Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-459/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı QSC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-453/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAAT
1. İddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
2. İddiaçıya məxsus ünvana xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və eyni tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuşdur. Akta əsasən Xəzər rayonu Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin dekabr ayının sərfiyyatına uyğun olaraq 8855***-*******=111006 m3, 257754-111006=146748 m3 2022-ci ilin yanvar ayı üçün hesablanmış qaz sərfinin miqdarı 146748 m3, hesablanmış qaz sərfinin məbləği 32284,56 manat müəyyən edilmişdir.
3. Daha sonra iddiaçıya məxsus ünvana xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və eyni tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib olunmuşdur. Akta əsasən Xəzər rayonu Pirallahı qəsəbəsində yerləşən İddiaçı QSC-də qaz sayğacı işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatı 2021-ci ilin fevral ayının sərfiyyatına uyğun olaraq 230086:28*31=254736, 2022-ci ilin mart ayı üçün hesablanmış qaz sərfinin miqdarı 254736 m3, hesablanmış qaz sərfinin məbləği 56041,92 manat müəyyən edilmişdir.
4. Cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, həqiqətən Xəzər rayonu, Dübəndi şossesi ünvanında yerləşən “Zirə Gülçülük QSC müəssisəsinə gedilmiş, müəssisənin nümayəndəsi Nəcəfov Həsənağa ilə birgə baxış zamanı məlum olmuşdur ki, sayğacdan qaz keçir, lakin sərfiyyatı qeyd etmir.
5. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli SS 29/1640-01560-1 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtb edilmişdir. Həmin akta əsasən ilk baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, korrektor sönmüş, impuls ötürücüsünün qulaqcığı qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Ekranda A işarəsi var. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022- xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=5.11 bar, korreksiya olunmuş maksimal qaz həcmi 422 m3 , korreksiya olunmamış qaz həcmi 236 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xəttdə təzyiq 1.83- 1.90 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 17 ay qalıb. Təyziq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təyziq çeviriliciləri normaldır. Elektron göstərici Vt mexanik göstəcidən 49 m3 çoxdur. Xətalar normaya uyğun deyil. Batareya və impuls ötürücüsü tələb olunur.
6. Cavabdeh tərəfindən iddiaçıya 2022-ci ilin yanvar ayında 32284,56 manat, mart ayında 56041,92 manat, oktyabr ayında 2374,24 manat məbləğində akt əsasında borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı QSC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında hesablanmış 90700,72 manat məbləğində ümumi borcun 37786,49 manat hissəsinin **********00000 nömrəli abonent hesabından silinməsi, həmin borcdan ödənilmiş 52914,23 manat hissəsinin isə **********00000 nömrəli abonent hesabına geri qaytarılması və rüsuma görə ödənilmiş 362,10 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı bildirir ki, ilk iki aktla bağlı cavabdehə müraciət edildikdə onlara bildirmişlər ki, aktlar tərtib edilən aylarda istifadələrində olan qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun tərəflərindən ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığını və anlaşılmazlıq olduğu tərəflərindən bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Havaların soyuq olduğu bir vaxtda istixanaya qazın verilməsinin dayandırılması məhsulun məhv olması deməkdir. Bu səbəbdən çıxılmaz vəziyyətdə olduqları üçün məcbur qalıb hesablanmış borcun ümumilikdə 52914,23 manat hissəsini ödəmişlər. Göründüyü kimi cavabdeh təşkilat öz inhisarçı mövqeyindən suiistifadə edərək borcun bir hissəsini iddiaçıya ödətdirmişdir. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və onların aldadıldığı onlara 2022-ci ilin oktyabr ayında aydın oldu. Belə ki, ilk iki aktdan əlavə onlara üçüncü akt (iddiaçıya təqdim edilməyib) əsasında 2374,24 manat məbləğində əlavə borc hesablamışlar. Belə ki, aktlarda qaz sayğacının işləmədiyi üçün tərtib edilməsi göstərilmiş, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki, qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki, bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən xx.xx.2022-ci il tarixli ******* saylı aktın “digər qeydlər” hissəsində göstərilmişdir ki, “2021-ci ilin dekabr sərfiyyatına uyğun olaraq” 2022-ci ilin yanvar ayı üçün 32284,56 manat əlavə borc hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2022-ci ilin yanvar ayında istifadələrində olan sayğacın göstəricilərinə əsasən 24630,10 manat məbləğində təbii qazdan istifadə etmişlər. Sayğac tam saz vəziyyətdə olmuş və göstəricilərinə əsasən sərf edilən qazın həcmi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tərtibatında eyni tendensiya davam etdirilmişdir. Bu aktda isə 2022-ci ilin mart ayı üçün 2021-ci ilin fevral ayının sərfiyyatı nəzərə alınmışdır. Göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır.
9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sayğacın mexaniki hissəsi işləkdir, lakin elektron hissədə problem olduğu üçün qaz sərfiyyatını düzgün qeydə almır. xx.xx.2022-ci il tarixdə nasaz olan sayğac təmir edilməsi məqsədilə çıxarılmış, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə müvəqqəti sayğac quraşdırılmışdır. Sayğac iddiaçının balansındadır və sayğacda olan qüsurların yaranmasında iddiaçının təqsiri yoxdur. Sayğacda problemin olması barədə vaxtında iddiaçıya məlumat verilmiş, lakin sayğacın təmir xərcləri iddiaçı tərəfindən ödənilmədiyi üçün vaxtında sayğac təmir edilməmişdir. 2022-ci ilin oktyabr ayı üzrə iddiaçıya 2374,24 manat məbləğində borc hesablansa da, bu barədə aktı təqdim edə bilmir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-453/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
16. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
17. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.
18. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
19. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
20. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
21. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
22. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.
23. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
26. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
27. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
29. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
30. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Həmin Məcəllənin 1092.1-ci madəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
35. Belə ki, abonentin saldosundan müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2022-ci il, xx.xx.2022-ci il və oktyabr 2022-ci il tarixli aktlara əsasən hesablanmışdır.
36. Cavabdehin nümayəndəsi də borcun hesablanmasına əsas kimi qaz sayğacının nasazlığı səbəbindən elektron göstəricinin mexaniki göstəricidən az olması olduğunu bildirmişdir.
37. Göründüyü kimi cavabdehin hərəkətləri təkcə qaz sayğacının göstəricilərinin oxunmasından deyil, həm də elektron göstərici ilə mexaniki göstəricinin müqayisəli analizi və sayğacın yoxlanılmasından ibarət olmamış və bunun nəticəsində iddiaçıya borc ümumilikdə 90700,72 manat hesablanmışdır.
38. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 2.3-cü bəndində də təsbit olunmuşdur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
39. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
40. Göründüyü kimi cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.
41. Bununla yanaşı cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş 90700,72 manat borcun hesablanmasına əsas olan aktlar (oktyabr 2022-ci il tarixli akt ümumiyyətlə məhkəməyə təqdim olunmamışdır) və həmin aktların tərtib edilməsinə əsas olmuş yoxlamalar qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
42. Belə olan halda isə həmin yoxlamalar nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
43. Göründüyü kimi iddiaçı tərəfindən 52914,23 manat məbləğin ödənilməsi üçün hüquqi əsas olmamış və cavabdeh iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də, iddiaçı həmin məbləğin geri qaytarımasını, habelə 37786,49 manat məbləğdə qaz sərfiyyatının hesablanması qanunsuz yoxlama nəticəsində tərtib edilmiş aktlar əsasında müəyyən edildiyinə görə öz hesabından silinməsini tələb etməkdə haqlıdır.
44. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin aktlarda qeyd olunan faktların (sayğacının elektron göstəricisinin mexaniki göstəricidən az olması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.
45. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.
46. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, həmin yoxlamalar keçirilənədək iddiaçıya təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-453/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn