Məhkəmə qərarları › İş №2-2(103)-456/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-456/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-456/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Turan Oğulları Tikinti Təhcizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh “Turan Oğulları Tikinti Təhcizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(113)-231/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə “Turan Oğulları Tikinti Təhcizat” Məhdud Məsuliyyətli Cəmiyyətin arasında 08 noyabr 2022-ci il tarixli 016 nömrəli “Tikinti texnikasının xidmət” müqaviləsi bağlanmışdır.

2. Müqaviləyə əsasən iddiaçı, müəssisəyə məxsus olan Liugong CLG 418 İİİ Avtoqreyderi cavabdeh üçün xidmətə verməyi, cavabdeh isə xidmət müqaviləsində razılaşdırılan dəyəri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən Texnikanın aylıq Xidmət haqqı 8500 manat təşkil edir.

4. xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-təslim aktlarına əsasən İddiaçı tərəfindən Liugong CLG 418 markalı 01AB111 dövlət qeydiyyat nişanlı avtoqreyder texnikası ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 28 iş günü cavabdehə avtomobil yolunun qurulması üzrə xidmət göstərilmiş, xidmətin dəyəri 9156 manat təşkil etmişdir.(aktlar cavabdeh tərəfindən möhür ilə təsdiq edilmişdir).

5. İddiaçı tərəfindən “Turan Oğulları Tikinti Təhcizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyəri 9153,20 manat olan xidmətin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli EBDA seriyalı 928121 saylı elektron qaimə təqdim edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı cavabdehdən 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12.156 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 noyabr 2022-ci il tarixdə tikinti texnikasının 016 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti, bu müqaviləyə görə “İcraçı” müəssisəyə məxsus olan Liugong CLG 418 İİİ Avtoqreyderi sifarişçi üçün xidmətə verir, “sifarişçi” isə xidmət müqaviləsində razılaşdırılan dəyəri “İcraçı”ya ödəyir. Həmin müqavilənin məbləği və ödəmə şərtləri belədir ki, bu müqavilənin 1.1-ci bəndində göstərilən texnikanın aylıq xidmət haqqı 8500 manat təşkil edir. Sifarişçi həmin məbləği cari ayın sonunadək nəğd və ya köçürmə yolu ilə icraçının hesabına köçürməlidir. İddiaçı ilə cavabdeh arasında 08 noyabr 2022-ci il tarixdə tikinti texnikasının 016 nömrəli xidmət müqaviləsində göstərilən öhdəliklər cavabdeh tərəfindən kobud şəkildə pozularaq iddiaçı ziyana uğramışdır. Belə ki, xidməti müqaviləsində də göstərildiyi kimi müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. Lakin sifarişçi ilk başdan yəni müqavilə bağlandığı andan öhdəliklərini pozmuşdur. Sifarişçinin icraçıya 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat texnikanın geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12156 manat məbləğində borcu yaranmışdır. Çünki sifarişçi müqavilə bağlandığı andan icraçıya yalnız 1 ayın ödənişini etmişdir. Halbuki icraçıya məxsus texnikadan istifadə etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-231/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdeh “Turan Oğulları Tikinti Təhcizat” Məhdud Məsuliyyətli Cəmiyyətindən 9153,2 manat əsas borcun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan müqavilə, elektron qaimə, xidmətlərin təhvil-təslim aktlarının mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı göstrərilən xidmətə görə manat tələb etsə də, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə ilə göstərilmiş xidmətin dəyəri 9153,20 manat göstərilmişdir.

10. Məhkəmə iddia tələbinin dəbbə pulunun (10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat) tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, dəbbə pulu haqqında razılaşma nə tərəflər arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli 016 nömrəli müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutulmuş, nə də ayrıca yazılı formada tərtib olunmamışdır.

11. İddia tələbinin 600 manat texnikanın geri qaytarılması ilə bağlı borc hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilən məbləğin hansı əsasla tələb edilməsi iddia ərizəsində əsaslandırılmamış, eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə bu xüsusat nəzərdə tutulmamış, habelə bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə iddianın 817,30 manat vergi borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb edilən pulun hansı vergi borcu olması iddia ərizəsində göstərilməməklə, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDA seriyalı 928121 saylı elektron qaimədə də göstərilmiş xidmətlərə görə ödənilməli vergi məbləği göstərilməmişdir. Eyni zamanda vergi borcunun kimin tərəfindən nəyə görə ödənilməsi qanunvericilikdə aydın şəkildə göstərilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-231/2024 nömrəli qətnaməsinin ləvğ edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli müqavilə əsassızdır və bu səbəbdən də etibarsız hesab edilməlidir. Belə ki, sözügedən xidmət müqaviləsi pərdələnmiş əqddir və bu səbəbdən də etibarsız hesab edilməlidir. Müqavilə öz növbəsində İddiaçı MMC-nin maraqları naminə olmuş və onlara münasibətdə əlavə güzəşt yaratmışdır. Cavabdehə münasibətdə isə əlavə ziyan verməklə cavabdehin hüquqlarının pozulmasına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə vicdanlılıq prinsiplərinə də ziddir. Belə ki, İddiaçı MMC sözügedən müqaviləni bağlamaqda məqsədi cavabdehin hüquqlarının pozulmasından başqa bir şey deyil. Dəfələrlə yazılı və şifahi formada ekspertiza keçirilməsi barədə vəsatət verilsə də heç bir nəticəsi olmamışdır. Ekspertizanın nəticəsi isə işin halları üçün çox vacibdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddə- müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddə- müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddə- əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə- borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 769-cu maddə-əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.2-ci maddə-cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 220.4-cü maddə-cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)- 231/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 08 noyabr 2022-ci il tarixli 016 nömrəli “Tikinti texnikasının xidmət” müqaviləsi bağlanmış, həmin müqavilə əsasında avtoqreyder texnikası ilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək cavabdehə 9156 manat dəyərində xidmət göstərildiyi üzərində cavabdehin səlahiyyətli şəxsinin imzası və möhürü olan aktla təsdiq edilmişdir. Müqavilə predmeinə görə podrat müqaviləsinə uyğun olduğundan məhkəmə hesab edir ki, hazırkı mübahisə podrat müqaviləsi ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında həll edilməlidir. Podratçı müqavilə üzrə öhdəliyini icra edərək sifariş olunan işi yerinə yetirdiyindən sifarişçi MM-nin 752.1, 769-cu normalarına əsasən görülən işin dəyərini ödəməyə bocludur.

20. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında isə cavabdehin qanuni təmsilçisi Nümayəndə iddianı qəbul edərək iş üzrə təqdim edəcəyi hər hansı sübutu olmadığını bildirmişdir. Məhkəmə cavabdehin qanuni təmsilçisi tərəfindən iddia etiraf edildiyindən və borcun olması faktı qəbul edildiyindən iddianın təmin edilməsi barədə qətnaməni qanuni və əsaslı hesab edir. Formal mülahizələrə əsaslanan apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir.

21. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, xx.xx.2024-cü il tarixli e-2-2(113)-231/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh “Turan Oğulları Tikinti Təhcizat” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-231/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar