Məhkəmə qərarları › İş №2-2(103)-443/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-443/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-443/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı (İcraçı) ilə Cavabdeh MMC (Sifarişçi) arasında 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında” müqavilə bağlanmışdır.

2. Həmin müqavilə ilə İcraçı Sifarişçinin rəsmi müraciətini nəzərə alaraq Simsiz İnternet və RRX rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.

3. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir.

4. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən Sifarişçi Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzart tarifləri” preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir.

5. Həmin müqavilənin 2.11-ci bəndinə əsasən İcraçı radiorabitə şəbəkəsi üçün tezlikləri təyin edir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” üzrə cavabdehdən 20.480 (iyirmi min dörd yüz səksən) manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və mediasiya xərci olaraq ödənilmiş 210 (iki yüz on) manat pul vəsaitinin tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, cavabdehin müraciəti və Dövlət Komissiyasının məktubu əsasında, iddiaçı tərəfindən X2 (BTİ) “71-76 QHs və 81-86 QHs diapazonlarında işləyən fiksə olunmuş simsiz sistemlər üçün radiotezlik kanalı və radiotezlik blokunun təşkili” Tövsiyəsinə, həmçinin Ümumavropa Poçt və X1 (CEPT) “71-76 QHs və 81-86 QHs tezlik diapazonlarında fəaliyyət göstərən fiksə olunmuş xidmət sistemləri üçün radiotezlik kanalı bölgüsü” Tövsiyyəsinə müvafiq olaraq qeyd edilən ünvanlar arasında radiorele xəttinin (nöqtə-nöqtə) təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76 QHs və 81-86 QHs tezlik diapazonundan 71125-73125 MHs və 81125-83125 MHs tezlik zolaqları (32 ədəd 125 MHs-lik tezlik kanalı, zolağı) ayrılmışdır. Müqaviləyə əsasən cavabdehə 20480 manat məbləğində xx.xx.2022-ci il tarixli DRİ2022-02/18 nömrəli hesab göndərilmişdir. Cavabdehə təqdim olunmuş hesab Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 6-cı bəndi əsasında tərtib olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün qeyd edilən hesab üzrə 20480 manat məbləğində borcu halhazıradək qalmaqdadır.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 2020-ci ildə 10GB texnologiya çıxmış və bunu Azərbaycana gətirmək üçün dövlət komissiyasına müraciət etmişlər. Daha sonra onlara 2 tezlik olan anten ayrılmışdır. Dövlət komissiyası 2 tezlik ayrılmasına icazə vermişdir. Həmçinin onlara 2-ci əsasla tezlik verilmişdir. Bu deməkdir ki, başqa şəxs gəlib yanlarında həmin tezlikdən istifadə edə bilər. Lakin 1-ci əsasla verilsəydi, ancaq cavabdeh istifadə edə bilərdi. Cavabdehə invoys veriləndə həmin dövrdə olan tarifi 2yə yox 32-yə vuraraq məbləğ hesablamışlar. Bu barədə yazışmaları olmuşdur. Onlar isə bunu belə cavablandırmışlar ki, 2 kanalı 32 zolağa bölmək olur və buna görə 32 zolaqın dəyəri hesablanmışdır. Bunu da beynəlxalq təşkilatın tövsiyyəsinə əsaslanmışlar. Müqavilə üzrə 2 zolaq alınmış və pulun ödənilməsi üçün 2 zolaqın invoysunu göndərmələrini bildirmişlər. Həmin zolaqların pulu ödənilmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə “İddiaçı” tərəfindən təqdim edilmiş yazılı sübutlar (BTİ-nin və CEPT-in sənədləri) və nümayəndələrin izahatları ilə müqayisədə cavabdehlərin izahatlarına daha çox əhəmiyyət vermişdir. Məhkəmə tərəfindən cavabdehin nümayəndələrinin izahatlarını iş üzrə əhəmiyyətli məlumat kimi qəbul etməsi sonda məhkəmənin yanlış nəticəyə gəlməsinə səbəb olmuş və yanlış qərar qəbul edilməsi ilə nəticələnmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X5 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

15. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.

20. Belə ki, tərəflər arasında 13 may 2016-cı il tarixli 380 nömrəli “Radiotezliklərin və radioelektron vasitələrinin qeydiyyatı, qanunvericiliyə uyğun istifadə olunması və ödənişlərin tənzimlənməsi haqqında” müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

21. Həmin müqavilə isə mahiyyət etibarı ilə icarə müqaviləsidir. Çünki iddiaçı cavabdehin rəsmi müraciətini nəzərə alaraq Simsiz İnternet və RRX rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.

22. Qeyd olunanları və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Eyni zamanda, Mülki Məcəllənin 700.1 və 675-ci maddələrinin dispozisiya şərtlərindən müəyyən olunur ki, icarə obyektinin icarəçinin istifadəsinə verməsi halını icrəyə verən, icarə haqqının ödənilməsi halını isə icarəçi, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut etməlidir.

24. İddiaçı bildirir ki, cavabdehə 32 ədəd 125 MHs-lik tezlik zolağı ayrılmışdır.

25. Cavabdeh isə bildirir ki, onun müraciəti əsasında 2 ədəd tezlik kanalı ayrılmış və onun tərəfindən də yalnız həmin tezlik kanalarından istifadə edilir.

26. İş materiallarında olan Azərbaycan Respublikasının Radiotezliklər Üzrə Dövlət Komissiyası tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 117-1- 1/84-22 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin radiotezlik zolağının istifadəsinə icazə verilməsi barədə xx.xx.2021-ci il tarixli L-06/21 nömrəli müraciətinə baxılmışdır. Dövlət Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının 01 saylı protokoluna əsasən, Cavabdeh MMC-yə Albalı qəsəbəsi, Zavod küçəsi, baş bina; Nardaran Mayak ərazisində qüllə; Bilgəh 15-ci dalan, qüllə və Lahıc bağları, dalan 36, qüllə ünvanları arasında (təqdim olunmuş sxemə uyğun) radiorele xəttinin təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76 / 81-86 QHs tezlik diapazonundan 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verilmişdir.

27. Cavabdeh MMC tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli L-02/22 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının 01 saylı protokoluna əsasən Cavabdeh MMC-yə radiorele xəttin təşkili üçün 71-76 / 81-86 QHs tezlik diapazonundan 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 22 saylı Qərarı ilə təsdiq olunmuş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na əsasən müvafiq olaraq 71-76/81-86 QHs tezlik diapazonunda 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının konkret tezlik nominalların və zolaqların ayrılmasını xahiş edirlər.

28. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 106-01- 5/6/169-22 nömrəli məktubda qeyd edilmişdir ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2022-ci il tarixli 117-1-1/84-22 saylı məktubuna əsasən Cavabdeh MMC-yə Albalı qəsəbəsi, Zavod küçəsi, baş bina; Nardaran Mayak ərazisində qüllə; Bilgəh 15-ci dalan, qüllə və Lahıc bağları, dalan 36, qüllə ünvanları arasında radiorele xəttinin (nöqtə-nöqtə) təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76/81-86 QHs tezlik diapazonundan 71125-73125/81125-83125 MHs tezlik zolaqları (32 ədəd 125 MHslik zolaq) təyin edilir.

29. Beləliklə, qeyd olunan sübutlardan müəyyən edilir ki, Cavabdeh MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının Radiotezliklər Üzrə Dövlət Komissiyası tərəfindən yuxarıda qeyd edilən ünvanlar arasında radiorele xəttinin təşkili üçün ikinci əsasla (respublikada bu diapazonda işləyən şəbəkələrə maneə yaratmamaq şərtilə) 71-76/81-86 QHs tezlik diapazonundan 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verilmişdir. Bundan sonra, Cavabdeh MMC İddiaçınə müraciət edərək, icazəsi alınmış 71-76/81-86 QHs tezlik diapazonunda 1 (bir) ədəd 2 QHs enində dupleks tezlik kanalının konkret tezlik nominalların və zolaqların ayrılmasını xahiş etmişdir. Həmin müraciətə cavab olaraq İddiaçı bildirmişdir ki, icazəsi alınmış 71-76/81-86 QHs tezlik diapazonundan 71125- 73125/81125-83125 MHs tezlik zolaqları (32 ədəd 125 MHs-lik zolaq) təyin edilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, cavabdehə yalnız 71-76/81-86 QHs tezlik diapazonundan 1 ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə icazə verildiyi halda, iddiaçı həmin tezlik diapazonundan 32 ədəd 125 MHs-lik zolağın təyin edildiyinə istinad edir. Lakin həmin sayda zolağın cavabdehin istifadəsinə verilməsi və cavabdeh tərəfindən həmin sayda zolağdan istifadə etməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir.

31. Bununla yanaşı, Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının xx.xx.2022-ci il tarixli iclasının 3 nömrəli protokolu ilə təsdiq edilmiş Radiorele üzrə Radiotezlik Planının 20-ci bəndinə əsasən 71-76 QHs və 81-86 QHs diapazonlarında kanal eni 250 MHs çox olduqda CEPT/ECC/REC/(05)07 tövsiyyəsindəki Əlavə 4, şəkil A4.2 tətbiq edilir.

32. Ümumavropa Poçt və X1 CEPT/ECC/REC/(05)07 tövsiyyəsindəki Əlavə 4, şəkil A4.2-dən isə görünür ki, 71-76/81-86 QHs tezlik diapazonunda 1 ədəd 2 QHs enində dupleks tezlik kanalı nəzərdə tutulmuşdur.

33. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, 1 ədəd 2 QHs enində dupleks tezlik kanalının istifadəsinə görə ödənilməli olan məblğ 1280 manat təşkil edir və cavabdeh tərəfindən də, 03 və 06 iyun 2022-ci il tarixlərdə həmin məbləğ ödənilmişdir.

34. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğuna görə və formal mülahizələrdən ibarət apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar mövcüd deyil.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-278/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Ziya Şirinov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar