Məhkəmə qərarları › İş №2-2(103)-442/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-442/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-442/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2501/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 MMC-nin Cavabdeh ASC-yə qarşı ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil olunması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçılar İddiaçı2 MMC və İddiaçı1 MMC həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işin 83-cü vərəqəsində olan “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2501/2020 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdə saat 14:25-də iddiaçıların nümayəndəsi Nümayəndə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir. Lakin iddiaçılar tərəfindən verilmiş və həmin nümayəndə tərəfindən imzalanmış apellyasiya şikayəti xx.xx.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Halbuki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi halda, iddiaçıların apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, xx.xx.2021-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin tələblərinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçıların apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-cı maddəsində göstərilən müddətdə verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 363.1.3, 366.2-ci maddələrini rəhbər tutaraq kollegiya hesab edir ki, onlar tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2501/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar