Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-46/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı kommersiya işi Açar söz: silinmiş vəsaitin geri qaytarılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh LPO Cavabdeh ASC-yə qarşı “silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(113)-2081/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya illik 21 % olmaqla, 6 ay müddətinə 2.150.000 manat məbləğində kredit verilmiş, müqaviləyə 30 dekabr 2021-ci il tarixli əlavə edilərək faiz dərəcəsi 12 %-ə endirilmiş, öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixinə kimi artırılmışdır.
2. Müqavilənin 5.1.11-ci bəndinə əsasən bu müqavilənin 5.1.2, 5.1.5, 5.1.6 və 5.1.9cu bəndlərində qeyd olunan hallar baş verdikdə, ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək borc verənin hüququdur.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsinə əsasən bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur. Hesabda çıxarışdan görünür ki, bank kredit müqaviləsinin 5.1.11-ci bəndi və bu müqavilənin 2.3-cü bəndinə əsasən iddiaçının Cavabdeh ASC-də olan cari hesabından xx.xx.2022-ci il tarixdə kredit öhdəliyi üzrə 2.133.336,41 manat borcu akseptsiz qaydada silmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının hesabından çıxarılmış 2 133 336.41 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində 489/M nömrəli kredit müqaviləsi və 19 aprel 2017-ci il tarixində 17/000/HM/054427 nömrəli hesab müqaviləsi bağlanmışdır. Hesab müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Kredit müqaviləsinə əsasən, Bank tərəfindən "xxxx" MMC-yə illik 21 % dərəcəsi ilə 6 (altı) ay müddətinə 2 150 000 (iki milyon bir yüzəllimin) manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində həmin kredit müqaviləsi barədə Əlavə razılaşma imzalanmışdır. Həmin əlavəyə əsasən, kreditin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 12 faizə endirilmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh ASC tərəfindən verilmiş arayışa əsasən, "xxxx" MMCnin həmin tarixə banka cəmi 2 108 936.46 manat kredit borcu olduğu qeyd edilmişdir. Həmin məbləğin 1 800 000 manatı əsas borc, 260 936.46 manat faiz borcu və 48 000 manat isə dəbbə borcu təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin ödənilmə şərtləri müəyyən edilməsinə baxmayaraq Bank tərəfindən tərəflərin iradə ifadəsinə hörmətsizlik edilərək hesabdan akseptsiz olaraq pul vəsaitləri kredit ödənişi üçün çıxılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində akseptiz olaraq "xxxx" MMC-nin Cavabdeh ASC-də olan bank hesabından 2 133 336.41 manat məbləğində pul vəsaiti kredit ödənişi təyinatı ilə tam əsassız olaraq silinmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müvafiq maddələrində kreditin geri qaytarılamasının qaydaları tərəflər arasında razılaşdırılmış, hətta öhdəliyin icra edilməməsi hallarında belə hansı tədbirlərin görülməli olduğu tam aydınlığı ilə qeyd edilmişdir. Həmçinin müqavilənin 4.8-ci maddəsinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borc alan borc verənə dəyimiş zərərin əvəzini ödəməyə borcludur. Yəni tərəflər arasında bağlanmış kredit müqaviləsində borc alanın bank hesabının konkret olaraq təminat kimi qeyd edildiyi və ya kredit ödənişinin həmin hesabdan akseptsiz qaydada silinməsi barədə hər hansı bir müddəa və ya əlavə razılaşma mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsininn Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Plenum Qərarında məhkəmə kollegiyasının akseptsiz silinmə barədə gəldiyi hüquqi nəticələrdən biri kimi qeyd edilmişdir ki, kredit müqaviləsində akseptsiz silinməyə dair bəndlər olduğu üçün hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrasının gecikdirildiyi halda banka kredit borcunun iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərltlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliyi daşıyır. Amma sırf akseptsiz silinmə barədə tərəflər arasında bağlanmış müqavilədə heç bir müddəa mövcud deyildir.
6. Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(113)- 2081/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia rədd edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bank hesabı müqaviləsi, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi, xx.xx.2021-ci il tarixdə isə kredit müqaviləsinə əlavə imzalanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu ilə qədər müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli ikitərəfli razılaşma ilə müqavilənin müddəti xx.xx.2022-ci il tarixə qədər uzadılmışdır. Kredit müqaviləsinin 5.1.11-ci bəndinə əsasən bu müqavilənin 5.1.2, 5.1.5, 5.1.6 və 5.1.9-cu bəndlərində qeyd olunan hallar baş verdikdə, ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək borc verənin hüququdur. Bundan əlavə, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu, krediti vaxtında qaytarmadığı üçün cavabdeh tərəflər arasında bağlanmış bank hesabı və kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus bank hesabından akseptsiz silinmələr aparması qanunidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(113)-2081/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarındakı sübutları hərtərəfli tədqiq etmədən Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla iddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus hesabdan əsassız olaraq silinmiş məbləğ qanuni hesab edilərək iddiaçının qanunla qorunun mənafelərinə zərər vurulmuşdur. İşin faktiki hallarından və işdə olan sübutlardan göründüyü kimi, iddiaçının bank hesabından müvafiq pul vəsaitinin silinməsi aşkardır. Buna baxmayaraq cavabdeh tərəfindən pul vəsaitinin silinməsinin əsaslılığını göstərən müvafiq sənədlər təqdim edilməmişdir. Bakı Kommersiya Məhkəməsində işə baxılarkən iş üzrə sübutlar bilavasitə tədqiq edilməmişdir. Belə ki, CavabdehASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlara nəzər saldıqda aydın olur ki, iddiaçıya məxsus hesabdan xx.xx.2022-ci il tarixində öncə 383336,41 manat, sonra isə 1.750.000 manat olmaqla ümumilikdə 2.133.336,41 manat dəyərində vəsait silinmişdir. Lakin məhkəmə sözügedən sübuta münasibətdə hər hansı qiymətləndirmə aparmadan yalnız cavabdeh tərəfindən təqdim edilmiş 01 fevral 2022-ci il tarixli M/03-576 nömrəli arayışda qeyd edilən 2.108.936,46 məbləğin silinməsini qanuni hesab etmişdir. Beləliklə, hakim iş materiallarını hərtərəfli tədqiq etmədiyindən ümumiyyətlə iddiaçının hesabından heç bir əsası olmadan silinmiş 24.400 manat məbləğə münasibətdə hər hansı fikir bildirməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
12. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddə (müqavilə bağlanan vaxt qüvvədə olan redaksiya)- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 954.1-ci maddə- bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 964.1-ci maddə- hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddə- müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 119.1-ci maddə-məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə tərəflərin apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2081/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, cavabdeh bank xx.xx.2022-ci il tarixdə 30 aprel 2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən iddiaçının banka olan qalıq borcuna görə 2.133.336,41 manat borcu akseptsiz qaydada silmişdir.
17. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının qeyd edilən tarixə banka olan qalıq kredit borcunun məbləğinin dəqiqləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/3946/2024 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, LPO Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin hesabından xx.xx.2019-cu il tarixli kredit müqaviləsi (iş mat. 13-15-ci vərəq), xx.xx.2021- ci il tarixli kredit müqaviləsinə əlavə (iş mat. 36-cı vərəq), xx.xx.2022-ci il tarixdə 2.133.336,41 manat pul vəsaiti silinərkən borc məbləği əsas borc üzrə 1.800.000 manat, faiz borcu üzrə isə 343.337 manat, cəmi 2.143.337 manat olmuşdur.
18. Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, müqaviləyə əsasən iddiaçının kredit borcu və faizlərin ödənilməsi öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda 2.133.336,41 manat borcu ödəmədiyindən və tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bankın kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək hüququ olduğundan cavabdehin hərəkətləri MM-nin 964.2-ci maddəsinin tələbinə və müqavilə şərtlərinə uyğun olduğu üçün mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 2081/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2081/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 150 manat ekspertiza xərci iddiaçı "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.