Məhkəmə qərarları › İş №2-2(103)-450/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-450/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-450/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdehlər “Dənizkənarı Bulvar İdarəsi” X5 və Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh “Dənizkənarı Bulvar İdarəsi” X4 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-385/2025 saylı qətnaməsindən iddiaçı verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı (ikinci tərəf) ilə Cavabdeh1 MMC (birinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə görə tərəflər gəlir əldə etmək məqsədilə hüquqi şəxs yaratmadan birgə fəaliyyət göstərərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv.metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai iaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv.metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyini götürürlər. Həmin Müqavilənin: 2.1-ci bəndinə görə tərəflər razılığa gəlirlər ki, hazırkı müqavilənin predmetini təşkil edən obyektin mövcud qanunvericiliyə uyğun təmir-tikintisi üçün tələb olunan tikintiyə icazə sənədini birinci tərəf təqdim etdiyi vaxtdan 1 (bir) il ərzində ikinci tərəf nəzərdə tutulmuş tikinti işlərini başa çatdıracaq. 2.2-ci bəndinə görə müqavilə notarial qaydada təsdiq olunduğu andan qüvvəyə minir və 10 il müddətinə müəyyən edilir. 3.3.5-ci maddəsinə əsasən müqavilənin 5.1 və 5.2-ci bəndləri ilə müəyyən edilmiş hallarda müvafiq məbləğlərin geri qaytarılmasını və kompensasiya ödənişlərinin qeydşərtsiz ödənilməsini birinci tərəfdən tələb etmək ikinci tərəfin hüququdur. 5.1-ci bəndinə görə birinci tərəf hazırkı müqavilə ilə müəyyən edilən öhdəlikləri üzrsüz səbəbdən və/və ya dəfələrlə yerinə yetirməməsi səbəbindən obyektin tikintisi başa çatanadək müqaviləyə vaxtından əvvəl xitam verilərsə, ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 200000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. 5.2-ci bəndinə görə birinci tərəf obyektin tikintisi başa çatdıqdan sonra ikinci tərəfin obyekti idarə etməsinə, istifadə etməsinə məhdudiyyət qoyduqda, yaxud ikinci tərəfin obyekti idarə etməsinə ilk 5 il ərzində birinci tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə ikinci tərəfin seçimi ilə tikintiyə sərf olunan pul vəsaitinin və ya obyektin müqavilə xitam olunan tarixə bazar dəyərinin geri qaytarılmasını, eləcə də 300000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürür. Birgə fəaliyyətə dair müqavilə xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmişdir.

2. Dənizkənarı Bulvar İdarəsi X9 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan “Rast” kafesinin Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2360 manat (ƏDV daxil) vəsait ödəyir.

3. Dənizkənarı Bulvar İdarəsi X9 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı Cavabdeh1 MMC-yə qarşı “əmlakın iddiaçının istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv.metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, gəlir əldə edilməsi məqsədilə Dənizkənarı Bulvar İdarəsi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin qüvvədə olan tikinti norma və qaydalara uyğun formada inşa edilməsi və həmin obyektin 730 kv. metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi öhdəliyinə dair xx.xx.2022-ci il tarixli, DBİ86-05/22 nömrəli (notarial qaydada xx.xx.2022-ci il tarixli, M-717 nömrəli) müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, obyektin quraşdırılması, təmir-tikintisi və sonradan idarə edilməsi üçün investisiyanın qoyulması, işçi heyəti, texnika və avadanlıqların cəlb edilməsi öhdəlikləri İddiaçı tərəfindən icra edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etsə də, müqavilə şərtləri Dənizkənarı Bulvar İdarəsi və Cavabdeh1 MMC tərəfindən pozulmaqla, həmin obyekt Cavabdeh1 MMC-yə icarə verilmiş və hazırda MMC tərəfindən Rast Restoran 2 adı ilə istifadə edilməkdədir. Belə ki, hazırkı məqamda müqavilədən irəli gələn öhdəliklər icra edilmir, müqavilə şərtləri kobud şəkildə pozulmaqla, öz öhdəliklərini tam icra etmiş İddiaçı zərər vurulur. Qeyd edilən hallarla əlaqədar, hüquq və manəfeyinin müdafiəsi məqsədi ilə sözügedən əmlakın onun istifadəsinə təqdim edilməsi tələbi ilə, xx.xx.2024-cü il tarixli, YA0361/2024 nömrəli və 30 iyul 2024-cü il tarixli elektron pretenziya məktubu ilə Cavabdeh1 MMC-yə müraciət edilmiş, öhdəliyin icrası üçün 5 günlük vaxt müəyyən edilmişdir. Lakin müraciətin cavabsız qalması ilə yanaşı, əmlakın iddiaçının istifadəsinə təqdim edilməsinə dair hər hansı hərəkətlilik müşahidə edilməmişdir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

6. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının daimi isifadəsində olan ərazidə, saat qülləsinin yaxınlığında ümumi sahəsi 225.17 kv. metr olan qeyri-yaşayış sahəsinin binasının ictimai-iaşə obyektinin və həmin obyektin 730 kv. metr obyektətrafı ərazinin, ümumi sahəsi 47.14 kv. metr olan anbarı ilə birlikdə İddiaçı istifadəsinə geri qaytarılması öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Dənizkənarı Bulvar İdarəsi X4 üzərinə üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6092/2024 nömrəli qərardadı ilə Dənizkənarı Bulvar İdarəsi X9 cavabdeh qismində məhkəmə icraatına cəlb olunmuşdur.

8. Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edib iddianın rədd edilməsini xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı “Dənizkənarı Bulvar İdarəsi” X9 ilə xx.xx.2022-ci il tarixində Birgə Fəaliyyət haqqında müqavilə bağlasa da həmin müqavilə deklarativ xarakter daşımış və həmin müqavilə üzrə ikinci tərəf olan iddiaçı tərəfindən saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsinə hər hansı pul vəsaitləri qoyulmamışdır. Dənizkənarı Parkda saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsi Dənizkənarı Bulvar İdarəsinin balansında olduğu üçün Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixində Dənizkənarı Bulvar İdarəsi ilə “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 saylı müqavilə bağlamışdır. Daha sonradan Cavabdeh1 MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşmiş və iflas olmaq üzrə olan bir Cəmiyyətdir. Hazırda Cəmiyyətin müflis elan olunması üçün sənədləşmə prosesinə başlanmışdır. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18- 01/24 sayı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə xitam verilmişdir.

10. Cavabdeh Dənizkənarı Bulvar İdarəsi X9 xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edib iddianın rədd edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini, təmir-tikinti işlərini apardığını, investisiya qoyduğunu, texnika və işçi cəlb etdiyini iddiaçı bildirmişdir. Lakin iş materiallarına müqavilə və müqaviləyə əlavədən başqa bir sənəd əlavə edilməmişdir. Müqavilənin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı heç bir sübut yoxdur. Belə ki, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilməyib, müqavilə icrasız qalıb. AR MM-nin 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Lakin hazırkı məqamda, hazırkı müqaviləyə dair kazusda hər hansı hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş niyyət mövcud deyil. Müqavilənin bağlanması, hələ onun etibarlı olması və icrasının həyata keçirilməsi anlamına gəlmir Müqavilə bağlandıqdan sonra ona uyğun hüquqi nəticələr yaranmalı, tərəflə birlikdə bu hüquqi nəticənin yaranması üçün səy göstərməlidirlər. Müqavilənin predmeti ondan ibarətdir ki, tərəflər birgə gəlir əldə etmək məqsədi ilə müəyyən edilmiş ərazidə ictimai-iaşə obyektinin tikintisinin başa çatdırılmasını, birgə istifadə və idarə edilməsi öhdəliyini üzərlərinə götürürlər. Adından da göründüyü kimi, bu birgə öhdəlikdir. Hər iki tərəfin birgə səyi, birgə hərəkət etməsi vacibdir. Müqavilə üzrə iddiaçı tikinti işlərini görməyi, işçi və texnika cəlb edib obyektin tikintisini başa çatdırmağı öhdəsinə götürsə də, bu hərəkətlərin heç birini etməmişdir. Halbuki, müqavilənin birinci bəndinə əsasən müqavilənin icra edilməsi üçün tərəflər birgə hərəkət etməyi öhdələrinə götürürlər. Hazırkı halda isə iddiaçının müqavilə üzrə hərəkət etdiyi, müqavilənin icrası ilə bağlı hər hansı bir tədbir gördüyü müəyyən edilmir. Bundan əlavə, müqavilə bir neçə prizmadan yanaşılsa hər bir halda etibarsız müqavilədir. Belə ki, müqavilənin tərtib edilməsi və imzalanması zamanı mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin bərabərliyi (MM 6.1-ci maddəsi) prinsipi pozulub. Belə ki, müqavilə birgə fəaliyyət müqaviləsi olsa da sırf iddiaçının hüquqlarını təmin edən, ona imtiyazlar müəyyən edən müqavilədir. Müqavilənin 5-ci bəndində tərəflərin məsuliyyəti hissəsində nədənsə yalnız idarənin məsuliyyəti nəzərdə tutulub, müqavilə üzrə öhdəlikləri icra etmədiyi halda idarədən tikintinin real bazar dəyəri, üstəlik 200000 və 300000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyini idarənin üzərinə qoyulub. İddiaçının isə bu müqavilənin icra edilməməsinə görə heç bir öhdəliyi nəzərdə tutulmayıb. Halbuki, müqavilə birgə fəaliyyət müqaviləsidir, əgər birgə fəaliyyət göstərilib birgə gəlir götürüləcəksə risklər də məsuliyyətlər də birgə bölünməlidir. Hazırkı müqavilənin imzalanması zamanı mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulduğuna görə AR MM-nin 337.1 -ci maddəsinə əsasən birgə fəaliyyət haqqında müqavilə etibarsız müqavilədir. Bütün bu hallar təsdiq edir ki, müqavilə əvvəlcədən müqaviləyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan imzalanmış, görünüş üçün bağlanmış əqddir. Belə ki, İddiaçı adi sahibkar deyil, idarənin keçmiş əməkdaşıdır. Dənizkənarı Bulvar İdarəsinin xx.xx.2018-ci tarixli əmrindən müəyyən edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Dənizkənarı Bulvar İdarəsi Aparatının Daxili audit və nəzarət sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021 tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasından da müəyyən edilir ki, bu vəzifədən əvvəl həmin idarədə rəis müşaviri vəzifəsində çalışmışdır. İdarənin keçmiş əməkdaşı sahibkar adı ilə idarənin keçmiş sədri ilə müqavilə imzalamış, müqavilə əslində görünüş üçün bağlanmış, müqavilə üzrə heç bir hərəkət edilməmiş, müqavilənin icrası ilə bağlı hər hansı bir tədbir görülməmişdir. İş materiallarında müqavilənin icrası ilə bağlı hər hansı bir tədbirin görülməsi barədə sübut mövcud deyil. Bu müqavilə sadəcə idarənin keçmiş sədri tərəfindən dövlət əmlakının keçmiş sədrə yaxın olan şəxslərin adına keçirilməsi ilə bağlı görülmüş formal tədbirlərdən biri, həmçinin müqavilədə nəzərdə tutulmuş kompensasiyanın idarədən alınmasının təmin edilməsi barədə razılaşmadır. Heç bir birgə fəaliyyət işləri görülməmişdir. İş materiallarına əlavə edilmiş məlumatlardan müəyyən edilir ki, idarənin sabiq sədri barədə AR CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, cinayət işinin istintaqı davam etdirilir. Bu tip iddialar da məhz keçmiş sədrin həbs olunmasından sonra meydana gəlmiş, məhkəməyə kütləvi analoji işlər üzrə iddialar verilmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh1 MMC-ni cavabdeh kimi cəlb edib, obyektin onun tərəfindən idarə edilməsini qeyd edir. Halbuki hər iki müqavilədəki obyektlər tamamilə fərqlidir, ölçüləri ziddiyyətlidir, heç bir eyniləşdirici xüsusiyyətləri yoxdur, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-385/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh X12 arasında xx.xx.2022-ci il tarixdə birgə fəaliyyətə dair müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə cavabdeh X6 daimi istifadəsində olan qeyri-yaşayış sahəsinin inşa etdirilib başa çatdırılmasını öz öhdəsinə götürmüşdür. Cavabdeh X12 yazılı etirazında göstərmişdir ki, iddiaçı ərizəsində birgə fəaliyyət müqaviləsi üzrə öhdəliklərini icra etdiyini, təmir-tikinti işlərini apardığını, investisiya qoyduğunu, texnika və işçi cəlb etdiyini bildirmiş, lakin iş materiallarına müqavilə və müqaviləyə əlavədən başqa bir sənəd əlavə edilməmişdir. Müqavilənin iddiaçı tərəfindən icra edilməsi ilə bağlı heç bir sübut yoxdur. Belə ki, həmin müqavilənin şərtləri iddiaçı tərəfindən icra edilməyib, müqavilə icrasız qalıb. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 77.1ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də tələbinin əsası kimi istinad etdiyi bu halı, birgə fəaliyyətə dair müqavilə üzrə öz öhdəliklərini icra etdiyini iddiaçı sübut etməlidir. İddiaçı birgə fəaliyyətə dair müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut, sənəd təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh X7 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli birgə fəaliyyətə dair müqavilə üzrə öz öhdəliklərini icra etdiyini sübut edə bilmədiyindən hazırkı iddiası cavabdeh X10 aid hissədə təmin edilə bilməz. Məhkəmə iddianı cavabdeh MMC-yə aid hissədə də əsassız hesab etmişdir. Belə ki, cavabdeh MMC yazılı etirazında Dənizkənarı Parkda saat qülləsinin yaxınlığında ümumi sahəsi 225,17 kv.m olan qeyri-yaşayış sahəsi Dənizkənarı Bulvar İdarəsinin balansında olduğu üçün MMC-nin xx.xx.2024-cü il tarixində Dənizkənarı Bulvar İdarəsi ilə “Xidmətlərin göstərilməsinə dair” DBİ-K-18-01/24 saylı müqavilə bağladığını, daha sonradan MMC-nin iqtisadi vəziyyəti kəskin pisləşdiyi üçün tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 sayı “Xidmətlərin göstərilməsinə dair” müqaviləyə xitam verildiyini və iddia ərizəsində göstərilən əmlakın hazırda onda olmadığını, əmlakın digər cavabdehə geri təhvil verildiyini göstərmişdir. Belə ki, cavabdeh MMC tərəfindən təqdim edilmiş Dənizkənarı Bulvar İdarəsi X9 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə görə birinci tərəf ikinci tərəfin istifadəsində olan “Rast” kafesinin Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının Səbail rayonu ərazisində yerləşdiyi sahədə kommersiya fəaliyyətini həyata keçirməsinə şərait yaratmağı və 28 kv.m obyektətrafı əraziyə yaşıllıqlara qulluq, mühafizə, təmizlik xidmətlərinin göstərilməsini öhdəsinə götürür, ikinci tərəf isə bunun müqabilində birinci tərəfə bu müqavilənin 3-cü bəndində göstərilən qaydada hər ay 2360 manat (ƏDV daxil) vəsait ödəyir. Dənizkənarı Bulvar İdarəsi X9 (birinci tərəf) ilə Cavabdeh1 MMC (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı mübahisəli əmlakın hazırda cavabdeh MMC-nin sahiblik və istifadəsində olmasını sübut edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh MMC-yə aid olan hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 442, 390.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-385/2025 saylı saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Belə ki, tərəflər arasında birgə fəaliyyət haqqında müqavilə imzalanmış, həmin müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, o, vəd edilən əmlakı iddiaçının istifadəsinə verməmiş və həmin əmlaka dair 3-cü şəxslə yeni müqavilə bağlamaqla iddiaçının əmlaka dair hüquqlarının pozulmasına səbəb olmuşdur. Məlum məsələdir ki, müqavilənin əsasını müvafiq əmlakdan istifadə və bunun nəticəsində gəlir əldə edilməsi təşkil etmişdir. Müqavilə bağladıqdan sonra mübahisə predmeti olan əmlakın iddiaçının istifadəsinə təqdim edilməsi cavabdehin vəzifəsi olmuşdur. Bu vəzifənin icrasından yayınan, müqaviləyə xitam verilməsi ilə bağlı hər hansı məlumat verməyən cavabdehin iddiaçının hüquqlarını pozması, İddiaçı böyük məbləğdə zərər vurulması halları Məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Məhkəmə, tərəflərin təqdim etdiyi sənədlərin və sübutların düzgünlüyünü və müvafiqliyini yoxlamaqla yanaşı, həmçinin qarşı tərəfin müqavilə şərtlərini pozmasının iddiaçıya qarşı qanunsuz nəticələrə səbəb olub-olmadığını da müəyyən etməlidir. Lakin bu hissədə hər hansı araşdırılma aparılmamış, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmasına hüquqi qiymət verilməmişdir. Məhkəmə müqavilənin pozulması, əmlakın qeyri-hüquqi istifadəsi və iddiaçının hüquqlarının pozulması nəticəsində yaranmış vəziyyəti nəzərə almalıdır. İddiaçı əmlakın geri qaytarılmasını və hüquqlarının bərpasını tələb edir. Buna görə də, məhkəmə tərəfindən müvafiq hüquqi nəticələrin çıxarılması və qərarın qəbul edilməsi vacibdir. Məhkəmənin müvafiq qanunvericiliyə əsasən, hər bir tərəf iddialarını sübut etməlidir. Bu vəziyyətdə, cavabdeh tərəfi, iddiaçının təmir-tikinti işlərini yerinə yetirmədiyini sübut etməlidir. Lakin cavabdeh tərəfin iddia etdiyi hala dair sübutlar iş materiallarında yoxdur, bu da onların iddialarının tam əsassız olduğunu göstərir. İddiaçının təmir-tikinti işlərinin görülməsini sübut edən sənədləri təqdim etmədiyi qeyd edilir. Cavabdeh tərəf də iddia edir ki, həmin işlər görülməyib. Lakin cavabdeh tərəf də öz iddialarını sübut edəcək hər hansı bir sənəd təqdim etməyiblər. Məhkəmə hər iki tərəfin iddialarını qiymətləndirərkən, sübutların təqdim olunmamasını nəzərə almalıdır. Cavabdeh tərəfin təqdim etmədiyi hesab edilən sənədlər, onların iddialarını doğrulamağa kömək etmir və buna görə də cavabdeh tərəfin pozulmuş müqavilə şərtlərinə əsasən hərəkət etməsi mübahisəlidir. Qeyd edir ki, məhkəmə müqavilənin hazırda qüvvədə olması məsələsinə toxunmamışdır. Belə ki, sözügedən müqavilə hər iki tərəfin qarşılıqlı razılığı, iradə ifadəsi əsasında bağlanmış, həmin müqavilənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi ilə əlaqədar hər hansı dəlil iş materiallarında mövcud olmamışdır. Belə ki, iş materiallarına nəzər yetirdikdə məlum olur ki, Dənizkənarı Bulvarİdarəsi X9 Cavabdeh1 MMC ilə xx.xx.2024-cü il tarixli, DBİ-xx-xx/2024nömrəli müqavilə bağlamaqla müvafiq qeyri-yaşayış sahəsində kommersiya fəaliyyətinin həyata keçirilməsi üzrə razılığa gəlmişlər. Lakin sonradan xx.xx.2024-cü il tarixli Müqaviləyə xitam verilməsi barədə razılaşma imzalanmaqla, həmin müqaviləyə xitam verilmişdir. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, bağlanılmış müqaviləyə xitam verilməsi ilə bağlı tərəflər rəsmi şəkildə razılığa gəlmişlər. X2 İdarəsi İddiaçı ilə bağlanılmış birgə fəaliyyət müqaviləsinə xitam verilməsi və ya bu müqavilənin ləğvi ilə əlaqədar hər hansı sənədi və ya digər sübut vasitəsini məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, Dənizkənarı Bulvar İdarəsi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 7-1/2-S32-3/2024 nömrəli məktubunda mübahisəli qeyri-yaşayış sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi nəticəsində, dövlət əmlakından istifadə ilə bağlı İdarə üçün əlverişsiz şəraitin yaranması, potensial gəlirlərdən məhrum olması əsas gətirilərək müqavilənin etibarsız sayılmalı olduğunu iddia edilmişdir. Sözügedən məktubda müqavilə şərtlərinin pozulması məsələsi kimi, obyektin təmir-tikinti işlərinin həyata keçirilməməsi, bununla da müqavilə şərtlərinin pozulması göstərilməmişdir. Çünki bu cür hal olmamış, cavabdeh öz məktubu ilə iddiaçının hüquqlarını pozmağa, əsas olmadan müqavilənin guya etibarsız hesab edilməli olduğunu göstərməklə, Cavabdeh1 MMC ilə olan müqavilə münasibətlərini davam etdirməyə çalışmışdır. Odur ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri İddiaçı tərəfindən pozulmamış, ümumiyyətlə müqavilənin ləğvi və ya etibarsız sayılması üçün hər hansı əsas olmamışdır. Məhkəmə qeyd edilən hallara dair hər hansı hüquqi qiymət verməmiş, öz qətnaməsini cavabdehin hər hansı əsası olmayan, boş arqumentləri ilə əsaslandırmışdır. Halbuki qeyd edilən hal iddiaçının hüquqlarının pozulması, əsassız və ədalətsiz məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd etmişdirki, iddiaçı birgə fəaliyyətə dair müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut, sənəd təqdim edə bilməmişdir. Halbuki iddiaçı tərəfindən təqdim edilmiş birgə fəaliyyətə dair müqavilə, cavabdehlərə ünvanlanmış və nəticəsiz qalmış məktublar, əmlakın təmirli və fəaliyyətdə olduğu görüntülərini üzündə əks etdirən fotoşəkillər və əmlakın üçüncü şəxslər tərəfindən istifadə edilməsini təsdiq edən ödəniş qəbzləri məhkəmə tərəfindən nəzərə alınmamış, iddiaçı tərəfindən təqdim edilmiş bu sübutlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Müvafiq təmir-tikinti işləri iddiaçı tərəfindən həyata keçirilməmişdirsə, hazırda tam işlək vəziyyətdə olan, tam təmirli qeyri-yaşayış obyektinin kim tərəfindən təmir edilməsi, bu hala gətirilməsi məsələsinə dair hər hansı sübut təqdim edilməmişdir. İş üzrə iddiaçı və ya cavabdeh olmasından asılı olmayaraq istənilən tərəf öz istinad etdiyi halları sübuta yetirməlidirsə, məhkəmə tərəflərə münasibətdə bərabərlik hüququnun prinsiplərini rəhbər tutursa belə olan halda cavabdehin mövqeyinə dair sübutlar təqdim etməməsi halına hüquqi qiymət vermədən, əsassız olaraq təmir-tikinti işlərinin iddiaçı tərəfindən həyata keçirilməməsinə istinad etməsi halını bir-başa əsaslı arqument hesab etməsi məhkəmə tərəfindən qanunvericiliyin və hüququn prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş bütün materiallar məsələnin həlli istiqamətində birbaşa sübut olsa da məhkəmə tərəfindən müvafiq bəhanələrlə, əsassız olaraq nəzərə alınmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

19. Cavabdeh “Dənizkənarı Bulvar İdarəsi” X4 nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili izahatında iddia tələbini qəbul etmədiyini bildirdi, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin: 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edilmiş və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirilmişdir. Odur ki, hazırkı halda qətnamənin əsaslılığı tam şəkildə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X11 İdarəsi arasında xx.xx.2022-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər iddiaçı tərəfindən cavabdehin daimi istifadəsində olan ərazidə ümumi sahəsi 225.17 kv.metr olan ictimai iaşə obyektinin inşa edilərək başa çatdırılması və həmin obyektin 730 kv.metr obyektətrafı ərazi və ümumi sahəsi 47.14 kv. metr olan anbar ilə birlikdə təyinatı üzrə istifadə və idarə edilməsi barədə razılaşmışlar.

28. Hazırda İddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra edərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsini inşa etmələrinə, cavabdehin isə müqavilə üzrə öhdəliklərini pozaraq, həmin obyekti digər Cavabdeh1 MMC-yə icarəyə verməsinə və hazırda həmin obyektin Cavabdeh1 MMC tərəfindən Rast Restoran 2 adı ilə istifadə edilməsinə istinad etməklə mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən onun istifadəsinə qaytarılmasını tələb etmişdir. Cavabdeh isə birgə fəaliyyət barədə müqavilənin şərtlərinin iddiaçı tərəfindən icra edilmədiyini, iddiaçı tərəfindən onların istifadəsində olan ərazidə hər hansı qeyri-yaşayış sahəsinin inşa edilmədiyini əsas göstərərək iddianın rədd edilməsini tələb edir.

29. Göründüyü kimi hazırkı halda iddiaçının müqavilə üzrə öhdəliklərini icra edərək mübahisəli qeyri-yaşayış sahəsini inşa edib-etməməsi işin mübahisə halını təşkil edir.

30. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı birgə fəaliyyətə dair müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etdiyini (təmir-tikinti işlərinin tərəfindən aparılması, tikintiyə icazə alınması, iddiaçı tərəfdən işçi qüvvəsi cəlb edilməsi, material alınması və sairə) təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

31. İnşa etdikləri qeyri-yaşayış sahəsinin hazırda “Rast” kafesi adı altında fəaliyyət göstərməsi və həmin halın onların müqavilə üzrə öhdəliklərini icra edərək qeyri-yaşayış sahəsinin tikintisini başa çatdırmalarına dəlalət etməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı nə “Rast” kafesinin yerləşdiyi qeyri-yaşayış sahəsinin məhz mübahisəli birgə fəaliyyət müqaviləsinə əsasən inşası nəzərdə tutulan ictimai iaşə obyekti olmasını, nə də həmin sahənin onlar tərəfindən tikilməsini sübuta yetirə bilmişdir. Odur ki, Dənizkənarı Milli Bulvarın ərazisində “Rast” kafesinin mövcudluğu iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə öhdəliklərinin icra edilməsini təsdiq edən hal kimi qiymətləndirilə bilməz.

32. Beləliklə, iş üzrə tədqiq edilmiş sübutların məcmusu ilə iddiaçının mübahisəli müqavilə üzrə öhdəliklərini icra edərək Dənizkənarı Milli Bulvarın ərazisində qeyri-yaşayış sahəsini inşa etməsi iş materialları ilə öz təsdiqini tapmır.

33. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, hazırkı halda müqavilədə nəzərdə tutulmuş cavabdehin qeyri-yaşayış sahəsini iddiaçının istifadəsinə vermək öhdəliyi icrası iddiaçının qeyri-yaşayış sahəsini inşa etməsi ilə şərtləndirilmiş qarşılıqlı öhdəlik olduğundan iddiaçı Mülki Məcəllənin 441.2-ci maddəsinin tələbləri baxımından həmin öhdəliyin icrasını, yəni tərəfindən tikilməmiş obyektin istifadəsinə verilməsini (qaytarılmasını) tələb etməkdə haqlı deyildir.

34. İddianın Cavabdeh1 MMC-yə qarşı olan hissəsinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə iddiasını tərəflərindən tikilməsini iddia etdiyi “Rast” kafesinin yerləşdiyi qeyri-yaşayış sahəsinin hazırda Cavabdeh1 MMC-nin sahibliyində və istifadəsində olması ilə əsaslandırmışdır.

35. Həmin hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

36. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Dənizkənarı Bulvar İdarəsi X9 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, DBİ-K-18-01/24 saylı xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 MMC “Rast” kafesi və obyekt ətrafı ərazidə kommersiya fəaliyyətini həyata keçirmiş, lakin həmin müqaviləyə xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə razılaşma ilə xitam verilmişdir.

37. Göründüyü kimi iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (qanuni sahibi) olmasını, eləcə də həmin sahənin hazırda Cavabdeh1 MMC-nin sahibliyində olmasını sübuta yetirə bilmədiyindən həmin hissədə də iddia tələbi əsassız olmaqla rədd edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-385/2025 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar