Məhkəmə qərarları › İş №2-2(103)-443/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-443/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-443/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə (Açar sözlər: qətnamənin izah edilməsi) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1771/2025 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında “proqram təminatının satın alınması və xidmətlərin göstərilməsi” barədə yerinə yetirilmiş xidmətlərin dəyəri olaraq 35400 manat (otuz beş min dörd yüz manat) məbləğində vəsaitin, 520 manat vəkil xərci, 248 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

2. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 203000 (iki yüz üç min) əldən çıxmış faydanın və 495,47 manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdeh MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1771/2025 nömrəli qərardadı ilə ilk iddiaçının vəsatəti təmin edilərək iş üzrə məhkəməkompüter-texniki ekspertizası təyin edilmişdir.

4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1771/2025 nömrəli qərardadının iş üzrə dayandırılması hissəsində ləğv edilməsini xahiş edir.

5. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, e-2-2(113)-1771/2025 nömrəli iş üzrə Bakı Kommersiya Məhkəməsində növbəti hazırlıq iclası xx.xx.2025-ci il, saat 12:00 tarixinə təyin edilmişdir. Qeyd olunan tarixə təyin edilən məhkəmə hazırlıq iclasına İddiaçı MMC tərəfindən elektron məhkəmə sisteminə yeni iddia ərizəsinin, vəsatətlərin və etirazın əlavə edilməsi barədə məlumatı iclasdan təxminən 2 saat öncə əldə edilməsinə, habelə kəskin hava şəraitinə görə təxirə salınması barədə elektron məhkəmə sistemi vasitəsi ilə həmin tarixdə vəsatət təqdim edilmişdir. Lakin kifayət qədər üzrlü və əsaslı səbəblər göstərilməsinə baxmayaraq, məhkəmə tərəfindən vəsatət əsassız olaraq rədd edilmiş, yaranmış mübahisənin kifayət qədər mürəkkəb olması nəzərə alınmadan birtərəfli qaydada ilkin iddia üzrə iddiaçının iştirakı ilə işə baxılmışdır. Bununla yanaşı qarşı tərəfin vəsatəti təmin edilərək yalnız iddiaçının təqdim etdiyi suallar əsasında məhkəmə tərəfindən ekspertiza təyin edilməsi və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Hesab edilir ki, bu hal birmənalı olaraq qarşılanmır və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinin pozulmasına gətirib çıxarır. Belə ki, elektron məhkəmə sistemində ilkin iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən yeni sənədlər olaraq “ekspertiza təyin edilməsi və sənədlərin işə əlavə edilməsi“ haqqında vəsatətlər, yeni iddia ərizəsi (iddia ərizəsinin dəyişdirilməsi) və iddiaya etirazın elektron məhkəmə sistemi üzərində iddiaçıya təqdim olunması məhkəmə iclası günü, yəni xx.xx.2025-ci il tarixində, saat 09:30 radələrində baş vermişdir. (Müvafiq imeyl bildirişi təsdiq edən görüntü qoşmaya əlavə olunur) Qeyd edilən sənədlərdə kifayət qədər münasibət bildirilməli məsələlərin olması, habelə texniki hallarla bağlı qeydlərin olması, sözsüz ki, həmin məsələlərə münasibət bildirilməsi üçün vaxt tələb edir. Belə olduğu halda sənədlərə nəzər keçirmədən məhkəmə iclasında iştirak etməyin hər hansı bir perspektivi və əhəmiyyəti olmaması, həmçinin xx.xx.2025-ci il tarixində Bakı şəhərində mövcud olan intensiv qar yağışı və güclü külək səbəbindən iclasda iştirak etmənin mümkün olmaması barədə Məhkəməyə məlumat verilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 255-ci maddəsinə əsasən ekspertiza təyin edildikdə iş üzrə icraat məhkəmə tərəfindən dayandırıla bilər. Lakin müvafiq mübahisənin həllində təyin ediləcək olan ekspert rəyinin çox böyük əhəmiyyəti olması faktını nəzərə alaraq ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilərkən hər iki tərəfin suallarının verilməsi üçün imkan yaradılmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Habelə Həmin Məcəllənin 97.4-cü maddəsində təsbit edilmişdir ki, işdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. Göründüyü kimi ekspertizanın təyin edilməsi zamanı məhkəmə tərəfindən hər iki tərəfin öz suallarını təqdim etməsi üçün şərait yaradılmalı, təqdim edilən sualların rədd edilməsini məhkəmə tərəfindən əsaslandırılmalıdır. Məhkəmə hazırlıq iclasının baş tutduğu gün ekspertiza təyin edilməsi barədə vəsatətlə tanış olan iddiaçının öz suallarını təqdim etməyi üçün imkan yaradılmamış, yalnız iddiaçının mövqeyi nəzərə alınmışdır. Bununla da iş üzrə iddiaçı tərəfindən nümayiş olunan mövqe məhdud şəkildə qiymətləndirilmiş, iş üzrə icraat qeyriobyektiv və əsassız olaraq dayandırılmışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 1771/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki icraat

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

170.1-ci maddəsinə əsasən 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 255.0.5-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. 256.0.2.ci maddəsinə əsasən iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırlır. 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir.

Apellyasiya baxışının həddi

8. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

10. Məhkəmə kollegiyası işin hallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən edir ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinə əməl edilməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına yönələn bütün lazım olan hərəkətləri edilmişdir.

11. Belə ki, xx.xx.2025-ci il tarixində ilk iddia üzrə İddiaçı MMC elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 3 hazırlıq iclası keçirilmişdir. Üçüncü hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. xx.xx.2025-ci il tarixində ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus AZEMİS elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ekspertizanın təyin edilməsi barədə vəsatət daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qarşı tərəfə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki Prosessual Məcəllənin 10-1.-ci maddəsinə əsasən lektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehin nümayəndəsi üzürlü səbəbdən məhkəmə iclasında iştirak etmədiyini bildirdiyi halda belə, xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş vəsatətə elektron məhkəmə informasiya sistemi vasitəsilə də heç bir münasibət bildirməmişdir.

12. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1771/2025 nömrəli qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-yə məxsus elektron kabinetə yerləşdirilmişdir. Hazırkı şikayətdə məhkəmə tərəfindən qarşılıqlı iddiaçının öz suallarını təqdim etməsinə imkan yaradılmadığı qeyd edilsə də, qərardadın elan edildiyi tarixdən qarşılıqlı iddiaçı Cavabdeh MMC-yə məxsus elektron kabinetə yerləşdirildiyi tarixədək olan 7 gün ərzində qarşılıqlı iddiaçı ekspert qarşısında qoyulmasını istədiyi suallarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdehin sualları məhkəməyə təqdim etməsi üçün kifayət qədər vaxtı olmuşdur.

13. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

14. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1771/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar