Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-442/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X5 cavabdeh “Mətanət A” şirkətinə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı fərdi sahibkar X12 cavabdeh «Mətanət A» şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10233,31 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 16-cı mkr, İ.Qayıbov küçəsində yerləşən “Yazı Düzü” istilik sistemləri və santexnika avadanlıqları dükanında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Dükanda bir neçə tanınmış şirkətlər ilə əməkdaşlıq edilərək onların istehsal etdikləri keyfiyyətli məhsullar satılır. Həmin şirkətlərdən də biri “Mətanət A” şirkətidir. Bir müddət öncə “Mətanət A” şirkətinin istehsalı olan sıva məhsulunu sifarişçi şirkət olan “xxxxxxxxxxxxxx” MMC-yə məxsus, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsində yerləşən, qeyri-yaşayış sahəsinin 650 m2 sahəsində cari təmir bərpa işlərinin istifadəsi məqsədi ilə xx.xx.2017-ci il tarixdə təqdim etmişdir. Lakin, xx.xx.2017-ci il tarixdə sifarişçi şirkət olan “xxxxxxxxxxxxxx” MMCnin nümayəndələri ona məlumat verərək, sıva ilə işlənən sahələrdə adı gedən maddənin keyfiyyətsiz olduğunu bildirmişdirlər. Belə ki, təmir olunmuş divarın səthinə çəkilmiş sivanın ovularaq, töküldüyü məlum olmuşdur. Bundan sonra “Yazı Düzü” istilik sistemləri və santexnika avadanlıqları dükanının əməkdaşları tərəfindən komissiya yaradılaraq, sahəyə baxış keçirilmişdir. Həqiqətən də baş vermiş qüsurun divar səthinə çəkilmiş sıva maddəsinin keyfiyyətsiz olması qənaətinə gələrək, akt tərtib edilmişdir. Həmin akt dəymiş zərər barəsində cədvəl ilə birlikdə xx.xx.2017-ci il tarixində “Mətanət A” şirkətinə rəsmi qaydada göndərilmişdir. “Mətanət A” şirkətinin nümayəndəsi olan Həsənov Vəfadar ilə əlaqə saxlanılmış, mövcud vəziyyət barəsində məlumat verilmişdir. Həsənov Vəfadar tərəfindən bildirilmişdir ki, həqiqətən də xx.xx.2017-ci il ildə istehsal olunmuş sıvalarda keyfiyyətlə bağlı problemlər mövcuddur və yaxın vaxtlarda satılmayan bütün sivalar yenisi ilə əvəzləşdiriləcəkdir. Eyni zamanda bildirmişdir ki, müvafiq araşdırmadan sonra, bunun nəticəsində sifarişçi təşkilata dəymiş zərər tamamilə ödəniləcəkdir. Bundan sonra, satış nümayəndəsi olan Həsənov Vəfadar və iddiaçı birlikdə “Mətanət A” şirkətinin nümayəndələri ilə həmin qeyri-yaşayış sahəsinə baxış keçirərək baş vermiş hadisənin həqiqətən də divar səthinə çəkilmiş və şirkət tərəfindən istehsal olunmuş sıvanın keyfiyyətsiz olduğundan baş verdiyini təsdiq etmişlər və bildirilmişdir ki, qısa vaxt müddətində müvafiq səlahiyyətli şəxslər (müdiriyyətlə) danışıqlar aparacaq, sifarişçiyə dəymiş zərər tamamilə ödəniləcəkdir. Bu barədə dəfələrlə “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirova müraciət edilmişdir. Nəhayət xx.xx.2017-ci il tarixində “Mətanət A” şirkətinin hüquqşünası Faiq Əliyev məktubla müraciət edərək deyilənləri təkzib etdi. Onun dediyinə görə istehsal olunmuş “Akdeniz 30 kq” məhsulun keyfiyyətində hər hansı problem yoxdur. Sifarişçi təşkilata dəymiş zərərin ödənilməsi və keyfiyyətsiz məhsulu dəyişdirilərək yenisi ilə əvəz olunacağından imtina etdiklərini bildirmişdir. İddiaçı işgüzar nüfuzunu qorumaqdan ötrü məcbur olaraq “xxxxxxxxxxxxxx” MMC-yə dəyən ziyanı ödəməli olmuşdur. Hal-hazırda isə həmin pulu cavabdehdən tələb edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaçıya təqdim etdiyi malların keyfiyyətsiz olduğunu məhkəmə prosesləri zamanı etiraf etmiş, lakin işə baxan məhkəmə yetəri qədər sübutlar təqdim edilməyinə baxmayaraq iddianı təmin etməmişdir. Məhkəmə iddiaçıya qarşı qərəzli mövqedən çıxış etmiş, bərabərlik prinsipini pozmuşdur. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, iddiaçıya işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının dəlillərinə görə cavabdeh «Mətanət A» şirkətindən xx.xx.2017-ci il tarixdə aldığı 200 kisə “Akdeniz sıva 30 kq” məhsulunun 80 kisəsini “xxxxxxxxxxxxxx” MMC-yə satmış və “xxxxxxxxxxxxxx” MMC tərəfindən həmin məhsul divara vurulduqdan sonra ovulub tökülmüşdür. “xxxxxxxxxxxxxx” MMC ona dəymiş zərəri iddiaçıdan tələb etmiş, iddiaçı həmin şirkətlə əməkdaşlığının pozulmaması və işgüzar nüfuzuna ziyan dəyməməsi üçün “xxxxxxxxxxxxxx” MMC-yə 10233,31 manat ödəmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə «Mətanət A» şirkətinə ərizə ilə müraciət edilərək baş vermiş hadisə ilə bağlı dəymiş zərərin ödənilməsi tələb edilmiş, «Mətanət A» şirkəti həmin müraciəti xx.xx.2017-ci il tarixdə MA-02/350 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, “Akdeniz sıva 30 kq” məhsulunun keyfiyyətində hər-hansı bir problem yoxdur, məhsulun istifadə qaydalarına riayət edilməmiş, buna görə də məhsulun keyfiyyəti ilə bağlı iddia və iradlar qəbul edilə bilməz. İddiaçı xx.xx.2018-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilən X8 ifadə verərək bildirmişdir ki, “xxxxxxxxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinin divarına sıva məhsulunu o vurmuşdur. Həm rənglənmiş divara, həm də təmizlənmiş hissəyə vurulmuş, lakin hər iki yerə vurulmuş məhsul ovularaq tökülmüşdür. Daha sonra «Mətanət A» şirkətinin nümayəndələri gəlib həmin divara baxış keçirmişlər. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirmişdir ki, işlədiyi müddət ərzində «Mətanət A» şirkətinin digər məhsullarında problem olduğunu görməmişdir, lakin həmin divara vurulmuş məhsul keyfiyyətli olmamışdır. O, həmin divara vurulmuş keyfiyyətsiz məhsulu sökən zaman bunun şahidi olmuşdur. Divara vurulmuş məhsulu sökən zaman divarın məhsul vurulmadan öncə yuyulduğunu görmüşdür. Digər şahid X4 ifadə verərək bildirmişdir ki, o, «Mətanət A» şirkətinin satış meneceridir. Divara vurulmuş məhsul töküldükdən sonra onunla əlaqə saxlamışlar. O, həmin yerə baxış keçirmək üçün ora getdiyi zaman görmüşdür ki, məhsul boyanmış divara vurulmuşdur. Onların da iştirakı ilə başqa şirkətin məhsulunu və «Mətanət A» şirkətinin məhsulunu həmin divara vurmuşlar. Nəticədə hər iki məhsul ovularaq tökülmüşdür. Divarın boyasız hissələrinə vurulmuş məhsullar isə qopmamışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirmişdir ki, o, «Mətanət A» şirkətinin satış texnoloqu vəzifəsində çalışır. o, «Mətanət A» şirkətinin istehsal etdiyi məhsullar satışa verilməmişdən öncə hər zaman yoxlanılır. Məhsul səthə vurulmazdan əvvəl həmin sahə təmizlənməlidir. Əgər məhsul təlimata uyğun istifadə edilməzsə, onun ovularaq tökülmə ehtimalı vardır. 23 selsi dərəcədən yuxarı temperaturda ovulma ehtimalı yüksəkdir. Həmçinin qeyd olunan hal baş verdikdən sonra X1 məhsulu yenidən yoxlanışdan keçirmiş və həmin məhsulun standartlara cavab verdiyini görmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə kimyəvi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 23562 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “AK Deniz sıva alçı” və “Ağdağ alçı” materialı kimyəvi element tərkibinə görə biri digərinə uyğundur, lakin “AK Deniz sıva alçı” materialı “Ağdağ alçı” materialı ilə müqayisədə 1 saylı cədvəldə qeyd olunan texniki göstəricilərə cavab vermir, sınaq nəticələrinə görə keyfiyyətsizdir. Qeyd etmək lazımdır ki, gips əsaslı divar astar materiallarının istifadə müddəti 6 aydır. Təqdim olunmuş “AK deniz sıva alçı” materialının istehsal tarixi qablaşdırması üzərindəki göstəriciyə əsasən xx.xx.2017-dir. Bu səbəbdən həmin materialın keyfiyyətsiz olması istisna edilmir. Məhkəmə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. İddiaçı iddia ərizəsində MM-nin 385.1-ci maddəsinə istinad etsə də, hazırda irəli sürülmüş tələb cavabdehin istehsal etdiyi məhsulun keyfiyyətsiz olması ilə əlaqədar iddiaçı tərəfindən müştəriyə dəymiş ziyanın əvəzinin tutulması barədə olduğundan iddianın hüquqi əsasını MM-nin 1114.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Reqress iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsi üçün ziyanın vurulması faktı, ziyanın vurulmasında cavabdehin təqsiri və reqress iddia qaldıran şəxs tərəfindən ziyan dəymiş şəxsə ziyanın ödənilməsi faktının sübut edilməlidir. İddiaçı tərəfindən həqiqətən “AK Deniz sıva alçı” materialı satılmış hüquqi şəxsə- “xxxxxxxxxxxxxx” MMC-yə 10233,31 manat vəsaitin geri qaytarılması barədə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tərtib edilmiş kassa məxaric orderi təqdim edilməmişdir. İddia ərizəsinə sübut olaraq əlavə edilmiş, rus dilində tərtib edilən “Расходный кассовый ордер» adlı, “Tural” adlı şəxs tərəfindən imzalanmış sənəd isə iddiaçı tərəfindən “xxxxxxxxxxxxxx” MMC-nə pul ödənildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin sənədin üzərində xx.xx.2018-ci il tarixdə tərtib edildiyi qeyd edilsə də, “xxxxxxxxxxxxxx” MMC-nin iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arayışında iddiaçı tərəfindən ona vurulmuş zərərin 2018-ci ilin dekabr ayında ödənildiyi, ödənilmiş vəsaitin isə 10233,31 manat deyil, 10994 manat olduğu qeyd edilmişdir. İddiaçının nümayəndəsi təqdim edilmiş sübutlardakı bu uyğunsuzluğu izah edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iddiaçının nümayəndəsinə tələb edilən vəsaitin həqiqətən “xxxxxxxxxxxxxx” MMC-nə ödənildiyini təsdiq edən, üzərində iddiaçının və ya mühasibinin imzası olan kassa məxaric orderinin təqdim edilməsini təklif etmiş, bu məqsədlə məhkəmə iclası təxirə salınmış, lakin iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdəki uyğunsuzluqlar həmin sənədlərdəki məlumatların mötəbərliyinə şübhə yaratdığından məhkəmə hesab edir ki, həmin sənədlər iddianın dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. İş materiallarının 11-ci və 12-ci vərəqlərinə əlavə edilmiş, iddiaçı tərəfindən “xxxxxxxxxxxxxx” MMC-nə satılmış mallara dair xx.xx.2017-ci il tarixli, ******* nömrəli və ******* nömrəli qaimə fakturalardan görünür ki, iddiaçı tərəfindən “xxxxxxxxxxxxxx” MMCyə cəmi 874,51 manat dəyərində alçı, sıvaq və digər tikinti materialları satılmışdır Satılmış tikinti materialının keyfiyyətsiz olduğu təsdiq edildiyi halda iddiaçı məhsul istifadə edildiyi üçün əvəz etmək mümkün olmadığından həmin hüquqi şəxsə ödədiyi vəsaiti qaytara bilərdi. Hazırkı halda iddiaçı tərəfindən həmin hüquqi şəxsə hansı əsasla 10994 manat ödəniş edilməsi anlaşılan deyil. Cavabdeh «Mətanət A» şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli sınaq protokolundan görünür ki, xx.xx.2017-ci il tarixdə laboratoriyaya təqdim edilmiş “AK Deniz sıva” məhsulu üzərində xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə sınaqlar keçirilmiş və həmin məhsulun standartın tələblərinə cavab verməsi ilə bağlı rəy verilmişdir. Cavabdeh «Mətanət A» şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli gündəlik istehsal olunan məhsulun analiz hesabat jurnalından çıxarışdan görünür ki, “AK Deniz sıva” məhsulunun keyfiyyət göstəricilərində uyğunsuzluğun olmaması və satışa verilə biləcəyi barədə yekun rəy verilmişdir. İddiaçı tərəfdən dindirilmiş şahidlərin ifadələrinə əsasən müəyyən olunur ki, sıva məhsulunun vurulduğu divarın səthində boya olmuş, boya üzərindən çəkildiyi üçün məhsul divara yapışmamış, qopub tökülmüşdür. Ekspert rəyi ilə cavabdehin istehsal etdiyi məhsulun tədqiqat üçün təqdim edilmiş, digər istehsalçı tərəfindən istehsal edilmiş məhsulla müqayisədə keyfiyyətinin aşağı olduğu qeyd edilsə də, “AK Deniz sıva” məhsulunun təqdim edilən nümunəsinin tikinti materialı kimi keyfiyyətsiz istehsal edildiyi qeyd edilməmiş, 6 aydan sonra istifadə edildiyi təqdirdə məhsulun keyfiyyətinin itməsinin istisna edilmədiyi göstərilmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının cavabdehdən eyni dövrdə aldığı “AK Deniz sıva” məhsulunun digər kisələrinin də keyfiyyətsiz olması və həmin məhsulu əldə etmiş hər hansı başqa müştəri tərəfindən məhsulun keyfiyyəti ilə bağlı pretenziya irəli sürülməsi barədə iş materiallarında sübutlar mövcud deyil. Bu da belə qənaətə gəlməyə əsas verir ki, “xxxxxxxxxxxxxx” MMC cavabdeh tərəfindən satılmış məhsul keyfiyyətsiz olmamış, məhsulun istifadə qaydalarına düzgün riayət edilmədiyindən (üzərində boya olan divara vurulduğundan) divara yapışmayaraq qopub tökülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olduğu sübut edilmədiyindən iddianın rədd edilməsi barədə iş üzrə qəbul etmiş qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-399/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-442/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-442/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver