam və layiqincə icra olunmaması hesab olunacaqdır.İcraçı istənilən halda sifarişçidən layiqincə, tam və zamanında icra olunmamış öhdəlik üçün xidmət haqqı tələb edə bilməz.
21. Cavabdeh tərəfindən maddi sübut qismində flaş diskdə məhkəməyə tərəflər arasındakı vatsap proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalar (görüntü və səsli olaraq) təqdim edilmiş, iddiaçı tərəf həmin yazışmaların həqiqiliyini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması mümkündür və Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
22. İddiaçı tərəfindən icraçı direktor olduğu qeyd edilən Nərgiz adlı xanımla cavabdeh tərəfindən Vəfa adlı xanım arasında gedən həmin danışıqlardan görünür ki, iddiaçının əməkdaşı müqaviləyə əsasən ödənişin həyata keçirilməsini tələb etmiş, cavabdehin nümayəndəsi isə media planın təqdim edilməsini xahiş etmişdir. Nərgiz xanım media planın təqdim edilməli olduğu ilə razılaşaraq media planın ilkin variantını göndərir və yekun variant üçün nümunə göndərilməsini xahiş edir. Bundan sonra cavabdehin əməkdaşı əvvəlki danışıqlara və iddiaçının təqdimatına istinad edərək qeyd edir ki, razılaşmaya əsasən serial 4-cü gün saat 21-30-da yayınlanmalı olduğu halda, qarşı tərəfin təqdim etdiyi media planın təsdiq edilməmiş ilkin variantında yayın vaxtı 22- 45 qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə Nərgiz xanım bildirir ki, “ATV” kanalından yayının 22-30-da olacağı bildirilmişdir. Yayın vaxtının cavabdeh üçün bu qədər əhəmiyyətli olacağını bilmirdilər. Yayın vaxtını təyin etmək onlardan yox, kanaldan asılı olan məsələdir. Lakin çalışırlar ki, vaxt məsələsini həll edib yekun media planı göndərsinlər. Buna cavab olaraq Vəfa xanim bildirir ki, rəhbərlik bu məsələnin bu qədər uzanmasından narahatdır. Media planın razılaşdırılmış qaydada, yəni serialın saat 21- 30-da yayınlanması şərti ilə təsdiq edilərək təqdim edilməsi üçün aprel ayının 10-dək vaxt müəyyən edilir, əgər bu vaxtadək bu qaydada təqdim edilməzdə baş sponsor olmaqdan imtina edəcəklər. Flaş diskdə eyni zamanda iddiaçının qarşı tərəfə təqdim etdiyi təqdimat öz əksini tapmış, həmin təqdimatda həqiqətən serialın 4-cü gün saat 21- 30-da yayınlanacağı qeyd edilmişdir.
23. Müqaviləyə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolunun” 3-cü bəndində qeyd edilir ki, icraçı xidmətin icrasını hazırkı müqavilnin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin rəsmi qaydada təsdiq etdikləri media plan əsasında həyata keçirəcəkdir. Qeyd edilən şərtdən görünür ki, yalnız media plan təsdiq edildikdən sonra iddiaçının göstərəcəyi reklam xisməti ilə bağlı bütün standart şərtlər razılaşdırılmış hesab olunacaqdı. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübuta əsasən müəyyən edir ki, iddiaçının göstərəcəyi reklam xidməti ilə əlaqədar qarşı tərəfə təqdim etdiyi təqdimatda öz əksini tapmış şərtlərdən fərqli şərtlərlə media plan təqdim edildiyindən sifarişçi müqavilədən imtina etməyə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, reklamının hansı saatda yayınlanacağı sponsir üçün mühüm şərt olduğundan (daha gec saatlarda yayınlanan serialın daha az izləyici tərəfindən izlənməsi ehtimalı nəzərə alınaraq) iddiaçının əvvəlcədən təklif edilmiş saatı dəyişdirməklə media plan təqdim etməsi müqavilənin əsaslı səbəb kimi qiymətləndirilə bilər.
24. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə şərtlərinə əsasən iddiaçı media plan təsdiq edildikdən sonra sifarişçiyə reklam xidməti göstərməli olmadığından və faktiki olaraq reklam xidməti göstərilmədiyindən sifarişçidən hər hansı ödəniş tələb etməyə haqlı deyil. İddiaçının təqdim etdiyi video diskdəki serialın bölümlərində yayınlanmalı olan reklam çəkilişləri bağlı məhkəmə qeyd edir ki, MM-nin 759.2-ci maddəsinə əsasən yayına verilməmiş reklam çəkilişlərinə sifarişçinin hər hansı marağı olmadığından və cavabdehin məhsullarının reklamını serialın yayını zamanı digər şirkət həyata keçirdiyindən həmin çəkilişlərə görə müqavilə qiymətinin tam ödənilməsi barədə iddiaçının tələbi əsassızdır.
25. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni kifayət qədər əsaslandırmasa da nəticə düzgün olduğundan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-262/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.